adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Iyun 2019 15:43
28406
ƏDƏBİYYAT
A- A+

Şirməmməd Hüseynovun publisistikası haqqında bir neçə söz

XX əsr Azərbaycan jurnalistikası və publisistikasının böyük simaları çoxdur. Şirməmməd Hüseynov bu böyüklər arasında fərqlənən böyük sənətkardır. Sözdən və qələmdən umduğu niyyətlərinin ciddiliyi, publisist düşüncənin vüsət və dərinliyi, məhz publisistikada ifadə olunan ictimai amal və vicdanın, ümumbəşəri və fərdi əxlaqın ülviliyi, büllurluğu, saflığı, şəffaflığı, halallığı ilə Şirməmməd Hüseynov XX əsrin ortalarından başlayaraq XXI əsrdə də bizim milli jurnalistika və milli publisistikamızın simvolu olan sənətkar kimi, həm də demokratik ideya, düşüncə tərzi ilə Demokratik Cümhuriyyətin simvollarından biri kimi tükənməz sevgisi, enerjisi ilə publisistikasında və bütün fəaliyyətində özünü nişan verir.

Yeni dövrdə Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli , Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Ömər Faiq Nemanzadə kimi ictimai xadim-publisist-vətəndaş idealının, mənəvi intibah, milli qürur və bəşəri vicdan təcəssümü olan sənət və sənətkar timsalının yeni təzahürü və həqiqi davamı da Şirməmməd Hüseynovun şəxsində, onun jurnalist-publisist fəaliyyətində vətəndaş qayəsində özünü təsdiqləyir. Həm də qəribəsi burasıdır ki, Şirməmməd Hüseynov milli mətbuatımızın iki qolunu çox şərəf və ləyaqətlə özündə birləşdirən, qələm çalan sənətkardır. Azərbaycan onun döyünən ürəyi, "Molla Nəsrəddin” və "Füyuzat” onun qələm tutan sağ və sol əlləridir.

Ümumiyyətlə Şirməmməd Hüseynov publisist sisteminin mahiyyəti və strukturu o qədər aydın və şəffafdır ki, millilik və bəşərilik, genişlik və konkretlik burada elə bir vəhdətdə sintez olunmuşdur ki, bu publisistka heç zaman qocalmayacaq, hər zaman ucalacaq. Bu gün Şirməmməd Hüseynovun və onun publisistikasının ətrafında ideya mübahisələri də yoxdur. Hər kəs onu olduğu kimi-canlı bir müasirlik, sadiq və layiq varislik kimi qəbul edir. O, bütün bunlara- böyük məqsədə qeyri-adi bir bugünkülük, müasirlik duyğusu ilə, özü də yalnız tənqid etmək, ifşaçılıq yolu ilə yox, həm də ehtiraslı bir tərənnüm və ithaf yolu ilə nail olur. Həm xalis satirik-ifşaçı, həm də lirik-romantik hərarətli publisistikasında Şirməmməd müəllim eyni dərəcədə qüdrətlidir. Onun gündəmə daşıdığı və qaldırdığı problemlərin bir qütbündə öz qələminin məhsulları, başqa bir qütbündə isə onun tədqiqatlarında sələflərinin- Həsən bəy Zərdabinin, Üzeyir Hacıbəylinin, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun və başqalarının mətbu səhifələrində sərgilədikləri problemlər yer alır. Onların qanları və canları bahasına qələmə aldıqları, bu gün də bizim üçün aktual siyasi, mənəvi və sosial problemlər kimi təzahür edən yazıları həmin problemləri həll etmək üçün Şirməmməd müəllimin çapında yenə də bizə, xalqa, müasirliyə xidmət etməkdə davam edir.

Şirməmməd Hüseynovun mənən və daxilən güvəndiyi, məhz həqiqi-milli məktəb” olduğu milli-publisist qaynaqların gurşad çeşməsi başında hamıdan əvvəl Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə və Üzeyir Hacıbəylinin dayandığını görürük.

Özünütəsdiq asan başa gəlmir. Deyildiyi kimi, özünə, mənliyinə, şəxsiyyətinə ziyalının, yaradıcının-hər kəsin mübarizəsi ilk növbədə özünə qarşı yönəlir. Əqidə, məslək, inam cılız hisslərə, istəklərə, növbətçi umacaqlara qurban veriləndə, daxili vicdan adlı hakimin hayı-harayı, etirazı məqsədli şəkildə eşidilməyəndə əvvəl söz, sonra da onun sahibi urvatını və ləyaqətini itirir. Həqiqətə xidmət edən namuslu və məsuliyyətli söz şəxsiyyətə çevvrilən sahibindən hər an cəsarət tələb edir. Sözün şərəfi və şərəfli sözün arxasında dağ vüqarıyla dayanmaq üçün, həqiqəti deməkdən, düz sözə tapınmaqdan başqa yol yoxdur.

Yaxşı deyiblər ki, şəxsiyyətin vətəndaş kimi də, sənətkar kimi də, alim kimi də hamı tərəfindən təsdiq və etiraf olunması faciədirsə, heç kəs tərəfindən təsdiq və etiraf olunmaması komediyadır...

