hacklink Adalet.az | Muxtariyyətin 95 yaşının işığında pedaqoji düşüncələr Adalet.az | Muxtariyyətin 95 yaşının işığında pedaqoji düşüncələr Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Muxtariyyətin 95 yaşının işığında pedaqoji düşüncələr

6566    |   2019-06-21 17:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Akif İmanlı Naxçıvan Müəllimlər İnstitutunun professorudur. 50 ildir ki, şərəfli müəllim peşəsində çalışır, tədqiqatlar aparır. Çoxsaylı elmi məqalələrin, tədris vəsaitlərinin, kitabların müəllifidir. Onunla söhbətdə bir neçə məqana toxunduq.

İstərdik ki, bir qədər keçmişə qısa ekskurs edəsiniz...

– Canımızla, qanımızla – bütün varlığımızla sevdiyimiz gözəl Vətənimiz Azərbaycanın dağ vüqarlı məkanı Naxçıvana muxtariyyət statusu verilməsinin 95 ili fevral ayında tamam oldu. Məlumdur ki, xalqımızın qeyrətli oğulları Nəriman Nərimanov və Behbud ağa Şahtaxtinskinin ciddi səyləri nəticəsində 16 mart 1921-ci ildə Rusiya ilə Türkiyə arasında imzalanmış dostluq və qardaşlıq haqqındakı Moskva müqaviləsi və 13 oktyabr 1921-ci ildə Behbud ağa Şahtaxtinskinin fəal iştirakı ilə Türkiyənin Qars şəhərində Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin imzaladığı və tarixə "Qars müqaviləsi” adı ilə düşən müqavilənin Naxçıvana muxtariyyət statusunun verilməsilə, 9 fevral 1924-cü ildə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılıb. Bütün bu tarixi gerçəkliklər və bundan sonrakı hadisələr təfərrüatı ilə yazılıb, kitablar və monoqrafiyalar nəşr edilib. Ona görə də mən yazılanları təkrarlamaq fikrində deyiləm; tarixi nailiyyətimiz olan müstəqilliyimizə, müstəqil dövlətimizə, inkişafımıza heyranlıq, vurğunluq duyğularımı dilə gətirmək düşüncəsindəyəm.

Bir pedaqoq kimi təlim-tərbiyə ilə bağlı düşüncələrimiz maraqlı olardı...

– Mənim həyatım bütünlüklə Naxçıvanla bağlı olub. Bu məmləkətdə doğulmuşam, burada orta və ali təhsil almışam, bu günə qədər də yaşadığım yer Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəridir. Əlli ilə yaxındır ki, sevdiyim, seçdiyim, qəlbən bağlandığım bir peşədə çalışıram; yetişən nəslin təlim-tərbiyəsi ilə məşğulam. Müəllimlik, əlbəttə, mürəkkəb, məsuliyyətli peşədir. Müəllim xalqın gələcəyi olan gənc nəsli öyrədir, inkişaf etdirir, ən ümdəsi tərbiyə edir; bu qeyd edilənlər müəllimin konkret vaxt çərçivəsində dediyi dərsin müəyyənləşmiş ümumi funksiyalarıdır. Dərsin bu funksiyaları içərisində tərbiyənin əlahiddə əhəmiyyəti və rolu heç vaxt diqqətdən kənarda qalmamalıdır. Gənc nəslin ahəngdar tərbiyəsi prosesində əsas qayəni Vətən, millət, dil anlayışları təşkil edir; yəni Vətəninə, millətinə, dilinə, dövlətinə, dövlətçiliyə sadiq insanların hazırlanması tərbiyənin əsas məqsədidir. O da var ki, müəllim özü sevməsə, sevdirə bilməz. Müəllim üçün aydın olan bir həqiqəti də unutmayaq: Vətənsiz millət olmaz, millətin varlığı dillə bağlıdır, Vətənin tərəqqisini, inkişafını, vətəndaşların maddi rifahını dövlət həll edir; həm də Vətən göz bəbəyi kimi qorunmalıdır ki, konkret millət adında təşəkkül tapmış xalq öz doğma Vətənində rahat yaşasın.

Təlim-tərbiyə prosesində belə bir sual qarşıya çıxa bilər (əslində bu sual və onun cavabı daimi diqqətdə olmalıdır): xalqımıza-azərbaycanlılara (millət ünvanına) qəhrəman adı vermək olarmı? Əlbəttə, birmənalı şəkildə qeyd edirəm: azərbaycanlılar dünyanın ən qəhrəman, qüdrətli xalqlarından biridir! Niyə? Çünki, fikir verək, Yer planetində orta hesabla, altı min dil vardır ki, həmin dillər ətrafında birləşmiş bir o qədər millət, xalq, etnik qruplar mövcuddur. Dünyamızdakı bu qədər millət və xalqın hər birinin öz dövlətləri varmı? Yoxdur! Yalnız ağıllılar və igidlər öz məqsədlərinə çatırlar; damarlarında qəhrəmanlıq qanı axan millətlər öz dövlətlərini qura bilmişlər. Onlardan biri də fəxarətlə qeyd edirəm ki, bizik! Tərbiyəvi proseslərdə bu məsələ qətiyyən unudalmamalıdır.

