adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Iyun 2019 17:41
23314
ƏDƏBİYYAT
A- A+

Azərbaycanda ilk qadın maarifçi xanımların fəaliyyəti

XX əsrin əvvəlləri Azərbaycan milli mətbuatında qadınların öz hüquqları uğrunda mübarizə aparmağa başladığı dövrdür. Bu dövrdə əsas rol oynamış maarifçi xanımlar Avropa ölkələrində dünyəvi təhsil almış qadınlar idi. İlk qadın xeyriyyəçilik-qəyyumluq ittifaqını istedadlı pedaqoqlar Məryəm Bayraməlibəyova və Rəfiqə Əzimzadə təşkil edə bildilər. 1905-ci ildə Bakıda Əminə xanım Batrişina əmək fəaliyyətinə başladı. O, Rusiya müsəlman qadınları arasında ilk diplom əldə edən həkim idi. 1908-ci ildə Sona xanım Rəhimova-Vəlixan Peterbuqda qadın tibb institutunu bitirən ilk azərbaycanlı qadın kimi tarixdə qaldı.

Bakının 14 müsəlman qadın fəalları 1908-ci il oktyabrın 26-da Rübabə xanım Qasımovanın mənzilində toplanaraq "Nicat" maarif cəmiyyətinin qadın şöbəsini açmaq barədə qərar qəbul etmişdilər. Hənifə xanım Məlikova, Rübabə xanım Qasımova, Xədicə xanım Əlibəyova, Əminə xanım Əfəndiyeva, Şərqiyyə xanım Axundova, Səkinə xanım Axundova, Səltənət xanım Əmircanova, Rəhilə xanım Hacıbababəyova, Qəribsultan xanım Xanlarova və Ayşə xanım Hacıqasımova idi. Təhsil almaq istəyən müsəlman qızlara kömək etmək xanımların əsas məramı idi.

XIX əsrin 70-ci illərindən yaranmış olan Azərbaycan milli mətbuatı sonrakı dövr ərzində inkişaf etmiş və milli mətbuat xalqın ictimai-siyasi, mədəni-ideoloji həyatının mühüm tərkib hissəsi olmaqda davam etmişdi. Xüsusilə XX əsrin əvvəllərindən, ictimai şüurun inkişafı nəticəsində qadın mətbuatının yaranması, qadın söz azadlığına şərait yaradılması üçün ictimai proseslər inkişaf etmişdi.

"İşıq jurnalı"nın ilk sayı 1911-ci il yanvarın 22-də nəşr olunmuşdu.Bu mətbu orqanın davamlı nəşri 1912-ci ilin sonuna kimi davam etmişdi. Ümumi olaraq 68 çap sayı işıq üzü görməsinə baxmayaraq, bu maarifçi jurnal Azərbaycan xalqı içərisində ziyalı qadınların rolunun artmasına və qadın hüquqlarını təbliğ edən maarifçi yazıları ilə mətbuat tariximizdə ilk qadın jurnalı, maarifçi mətbuat orqanı kimi tarixin səhifələrində qalmışdır. "İşıq" həftədə bir dəfə, şənbə günü nəşr olunan elmi-pedaqoji, ədəbi, təbabət və evdarlığa dair qadın məcmuəsi idi. Burada uşaq tərbiyəsi, ədəbiyyat, təbabət və evdarlıqla yanaşı, hüquqa, mədəniyyətə, şəriət qaydalarına, dünya xəbərlərinə aid müxtəlif guşələr olub. Qadınlar üçün olan bu ilk jurnalın nəşrinin maddi dəstəkçisi Hacı Zeynalabdin Tağıyev, onun məsul katibi isə Sona xanım olmuşdur. 1911-ci il nəşrləri Haşım Bəy Vəzirovun "Səda" mətbəəsində çap olunmuşdu.Bakı şəhər polis idarəsinin mətbəəsində 1912-ci ilə aid olan sayıları çıxmağa başlamışdı. Qəzetin yaradıcısı olan Xədicə Ələddin qızı Əlibəyova Azərbaycanın ziyalı qadınlarından biri olmuşdur. O, 1884-cü ildə Tiflisdə ruhani ailəsində anadan olmuşdur.İlk təhsilini rus qız gimnaziyasında almışdı. Daha sonra Cənubi Qafqaz Olginskaya Mamalıq İnstitunda oxumuşdur. Xədicə xanım hüquqşünas Mustafa bəy Əlibəyovla ailə qurmuşdu.1920-ci ildə Şəkiyə köçmuşlər, orada ixtisası üzrə həkim-ginekoloq vəzifəsində çalışmışdır. 1947-ci ildə Bakıya qayıtmış. "Kaspi" qəzeti bu hadisənin səhəri günü yazırdı: "Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə həftədə bir dəfə çıxan "İşıq" qəzetinin ilk nömrəsi tatar dilində (Azərbaycan dili) çapdan çıxıb. Bu maarifçi qəzet müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən bir orqandır. Qəzet ilk sayında məram və məqsədini açıqlayaraq xalqa müraciətlə yazırdı: "Qəzetin qarşısında duran əsas məqsəd vacib olan maarifləndirmə yolu ilə ümumi inkişafa çatmaqdır. Qəzetin elm, ədəbiyyat, təbabət və hüquqa dair, əsasən evdarlıq və uşaqların təlim-tərbiyəsi bölmələri olacaqdır. Bundan əlavə, qəzet bütün həyati məsələlərə öz münasibətini bildirəcəkdir”.

