adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Iyun 2019 17:50
23871
ƏDƏBİYYAT
A- A+

75 NƏDİR Kİ, AY MİSİROĞLU...

İllər elə sürətlə ötüb gedir ki, heç yaxalayıb həmsöhbət də ola bilmirsən. Deyə bilmirsən ki, hara tələsirsən belə. Bu qaçhaqaçla, bu qovhaqovla nə demək istəyirsən? Onsuz da Allah bizi bir gün yaratdığı kimi, bir gün də əlimizi sıxıb vidalaşır. Daha doğrusu, götürür bizi öz dərgahına... Bax, belə olan halda ayı, günü, illəri hesablamaq hərdən artıq görünür mənə. Lakin adətlər var, yazılmamış qanunlar var. Və biz də bu adətlərin, bu qanunların içərisində olduğumuzdan istər-istəməz iştirakçıya çevrilirik. Və baxıb görürük ki, biz də yaşımızı saymışıq, biz də illərin hesabatını dinləmişik...

Ən yüyrək dil nağıl dilidi deyirlər... ən böyük sürət isə xəyala, fikrə aiddir. Mən də nağıl diliylə, xəyal sürətilə qayıdıram o uzaq illərə - gəncliyimizin qaynar, şövqlü, arzu dolu, qətiyyətli və məqsədli çağlarına.

Biz ayrı-ayrı rayonlarda doğulmuşuq... ayrı-ayrı bölgələrin insanlarıyıq. Əgər Sovet hökumətinin möhtəşəm gənclik təşkilatı olan Komsomol olmasaydı, bəlkə də yollarımız kəsişməyəcəkdi. Amma yox, indi fikirləşirəm ki, biz mütləq görüşməliydik. Hansı formada, hansı şəraitdə olmasından asılı olmayaraq, biz qarşılaşmalıydıq, tanış olmalıydıq, dostlaşmalıydıq. Necə ki də olduq! Bu, taleh yazısıdı, onu dəyişmək mümkün deyil. Doğrusunu deyim ki, mən taleyimdən narazı deyiləm. Gəncliyimdə də, sonrakı illərimdə də, elə bugünün özündə də tanış olduğum, dostlaşdığım insanlar var. Onlarla mənim üçün həyat da maraqlıdı, ömür də xoşdu. Deməli, hər şey insanın özündən asılıdır. Ünsiyyət qurmağı, dəyər verməyi bacarmalısan. Bax, mənim üçün sən də ünsiyyət qurmağı, dəyər verməyi bacaran insanlardansan. Bunu illər də sübut etdi, bunu qoruyub bu günə çıxardığımız münasibət də, bizim ailə dəyərlərimiz də...

Onu da vurğulayım ki, insanın təkcə qolunun, gücünün, dizinin gücü deyil, həm də dərrakəsinin, zəkasının, məntiqinin güclü olması onun formalaşmasında, onun kəsər, qətiyyət sahibi olmasında çox dəqiq bir missiya yerinə yetirir. Yəni daşı daş üstünə qaldırıb qoymaq təkcə işin hamısı demək deyil. Daşı daş üstünə necə qoymaq və bundan necə yararlanmaq, bunun faydasını çevrənə, insanlara yönəltmək özü daha önəmlidir. Bunu ona görə vurğulayıram ki, uzun illərin dostu olan bir ağır taxtalı, özü, sözü üst-üstə düşən bir KİŞİnin 75 yaşı tamam olur.Və mən onun barəsində təkcə düşündüklərimi, yaddaşıma yazdıqlarımı, xatirələrimi deyil, onu necə görmüşəm, necə tanımışam və gördüklərimlə tanıdığım necə üst-üstə düşüb... Sonda isə bütün bunlar bir DOSTun bütövlüyü kimi mənim həyatıma daxil olub. İllərin, özü də gözləmədiyiniz, heç ağlınıza da gətirmədiyiniz hadisələrin baş verməsi, quruluşun dəyişməsi, yurd-yuvasız qalmağımız... bütün bunlar həmin o DOSTun, həmin o KİŞİnin xarakterinə, dəst-xəttinə xələl gətirə bilmədi. O, necə deyərlər, nə cür görmüşdüm, nə cür tanımışdım həmin o formada da 75 yaşın qapısını döyür. Mən bir daha görüb əmin oluram ki, bütöv, tam, əyilməz, içinin sıxıntısını büruzə verməyən, mənəviyyatını hər şeydən üstün tutan insanlar olub, var və olacaqdır. Bax, elə həmin o insanlardan biri də sənsən Vəliyəddin qardaşım!