Şirməmməd müəllimi görkəmli pedaqoq, publisist, mətnşünas, milli mətbuat tarixinin misilsiz tədqiqatçısı kimi hamı tanıyır, təsdiq və etiraf etməklə, hörmət və etiram bəsləyirlər. Ziyalılar arasında da, müxtəlif zövqlü, az və ya çox mütaliəli oxucular arasında Şirməmməd müəllimin öz yeri, öz çəkisi var. Və o ictimaiyyətin güvən yeridir. Çünki onun həm pedaqoji, həm publisist, həm mətnşünas, həm də tədqiqatçı alim fəaliyyəti itaətkar, xidmətkar sığal, tumar fəaliyyəti deyil, nə mükafat, nə şöhrət, nə nüfuz, nə titul, nə də vəzifə tələbi və diktəsi tanıyır. Onun bütöv fəaliyyəti millət, xalq, vətən və azadlıq sevgisinə dayanır.

Əsl sənət heyrətdən yarandığı kimi, müxtəlif yazıların yaxasından "boz” etiketini isə heyrətsizlik asır.

Şirməmməd müəllimin publisistikası da heyrət və heyrətsizlik üzərində qurulur.

Sənət heyrətdən yaranır. Şirməmməd müəllimin heyrəti şəxsiyyətdə, onun əqidə və məsləkində, millətə, xalqa xidmətdə, həm ideyada, fikirdə, problemdə, həm də sözdə axtarır, tapır və göstərməyə çalışır.

Yeri gəlmişkən, bir cəhəti də qeyd etmək istəyirəm. Görkəmli sənətkarlardan birinin dediyi kimi, orijinal şəxsiyyət heç kəsi təqlid etməyən deyil, heç kəsin təqlid edə bilmədiyi orijinal şəxsiyyətdir. Şirməmməd müəllimi təqlid etmək doğrudan da çətindir. Ona görə yox ki, o, müasirlərindən fərqlənməyi və seçilməyi qarşısına məqsəd qoyur, daha çox ona görə ki, o, pedaqoq kimi də, publisist kimi də, tədqiqatçı alim kimi də özündə özünü tapır və təsdiqləyir, nəticədə bütün fəaliyyətində və sözündə özü görünür. Bir tərəfdən mükəmməl şəxsiyyəti, elmi səviyyəsi, hər zaman ayıq və sayıqlığı, mütaliəsi, faktları və hadisələri dəyərləndirmək və qiymətləndirmək bacarığı, fakt və hadisələri ifadə prinsipləri, dil və üslubi, zəruri kontekst genişliyi və dəqiq meyarlar sistemi onu qələmdaşlarından fərqləndirir. Digər tərəfdən onun hər bir məqaləsi elə bil canlı söhbətdir, onun əksər məqalələrində danışıq tərzi, ahəngi, ədaları, mimika və jestləri, eyhamları qabarıq şəkildə duyulur; çünki böyük ustad Şirməmməd müəllim danışdığı kimi yazır, yazdığı kimi danışır, olduğu kimi görünür, göründüyü kimi olur.

Tanınmışlardan kimsə deyib ki, xoşbəxtlik yazmaqda deyil, xoşbəxtlik yaratmaqdadır. Şirməmməd müəllim arı ömrü yaşamaqla, həm də yaradıb və yaratmaqda davam edir.

Şirməmməd Hüseynov bütün həyatı boyu heç vaxt heç kimə əyilməyib. Ümumiyyətlə "yarınmaq” deyilən anlayış onun üçün büsbütün yaddır. Doğrudur, o, çox çətin günlər də yaşayıb, kimlərinsə həsrətində olduğu illərin qoynunda da böyük imkanlar sahibi olub. Ancaq məsləkinə, əqidəsinə, müəllim və alim adına, bir sözlə, şəxsiyyətinə, insan adına ləkə gətirən heç bir addım atmayıb.

"Müstəqilliyin yolu...” məqaləsində Şirməmməd Hüseynov yazır: "Həyatın hər üzünü görmüşəm. Dağdan odun da gətirib satmışam. 10 kilometrlərlə məsafə qət edib taxıl zəmilərindən sünbül də yığmışam. İlk dəfə təzə ayaqqabını isə 25 yaşımda geymişəm. 30-cu il Şəki üsyanının şahidiyəm. Onda uşaq idim. Lakin evimizin qabağındakı dağda adamların necə güllələnməsini gözlərimlə görmüşəm. Digər tərəfdən mən vəzifəlilərin və onların uşaqlarının firavan həyatını uzun illər müşahidə etmişəm. Ədalət hissi, həqiqət hissi insanın qanına ictimai ədalətsizliklərlə daxil olur. Kim ictimai ədalət uğrunda mübarizə aparmırsa, deməli yel dəyirmanları ilə mübarizə aparır.”

