adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Iyun 2019 17:42
24449
ƏDƏBİYYAT
A- A+

Qartal zirvədə uçar

Şəklinlə üz-üzə dayanmışam, heç bilmirəm nə danışım!

Sanki ruhunla danışıram. Hüzünlü, dözümlü Qarabağın qan çilənmiş çöllərində bir həzin bayatı çəkib dolaşıram.

Şəhid qardaşım, səni cəng meydanına haraylayıb gətirən Vətən sevgisi oldu. Elə bu sevgidəndir ki, belə tezliklə ana torpaq səni öz qoynuna aldı: əzizləyib oxşamaq üçün!

Torpağımız müqəddəsdir, Məkkə, Mədinə torpağı kimi. Çünki bu torpaq şəhid qanı əmib, bağrı qan olmuş qızıl laləyə dönüb, bu qan gül-çiçək olub, torpaqdan baş qaldırıb.

Yoxluğundan xəbər verən məzarına baxıram. Bura şəhidlərin uyuduğu məkandır, qeyrət, şərəf ünvanıdır...

Hər igidin can fədası düşmənə bir göz dağıdır...

Zirvələrdən sisi, çəni dağıdır...

Sırxavənddə qanlı döyüş

Lerik rayonundakı Rvarud kənd orta məktəbini uğurla bitirən Səxavət Əbi oğlu Hacıyev Bakı Politexnik Texnikumuna daxil oldu, iki il hərbi xidmətdə mətinlik məktəbi keçdi. Bir müddət istehsalatda işlədi. Həmin vaxt ermənilərin Qarabağ iddiası genişlənir, xarici dövlətlərdəki havadarları onlara dəstək verirdi. Köməksiz qalan dinc azərbaycanlılar tarixi dədə-baba torpaqlarından qovulurdu, Bakını və digər şəhər və qəsəbələri qaçqın dalğası bürüyürdü.

Xocalı faciəsində dünyada misli görünməyən dəhşətli soyqırım törədilmiş, etnik təmizləmə aparılmışdı. 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, mühüm mövqelər ermənilər tərəfindən tutulmuşdu, Xocalını təhlükə bürümüşdü. Vətənin qədim torpaqları təhlükədə, dinc əhali səksəkədə idi.

Vicdanlı, vətənpərvər övlad, torpaq təssübü çəkən qeyrətli vətəndaş Səxavət Hacıyev 1992-ci ilin fevralında dostlarına qoşulub Bakıda hərbi qərargaha yollandı və könüllü olaraq Qarabağa getdi. Onun ilk döyüş yeri qədim Şuşa şəhəri oldu. İgid Mübariz burada gedən vuruşmalarda fərqləndi, döyüş dostlarını düşmənə qarşı qətiyyətli mübarizəyə, məmləkəti qorumağa ruhlandırdı.

Naxçıvanın Sədərək bölgəsi tez-tez ermənilərin atəşinə məruz qalırdı. Heydər Əliyevin müraciətindən sonra, Sədərək uğrunda gedən döyüşlərdə Mübariz və silahdaşları cəsarət və mətinlik göstərdilər, düşməni vurub geri çəkilməyə məcbur etdilər. Səxavət hər dəfə ağır döyüş nöqtələrinə gedəndə bunu valideyinlərindən gizlədər, onlar fikir çəkməsin deyə, iş yerindən uzaq yerə ezamiyyətə göndərildiyini söylərdi. Bu da onun fikirləşdiyi müqəddəs bir yalan idi.

Səxavətin son döyüşü

1992-ci ilin dekabr ayı idi. Qarabağda qış mülayım keçsə də, vəziyyət olduqca kəskinləşmişdi. Səxavət yenidən Milli Qurtuluş tağımının tərkibində Qarabağda ağır, qanlı döyüşlərin iştirakçısı kimi öz üzərində vətəndaş-əsgər məsuliyyətini daha çox hiss edir , bu qanlı olayların, haqsız ərazi iddialarının nə ilə bitəcəyi barədə düşünürdü. Məğlubiyyət sözü onu diksindirmişdi. "Axı, biz Şah İsmayıl Xətai babamızın varisləriyik,-düşünərdi. Şah babamız qılınc, ox gücünə Azərbaycan xanlıqlarını bir bayraq altında birləşdirmiş, ölkənin hüdudlarını möhkəmləndirmiş, məğlubiyyətlə heç vaxt barışmamış, qolubükülməz sərkərdə, diplomat, böyük bir dövlət başçısı kimi dünyaya səs salmışdı. İndə isə ... "Dığalara məğlub olmaq bizə yaraşmaz. Biz tarixi qəhrəmanlığımızı gərək həmişə uca tutaq”...