Mən onda Füzuli rayon Komsomol Komitəsində, sən isə Kəlbəcər rayon Komsomol Komitəsində işləyirdin. Bu təşkilatın respublika səviyyəli tədbirlərində görüşdük, sözümüz-söhbətimiz tutdu. Gördüm ki, bir-birimizi anlayan, bir-birimizi bir kəlməylə qiymətləndirməyi bacaran düşüncəyə, əxlaqa malikik. Elə bu da bizim bu günə gəlib çıxan dostluğumuza səbəb oldu. Müxtəlif görüşlər, müxtəlif tədbirlər, sənin, mənim və digərlərinin odlu-alovlu çıxışları, təklifləri və bir də ki, həmin tədbirlərdən sonra gerçəkləşən dost süfrələri, deyib-gülmək, zarafatlaşmaq... Təbii ki, bütün bunları biz yaşamışıq. Hələ Azərbaycanın hüdudlarından kənarlarda, yəni SSRİ miqyasında olan tədbirləri, görüşlərimizi demirəm. Bunlar ayrıca bir mövzudur. Biz orda birlikdə digər millətlərin nümayəndələri ilə etdiyimiz dialoqlar, oturub-durduğumuz məclislər, hətta bəzən ciddi şəkildə kimlərəsə yerini göstərmək, təpki gəlmək... Bütün bunlar ayrıca bir həyat hekayəsidir. Mən bu olanlar üçün heç də təəssüf etmirəm. Çünki onlar bizim ömür kitabımızın bir-birindən yaddaqalan vərəqləridir. Oxuduqca oxumaq istəyirsən, düşündükcə düşünüb xatırlamağa çalışırsan. Sonuncu qəpiyimizi, yəni sonuncu çörək pulumuzu qardaş kimi böldüyümüzü də, bir-birimizin köynəyindən, qalstukundan istifadə etməyimizi də, hətta hansısa bir gərgin keçən yığıncağı yumşaltmaq, damarına xoş ovqat qatmaq üçün atdığımız o replikalar, səsləndirdiyimiz fikirlər və bununla da tədbirin ovqatını dəyişdiyimiz mənim yadımdan çıxmayan anlardı.

Yazımın bu yerində ayrı-ayrı hadisələri, faktları, dünyasını dəyişmiş gənclik dostlarımızı bir daha gözümün önünə gətirdim. Xüsusilə rəhmətlik Çingiz Fərəcovun komsomol illərini xatırladım. Ürəyimdən keçdi ki, bir-iki hadisəni qələmə alım. Amma sonra düşündüm ki, həmin xatirələri onsuz da biz hər görüşümüzdə bu və ya digər formada yada salırıq. Ona görə də sadəcə xatirələri yox, onların yaddaşımızda qalan çalarlarını bu yazının ovqatına hopdurdum.

Əzizim Vəliyəddin, Kəlbəcərdə, İstisuda, Taxtabaşında, Füzulidə, Qozlu dərəsində, Qacaq bulağının üstündə... Bütün bunlar səninlə birgə gəzib-dolaşdığım yerlərin bir cümləlik anımıdı . Səni tanıdıqca nəslini, doğmalarını, çevrəni görmək, onlara da yaxından bələd olmaq mənə nəsib oldu. Bildim ki, Kəlbəcərin ən sayılıb-seçilən bir nəslinin təmsilçisi ilə dostluq –qardaşlıq edirəm! Və onu da bildim ki, bu nəsil, bu ailə öz dəyanəti, öz ləyaqəti və qonaqpərvərliyi ilə hamıdan fərqlənir. Bu yerdə mütləq deməliyəm ki bu xüsusiyyətlər gendən gəlir. Ona görə atalar deyib ki, " adi gündə hər kişi, çətin gündə ər kişi” Sən və sənin nəslin ağır günlərin dəyanətli təmsilçilərisiniz! Mən bunu tam səmimi və cəsarətlə deyirəm!

Vəliyəddin, onu da yaxşı xatırlayıram ki , müstəqillik qazanandan sonra mən yenidən Füzuliyə işləməyə göndəriləndə sən məni görmək üçün Bakıdan durub Horadizə gəldin.Vəziyyətin ağırlığını, şəraitsizliyini düşünmədən düşmənlə üç addımlıq məsafəni fikrindən keçirmədən gəldin Horadizə. Bütün baş verənləri, mənim iş şəraitimi, yaşayışımı... yəni gerçəkliyin hamısını gözlərinlə gördün. Mən sənə bir dost kimi burda olan vəziyyəti danışdım. Həm maraq, həm də heyrətlə "Nəbi, möhkəm ol! Çətin olsa da döz! Sən həmişə işin öhdəsindən gəlmisən, dizi bərk kişisən!” – dedin.

Birlikdə çörək kəsdik, müharibə günlərinin çörəyini... Allah el-obaya kömək olsun – bir evdən qatıq-şor, o birisindən kartof, soğan, nə isə... toplayıb bir süfrə açdıq. Kasad olsa da şirin oldu. Əsas o idi ki, biz birlikdə idik. Söhbət edə-edə, xatırlaya-xatırlaya, ümid verə-verə danışırdıq Kəlbəcərin işğalından, Füzulinin ağır günlərindən, Araz çayının o biri üzünə keçməyimizdən, bir sözlə, yaşadığımız bütün çətinliklərdən, etdiyimiz söhbətlər bitib qurtarmırdı...

Vəliyəddin, elə indinin özündə də biz həmyaşıdlarımızla, dostlarımızla görüşəndə, bir tərəfə çıxanda mövzumuz yenə arxada qalan illər, onun xatirələri, bir də ailə, nəvə nəticə olur. Hamısı da könlümüzü qubarladan, sevindirən mövzular. Sən həm də yazı-pozuya meylli adamsan. Oxumuşam, indi də oxuyuram yazdıqlarını. Hətta mənim barəmdə 70 yaşımla bağlı yazdığını da sözbəsöz bilirəm. Ona görə də sənə sözlə bağlı bir məqamı xatırladıram. Bu sözü xalq şairi Osman Sarıvəlli deyib:


Söz şairin ürəyində,

Zor inamın dirəyində,

Güc pələngin biləyində,

Pəhlivanın dizindədi.


Heç əlinə alma əsa,

Yetmişinə batma yasa,

Hər kim yüz il yaşamasa,

Günah onun özündədi.

Mən bu misraları sənə elə-belə xatırlatmıram. Sən 70-in kürəyini yerə vurmusan. İndi sənə tövsiyəm, səndən tələbim odur ki, gözünü qırpmadan 80-in də kürəyini yerə vur. Və göstər ki, 70 nədir ki, 90-ı da, 100-ü də kürəyi üstə qoymaq mümkündür!.. Bilirəm ki, sən bunu bacararsan. Çünki sən həm dağlar oğlusan, həm də əqidəli, dəyanəti, mübariz və dizibərk KİŞİsən! Ona görə də bu ad günündə, bu əlamətdar tarixdə səni bağrıma basıram. Sənə demək istəyirəm ki, elə bu cür də qal, dəyişmə və heç nəyin də fikrini çəkmə, vecinə alma bu dünyanı! Biz öz missiyamızı KİŞİ kimi, bacardığımız kimi, hətta bacardığımızdan da artıq səviyyədə yerinə yetirmişik. İndi qalır bir-birimizə dayaq durub, bir-birimizin könlünü ovuda-ovuda qarşıdakı gözəl illəri yaşamaq. Düşünür və inanıram ki, sən Kəlbəcərdə möhtəşəm bir yubiley keçirəcəksən. Mən də, digər dostların da, doğmaların da ürəyindəki neçə-neçə arzunu, istəyi orda dilə gətirəcəyik. Səni ürəkdən təbrik edirəm əziz dostum, qardaşım Vəliyəddin! Allahdan Sənə can sağlığı, qarşıdakı illərini də daha mənalı, daha gözəl, necə deyərlər xoş əhvalla, ürəyin istəyən kimi yaşamağı arzu edirəm! Öpürəm səni, qardaş!


Nəbi MUXTAROV