Şirməmməd Hüseynov pedaqoji fəaliyyəti ilə yanaşı publisist yazılarında da, çıxışlarında da yel dəyirmanları ilə mübarizə aparanlara qarşı çıxır, onları kökə, mənşəyə, bağlanmağa, milli adət ənənələrə söykənməyə, manqurtluqdan uzaq durmağa çağırır. Yuxarıda adını qeyd etdiyimiz məqaləsində fikrini davam və inkişaf etdirərək yazır ki, "Yer üzündəki bütün təbii fırtınalar günəş enerjisinin qeyri-bərabər bölünməsi nəticəsində baş verir. Planetimizdə ictimai böhranlar, maddi nemətlərin qeyri-bərabər, insafsızcasına bölünməsi, ictimai-siyasi, milli ədalətsizlik zəminində meydana gəlir və buradan da ictimai inqilablar, sarsıntılar, böhranlar yaranır. Bu həqiqəti dərk etmək lazımdır”.

İctimai-siyasi, milli ədalətsizliklə mübarizə, yaddaşa, əsl-nəcabətə bağlılıq, mənəvi və əxlaqi boşluğa, təmənnalı məmur qabarmalarına qarşı barışmazlıq onun publisistikasının yaddaşında çevrələnir.

XX əsrin böyük ədəbiyyatşünas alimi Yaşaq Qarayevin bir fikri yadıma düşür: " Fərariliyin ən bədnamı məhz yaddaşdan üz çevirməkdir, kökdən, mənşədən, "mən”dən fərar etməkdir, milli hafizədə, mənəvi-irsi dövriyyədə (yəni, sinirdə, qanda və gendə!) skleroz olmaqdır. Yaddaşsızlıq-siması olmayanın tarixi taleyidir, zatı və nəsli, əsli və nəcabəti olmayanın alın yazısıdır. Üfüq, səma, göy daş saxlamadığı kimi, mənəvi və əxlaqi boşluq da yaddaş saxlamır.”

Şirməmməd Hüseynov əsl ziyalı, əsl publisist missiyasını yerinə yetirərərk məqama xidmət etmir, məqamlar arasında vəhdətə xidmət edir, nəsillər və əsrlər, yaxınlar və uzaqlar arasında da əlaqə və ahəng yaratmağa çalışır, işığı keçməyə, şamı sönməyə qoymur, ocaqdan-ocağa od daşıyır.

Publisist alim Azərbaycan klassik publisistlərinin qiymətli və bu gün üçün də çox əhəmiyyətli olan yazılarını özünün əvəzsiz şərhləri ilə yenidən oxucuya təqdim edir. Axundovdan başlanan, H.Zərdabi, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli və b.nın qələmindən çıxan bir çox yazılar onun qələmində yenidən dirçəlir, müasirlik və aktuallıq keyfiyyətini üzə çıxarır.

Heç şübhəsiz ki, Şirməmməd Hüseynov sıradan mətbuat tariximizin hər faktını yox, dünəni, bu günü və sabahı üçün əhəmiyyətli olan, çağdaş və gənc nəsilləri tərbiyə etmək gücünə malik əsərləri dirçəldir və yenidən gündəmə gətirir.

O, H.Zərdabinin, Ə.Ağaoğlunun, Ə.Hüseynzadənin,C.Məmmədquluzadənin, M.Ə.Rəsulzadənin, Ü.Hacıbəylinin, C.Hacıbəylinin və digər mənəviyyat daşıyıcılarımızın tarixi, əvəzsiz, həm də bütün dövrlərə və nəsillərə nümunə olacaq, təmənnasızxidmətlərini xatırladaraq, müasirlərini və gənc nəsilləri onlardan nümunə götürməyə, o tarixi şəxsiyyətləri unutmamağa çağırır.

Şirməmməd müəllim "Milli müqəddəsimiz” məqaləsində yazır: "Üzeyir bəy öz kökü, idealları, ruhu, mənəviyyatı, fədakarlığı və bənzərsiz istedadı ilə xalqına təmənnasız xidmət göstərən, Azərbaycanı yer üzünə tanıdan, ilahi sənəti ilə ölməzlik qazanan tarixi şəxsiyyətdir.

Hər dəfə onun məzarını ziyarət edərkən düşünürəm ki, niyə Üzeyir bəyi xalqımızın milli müqəddəsi elan etməyək, onun məzarını ümummilli ziyarətgaha çevirməyək? Axı, hər xalqın vahid allahı və peyğəmbəri olduğu kimi, öz milli müqəddəsləri də var.”

Yeri gəlmişkən onu da qeyd edim ki, Şirməmməd müəllimin "sözünü yarımçıq kəsmək, onun fikirlərini ixtisar etmək” çox çətindir. Bizdə bir deyim var: "Əzraillə çiling-ağac oynamaq” . Bax bu ona bənzər bir şeydir.

"... Müqəddəslərimizin, ulularımızın ömür yolu torpaq və vətən hissi aşılamaqda iman və inam tərbiyəsində çox vacib və lazımdır. Bəs kimləri müqəddəs sayaq, onları necə seçək? Bəlkə bunun üçün vicdanı və əxlaqı, milli ruhu və təmiz mənəviyyatı olanlardan münsiflər heyəti yaradaq, ümumxalq rəy sorgusu keçirək? Əlbəttə, nəzərdə tutduğumuz münsiflər heyəti keçmişdə fəxri adlar və mükafatlar paylayan komitə və komissiyalara bənzəməməlidir”.

Yenə el arasında qanadlanan bir deyim yaddaşımdan boy verir: "Dərdi bilən, dərmanı da bilər”.

Şirməmməd Hüseynov da fikrimə davam edərək, milli müqəddəslərin adını və əməllərini xatırladır.

"... Ürəyimdən keçir ki, nə ola XX əsr Azərbaycan müqəddəsləri siyahısına birinci növbədə Həsən bəy Zərdabinin, Üzeyir bəy Hacıbəylinin və Məhəmməd Əmin Rəsulzadənin adları yazılsın. Niyə? Nə əsasda?...

... Bu bir həqiqətdir ki, nə qədər Azərbaycan xalqı, Azərbaycan torpağı, Azərbaycan ruhu mövcuddursa, onlar sağdırlar. Hər şeydən əvvəl, biz məhz müqəddəslərin və onlarla həmfikir olanların əzm, qətiyyət, rəşadət və imana sədaqətləri sayəsində mövcuduq. Məhz vətəni ilahicəsinə sevən böyük ağıl və istedad sahibləri müqəddəs elan oluna bilər.” ("Mədəniyyət” qəz. 19 sentyabr 1991)

Qədrşünaslıq elə Ş.Hüseynovun publisistikasının boyuna biçilib. Publisist-alimin missiyası ağa ağ, qaraya da qara deməkdir.

İnandırıcılıq, fakta əsaslanmaq, zamanla həmdərd və həmfikir olmaq, yalnız həqiqətə, doğru olana işıq salmaq Ş.Hüseynov publisistikasının əsas, istiqamətverici və yönləndirici atributlarıdır.

Professor Nəsiman Yaqublu yazır ki, Şirməmməd müəllim nədən və necə yazmağı yaxşı bilir. Onun özünəməxsus üslubu və dəst-xətti var. Onun publisistikası klassiklərimizin (H.Zərdabinin, M.A.Şahtaxtlının, Ü.Hacıbəylinin, M.Ə.Rəsulzadənin, C.Məmmədquluzadənin və b.) ənənələrindən güc-qüvvət alıb. Odur ki, bu yazılar, bu məqalələr oxunaqlıdır, maraqlıdır. Bu yazılarda sərt faktlarla yanaşı, tənqid də, yumor da, istehza da müşahidə olunmaqdadır. Bu məqalələri oxuyan oxucu yorulmur, faklardan da bezmir, məlumatlardan isə özündə qeydlər aparır (yaxud həmin yazıların üzünü köçürüb öz arxivində saxlayır).

Şirməmməd Hüseynovun adı və çoxşaxəli fəaliyyəti haqq-ədalət, azadlıq və istiqlalsevərlər üçün bayram süfrəsi kimidir. Geniş ictimaiyyət bu böyük şəxsiyyəti ilk-öncə söz adamı kimi-jurnalist, müəllim, tədqiqatçı alim, publisist, siyasi icmalçı kimi tanıyıb. Sonra o, vətənpərvər, haqq sözün ünvanı, azadlıq carçısı və ədalət mücəssiməsi kimi çox geniş dinləyici və oxucu auditoriyasının böyük rəğbətini qzanıb və onların sevgisinin ünvanına çevrilib: Kəsəsi, Şirməmməd Hüseynov milli mətbuatımızın və jurnalistika tariximizin canlı ensklopediyası, həm də yeriyən azad sözün və azad səsin simvoludur.

Onun publisistikası strukturu, ideya-məzmunu, canlı epik lövhələri, dil və üslub xüsusiyyətləri ilə seçilir. Ümumilikdə onun elmi publisistik yaradıcılığının istiqamətləri müxtəlif olmaqla, əhatəli mövzu dairəsinə, rəngarəng forma xüsusiyyətlərinə malikdir. Şirməmməd müəllimin publisistikasını sistemli şəkildə nəzərdən keçirdikdə aşağıdakı reallıqla üz-üzə qalırıq:

a) məqalələr;

b) şərhlər;

c) müsahibələr və çıxışlar;

d) xatirələr və məktublar;

e) milli mətbuat tariximizə dair araşdırmalar;

f) ərəb əlifbasından latın əlifbasına transliterasiya, lüğətlərin tərtibi;

g) mətnşünaslıq abidələri vəs.

Şirməmməd Hüseynovun bütün həyatının, fəaliyyətinin əsasını isə Vətən sevgisi, milli istiqlal, haqq-ədalət, halallıq və düzgünlük, azad söz təşkil edir ki, mühüm ictimai, bəşəri problemlər onun çoxşaxəli publisistikasında-məqalə, çıxış, məktub, şərh və müsahibələrində əsl vətəndaş mövqeyindən qaldırılır və dəyərləndirilir. Onun mühüm ictimai-siyasi, sosial və mənəvi-əxlaqi problemlərə həsr olunmuş yazıları, çıxışları oxucularının qəlbində və yaddaşında kodlaşıb.

Şirməmməd müəllim yer üzündə Allahın çox sevdiyi xoşbəxt insanlardan biridir. Böyük yaradan ona hər şey verib: ilahi sevgi olan istedad, fenomenal yaddaş, kimsənin cibinə və əllərinə göz dikməyən nəfs, nurlu təbəssüm, doğma vətənə və xalqına məhəbbətlə dolu atəşli bir ürək... ən başlıcası bir ümman kimi coşub-çağlayan tükənməz millət, ailə və övlad sevgisi. Onu təkcə Azərbaycanın deyil, bütün Türk ictimai fikrinin və publisistikasının yeriyən klassiki adlandırsam elə bilirəm ki, elə bir yanlışlığa yol vermərəm.

Şirməmməd Hüseynov bir əli torpaqda, bir əli haqda olan qüdrətli söz, qələm ustasıdır. O, tükənmək bilməyən enerjisini torpaqdan, aləmə işıq saçan nurunu haqqdan alır. Şirməmməd müəllim xalqın xəbəri olmadan xalqdan aldığı gücü və enerjini qızıl alma kimi xalqın özünə qaytarır. Onun çox geniş miqyaslı, zəngin mayası ərəbin zehniyyəti, farsın lisanı və türkün ruhundan mayalanmış ümumtürk mədəniyyətinin içində yaşadığımız zamanın zəmanəmizdəki bədii-fəlsəfi ifadəsidir.

Görkəmli söz ustalarından biri deyib ki, insanı şəxsiyyət kimi yetişdirən üç nəcib qüdrət var: ana qucağı, ata ocağı və təhsil ocağı! Bu üç ocaq- bu üç həyat universiteti onun sözün həqiqi mənasında bir şəxsiyyət, həqiqi alim və əsl vətəndaş kimi formalaşmasında ömür yoluna işıq salmış, əqlinə, zəkasına yenilməz güc və qətiyyət bəxş etmişdir.

Məşhur bir deyim var; "Əgər torpağın üstündə birləşməsək, onda torpağın altında birləşməli olacağıq”.

Tarixçi tarixin faktlarını, jurnalist isə tarixin günahlarını tapıb üzə çıxarmalı və qaydasınca yerbəyer etməlidir. Şirməmməd Hüseynov məhz belə bir tarixçi alim və "düzü-düz, əyrini-əyri” yazan qələm sahibidir.

Böyük ədəbiyyatşünas Yaşar Qarayevin sözləri yadıma düşür: "İstər xərabatda olsun istər xitabətdə, istər türmədə olsun istər türbədə, istər şah taxtında olsun istər cəllad kötüyündə, fərqi yoxdur, harda şair varsa, ora şairin ərazisdir! Yaddaşı ilhamla birgə hansı ünvana gətiribsə, şair özü də orada sakindir!

Vay o gündən ki, yaddaş itirilə. Özü də fitri-təbii "qan” yaddaşı, milli-mənəvi "gen” yaddaşı, bədii-fəlsəfi "mən” yaddaşı, millətin xalqın halallıq yaddaşı...”

Şirməmməd Hüseynov şair olmasa da sanki bu sözlər onun boyuna biçilib., yaradıcı publisist-alim fəaliyyəti haqında söylənilib. Yaşar Qarayevin düşüncələrinə istinad edərək deyə bilərəm ki, Şirməmməd Hüseynov publisistikanın "can evi”nə dirhəm yox, canını gətirib gələn qələm sahibidir. Söz "can alanda” və "can olanda” bu canın damarında yaddaşın enerjisi, vicdanın ağrısı və əzabı etnosun əsəbi, geni, qanı bulanır və çalxalanır; cism, bədən yananda-külə və cəsədə, yaddaş yananda isə fəryada, haraya çevrilir əcdadın yaddaş harayına!”

Mənə elə gəlir ki, Şirməmməd Hüseynovun "Ü.Hacıbəyli. Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri”, (B.2009), "Ü.Hacıbəyli.Nəşrlərdə kənarda qoyulmuş ixtisar və "redaktə” edilmiş əsərləri” (B.2010), "M.Ə.Rəsulzadə.Əsərləri. I-V cildlər” (B.1992,1999-2001, 2012, 2013, 2014) "Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918-aprel)” (üç cilddə-B.2015, 2016, 2017) və s. kitabları və digər məqalələri "əsdad yaddaşının harayı”nın əks-sədasıdır.

Akademik Rafael Hüseynovun "Millət yaddaşının keşikçisi” )B.2018) kitabını böyük Şirməmməd Hüseynovun həyat və yaradıcılığına həsr etməsi də tarixi həqiqətlərin özündən qaynaqlanır.

Şirməmməd Hüseynov öz əqidəsi, sözü və qələmi ilə bizim can yaddaşımızı, gen yaddaşımızı, dövlətçilik düşüncəmizi oyadan milli bir publisistdir. O, millətin ağrı yaddaşından doğulub, millətin və xalqın sabahına işıq tutan azadlıq aşıqıdir.

"Haqdan gələn səs”, "haqdan gələn haray” məhz bu əsl milli publisistikanın mənşəyi deyilmi?!

Mövlanə Füzuli yazırdı: "Söz yaradanın mədhi, həm də nəğməsidir”, "Sözə xor baxmaq olmaz, hər bir söz Ərşrəndir gəlib hədiyyə bizə”, "İlahi feyzdən bir xəzinədir söz”.

