adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Iyun 2019 17:56
41366
TEXNOLOGİYA
A- A+

KİMYƏVİ TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ TƏBLİĞAT APARILIR

"Ruzgar” Ekoloji İctimai Birliyi İPEN (Davamlı üzvi çirkləndiricilərin məhv edilməsi üzrə Beynəlxalq Şəbəkə) və "Ekoakord” təşkilatlarının metodik-informasiya dəstəyi ilə polixlorbifenillərin (PXB) ətraf mühitə və insan sağlamlığına təsirinin azaldılması sahəsində təbliğat kampaniyası aparır.

PXB-lərin dünya sənaye miqyasında istehsalı ilk dəfə olaraq 1929-ci ildən başlayaraq ABŞ-ın «Monsanto» şirkəti tərəfindən həyata keçirilmişdir.

1930-cu ildən indiyədək dünyada 1.7 milyon tondan artıq PXB istehsal olunmuşdur. Keçmiş SSRİ-də PXB-lər 1934-cü ildən sovol və sovtol ticarət markaları adı altında istehsal edilmişdir.1939-cu ildən SSRİ-də boyalar və laklar üçün plastifikator kimi 180 min ton PXB istifadə olunmuşdur. Bu maddələr kondesatorların izolyasiyasında və hərbi sənaye istehsalında istifadə olunmağa başladı.

Azərbaycanda PXB, PXB-li birləşmələr və PXB-li avadanlıqlar istehsal olunmamışdır. Azərbaycan ərazisində mövcud ola bilən PXB birləşmələri və avdanlıqlar yalnız idxal nəticəsində meydana gəlmişdir. PXB tərkibli birləşmələr və avadanlıqlar üzrə statistik məlumatlar yoxdur. Bu məlumatların ilkin versiyası Azərbaycanda Stokholm Konvensiyası üzrə 1-ci Milli Fəaliyyət Planının tərtibi prosesində aparılan inventarlaşma nəticəsində toplanmışdır .

PXB-lər davamlı üzvi çirkləndiricilərin (DÜÇ) bir qrupu olub ətraf mühit və insanlar üçün ən təhlükəli üzvi birləşmələrdəndir. Bu səbəbdən PXB-lər də dioksinlər kimi reproduktiv funksiyaya ciddi mənfi təsir göstərir. Əhalinin PXB-in təsirinə məruz qalma riskləri tədqiq olunmuş və bu sahədə bir çox nəticələr aşkar olunmuşdur. İnsan orqanizminə təsiri böyrəklərin və digər orqanların zədələnməsinə, nəfəs aldıqda başağrılarına və dəri vasitəsilə sızanaqlar törədə bilməklə xarakterizə olunur. PXB ilə çirklənmiş düyüdən qadınların istifadə etməsi nəticəsində ölü doğulan uşaqlar və uşaqların ölüm hadisəsi artmışdır. Tərkibində yüksək miqdarda PXB olan balıqla qidalanan anaların uşaqları azçəkili olmuşdu. İsveçin Baltikyanı sahillərində balıqçıların (anaların) qanlarında PXB-in miqdarı müqayisə qrupuna nisbətən 30% çox olmuşdur. Qanlarında PXB-in miqdarı çox olan qadınların uşaqları anadangəlmə qüsurlarla doğulur. Epidemioloji tədqiqatların nəticələrinə əsasən PXB-in təsiri ilə dəridə melanomanın, qaraciyərdə xərçəng xəstəliyinin, mədə-bağırsaq traktında (yolunda) şişlərin, digər bədxassəli yeni törəmələrin əmələ gəlməsi arasında korrelyasiya müəyyən edilmişdir. Müayinə əsasən kondensator istehsalı sahəsində çalışan fəhlələrdə aparılmışdır.

1968-ci ildə Yaponiyada təxminən 16 min adam PXB istehsalı zamanı zəhərlənmiş və bir çoxu da həlak olmuşdu. 1970-ci illərdə PXB-lərin yüksək toksikliyinə görə PXB-tərkibli birləşmələrin istehsalı qadağan edilmişdir.

Bundan əlavə, PXB birləşmələri insan orqanızimdə mutagen prosesləri yaradır, bu da gələcək nəsillərin sağlamlığına mənfi təsir göstərir, belə ki, kondensatorların istifadəsi qaydalara müvafiq tələblərə uyğun olaraq həyata keçirilməlidir.

Ölkə əhalisinin, xüsusilə də gənclərin ətraf mühitdə baş verən dəyişikliklərin səbəblərini, ekoloji problemlərin həlli yollarını öyrənməsi məqsədilə ekoloji təhsilin, ekoloji maarifləndirmənin xüsusi rolu olduğunu qeyd etmək lazımdır. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanununda qeyd olunduğu kimi ekoloji təhsil - ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə normaların, xüsusi biliklərin, təcrübənin tədrisi və öyrənilməsi prosesidir. Bu prosesdə dövlət təşkilatlarının, vətəndaş birlikərinin, beynəlxalq təşkilatların ekoloji təbliğat və ekoloji maarifləndirmə istiqamətində fəaliyyəti artıq öz bəhrəsini verməkdədir.

Gəlin gənclərimizin saqlam ətraf mühitdə yaşamaq və ətraf mühitin vəziyyəti barədə informasiya almaq hüququnun pozulmasına imkan verməyək.