Xədicə Ələddin qızı Əlibəyova 1884-cü ildə Tiflisdə anadan olub.Atası Tiflisin hörmətli ziyalılarından biri idi və qızının təlim-tərbiyəsi ilə yaxından məşğul olmuşdu.Xədicə Tiflis Qızlar Gimnaziyasını bitirdikdən sonra tibb sahəsində ali təhsil alır.Hüquqşünas, ictimai xadim, publisist Mustafa Bəy Əlibəyov ilə (1872-1942) ailə həyatı qurur. Bundan sonra o, ictimai və mədəni həyatda daha fəal iştirak edirdi. Xədicə xanım Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin, Mustafa bəy isə "Yaşıl qələm"in, "Hidayət" xeyriyyə cəmiyyətinin katibi, həmçinin "Möhtaclara kömək" cəmiyyətinin, "Əhrar" partiyasının üzvü olmuşdu. "İşıq"ın redaktoru X.Əlibəyova qəzetdə "Vəzayefe-beytiye" başlığı altında məqalələr verirdi. Ailə-məişət mövzusunda yazılmış bu materiallar qəzetin əksər nömrələrində dərc olunmuşdur. "Təbabətə dair" bölməsindəki materialları çox zaman Xədicə xanım özü və həkim Əminə xanım Batrişina yazırdı.

Qəzet bir tərəfdən mədəni tərəqqi və elm öyrənməyin əhəmiyyətindən bəhs edir, digər tərəfdən çadranı təbliğ edərək örtülülüyə haqq qazandırır, din məsələlərini, müsəlmançılığı üstün tuturdu.

Ziyalı qadınlardan pedaqoq Nabat Nərimanova, həkim Əminə xanım Batrişina, Həlimə xatun Axundova, Xuraman Rəhimbəyzadə, onun anası Asya Axundova, Maral Nəbizadə, Səidə Şeyxzadə, Gövhər Şövqiyyə və başqa maarifpərvər qadınlar qəzetə tez-tez məqalələr, şeirlər göndərir və qadınların hüquqsuz həyatında tənqidlər yazmışlar. Bu maarifçi, ziyalı qadınlar qəzetin nəşr olunmasında böyük ruh yüksəkliyi ilə birləşmişdilər. X.Əlibəyovanın "Hüquqlarımız" sərlövhəli məqalələrində qadınların hüquq bərabərliyi, onları maarif və mədəniyyətə, ictimai həyatda iştiraka çağırış, qadın klublarının, bilik kurslarının açılması, uşaqların tərbiyəsi, məişət məsələləri və başqa mövzular ətrafında elmi maarifçi yazılar dərc olunurdu. Görkəmli ədib və ziyalılardan M.Hadi, Y.V.Çəmənzəminli, B.Şahtaxtinski, İ.Məlikov ilk qadın mətbuatının yaradılması münasibətilə təbrik məktubları yazmışdılar.

