adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Iyun 2019 17:08
40521
ƏDƏBİYYAT
A- A+

Qəşəm İsabəyli: Allah və İnsan

(əfsanə)

İnsanlar heyvani dövrlərində daha xoşbəxt idi.

Biri var idi, biri yox idi, bir "Var” var idi, bir də"yox”.

"Var” – Allah idi, "yox” – insan.

Qalan heç nə "var”-"yox”dan sayılmaz­dı.

Allah elə böyük idi, elə böyük idi, qurd da bilir­di, Allahdı bu, quş da bilirdi Allahdı bu.

İnsan elə balacaydı, elə balacaydı, hətta sət­­rin başında belə adını balaca hərflə yazardı. O da var ki, insan naşü­kür deyildi – Allahın böyük­lüyünü də görürdü, özünün kiçik­liyini də. Çünki təzə yağan qardan da təmiz idi – danışanda do­daq­larında sözü görünürdü, gü­ləndə gülüşü.

Allahın heç kimlə ortaqlı malı olmazdı. Am­ma insanda Allahın balaca bir varlığı zühur eləmişdi. Bu, insanın ağlı idi. Ağlı olmasaydı, Allahlıq eş­qinə dü­şərdi insan.

Bütün günü də əli işdə olardı, ayağı köç­­də. Gün batan kimi də başını atıb ya­tardı.

Axı Allah boş-bekar dayanmazdı – bir əli ya­­ra­dardı, bir əli dağı­dardı.

Allahın şəninə söz də qoşmuşdu insan:

Verən – Sənsən, alan – Sən,

Heç bilməzsən yalan – Sən.

Gah bir otaq bəzərsən,

Gah salarsan talan – Sən!

Günlərin birində Allah sakitcə oturduğu yerdə yadına nə düşdüsə, gülümsədi. Lap fik­rim­dən çıx­mış­­dı, Allah bir gülüm­səmək bilirdi, bir də düşün­mək. Gülümsəyəndə Yer-Göy nura bo­ya­nırdı. Dü­şün­məyə başlayan kimi də dünya-aləm batıb bulanırdı qa­ran­lığa.

Hər şeyə qadir Allah bircə ağlamağı bacarmazdı.

Köhnə kitablardan oxuduğumdan bilə­rəm – dünyanın sonunda – yaradıb-qur­duq­ları­nın dağılıb getdiyini görəndə ağlayacaq, deyirlər, Allah!

Bəli, Allah xəyala gedib, gülümsəyən kimi, bir dəs­tə insan ağlını itirib, həmcinsindən ay­rıldı.

Baş­la­rı­nı silkələyə-silkə­ləyə –

Biri ulayıb, girdi çoxluğa.[1]

Biri mələyib, qoyun sürüsünə təpdi özünü.

Biri hürüb, itə qoşuldu.

Biri kişnəyib, at ilxısına soxuldu.

Biri anqırıb, özünü verdi ayı kahasına.

Biri vəkkildəyib, tülkü oldu...

Gəl ki...

Çoxluq insanı parçalayıb yedi.

Qoyun kəllələyib çıxartdı sürüdən. Bayaq qar­ğa-quzğun töküldü üstünə.

İt leşini dartdı.

At təpiyinin altına saldı.

Ayı elə...

Tülkü belə...

Bu yandan da insanın başından çıxan ağlı düş­dü dünya üzünə – gəzdi... gəzdi... gəzdi...

Biri gedib girdi itin kəlləsinə, it "hammm” elə­yib, dönüb oldu insan.

Biri gedib girdi atın kəlləsinə, at "hi-ha” deyib, dönüb oldu insan.

Qurd "uuu...” eləyən kimi düşdü insan cildinə.

Qoyun bu yandan...

Ayı o yandan...

Tülkü də...

Bayaqdan insan xalis insan idi, indi qo­yun­dan insanı oldu, atdan insanı oldu, itdən insanı oldu, qurddan... ayıdan... tülküdən...

İnanmaq üçün sadəcə insanların sifətinə diqqətlə bax­maq lazımdı.

Day güləndə gülüşü gördünmədi insanın, da­nı­şanda sözü.

Adını da başladı böyük hərflə yazmağa: – İnsan – Allah.



[1]Canavar sürüsü (müəl.)