Çox doğru olaraq dilimizi milli pasportumuz adlandırırıq...

– Gələk dil məsələsinə. Azərbaycan dili – bizim əziz və doğma dilimiz dünyanın ən inkişaf etmiş dillərindən biridir. Dillərin müasir inkişaf səviyyəsini şərtləndirən əsas amillər bizim dilə də aiddir. Dilimizin dövlət dili statusu vardır ki, bu, dilimizin qorunması və inkişafının əsas şərtidir. İkincisi, dilimizin yazılı forması vardır. (Dünya dillərindən, hesablamalara görə, yalnız 220-sinin yazılı forması vardır). Üçüncüsü, canlı danışıq dilinin cilalanmış, ədəbi dil normaları ilə tənzimlənən, mədəni forması olan mükəmməl ədəbi dilimiz mövcuddur ki, iki qoldan ibarət olan yazılı ədəbi dilimiz orfoqrafiya, şifahi ədəbi dilimiz isə orfoepiya qaydalar sistemi ilə tənzimlənir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dilimizin tətbiqi, qorunması, inkişafı sahəsində gördüyü qabaqlayıcı tədbirlər, görkəmli dövlət xadiminin dil siyasətinin Onun ardıcılları tərəfindən davam etdirilməsi cəmiyyət və dil probleminin dünya miqyasında həlli istiqamətindəki ən mütərəqqi işlərdir.

Bu ifadəni tez-tez işlədirik: Vətən mənə oğul desə...

– Tərbiyəvi iş prosesində diqqət mərkəzində saxlanılan bir əsas məsələ də var: Vətən! Biz həmişə Vətəni ana adı ilə eyniləşdirib, çox vaxt "Ana Vətən” deyirik. Demək, Vətən də ana qədər əzizdir, müqəddəsdir; Vətən bizim həm də namusumuz, qeyrətimizdir. Bu barədə kifayət qədər əsərlər yazılıb, fikirlər söylənilib ki, bir çoxunu əzbər bilirik. Vətən tarixində baş verən qanlı hadisələri heç vaxt unutmuruq, bu hadisələrin ildönümlərini böyük ürək ağrısı ilə qeyd edirik. Bizə düşmən kəsilən, deyərdim ki, türklərə, azərbaycanlılara pataloji nifrət edən bir qəvi düşmənimiz var: ermənilər. Ermənilərin xalqımıza qarşı törətdikləri qanlı cinayətlərin bir daha təkrar olunmaması, Vətən torpaqlarının bir daha itirilməməsi üçün dövlətimiz (müstəqil dövlətimiz – bu, əsas şərtdir), əlbəttə, ciddi tədbirlər görmüş və bu iş gündəmdədir, yəni davam etdirilir.

Ancaq düşmən düşmənliyində qalır...

– Tərbiyənin qarşısında bu istiqamətdə görüləcək iş var: gənc nəsildə düşmənə nifrət hissi aşılamaq! Fikir vermişəm, bəzən keçirilən tədbirlərdə təsvir, faktlar, teatrlaşdırılmış hüznlü səhnələr, kədərli şeirlər, bir sözlə, ah-vaylar müəyyən təəssürat yaratsa da, düşmənə kəskin nifrət hissi yaranmır. Bu barədə ətraflı düşünməli, tərbiyəvi tədbirlərin təşkili metodikasında müəyyən dəyişiklik etməliyik. Ermənilər bizə nifrət hisslərini öz uşaqlarına, gənclərinə, bütün əhalisinə hər an aşılayır. Bu haqda kifayət qədər faktlar var. Ötən əsrin 90-cı illərində İrəvan şəhər məktəblərindən birinin milliyətcə azərbaycanlı olan rus dili müəlliməsinin bizim mətbuatda bir məqaləsi dərc olunmuşdu. Qısa məzmunu beləydi: Biologiya müəllimi beşinci sinifdə dərs vaxtı insan skletini uşaqlara göstərib, türk əsiri kimi təqdim edir. Əsirə cəza verməyi təklif edir. Türk əsirinə-düşmənə ən ağır işgəncə verilərək öldürülməlidir tələbinə ən iyrənc cəza üsulu təklif edən şagirdi müəllim tərifləyir, ona "5” qiymət verir. Bu, ermənilərin öz uşaqlarında bizə qarşı nifrət hissi tərbiyə etməsinə təkcə bir misaldır.

Bəs bu gün...

