"MƏSCiDi MƏKTƏBiNDƏN BÖYüK OLAN ÖLKƏNiN AXIRI YOXDU"

AQİL ABBAS
25764 | 2010-01-06 03:01
Bu fikir yazıçı Seymur Baycana aiddi. "Reytinq" qəzetinin 10 yanvar nömərsində "İranın çöküşü" adlı məqaləsində çox ciddi məsələlərə toxunan Seymur Baycan bu fikri Türkiyə ilə bağlı söyləyib. Amma elə bizə də aiddi.
   
   Bu günlərdə qəzetimizdə ölkənin cənub bölgəsindəki 7 rayonda 480 məscidin olması ilə əlaqədar bir kiçik məlumat dərc eləmişdik və məsələyə də bir qədər fərqli yanaşmışdıq. Yəni söhbət beləydi ki, o 7 rayonda 480 məscid var, amma bir o qədər məktəb varmı, uşaq bağçası varmı? Və yaxud həmin o 7 rayonda 7 fəaliyyət göstərən kitabxana, kitab mağazası varmı?
   
   Cənub bölgəsindəki oxucularımız redaksiyamıza telefon açaraq narazılıqlarını bildirmişdilər.
   
   Söhbət cənub bölgəsindən getmir, sadəcə olaraq adi bir statistik rəqəmdən gedir. Olsun, mənim doğulduğum Qarabağ. Qarabağın işğal altında olmayan rayonlarında 7 kitab mağazası, 7 fəaliyyət göstərən kitabxana varmı? Təhsili olmayan, ədəbiyyatdan, mədəniyyətdən xəbəri olmayan, tarixini bilməyən, əcdadlarını tanımayan insanları yığ məscidlərə və ya kilsələrə, Roma Papasını da çağır, bütün günü moizə oxusun. Onda biz Tanrıya dahamı yaxın olacağıq, Tanrını dahamı çox istəyəcəyik? Və yaxud Tanrı bizi daha çox sevəcək? Tanrını sevmək üçün mütləq məscidəmi getməlisən? Tanrının ən böyük evi insanın ürəyi, qəlbidi. Tanrı məscidlərdə yaşamır, könüllərdə yaşayır. Tanrı dünyanı məscidlərdən idarə eləmir, insanların şüuruna hopub ordan idarə edir.
   
   Mən məscidlərin əleyhinə deyiləm. Sadəcə olaraq ora çəkilən xərci bizim elmimizin inkişafına, təhsilimizin inkişafına, uşaqlarımızın formalaşmasına yönəltsək Tanrıya daha yaxın olmarıqmı?
   
   Tanrı özü buyurur ki, bir saat elmlə məşğul olmaq qırx il ibadətlə məşğul olmaqdan üstündür. Əgər Tanrını belə çox seviriksə, Onun dediyinə əməl edək də. Mən bu məqsədlə qəzetdə həmin o yazını vermişdim, kiminsə könlünə dəymək üçün yox.
   
   Mənim doğulduğum kənddə 10 minə yaxın adam yaşayır. Dörd orta məktəb fəaliyyət göstərir, amma məscid yoxdu. Deməli, mənim həmkəndlilərim Tanrıdan uzaq düşüblər, yoxsa Tanrını sevmirlər?
   
   Bir dəfə əmim uşaqları yığışdılar ki, bu kənddə bir məscid tikdir. Dedim, baş üstə. Kəndin mərkəzində bir kitabxana tikdirdim, önündə də Füzulinin abidəsini qoydurdum. Dedim, buyurun, gedin elmin ibadətiylə məşğul olun.
   
   Çox məşhur bir hadisəni bir dəfə yazmışam və yenə yazıram.
   
   Çingiz xan Səmərqənddə atla girir məscidə. Üləmalar, din xadimləri Çingiz xana deyirlər ki, Xan, sən nə etdin, Tanrının evinə atla girdin.
   
   Çingiz xan təəccüblə deyir:
   
   - Mən bilmirdim ki, Tanrı belə bir balaca evdə yaşayır! Mən elə bilirdim Tanrı dünyalara sığışmır!
   
   Elmsiz, dünyagörüşsüz ibadətlə məşğul olmaq cahillikdən başqa bir şey deyil. Cahillərin qurduğu dövlət də qonşumuzda göz önündədi. Bunumu istəyirik?!
   
   Məscidi uçurtmaq olar, amma qəlbimizdə Tanrı evini bir kimsə uçurda bilməz.

TƏQVİM / ARXİV