"İşıq" qəzetinin "Təlimi-nisvan" bölməsində verilən materiallar da maarifçilik problemlərini xüsusi olaraq göstərirdi.Bu yazılarda doğru olaraq göstərilirdi ki, övladın tərbiyəsi valdeynin tərbiyəsi ilə bağlıdır. Müsəlman qız məktəbinin türk dili müəllimi N.Nərimanova ananın öhdəsinə düşən vəzifələrin validəlik, mürəbbiyəlik, rəfiqəlik və vərəsəlikdən ibarət olduğunu qeyd edirdi.

Həlimə Axundova publisistik məqalələrində maarifçilik ideyalarını təbliğ edirdi və "Müsəlman qadınlarının hüquqları" məqaləsində xanımlara xitabən yazırdı: "Acınacaqlı həyatımız olmaması üçün biz oxumalı, oxutmalı, tərbiyə almalı və tərbiyələndirməliyik. Əgər biz insanıqsa, onda bizimlə insan kimi rəftar etmək lazımdır. Bizə bilik lazımdır". "Qadın millətin anasıdır" məqaləsində o, qadınları onların oxumasını qadadğan edən mürtəce din xadimlərinin hədələrindən qorxmamağa çağırırdı. "İndi başqa zəmanədir.Bütün millətlər tərəqqiyə doğru gedir, elm və maarif zəminində çalışırlar.Mollaların sözlərinə inanmayın.Onlar bizə mane olurlar". Maarifçilik ideyasından jurnal tədricən qadın həmrəyliyi və birliyinin təbliğatına keçdi. Münəvvər Əlixanova "Bacılarıma birinci məktub" məqaləsində yazırdı: "Biz bilməliyik ki, tək adam heç nə edə bilməz, hər yerdə, hər işdə böyük rolu birlik, ittifaq oynayır".

Gəncəli Müəlliflər sübut etməyə çalışırdılar ki, oxumaq, elm, təhsil almaq nəinki kişilərə, bəlkə onlardan daha çox qadınlara lazımdır. Çünki onlar xalqın gələcəyi olan uşağın tərbiyəsində əsas rol oynayırlar. Şamaxı qız məktəbinin müəllimi Gövhər Şövqiyyə yazırdı ki, biz bu yaşadığımız XX əsrdə hüquqlardan məhrumuq və cəhalətdən qurtula bilmirik.Millətlərin inkişafı kişilərin tərəqqisi ilə deyil, qadınların tərəqqisi ilə ölçülür. Ona görə də təlim-tərbiyə ocaqlarının sayını artırıb, qızları məktəbə cəlb etməliyik.

Redaktor X.Əlibəyovanın qəzetdə "Vəzayefe-beytiyye" başlığı altında məqalələri çap olunurdu.Ailə-məişət mövzusunda yazılmış bu materiallar qəzetin əksər nömrələrində dərc olunmuşdur. "Təbabətə dair" bölməsindəki materiallar çox zaman Xədicə xanım özü və həkim Əminə xanım Batrişina tərəfindən yazılırdı. Təlim-tərbiyəyə dair yazılarında Xədicə xanım uşağın tərbiyəsində üç dövrü əsas götürürdü: I- uşağın doğulandan 6-7 yaşına kimi olan dövr, II tərbiyə dövrü, III gənclik dövrü. X.Əlibəyovanın fikrincə, qızlara verilən tərbiyə ana dili, şəriət və evdarlıq işlərini öyrənib bilməkdə ibarət olmalıdır.