– Bizim bir Vətənimiz var-gözəl Azərbaycan. Naxçıvan onun tərkibində, tarixçilərin dediyi kimi, eksklav ərazi prinsipi, yəni ölkənin əsas ərazisindən ayrı düşmə prinsipi ilə yaranan muxtar respublikadır. Naxçıvanın ən vüsətli inkişafı Azərbaycan müstəqillik əldə etdikdən sonra başlayıb. 17 noyabr 1990-cı ildə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin iclasına sədrlik edən ulu öndər Heydər Əliyevin təklifi ilə Naxçıvanın adından "Sovet Sosialist” sözləri çıxarılaraq respublikanın adı Naxçıvan Muxtar Respublikası, "Ali Sovet” isə "Ali Məclis” adlandırılıb. Xalqımızın dahi oğlu Heydər Əliyev Naxçıvanın muxtariyyət statusunun əhəmiyyətini yüksək qiymətləndirib: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının da qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Bu gün bu qədim diyarın sürətli inkişafında muxtariyyət amili xüsusi vurğulanmalıdır. Məhz bunun ifadəsidir ki, müstəqillik illərində bu inkişaf özünün yeni mərhələsinə qədəm qoydu. Naxçıvanın kənd, qəsəbə və şəhərləri sürətlə inkişafa qovuşdu. Bütün kəndlərdə məktəblər, kənd mərkəzləri, iaşə obyektləri tikildi, yollar, körpülər yeniləndi, tarixi abidələr bərpa edildi, yeni binalar inşa olundu, bir sözlə, Naxçıvanda qısa müddətdə yüz illərə bərabər işlər görüldü. Bu gün Azərbaycan dövləti təhsil sistemində təhsilin metodoloji əsasının formalaşması, təhsilin məzmun və istiqamətinin düzgün müəyyənləşdirilməsi imkanını yaradıb. Təhsil sahəsində düzgün istiqamətin müəyyənləşdirilməsi, modernləşmənin aparılmasına təkan verən mənbələrdən birincisi elmi təfəkkürün formalaşmasına xidmət edən məqsədyönlü işlərin görülməsi, idarəçilik sisteminin yeniləşməsidir ki, bu da insan resurslarının inkişaf etdirilməsi və insan kapitalının nüfuzunun artırılmasına gətirib çıxarır.


Qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün muxtar respublikamızda hərtərəfli şərait yaradılması hamımızın ürəyincədir...

– Son illərdə Naxçıvanda ali məktəblərin tədris korpuslarının yenidən inşa olunmasına xüsusi diqqət yetirilir. Belə ki, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və "Naxçıvan” Universitetinin yeni tədris və inzibati binaları tikilib, günün tələblərinə cavab verən müasir tədris ləvazimatları ilə təchiz edilib. Ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yenilənməsinin dövlətin diqqət mərkəzində olması, elektron kitabxana fondunun yaradılması sahəsində görülən işlər, kitabxanaların ədəbiyyatlarla zənginləşdirilməsi, ali məktəblərin sürətli internetlə təmin olunması, komputer otaqlarının təşkili təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, universitetlərarası sözləşməyə əsasən ali məktəb tələbələrinin xarici ölkələrin nüfuzlu ali məktəblərində oxumaq və təcrübə keçmək imkanlarının yaradılması insan kapitalının formalaşması istiqamətində atılan və dövlətin daim diqqətində olan önəmli addımlardandır. Bugünkü ali təhsilin məqsədi cəmiyyəti dövrün tələbləri səviyyəsinə qaldırmağı və milli mənafeyimizi qorumağı bacaran vətəndaşlar formalaşdırmaqdır.

Son olaraq nə demək istərdiniz?

– Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsil tariximizə qızıl hərflərlə yazılmış bir sıra fərman və sərəncamları pedaqoji fikir tariximizə və məktəbşünaslığa öz sanballı töhfəsini verməkdədir. Ali təhsil müəssisəsinin müəllimi kimi uzun illərdən sonra oxuduqları və ilk əmək fəaliyyətinə başladıqları məktəblərə gedib nümunəvi dərslərdə iştirak etmək onlar üçün qürurverici xoş xatirəyə çevrilir. Bu gün məktəbimizdə oxunması zəruri olan ədəbiyyatlar milli və dünyəvi dəyərləri ehtiva edən sanballı mənbə kimi pedaqoji prosesə cəlb olunub. " Pedoqoji fikir tarixindən” kitabı bunun ifadəsidir.

Uşaqlarımızın və gənclərimizin müstəqil dövlətimizə, dövlətçilik ənənələrinə sadiqlik ruhunda tərbiyə edilməsi, onlarda bu barədə iftixar duyğusunun gücləndirilməsi də tərbiyənin qarşısında duran əsas vəzifələrdən biridir. Müəllim, tərbiyəçi adını daşıyan hər kəs unutmamalıdır ki, dövlətimizə inam dövlətin sarsılmazlığının əlamətidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikaya yüksək səviyyədə rəhbərliyi, Vətənimizin, millətimizin, dilimizin ən layiqli təəssübkeşi olduğu göz qabağındadır və görülən işlər bunların əyani sübutudur.

Ümumən ölkəmizdəki böyük nailiyyətləri, ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, yeni istiqamətlərdə inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun apardığı məqsədəuyğun siyasətin təbliği pedaqoji prosesin aparıcı qüvvəsi olan müəllimlərin vəzifə borcudur.

Muxtar MƏMMƏDOĞLU

"Şərq qapısı” qəzetinin məsul katibi, Naxçıvan




İmza:
SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK