adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

TüRKiYƏ iLƏ RUSiYA SƏRHƏDLƏRi AçIR

AQİL ABBAS
37320 | 2010-01-07 01:51
Sayın başbakanımız Ərdoğanın rəsmi səfəri çox uğurlu alındı. Dəfələrlə yazmışıq və yenə yazırıq, bu iki qardaş ölkənin (bəli, qardaş ölkənin, əvvəla Putin Merkerlə görüşündə belə bir ifadə işlətdi ki, rusu qaşıyarsan altından tatar çıxar, yəni türk. İkincisi, Rusiya əhalisinin 30 faizindən çoxu türkdü, day qardaş nə təhər olur) bir-birinə çox böyük ehtiyacı var və bunların bir-birinə yaxınlaşması həm hər ikisinin xilasıdı, həm də regionda, Yaxın Şərqdə sülhün bərpasının təməlidi.
   
   Bundan başqa, Türkiyənin Rusiyaya yaxınlaşması qardaş ölkəni ABŞ-ın və Avropanın asılılığından (lap dəqiq desək, işğalından) xilas edə bilər.
   
   Hətta Ulu Öndər Atatürk də hakimiyyətə gələndə dost və düşmənlərini ayırd edərkən dost kimi Rusiyaya üstünlük vermişdi. Bu məsələdə doktor Nəriman Nərimanovun da xidmətini unutmaq olmaz.
   
   Sayın Ərdoğanın Rusiyaya bu səfəri alqışlanmalıdır. Burada bir neçə böyük məsələ öz həllini tapdı.
   
   Birincisi, Rusiya ilə Türkiyə arasında sərhədlər açılır. May ayına qədər viza rejimi aradan qaldırılacaq. Bu isə ölkələrin yaxınlaşmasında çox böyük amildir.
   
   İkincisi, Türkiyə ölkədə Atom Elektrik Stansiyasının inşasını ona qardaş deyib arxadan zərbə endirən ABŞ-a və Avropaya deyil, qonşusu Rusiyaya etibar etdi. Bu da sirr deyil ki, AES təkcə enerji mənbəyi demək deyil.
   
   Üçüncüsü, Türkiyə ilə Rusiya arasındakı ticarət dövriyyəsi yaxın 4 ildə yüz milyard dollara çatdırılacaq. Bu isə həm Rusiyanın, həm də Türkiyənin dövlət büdcəsinin təxminən 60-70 faizi həcmindədir.
   
   Xatırladaq ki, dünyada iqtisadi böhran başlayana qədər bu rəqəm 37 milyard dollar təşkil edirdi, amma ötən il böhranla bağlı olaraq təxminən 20 milyarda düşmüşdü.
   
   Sayın Ərdoğan həm Medvedev, həm də Putinlə görüşündə Qarabağ məsələsinə də ciddi toxunub və bildirib ki, əgər biz Qafqazlarda sülh istəyiriksə, Ermənistan işğalçılıq siyastindən əl çəkməlidir və bundan sonra Türkiyə ilə Ermənistan münasibətlərində heç bir problem qalmayacaq.
   
   Sonda. Rusiya Türkiyə ilə viza rejimini aradan qaldırır.
   
   Bəs biz nəyi, kimi və nə vaxtı gözləyirik ki, ikinci dövlətimizlə aramızdakı viza rejimini bir kağız parçası kimi cırıb ataq?!

TƏQVİM / ARXİV