adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Iyun 2019 17:50
20149
ƏDƏBİYYAT
A- A+

GÖRKƏMLİ DÖVLƏT XADİMİ, UNUDULMAZ DOST ZAKİR ZEYNALOV

Vətənimiz Azərbaycan Respublikasında, keçmiş Sovetlər İttifaqı məkanında hüquqşünas alim və görkəmli dövlət xadimi kimi tanınmış əziz və unudulmaz dostum Zakir Əlixan oğlu Zeynalovla yeniyetməlik illərimizdən çox yaxın, çox səmimi dost olmuşuq.

Tovuzda A.S.Puşkin adın orta məktəbdə, Bakıda Azərbaycan Dövlət Universitetində eyni vaxtda oxumuşuq. Aspiranturanı da eyni zamanda - o Moskvada, mən isə Kazanda keçmişik.

Gənclik, tələbəlik, aspirantlıq illərimizlə, sonradan dövlət qulluğunda olduğumuz illərlə bağlı çox əziz xatirələr var.

Müdriklər deyirlər ki, xatirələri yazmaq onları ölümün əlindən, zamanın əlindən qurtarmaqdır. Ancaq Zakir Zeynalov kimi böyük bir şəxsiyyət haqqında onun əziz xatirəsinə layiq, az da olsa onun möhtəşəm portretini canlandıra biləcək bir yazı yazmaq şansımın çox az olduğunu hiss edirəm.

Peşəkar bir yazıçının, hətta mahir bir rəssamın yaradacağı Zakir Zeynalov portretinin onun canlı həyatda olan parlaq simasının sönük bir kopiyası olmağa məhkum olacağına əminəm. Uca Tanrının çox comərd bir anında yaratdığı, böyük zəka, gözəl sima, sonsuz səxavət və ədalət, vəfa bəxş etdiyi Zakir Zeynalova bəndənin yaratdığı portretin bənzəməsi əlbətdəki mümkün deyil.

Böyük şəxsiyyətlər haqqında yazılmış ən uğurlu xatirələrin onların yaxın dostları tərəfindən yazıldığı məlumdur. Digər tərəfdən dostlara bu fani dünyada yaşanmış xatirələri zəif alınacağı qorxusuna görə yazmamaq, bu xatirələrə xəyanət kimi də qiymətləndirilə bilər.

Həyatda adamların əksəriyyəti gücü-güdrəti tutduğu vəzifədən, oturduğu kreslodan, sahib olduğu vardan-dövlətdən alırlar.

Nadir insanlar Uca Tanrının onlara bəxş etdiyi xüsusi xarakter, qabiliyyət, xarizma sayəsində tutduğu vəzifəyə, oturduğu kresloya güc, güdrət verirlər.

Zakir Zeynalov belə nadir insanlardandı.

Bizans İmperatorluğunun paytaxtı Konstantinopolisi 21 yaşında fəth edib Türk Dünyasına İstanbul kimi ərmağan edən Fateh Sultan Mehmedin ona Bizans kralı adından qızıl-ziynət təklif edib, İstanbulun fəthindən vaz keçməsini rica edən kral elçisinə dediyi möhtəşəm bir söz var:

- Get kralına söylə, "Mənim qüdrətim çatan yerə onun xəyalı yetməz”

Zakir Zeynalovda da elini-obasını yağı düşməndən qoruya biləcək, dostlarına yaxınlarına, insanlara dayaq olacaq, onların dərdlərini, problemlərini həll edə biləcək. Tanrı vergisi belə bir qüdrət, heç bir vəzifəsi, kreslosu olmadığı vaxtdan, gəncliyindən tələbəliyindən mövcud idi.

Yaxşı yadımdadır, Moskvaya namizədlik dissertasiyanı məşhur fizik, professor, Skrotski ilə müzakirə etmək üçun getmişdim. O zamanlar Moskvada mehmanxana tapmaq, onun pulunu ödəmək bir aspirant üçün mümkün olan şey deyildi. Moskvaya gələn tələbələr, aspirantlar bir qayda olaraq öz tələbə, aspirant dostlarının yanında yataqxanalarda qalırdılar. Zakir Zeynalov o vaxtlar SSRİ Elmlər Akademiyasının aspirantı kimi akademiyanın Dmitri Ulyanov küçəsindəki çox ciddi rejimi olan nəhəng yataqxanasında qalırdı.

Moskvada olduğum bir neçə gün ərzində Zakir Zeynalovun sayəsində bu yataqxananın ən işıqlı, isti otaqlarından birində təkbaşına qaldım və komendant başda olmaqla orada yaşayanların, çalışanların ona böyük ehtiramla yanaşdıqlarının şahidi oldum. Sovetlər İttifaqının bütün respublikalarından gəlmiş çox sayda aspirantın və yataqxananın əməkdaşlarının ehtiramını mənim unudulmaz dostum yalnız yüksək zəkası, mədəniyyəti, səxavəti, qabiliyyəti sayəsində qazanmışdı.

Tanrı Zakir Zeynalovu hər sahədə son dərəcə istedadlı bir insan kimi yaratmışdı. Təbiət elmləri, ədəbiyyat, musiqidən hansı sahəni seçsə ən yüksək zirvəyə çıxacağı aşkardı. Yalnız öz şəxsi həyatını düşünüb, ədəbiyyatı, musiqini seçmiş olsaydı, bu fani dünyada daha tez məhşurlaşa, daha rahat, daha populyar ola bilərdi, ancaq onun xarakterində ədalət və səxavət hissləri çox güclü, çox öndə idi.