Mübariz amansız, ədalətsiz müharibənin ağrı-acılarını dadaraq Vətən qeyrəti yolunda əsl qorxubilməz döyüş ustası kimi bərkimiş, çevikliyi, bacarığı, cəsarəti, düşmənin hiyləsini duymaq qabiliyyəti tabor komandiri Şahin Tağıyevin, bölük komandiri Əziz Rəcəbovun diqqətindən yayınmamış, o, bütün döyüşçü dostlarının sevimlisinə, əzizinə, "alay oğlu”na çevrilmişdi.

17 yanvar 1993-cü il. Həmin tarix Səxavət Hacıyevin sonuncu qəhrəmanlıq tarixidir. Sırxavənd uğrunda qanlı döyüşlər gedirdi.Yüksəklikdə mövqe tutan düşmən PDM-i döyüşçülərimizin irəliləməsinə mane olurdu. Nəyin bahasına olursa-olsun düşmənin döyüş maşınını susdurmaq lazım idi. Səxavət düşünmədən qərara gəldi. O, bir neçə qumbara götürdü, gizli yollarla düşmənə yaxınlaşdı. Onun sərrast atdığı qumbara düşmən maşınını zədələdi. Geriyə çəkilən PDM-in atdığı mərmi qəlpələri cəsur döyüşçünü baş nahiyəsindən ağır yaraladı. Neçə-neçə döyüşçü yoldaşını ölümün pəncəsindən xilas etsə də özü mərmiyə tuş oldu. Onu vertolyotla təcili Bakıya yola saldılar. Dostları bu acı xəbəri eşidib kədərləndilər, düşmənə qarşı daha amansız oldular.

Bəd xəbər tez yayılır. Televiziya vasitəsilə hərbi jurnalist Şəmistan Əlizamanlının verdiyi "Hacıyev Səxavət Əbi oğlunun valideyinləri təcili Müdafiə Nazirliyinin Analitik İnformasiya Mərkəzinə zəng etsinlər” xəbəri bir anda hər yerə yayıldı. Bütün qohumlar, dostlar, tanışlar Rvaruddan Bakıya axışdılar. Yenilməz əsgər, düşmənin qənimi olan Səxavətin cənazəsi xalqımızın and yeri olan Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Qardaşları, sinif yoldaşları, məktəblilər onun məzarı qarşısında Səxavətin əməllərini yaşadacaqlarına and içdilər...

Rvarud kəndinin qocaman müəllimi Barat Abbasov Səxavət Hacıyevin qəhrəmanlığı barədə belə deyir:

- Kəndimizin uca bir yerində şəhidlərin abidəsi ucalır: "Zirvə”. Burada Rvarud kəndinin şəhidlərinə abidə qoyulub. Biz abidəni ziyarət edərkən onu yad edir, onunla fəxr edirik. İlk növbədə Səxavət Hacıyevi ehtiramla hərbi xidmətə yola düşən gənclər burada sədaqət andı içirlər. Məktəbimiz də onun adını daşıyır.O, könüllü şəkildə özünü odun, alovun içinə atmış, ölümə qənşər getmişdir. Vətən yolunda özünü qurban verən mərd Səxavət fəxrimizdir, ölümü ilə ölməzlik qazanmışdır. Şagirdlər inşa yazarkən onun mənalı həyatına müraciət edir, onunla qürur duyurlar.

Mübarizin yoxluğu ən çox Səxavətin qardaşı Mübarizi ağrıdır:

- Səxavət bacarıqlı qardaş, elə dayaq gənc idi. Onun üçün həyatda çətin iş yox idi. Hansı işdən yapışırdısa, onu tezlilə başa çatdırırdı. Qarabağda münaqişə başlayanda onun da rahatlığı yox idi. O, Qarabağın müdafiəsinə getməyi qəti qərarlaşdırmışdı. Onu bu işdən çəkindirmək istəyənlə razılaşmır, belə deyirdi:- "Mən getməsəm, sən getməsən, o getməsə bəs Vətəni kim müdafiə edəcək?”

Mübariz deyir:- Səxavətin cəbhədə yaralandığını eşidən kimi qardaşım Hacımirzə ilə gecə bütün xəstəxanaları axtarmağa başladıq. Onu M. Nağıyev adına şəhər kliniki xəstəxanasında tapdıq. Mübariz bizi görən kimi yastıqdan dikəlib oturdu və dedi:

- Sizə kim xəbər verdi, məndə heç nə yoxdur, bir həftəyə çıxaram, heç kəsə bildirməyin, adamları narahat etməyin...

Biz hər gün yanına gəlir, yemək gətirirdik. Ona baxan həkim dedi:

- Əlimdən gələni edəcəyəm, ümid Allaha qalıb.