Xalqın ağrı və acılarını, tarixi və içində yaşadığı zamanın gerçəkliyini, əsl həqiqətləri ancaq ərşidən gəlmiş SÖZlə yazmaq olar. Məncə, Şirməmməd müəllimin SÖZÜ ərşidən gələn sözdür.

Şirməmməd Hüseynovun publisistikasında gələcəyə böyük inam, bu günə ayıq, sayıq və layiq olmaq xəbərdarlığı ilə yanaşı keçmişə, müqəddəslərə, ulu sənətkarlara, deyilmiş SÖZə ehtiram və hörmət də var. O, əlini müqəddəslərdən, haqq sözdən üzmür, tarixin yaddaşının külünü alır, odunun və istisinin xalqa gərəkliyini yaddaşın və ağlın işığında isbatlayır.

Şirməmməd Hüseynov keçmişi, indini və gələcəyi bir müstəvidə, bir arada təhlil edib doğrunu söyləməyi bacaran və bunu özünə peşə edən publisist-filosofdur.

Şirməmməd Hüseynov Azərbaycan milli mətbuatının ənənələrini müasirliyin xidmətinə gətirən SÖZü urvatdan düşməyə qoymayan və taleyi haqq SÖZə bağlı ziyadə istedadlı SÖZ adamı-sənətkardır.

O, M.Ə.Rəsulzadə, Ü. Hacıbəyli, Ö.F.Nemanzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, C.Məmmədquluzadə və başqalarının bənzərsiz bir sələfi və onların səslərinin əks-sədası və ya davamıdır.

Ünlü tədqiqatçı alim Nəsiman Yaqublu 2004-cü il 17 dekabr tarixli ”Yeni Müsavat” qəzetində dərc etdirdiyi "Dünənin, bu günün, sabahın jurnalistləri” adlı məqaləsində yazırdı ki, jurnalistikaya müxtəlif təriflər verilsə də hələ son nöqtənin qoyulduğunu söyləmək çox çətindir. Müəllif 1880-cı ildə Fransada nəşr edilmiş "Peşələr lüğəti”ndəki yanaşmanı yada salır: "Mühəndis işi olmasa da, mühəndisliyində qalır; vəkil və həkimlər də müştəriləri olmasa, öz sənətlərində qalırlar. Lakin jurnalist o zaman jurnalist olur ki, o, qəzet üçün yazır”.

Adı çəkilən məqaləsində N.Yaqublu bir qədər də irəli gedərək əsl mətləb üstə gəlib çıxır və əsl gerçəyi söyləyir: "Bax, Şirməmməd müəllim ona görə jurnalistdir ki, o, həmişə yazır. Onun qələmindən çıxan yüzlərlə məqalə qəzetlərimizi maraqlı və oxunaqlı edir. Hər həftənin şənbə günləri yəqin ki, çoxları "Günay” qəzetini nə orada gedən reklamlara, nə də afişalara, proqramlara görə alır. Əksəriyyəti maraqlandıran həmin gün Şirməmməd müəllimin "Günay”da çap olunan yazılarıdır. Bu, adi jurnalist yazıları deyil. Bu yazılarda tarix var, müasirlik var, bəşəri dəyərlər var, millətin problemlərinə baxış var, bu ağrılardan xilas yolları var, nəhayət, tarixin ibrət dərsləri var. Bu yaxınlarda klassiklərimizin sirli, sehrli, heyrətedici fikir dünyası, əqidə, məslək çağırışı var, vətən sevgisinə, millət yanğısına bürünmüş harayları var”. ("Yeni müsavat”, 17 dekabr 2004).

Şirməmməd müəllimin belə yazılarının sayı 1000-ni ötmüşdür. Onun publisistik yazılarından ibarət olan iki dəyərli kitabı: "Milli haqq və ədalət axtarışında” (Adiloğlu nəşriyyat; Bakı. 2004, 420 səh) və "Mənəvi irsimiz və gerçəklik” (Adiloğlu nəşriyyat; Bakı.2004, 526 səh.) eyni vaxtda nəşr olunmuşdur. Ümumi həcmi 946 səhifə olan iki kitabı eyni vaxtda çap etdirmək, müxtəlif qəzetlərə məqalələr yazmaq, tədqiqatları davam etdirmək sizə çox da asan gəlməsin.

Akademiyanın bir institutunun görə biləcəyi bir işi qısa zaman kəsiyində Şirməmməd müəllim tək başına, özü də Dədə Qorqud müdrikliyi ilə həyata keçirib. Günü-gündən də azərbaycançılıq, Azərbaycan sevgisi, Azərbaycan həqiqtləri onun fəaliyyətinin nüvəsinə və hərəkətverici qüvvəsinə çevrilir. Onun həqiqətləri, qənaət və mülahizələri Azərbaycan xalqının zəngin tarixindən, əxlaqından, mənəviyyatından qaynaqlanır.. Bu zəngin mənəvi dəyərlərdən yazmaq üçün gərək insanın özü zəngin olsun. H.Zərdabidən, M.Ə.Rəsulzadədən, Ü.Hacıbəylidən, Ə.Hüseynzadədən və b. tarixi şəxsiyyətlərdən yazmaq üçün öncə özün şəxsiyyət olasan gərək. Bu gərəklik və gerçəklik də Şirməmməd Hüseynovun timsalında zühur edir.