Məktəbi medalla bitirmişdi, istədiyi ixtisası seçə bilərdi. Təbiətdə ədalətin var olduğunu yaxşı bilirdi. Cəmiyyətdə də ədalətin olması istəyilə hüquqşünas oldu.

Yaxşı xatırlayıram ki, Zakir Zeynalov respublika prokuronunun müavini vəzifəsində işlədiyi vaxtda, Kazan Universitetində aspirant yoldaşım olmuş, çox istedasdlı, çox yaraşıqlı universitetimizi Lenin təqaüdü ilə bitirmiş alimi, bir gənc xanımın şikayəti əsasında həbs etmişdilər. Bu xanım alim dostumun onunla evlənməsini tələb edirdi.

O zaman Lenin təqaüdü alan tələbəni Universitetdə hamı tanıyırdı, onu barmaqla göstərirdilər. Alim dostumun haqsız yerə bir aydan çox oğrulara, canilərə bərabər həbsdə olduğunu Zakir Zeynalova bildirdim. Universitetdə eyni vaxtda oxuduqlarından alimi, ailəsini də onların rayonlarında prokuror işlədiyi vaxtdan yaxşı tanıdığına görə onun nalayiq hərəkət etməsinin ehtimalının az olduğunu qeyd etdi.

Məsələ araşdırıldı, alimin günahsız olduğu ortaya çıxdı, azad edildi. Ədalət yerini tapdı.

Zakir Zeynalov prokuror, Respublika prokurorunun müavini, Parlamentimizin sədrinin müavini vəzifələrində işlədiyi zaman yüzlərlə vətəndaşımızın səbrlə dərdlərini dinləyib, problemlərini həll edib, ədaləti bərpa etdiyi hamıya məlumdur. Vətənimiz Azərbaycanın ən gözəl yurdlarından biri olan Tovuz rayonunun erməni faşistlərindən qorunmasında, böyük qüvvələrin dəstəklədiyi düşmənə bir qarış da olsa torpağın verilməməsində Zakir Zeynalovun göstərdiyi fəaliyyət haqqında ayrıca bir əsər yazılmalıdır.

Xalqımızın arasında, ölkə rəhbərliyi nəzdində Zakir Zeynalovun qazanmış olduğu böyük hörmət və yüksək nüfuzun dəfələrlə şahidi olmuşdum.

Yaxşı yadımdadır 1999-cu ilin may ayının sonları idi. Ölkəmizin umummilli lideri Heydər Əliyev ABŞ-da əməliyyatdan sonra Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin dəvətilə dincəlmək üçün Ankaraya gəlmişdi. Zakir Zeynalov da vacib dövlət tapşırdığı ilə Ankarada ezamiyyətdə idi.

Umummilli liderimizə Zakir Zeynalovun keçmiş olsun diləklərini və xoş arzularını söyləmək üçün görüşmək istədiyimi bildirdim. Ertəsi gün qəbul edildi. Görüş yarım saatdan çox çəkdi. Ankaradan tez-tez ona zəng edərdim. Səsi gur gələndə çox sevinirdim. Nöbəti dəfə zəng edəndə səsi dəyişmişdi. Şox narahat oldum Ankaraya gəlməsini xahiş etdim. Gülhanə Akademiyasında həkimlərin baxmasının yaxşı olacağını dedim. Ciddi bir şey olmadığını, Tovuzda seçicilərlə görüşəndə bir az soyuqladığını söylədi. "Tovuzda elə nəsil, elə ailə yoxdur ki, ona yaxşılıq eləməyəsən, ona dayaq olmayasan, hamı sənə səs verəcək, nə ehtiyac vardır ki, özünü xəstələndirəsən,” - dedim və mütləq heç olmasa seçkidən sonra Gülhanəyə gəlməsini istədim.

"Yaxşı” - dedi, soz verdi.

Seçkilər bitmişdi. Zakir Zeynalov Millət vəkili və Parlamentin sədr müavini seçilmişdi. Ankaradan zəng edib təbrik etdim və verdiyi sözü xatırladım. Səsi yaxşı gəlsə də dərin yorğunluq, əzginlik hiss olunurdu. Təlaşlandım və təcili Ankaraya gəlməsi üçün dönə-dönə xahiş etdim. Ən gec bir həftəyə Ankarada olacağına söz verdi.

Çox sevindim tezliklə görüşəcəyimizə. Görüşümüzlə həkimlərlə əlaqədar planlar hazırladım. Əfsuslar olsaun ki, Uca Tanrı əziz dostum Zakir Zeynalovu son telefon danışığımızdan 5 gün sonra bu fani dünyadan aldı, daha ədalətli, daha gözəl dünyaya - cənnətə göndərdi.

Müdriklərin "Əgər Tanrını güldürmək istəyirsənsə ona gələcək planlarından danış” kəlamı demək ki, həqiqətmiş. Unudulmaz dostumla Ankarada görüşmək planlarımda Uca Tanrını nə qədər güldürə bildiyimi bilmirəm.

Onu yaxşı bilirəm ki, o məni və minlərlə insanı həyatının zirvəsində Zakir Zeynalov suz qoymağa yaman ağlada bildi.

Məmməd Novruzoğlu