adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Iyun 2019 11:15
14894
ELM VƏ TƏHSİL
A- A+

Bakı Ali Neft Məktəbi ilk Dayanıqlı İnkişaf Hesabatını ictimaiyyətə təqdim etdi

Bakı Ali Neft Məktəbi (BANM) ilk Dayanıqlı İnkişaf Hesabatını ictimaiyyətə təqdim etdi.

BANM Azərbaycanda bu hesabatı hazırlamış ilk ali təhsil müəssisəsidir. Hesabatın təqdimetmə mərasimində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, EY şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf xidmətləri üzrə Azərbaycan və Gürcüstandakı rəhbəri Günel Fərəcova, Azərbaycan Amerika Ticarət Palatası İctimai Birliyinin icraçı direktoru Natəvan Məmmədova və BANM-in professor-müəllim heyəti iştirak ediblər.

Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov bildirdi ki, hazırlanmış Dayanıqlı İnkişaf Hesabatının əsas məqsədi Ali Məktəbin iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətinin nəticələrini şəffaf bir şəkildə ictimaiyyətə açıqlamaqdır. Rektor qeyd etdi ki, hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinin BANM-in strategiyasına inteqrasiya olunması, Ali Məktəbin Dayanıqlı İnkişafa qarşı yanaşması əks olunub və təhsil, tədqiqat, təşkilati və əməliyyat sahələrində BANM-in dayanıqlı inkişafı da yer alıb. Elmar Qasımov vurğuladı ki, Ali Məktəbin dayanıqlı inkişafa olan yanaşması mərkəzləşdirilmiş və məqsədyönlü şəkildə həyata keçirilib və bu prosesdə yalnız BANM-in tələbələri və əməkdaşları deyil, həmçinin Ali Məktəbin partnyorluq və əməkdaşlıq etdiyi qurumların iştirakı da təşviq edilib.

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirdi ki, Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "neft kapitalının insan kapitalına çevrilməsi” strategiyasını artıq yeddi ildir ki, praktiki formada uğurla həyata keçirir. Onun sözlərinə görə, Ali Məktəbin rəhbərliyi və kollektivinin öz üzərində davamlı işləməyinin nəticəsidir ki, beynəlxalq aləmin tələb etdiyi Dayanıqlı İnkişaf Hesabatını ilk hazırlayan və ictimaiyyətə təqdim edən təhsil müəssisəsidir. Süleyman Qasımov keyfiyyətli və məzmunlu hesabata görə əziyyəti keçən hər kəsə təşəkkür etdi.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il oktyabrın 6-sında imzaladığı 1066 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və əsas məqsəd 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etmək, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etmək və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir. O, BANM-in təqdim etdiyi hesabatın Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədlərinə verilmiş bir töhfə olduğunu bildirdi.

EY şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf xidmətləri üzrə Azərbaycan və Gürcüstandakı rəhbəri Günel Fərəcova dayanıqlı inkişaf anlayışına konseptdən daha çox dəyər kimi baxmağın vacibliyini vurğuladı və bildirdi ki, hər şeyin kökündə təhsil dayanır. O, xüsusilə təhsil müəssisələrinin dayanıqlı inkişaf anlayışına dəyər kimi yanaşmağın və bunu gələcəyin mütəxəssislərinə tələbə ikən aşılamağın vacib olduğunu qeyd etdi. Günel Fərəcova Bakı Ali Neft Məktəbinin rəhbərliyini və kollektivini korporativ məsuliyyət anlayışını ciddi qəbul edib Dayanıqlı İnkişaf Hesabatını ictimaiyyətə təqdim elədiyinə görə təbrik etdi və Ali Məktəbin digər təhsil müəssisələrinə nümunə olduğuna görə təşəkkür etdi.

Azərbaycan Amerika Ticarət Palatası İctimai Birliyinin icraçı direktoru Natəvan Məmmədova hesabatın dolğunluğunu və məzmununu yüksək qiymətləndirdi və hesabatı ali təhsil müəssisələri və şirkətlər üçün nümunəvi hesab etdi.

Sonda BANM-in proqram meneceri Nərgiz Tarverdiyeva Ali Məktəbin Dayanıqlı İnkişaf strategiyası haqqında hazırlanmış qısa təqdimatla çıxış edərək hesabatda yer almış təhsil, ekoloji təsir, imkanlar və çıxışlar, məsuliyyətlilik və şəffaflıq, maddi imkanlar, partnyorlar və cəmiyyət, sağlamlıq, rifah və təhlükəsizlik, iş yeri, yenilik və tədqiqat kimi dayanıqlı inkişaf mövzularından bəhs etdi.

Ali Məktəbin Dayanıqlı İnkişaf Hesabatı beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) standartlarına uyğun hazırlanıb. Hesabatdakı məlumatların düzgünlüyünə "EY Azərbaycan” şirkəti tərəfindən müsbət rəy verilib və təsdiq olunub. Bu hesabat Ali Məktəbin korporativ məsuliyyətinin göstəricisi və onun fəaliyyətinin dünya standartlarına uyğun təşkil olunmasının sübutudur. Ali Məktəb bu hesabatı hər iki ildən bir hazırlamağı öz öhdəliyinə götürüb və digər müəssisələri də Dayanıqlı İnkişaf üzrə Hesabat hazırlamağa çağırır.