Deyəsən mərmi Mübarizin döş qəfəsində sağ yer qoymamışdı. O, isə kəskin ağrılara dözür, bizi görəndə gülümsəməyə çalışırdı. 25 yanvarda yanına gəldim. Onun könül verib sevdiyi bir qız vardı . Müharibədən sonra toy edəcəyini qərarlaşdırmışdı.

Palataya girəndə mənə dedi:

- Get Gülnazı gətir, onu görmək istəyirəm.

Mən taksi ilə Dəniz Limanı tərəfdə yaşayan Gülnazgilə getdim, vəziyyəti ona bildirdim. Biz xəstəxanaya çatanda artıq iş-işdən keçmişdi. Qardaşlarımızın naləsi göyə ucalmışdı...

Vətən səni unutmur

İndi Şəhidlər Xiyabanıdır Səxavətin son mənzili. Ötən il yanvarın 25-də şəhidlik zirvəsinə ucalmış Səxavətin anadan olmasının 40 və dünyaya vida etməsinin 15 illiyi Bakıda keçirilmiş mərasimlə yadda qaldı.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurası 20 Yanvar İctimai Birliyi ilə birlikdə "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların xatirəsinə həsr olunan tədbirlərin təşkili” çərçivəsində növbəti tədbiri Lerik şəhər mərkəzində keçirdi. Tədbir Qarabağ Müharibəsində böyük hünər və şücaət göstərmiş Səxavət Əbi oğlu Hacıyevə həsr olumuşdu. Mədəniyyət Mərkəzində baş tutan toplantıda Dövlət Himni səsləndirildi. Lerik RİH başçısının müavini Arzu Vəliməmmədova tədbiri açdı. O, şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan danışdı. Şəhidlərin, onların ailələrinin, Qarabağ veteranlarının, əlillərin dövlət qayğısı ilə əhatə olunduğunu xüsusi olaraq qeyd etdi, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin təşkilindən danışdı.

Şəhid Səxavət Hacıyevə həsr olunmuş "Qəhrəman ananın qəhrəman oğlu” sənədli filmi nümayiş etdirildi.

Filmdə deyilirdi ki, Səxavət "Rvarud” adlı xeriyyə cəmiyyəti” yaratmışdı. O həmişə xeyirxahlıqla məşğul idi, dara düşənlərə kömək edirdi. Vətənə sevgisinin əvvəli də, sonu da vətənlə bağlı olduğu üçün canı ilə, qanı ilə Vətənin müdafiəsinə qalxdı və bu yolda da şəhid getdi.

Ehtiyatda olan polkovnik, Qarabağ qazisi Hikmət Ağayev çox geniş və əhatəli nitq söylədi, onun çıxışı alqışlarla qarşılandı. Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, ağsaqqal ziyalı Məzahir Ağazadə, 20 Yanvar İctimai Birliyinin sədri Mustafa Qaramanlı, Qarabağ qazisi Veysəl Məlikov, Lerik RTŞ-in müdiri Zöhrab Salayev, YAP Yasamal Rayon Təşkilatının sədr müavini şəhid Səxavət Hacıyevin sinif yoldaşı Arzuman Muradlı, Çayrud kənd ərazi inzibati dairəsinin nümayəndəsi Xanlar Həmid, şəhidin sinif yoldaşı Elcan İsgəndərov, 20 Yanvar İctimai Birliyinin sədri Soltan Əzimzadə çıxış edərək Səxavət Hacıyevdən, ümumilikdə şəhidlərimizdən, Milli Ordunun qüdrətindən, Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən danışdılar.

Lerik Rayon Mədəniyyət Mərkəzinin hazırladığı musiqi çələngi, müğənnilərin ifaları, məktəblilərin oxuduğu şeirlər şəhidin ruhuna tam uyğun seçilmişdi.

Şəhid Səxavət Hacıyevin qardaşı Mübariz Hacıyev çıxış edərək dedi:

- Mən toplantıya qatılan hər kəsə, Lerik rayon rəhbərliyinə, tədbirin təşkilatçılarına minnətdaram. Qardaşım Səxavət deyirdi ki, bir gün gələr siz mənimlə fəxr edərsiniz. O gün 26 ildir ki, yol gəlir və biz onunla fəxr edirik. Mən Səxavətin adından zaldakılara üz tutub deyirəm:

-Sizin uğurunuzda şəhid olmağa dəyər...

Bu da son

Səxavətin ruhu dilə gəlib qarşımı kəsir:

- Salam, ey müqəddəs ruh!

-Salam olsun hamıya. Onu da mənim əvəzimdən yazın: "Bağışla, Vətən, köməyinə çatıb xilasına çatmadıq. Anamızın anası, yaralı pələng tək inləyən, imdad diləyən Vətən torpağı, bizi bağışla!

İdris Şükürlü,

yazıçı-publisist