adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
20 Iyun 2019 15:38
22375
SİYASƏT
A- A+

XİN başçılarının Vaşinqton görüşü

Bu gün Vaşinqtonda Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək. ATƏT-in Minsk qrupu həmsədrlərininvasitəçiliyi ilə bir araya gələcək nazirlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəklər.

Sözügedən görüşdən əvvəl isə Azərbaycan XİN rəhbəri və ABŞ dövlət katibinin köməkçisi, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüşlər keçirilib.

Vaşinqton görüşləri əhəmiyyət daşıyırmı? Bu görüşlərdən hansı nəticə hasil olacaq?


"BMT-nin qətnamələrinə əməl olunmur”

Deputat Asim Mollazadə: "ABŞ-ın danışıqlar prosesində təşəbbüsü üzərinə götürməsi çox müsbət haldır. Bu məqam əslində digər ölkələrin münaqişənin həllini öz monopoliyasına götürmək məsələsini azaldıb. Bununla yanaşı, yenə də beynəlxalq ictimaiyyətdən real qiymətləndirmə gözləyirik. Azərbaycanın əraziləri işğal altındadır. BMT-nin qətnamələrinə əməl olunmur. Biz gözləyirik ki, Ermənistan sülh istiqamətində ciddi addım atsın. Bu olmasa, ərazilərimizdə gərginlik artacaq. Azərbaycan torpaqlarının işğalı ilə barışmayacaq. Mənə elə gəlir ki, ABŞ hakimiyyətində hazırda ermənilərlə bağlı olmayan qüvvələr təmsil olunur. Biz Amerikadan beynəlxalq hüquq normalarına əsaslanaraq münaqişənin həlli üçün Ermənistanı sülhə məcbur etmək istiqamətində xüsusi addımlar gözləyirik”.



"Elmar Məmmədyarovun diplomatik təcrübəsinə söz ola bilməz”


Deputat Aqil Abbas: "Erməni tərəfi və ATƏT həmsədrləri çalışırlar ki, Azərbaycanı nəticəsiz danışıqlara çəkərək, vaxt qazansınlar. Çünki Azərbaycanın inkişafı, hərbi cəhətdən güclənməsi, ölkə başçısının ünvanladığı mesajlar onları qorxudur. Bu qüvvələr sadəcə düşünürlər ki, vaxtı uzadıb, vəziyyətdən necə çıxacaqlarını götür-qoy etsinlər. ATƏT 26 ildə nə edib ki, bundan sonra da neyləsin… Elmar Məmmədyarovun diplomatik təcrübəsinə söz ola bilməz. Ona görə, nazirimizə məsləhət verə bilmərəm. Sadəcə, öz fikrimi çatdırmaq istəyirəm ki, Azərbaycan düşmənin qarşısında konkret məsələ qoymalıdır. Ermənilərə çatdırmaq lazımdır ki, münaqişə müzakirə olunur, torpaqlarımızdan çıxırsınız, ondan sonra oturub stol arxasında qaçqın və məcburi köçkünlərin öz yerlərinə qaytarılmasını müzakirə edirik. Ancaq bu halda Dağlıq Qarabağın statusu haqqında düşünmək olar. Əgər tədbir adına tədbir keçiriləcəksə, sonda da şəkil çəkdirib, ayrılacaqlarsa, müzakirələrin mənası yoxdur”.



"Vaşinqton görüşü münaqişənin həlli istiqamətində yüksək gözləntilər vəd etmir”

Siyasi-şərhçi Arzu Nağıyev: "Moskva və Paris görüşlərindən sonra Vaşinqton görüşünün baş tutacağı gözlənilən idi. ATƏT-in Minsk Qrupu bir hesabat və ya bununla bağlı bəyanat verəcək bir qurum kimi öz işini yerinə yetirir. Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda baş tutacaq görüşü münaqişənin həlli istiqamətində yüksək gözləntilər vəd etmir. Ermənistan son görüşdə üzərinə götürdüyü istər humanitar, istərsə də digər öhdəlikləri yerinə yetirmədən bu görüşdə nədən danışacağı məlum deyil. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü olduğu kimi qəbul etmir və hər vəchlə gah formatın dəyişdirilməsi, gah separatçılara əlavə mandatın verilməsi iddiaları ilə çıxış edir, süni gərginlik yaradır, müxtəlif siyasi oyunlar nümayiş etdirir. Bu azmış kimi, atəşkəsi demək olar ki, hər gün pozur, hər iki tərəfdən itkilər verilir. Hazırda isə 10 minlik canlı qüvvə və hərbi texnika ilə məhz işğal olunun ərazilərdə təlim keçirməsi artıq heç bir çərçivəyə sığmayan özbaşınalıqdır. Rusiya səfirinin Röbert Köçəryanla görüşü də, Ermənistan XİN-in notası da bu seriyadandır. Yəni bir daha qeyd edərdim ki, belə bir şəraitdə görüş ancaq protokol naminə ola bilər və münaqişənin həllində hər hansı müsbət effekt verəcəyi inandırıcı görünmür”.



"ABŞ münaqişəni həll etmək yox, Ermənistanı daha tez ələ keçirmək barədə düşünür”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: "Moskva görüşündən sonra ABŞ rəhbərliyinin növbəti görüşün Vaşinqtonda olacağı ilə bağlı dərhal anons verməsi və görüşün vaxtını belə qısa zamanda müəyyən etmələri bu məsələdə iki böyük dövlət arasında sanki yarış getdiyi mənzərəsini yaradır. ABŞ və Rusiya arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı dartışmanın bir qədər fəallaşması hiss olunur. Bir az 2000-2001-ci illərdəki vəziyyəti xatırladan canlanma var. Amma burada məqsədin heç də münaqişəni nizama salmaq olduğu qənaətinə gələ bilmirik. Daha çox təşəbbüs davasına, mövqe yarışına bənzəyir. Bir müddət əvvəl ”Bolton planı" deyilən məsələ ortaya çıxmışdı, hətta həmin plana görə məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin nəzərdə tutulduğu deyilirdi. ABŞ-ın, xüsusilə də prezident Donald Trampın müsəlman dünyasına qarşı sərgilədiyi aqressiv münasibətin, Qüdslə bağlı mövqeyinin fonunda deyilənlərin həqiqətə uyğunluğu inandırıcı deyil. Ermənistanın az da olsa, ABŞ-a tərəf hərəkət etməsi müşahidə olunur. Ona görə də ABŞ-ın bu təşəbbüslərinin, o cümlədən nəzərdə tutulan görüşün Ermənistanı qərbyönümlü siyasətə həvəsləndirmək məqsədi güddüyü şübhə doğurmamalıdır. ABŞ münaqişəni həll etmək yox, Ermənistanı daha tez ələ keçirmək barədə düşünür. Addımları da bu məqsədə xidmət edir. Bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurası katibinin Vaşinqtona səfəri də təsadüfi deyildi. Görünür, bəzi məsələlərə dair ilkin razılaşmalar artıq var. Belə bir prosesin getdiyi vaxtda Vaşinqtonun Dağlıq Qarabağ məsələsində Ermənistanın geri çəkilməsi üçün təzyiq göstərəcəyi inandırıcı deyil. Hətta hesab edirəm ki, bu görüşdə ermənilərə sərf edən təkliflərin irəli sürüləcəyi mümkündür. Odur ki, Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın Vaşinqton görüşündən də müsbət irəliləyiş gözləməyə dəyməz".