Tədqiqatçı görkəmli maarifçi olmuş Rəqibə Məmmədova araşdırmasında yazır ki, qəzetin bağlanma təhlükəsini hiss edən redaktor X.Əlibəyova nəşrin birillik nömrəsini çar II Nikolayın xanımı Aleksandra Fyodorovnaya göndərmək üçün ərizə yazır və ondan icazə istəyir. İmperatriça Xədicə xanımın xahişini razılıqla qarşılayır. Göründüyü kim, X.Əlibəyova milli mətbuatımızın ilk qadın mətbu orqanının azərbaycanlı qadınların həyatındakı əhəmiyyətli rolunu dəyərləndirərək onun davamlı nəşri üçün əlindən gələni edib.Bütün bunlara baxmayaraq "İşiq" qəzeti cəmi bir il nəşr olunub. 1912-ci il qəzetin nəşri dayandırıldıqdan sonra Xədicə xanım Şəkiyə köçür həkimlik fəaliyyətini davam etdirir. Eyni zamanda Şəkidə savad kurslarının, qadın klubunun təşkilinə dəstək olur.

"İşıq" qəzetinin əsas tədqiqatçılarından olan Amaliya Qasımovanın sözlərinə görə, sovet hakimiyyəti illərində "İşıq" qəzeti Azərbaycanda qadın mətbuatının bayraqdarı kimi tarixdə öz yerini tuta bilməyib: Həmin illərdə bu qəzet burjua mətbuatı kimi qiymətləndirilərək tədqiqatlardan kənarda qalıb. Amma bu gün cəsarətlə deyə bilərik ki, Azərbaycanda müstəqillik illərində rus dilində nəşrə başlamış "Mir jenşini" qəzetini nəzərə almasaq, "İşıq" son yüz ildə ölkəmizdə ana dilində nəşr olunmuş yeganə qadın qəzetidir.

Maarifçi xanımlardan olan Rəhilə Hacıbababəyova valdeynlərini itirmiş uşaqlara, yoxsul ailələrə yardım etmək məqsədilə 1914-cü il noyabrın 21-də Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətini təsis etmişdi. M.S.Tağıyeva cəmiyyətin idarə heyətinin sədri, Rəhilə Hacıbababəyova sədrin müavini, Əminə Ağayeva katib, Pəri Topçubaşova xəzinədar seçilmişdilər. Cəmiyyət xəstə və yaralı əsgərlərə, yetim və yoxsul uşaqlara yardım göstərir, tez-tez müxtəlif tədbirlər keçirirdi. Cəmiyyət Birinci dünya müharibəsində əsir düşmüş yaralı türk əsgərlərinə də yardım göstərmişdir. 1917-ci ilin oktyabrında Liza xanım Muxtarovanın sədrlik etdiyi Bakı müsəlman xeyriyyə cəmiyyəti yoxsul qızlar üçün peşə məktəbi açmışdı. Məktəbdə 4 ümumtəhsil sinif və 6 peşə bölməsi fəaliyyət göstərirdi. Türk dili, hesab, əl işi, biçmə və tikiş üzrə dərslər keçilirdi 1918-ci il mart qırğınları zamanı məktəb fəaliyyətini dayandırmışdı. 1919-cu ilin əvvəllərində cəmiyyət məktəbin işini yenidən bərpa etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti məktəbin səmərəli işləməsi üçün cəmiyyətə 30 min manat vəsait ayırmışdı. Məktəb azərbaycanlı qızların savadlanmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında, ailədə və cəmiyyətdə öz hüquqlarını anlamasında böyük rol oynamışdır. Aprel işğalından (1920) sonra sonra cəmiyyət fəaliyyətini dayandırmışdı.

İstifadə olunmuş mənbələr:

1.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası iki cilddə, I cild, Bakı, 2004

2.AXC (1918-1920) Parlament stenoqrafik hesabatlar , s.55-56, Bakı,1998

3.Ayna, 2011. 29 yanvar, s.19

4.Qasımova,A. "XX əsrin əvvəllərində Şimali Azərbaycan mətbuatında qadın problemləri (1901-1917), s.14 , Bakı ,

5.Hüseynova D.S.Azərbaycan Ziyalıları XIX əsrin sonu-XX əsrin əvvəllərində.Tarix elmləri doktorluq dissertasiyasının avtoreferatı.Bakı, 1993, səh.12.

6.Q.Amaliya ,Zülmətdə işıq. Bakı.2000 , səh.128

7."İşıq", 47, 1911, 12 fevral, 4

8.Mədəniyyət. 2017, 1 fevral, No. 8 (1396)

Selcan Məmmədzadə