Yuxarıda da qeyd etdiyim kimi bir institutun görə biləcəyi bir işi təkbaşına görən Şirməmməd Hüseynovun publisist, jurnalist, mətbuat tariximizin araşdırıcısı kimi və pedaqoji ictimai fəaliyyətini araşdırmaq üçün də elə bir institutun yaradıcı qüvvəsi gərəkdir.

İnsanlığın mayası və qayəsi-Vətən sevgisi.

Vətən sevgisi Ş.Hüseynovun publisistikasının mayasını və əsas qayəsini təşkil edir. O, vətən sevgisinin, doğma torpağa məcnuncasına vurğunluğunun səbəblərini publisistikasının civarında açıqlayır. Onun tez-tez dilə gətirdiyi və ya qələmə aldığı atalar sözlərindən, xalq deyimlərindən qaynaqlanan müdrik fikirləri bu gün (və sabah da) gənclərimiz üçün əsl tərbiyə məktəbi, əsl örnəkdir. Əslində Şirməmməd müəllimin publisistik əsərlərində didaktikadan çox, müdrikliyin odu, atəşi var, nur çeşməsi var. Axar su üstündəki körpüyə bənzər saxta dostluq, kökü münbit torpağa yox, daşlığa düşən qardaşlıq, sözdə bərabərlik, əməldən uzaq beynəlmiləlçilik ideyaları ilə yoluxdurulub milli mənliyini və bütövlükdə özünü və sözünü itirən soydaşlarını yuxudan oyatmağa çağırış ruhu onun publisistik əsərlərində çağdaşlarının (eləcə də gələcək nəsillərin) ruhunun dərin qatlarında dondurulmuş ən ülvi hisslərini, şirindən-şirin duyğularını-vətən, torpaq, yurd sevgisini canlandırmağa, damarlarda axan qanı coşdurub köklə başlanan qırılmış tellərin bərpasına yönəlib.

Şirməmməd müəllim müdriklik mərtəbəsində dayanaraq yazır:

"Tarixin və taleyin əsrarəngiz qanunları, təzadları var. Hər nəsil bu intəhasız, əvvəl-axırı bilinməyən, əbədi və müvəqqəti həyat adlanan məkanda öz rolunu oynayır, keçib gedir. Lakin hələlik daimi görünən vətən torpağıdır, xalqdır, maddi və mənəvi mirasdır. Hər kəsdən qalan isə məncə inam və inancdan doğan vətəndaş ad-sanı, doğruluq və dürüstlük, həqiqi milli qeyrət və namusdur”.

Şirməmməd müəllimə görə tarixi öyrənilən, təbliğ edilən xalqlar güclü, qüvvətli olur, problemlərini vaxtında həll edə bilirlər. Belə xalqların sosial tərəqqisi, milli şüuru, azad və müstəqil dövlət qurmaq bacarığı da yüksək olur. Lakin bu tarixilik müasirliklə də müşahidə edilməlidir. Müasirləşməyən millətlər tarixin qaranlıqlarına yuvarlanır və bəşəri tərəqqidən məhrum olurlar. Şirməmməd müəllimin inkişafla bağlı gəldiyi qənaət-tarixilik və müasirlik onun yaradıcılığından, çağırışlarından, hayqırtılarından və nəsihətlərindən bir qızıl xətt kimi keçir. Hakimiyyətdə kimlərin təmsil olunmasından asılı olmayaraq onun publisistikasının istiqamətini və başlıca motivini də bu iki başlıca dəyər təşkil edir.

O istər siyasi hakimiyyətin sükanı arxasında olanlara, istərsə də həmin məqama qovuşmağa can atanlara eyni səs, eyni ahənglə ucadan, özü də lap ucadan var səsi ilə səslənib deyir:

"Diqqətli olun! Ehtiyatlı olun! Azərbaycan dövlətçiliyi ilə zarafat etməyin! Tarixi oxuyun, öyrənin, ondan ibrət götürün! Müasirləşin! İslahatçı, yenilikçi olun! Köhnə qaydalarla yaşamayın!”

Şirməmməd müəllimin uzaqgörənliklə müdrikcəsinə, vətəndaş yanğısı və sevgisi ilə söylədikləri müəyyən zaman kəsiyində-tarixin güzgüsündə düzgünlənib güzgülənir.

"Vətəni sevmək, millətə sevgi hissləri bəsləmək hələ dövlət quruculuğuna "Azərbaycan probleminin həllinə bələdçilik edə bilməz və bu problem çox ciddi və təhlükəlidir. Bu problem çox siyasətçilər nəslini sıradan çıxarıb və tarixin yaddaşına atıb. Azərbaycan problemi bir oddur ki, onunla oynamaq çox ehtiyatlı davranış tələb edir”.

Şirməmməd müəllimin bu çağırışları ictimai-siyasi müstəvidə özünü təsdiqlədiyi kimi real həyatda da öz təsdiqini tapdı. Demokratik Cümhuriyyət 23 ay yaşadı.

