adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Iyun 2019 13:59
9374
GÜNDƏM
A- A+

Sosial Müdafiə Fondunun büdcəsi 200 milyon manat artırılacaq

İyunun 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Komitə sədri Ziyad Səmədzadə son vaxtlar Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə iqtisadi, sosial islahatların dərinləşməsi ilə əlaqədar çox mühüm tədbirlər həyata keçirdiyini bildirib.

O deyib ki, dövlət başçısı 2018-ci ilin ikinci yarısından başlayaraq bu günə kimi ölkənin iqtisadi həyatında keyfiyyət dəyişiklikləri etmək, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalayıb.

"Əgər bu gün minimum əməkhaqqı 250 manat təşkil edirsə, bu, o deməkdir ki, biz MDB məkanında göstəriciyə görə ən qabaqcıl ölkələr sırasına çıxmışıq. Bu islahatlar Azərbaycan xalqı tərəfindən yüksək səviyyədə qarşılanıb. Atılan hər bir addım Azərbaycan xalqının keyfiyyətli yaşayışına, iqtisadi fəallığın canlanmasına yönəldilib. Gündəliyə daxil edilmiş məsələlər birmənalı şəkildə bu proseslərin qanunvericilikdə də əksini tapmasını nəzərdə tutur”.

İclasda iştirak edən Maliyyə nazirin müavini Azər Bayramov deyib ki, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrində dövlət büdcəsinə bəzi xərclərin optimallaşdırılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun gəlir və xərclərinin, həmçinin icmal büdcə xərclərinin yuxarı həddinin artırılması nəzərdə tutulub.

Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin daim prioritet hesab etdiyi ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılması, əsas sosial qrupların müdafiəsinin gücləndirilməsi, xüsusilə də minimum əmək pensiyalarının, sosial müavinətlərin, büdcə təşkilatlarında çalışanların əməkhaqlarının artırılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq əlavə maliyyə təminatının formalaşması üçün qeyd olunan qanunlarda müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranıb. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, əmək pensiyalarının və müavinətlərin əhəmiyyətli dərəcədə artırılması üçün DSMF-nin büdcəsinin gəlir və xərclərinin 200 milyon manat olması nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, ölkədə minimum əməkhaqqı və büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqı üzrə cari ilin aprel-may aylarında tətbiq olunmuş və sentyabrdan nəzərdə tutulan əlavə artımlar hesabına dövlət sosial sığorta haqları üzrə təxminən 350 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır ki, həmin vəsaitin də 172 milyon manatı dövlət büdcəsindən maliyyələşən təşkilatların payına düşəcək.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması üçün inqilabi addımlar atılır.

"Bu ili sosial müdafiə ili kimi də dəyərləndirmək olar. İmzalanan sərəncamlar sosial həssas qruplarla yanaşı, ümumilikdə ölkə əhalisinin rifahının yüksəldilməsinə yönəlib”.

Vüqar Gülməmmədov qeyd edib ki, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsindən də göründüyü kimi, Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 milyon manat artırılır. Bu artırılma nəticəsində Fondun dövlət büdcəsindən asılılığının 38,3 faizdən 32,8 faizə düşməsi gözlənilir.

İclasda, həmçinin Vergi Məcəlləsində, "Dövlət satınalmaları haqqında”, "Avtomobil nəqliyyatı haqqında” qanunlara dəyişiklik edilməsi haqqında qanun layihələri də müzakirə olunub.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.