İkinci dəfə müstəqilliyimizi əldə etdikdən sonra Şirməmməd Hüseynov müəllim, tədqiqatçı alim və jurnalistlik fəaliyyətini bir müstəvidə birləşdirərək tarixin ibrət dərslərini ciddi-cəhdlə Azərbaycan oxucusuna çatdırmaq üçün bütün fəaliyyəti ilə nəsillərarası mənəvi "körpüyə” çevrildi.

Bir əsrdə bir xalqın əlifbasının dörd dəfə dəyişilməsinin hansı nəticələrə gəlib çıxacağını düşünmək belə adamı dəhşətə gətirir. Nəsillərarası mədəni və mənəvi əlaqələrin, maarifçilik bağlarının kəsilməsi, öz kökünə və tarixinə acgözlüklə kənardan baxmağın vüsətinə və dəhşətinə bundan böyük və bundan əclaf təsir vasitəsi tapmaq mümkünsüzdür.

Əsrlər boyu Vətən hər bir Azəri türkünün iman yeri-güman yeri olub. Başqa millətlərin nümayəndələri yaşamaq, məskunlaşmaq üçün ayrı-ayrı ölkələrə güclü axın etsələr də azərbaycanlılar bu "xəstəliyə” (bu əsl erməni xəstəliyidir!) yoluxmamışlar. O, qərib ölkəyə düşəndə də doğma yurdundan ötrü göz yaşlarını, niskilini bayatıya büküb saxlayıb.

Əzizim vətən yaxşı,

Geyməyə kətan yaxşı,

Qürbət cənnət olsa,

Ölməyə vətən yaxşı.

Bu millət gözsüz yaşayıb, ancaq Vətənsiz yaşaya bilməyib. Qürbətdə keçən ömrünü ömür-gün saymayıb. Ona görə ki, vətənin bir günü, qürbətin yüz baharından yaxşıdır. Təsadüfi deyil ki, vətən sevgisi atalar sözlərinin də yaddaşında kodlaşıb qalıb və bu gün də öz hikmətini sevinc kimi yaymaqdadır. Atalarımız deyərdilər ki, "Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”, "Vətənə gəldim, imana gəldim”, "Qürbətdə keçən ömür, ömür sayılmaz”, "Qürbət eldən vətən olmaz”, "Gözsüz yaşamaq olar, vətənsiz yox”, "Oba yiyəsiz qalanda donuz təpəyə çıxar” və s.

Şirməmməd Hüseynovun publisistikası atalar sözləri, zərb məsəllərlə zəngindir. Onun qəlbinin harayı, zaman keçir və onlar da atalar sözünün yükünü və ağırlığını misra-misra, abzas-abzas öz çiyinlərinə götürürlər.

"Siyasət oyun deyil,sənətdir”, "Əyri otur, amma düz danış”, "Müstəqil dövlətə azad jurnalistika gərəkdir”, "Məddahlıq köhnə sənətdir, davamçıları hər zaman var”, "Aldanmayan, aldatmayan təkcə tarixdir”, "Düşməni tanı, milli intibahını yüksəlt”, "Məzlum millətin mətbuatı da məzlum olur”, "Tərəqqi üçün azadlıq və istiqlal gərəkdir”, "Ağacı qurd, milləti manqurt içindən məhv edər”, "Külək yaradanlar mütləq tufana düşürlər”, "Kitabdan ad silmək olar, tarixdən yox”, "Hər vızıldayan bal arısı, hər gədadan bəy olmaz”, "Qələm dəllalları, qəzet həşaratları”, "Türkün dostu türk özüdür”, "Sağlam birlikdən qüvvət doğar”, "İstiqlal bütün xalqın əsəridir”, "İmperiya dağılar, ruhu qalar”, "Fəda ol, qədr gör”, "Çürük zəmində birlik olmaz”, "Eşidən qulaq, nəcabət dərin düşüncə gərək”, "Söz azadlığı insanın təbii azadlığıdır”, "Söz azadlığı həm təbii, həm də ictimai hüquqdur” və s. Və i. Nümunə üçün göstərdiyim bu kəlamlar həm də Şirməmməd müəllimin ayrı-ayrı məqalələrinin sərlövhəsi olmaqla o məqalələrin ideya istiqamətini də təyin edir. Bu nümunələr isə onun publisistikasını bədirləyən məqalələrin cüzi bir hissəsinin başlığıdır.

Ş.Hüseynov lap gəncliyindən atalarımızın müdrik kəlamlarını yaddaşına həkk edərək özü də müdrikləşmiş, deyimləri və məhəbbəti ilə heyrətləndirməyi bacarmışdır. Məncə, onun deyim və müdrik kəlamları ayrıca bir tədqiqatın mövzusu ola bilər.

Ş. Hüseynovun vətən sevgisi sonsuz və intəhasızdır. O, vətəni-daşına, torpağına, iqliminə, suyuna, dağına və aranına görə sevmir. O, vətəni vətən olduğuna görə sevir. Şirməmməd müəllimin vətən sevgisi o qədər səmimidir ki, hər kəsi düşündürüb ruhunu riqqətə gətirir.

"Azərbaycanda qadınlar üçün ilk mətbuat orqanı-"İşıq”-95” məqalə