deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Şirməmməd Hüseynovun publisistikası haqqında bir neçə söz Adalet.az | Şirməmməd Hüseynovun publisistikası haqqında bir neçə söz Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Şirməmməd Hüseynovun publisistikası haqqında bir neçə söz

Ramiz Orsər

4996    |   2019-06-14 15:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

XX əsr Azərbaycan jurnalistikası və publisistikasının böyük simaları çoxdur. Şirməmməd Hüseynov bu böyüklər arasında fərqlənən böyük sənətkardır. Sözdən və qələmdən umduğu niyyətlərinin ciddiliyi, publisist düşüncənin vüsət və dərinliyi, məhz publisistikada ifadə olunan ictimai amal və vicdanın, ümumbəşəri və fərdi əxlaqın ülviliyi, büllurluğu, saflığı, şəffaflığı, halallığı ilə Şirməmməd Hüseynov XX əsrin ortalarından başlayaraq XXI əsrdə də bizim milli jurnalistika və milli publisistikamızın simvolu olan sənətkar kimi, həm də demokratik ideya, düşüncə tərzi ilə Demokratik Cümhuriyyətin simvollarından biri kimi tükənməz sevgisi, enerjisi ilə publisistikasında və bütün fəaliyyətində özünü nişan verir.

Yeni dövrdə Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli , Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Ömər Faiq Nemanzadə kimi ictimai xadim-publisist-vətəndaş idealının, mənəvi intibah, milli qürur və bəşəri vicdan təcəssümü olan sənət və sənətkar timsalının yeni təzahürü və həqiqi davamı da Şirməmməd Hüseynovun şəxsində, onun jurnalist-publisist fəaliyyətində vətəndaş qayəsində özünü təsdiqləyir. Həm də qəribəsi burasıdır ki, Şirməmməd Hüseynov milli mətbuatımızın iki qolunu çox şərəf və ləyaqətlə özündə birləşdirən, qələm çalan sənətkardır. Azərbaycan onun döyünən ürəyi, "Molla Nəsrəddin” və "Füyuzat” onun qələm tutan sağ və sol əlləridir.

Ümumiyyətlə Şirməmməd Hüseynov publisist sisteminin mahiyyəti və strukturu o qədər aydın və şəffafdır ki, millilik və bəşərilik, genişlik və konkretlik burada elə bir vəhdətdə sintez olunmuşdur ki, bu publisistka heç zaman qocalmayacaq, hər zaman ucalacaq. Bu gün Şirməmməd Hüseynovun və onun publisistikasının ətrafında ideya mübahisələri də yoxdur. Hər kəs onu olduğu kimi-canlı bir müasirlik, sadiq və layiq varislik kimi qəbul edir. O, bütün bunlara- böyük məqsədə qeyri-adi bir bugünkülük, müasirlik duyğusu ilə, özü də yalnız tənqid etmək, ifşaçılıq yolu ilə yox, həm də ehtiraslı bir tərənnüm və ithaf yolu ilə nail olur. Həm xalis satirik-ifşaçı, həm də lirik-romantik hərarətli publisistikasında Şirməmməd müəllim eyni dərəcədə qüdrətlidir. Onun gündəmə daşıdığı və qaldırdığı problemlərin bir qütbündə öz qələminin məhsulları, başqa bir qütbündə isə onun tədqiqatlarında sələflərinin- Həsən bəy Zərdabinin, Üzeyir Hacıbəylinin, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun və başqalarının mətbu səhifələrində sərgilədikləri problemlər yer alır. Onların qanları və canları bahasına qələmə aldıqları, bu gün də bizim üçün aktual siyasi, mənəvi və sosial problemlər kimi təzahür edən yazıları həmin problemləri həll etmək üçün Şirməmməd müəllimin çapında yenə də bizə, xalqa, müasirliyə xidmət etməkdə davam edir.

Şirməmməd Hüseynovun mənən və daxilən güvəndiyi, məhz həqiqi-milli məktəb” olduğu milli-publisist qaynaqların gurşad çeşməsi başında hamıdan əvvəl Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə və Üzeyir Hacıbəylinin dayandığını görürük.

Özünütəsdiq asan başa gəlmir. Deyildiyi kimi, özünə, mənliyinə, şəxsiyyətinə ziyalının, yaradıcının-hər kəsin mübarizəsi ilk növbədə özünə qarşı yönəlir. Əqidə, məslək, inam cılız hisslərə, istəklərə, növbətçi umacaqlara qurban veriləndə, daxili vicdan adlı hakimin hayı-harayı, etirazı məqsədli şəkildə eşidilməyəndə əvvəl söz, sonra da onun sahibi urvatını və ləyaqətini itirir. Həqiqətə xidmət edən namuslu və məsuliyyətli söz şəxsiyyətə çevvrilən sahibindən hər an cəsarət tələb edir. Sözün şərəfi və şərəfli sözün arxasında dağ vüqarıyla dayanmaq üçün, həqiqəti deməkdən, düz sözə tapınmaqdan başqa yol yoxdur.

Yaxşı deyiblər ki, şəxsiyyətin vətəndaş kimi də, sənətkar kimi də, alim kimi də hamı tərəfindən təsdiq və etiraf olunması faciədirsə, heç kəs tərəfindən təsdiq və etiraf olunmaması komediyadır...

Şirməmməd müəllimi görkəmli pedaqoq, publisist, mətnşünas, milli mətbuat tarixinin misilsiz tədqiqatçısı kimi hamı tanıyır, təsdiq və etiraf etməklə, hörmət və etiram bəsləyirlər. Ziyalılar arasında da, müxtəlif zövqlü, az və ya çox mütaliəli oxucular arasında Şirməmməd müəllimin öz yeri, öz çəkisi var. Və o ictimaiyyətin güvən yeridir. Çünki onun həm pedaqoji, həm publisist, həm mətnşünas, həm də tədqiqatçı alim fəaliyyəti itaətkar, xidmətkar sığal, tumar fəaliyyəti deyil, nə mükafat, nə şöhrət, nə nüfuz, nə titul, nə də vəzifə tələbi və diktəsi tanıyır. Onun bütöv fəaliyyəti millət, xalq, vətən və azadlıq sevgisinə dayanır.

Əsl sənət heyrətdən yarandığı kimi, müxtəlif yazıların yaxasından "boz” etiketini isə heyrətsizlik asır.

Şirməmməd müəllimin publisistikası da heyrət və heyrətsizlik üzərində qurulur.

Sənət heyrətdən yaranır. Şirməmməd müəllimin heyrəti şəxsiyyətdə, onun əqidə və məsləkində, millətə, xalqa xidmətdə, həm ideyada, fikirdə, problemdə, həm də sözdə axtarır, tapır və göstərməyə çalışır.

Yeri gəlmişkən, bir cəhəti də qeyd etmək istəyirəm. Görkəmli sənətkarlardan birinin dediyi kimi, orijinal şəxsiyyət heç kəsi təqlid etməyən deyil, heç kəsin təqlid edə bilmədiyi orijinal şəxsiyyətdir. Şirməmməd müəllimi təqlid etmək doğrudan da çətindir. Ona görə yox ki, o, müasirlərindən fərqlənməyi və seçilməyi qarşısına məqsəd qoyur, daha çox ona görə ki, o, pedaqoq kimi də, publisist kimi də, tədqiqatçı alim kimi də özündə özünü tapır və təsdiqləyir, nəticədə bütün fəaliyyətində və sözündə özü görünür. Bir tərəfdən mükəmməl şəxsiyyəti, elmi səviyyəsi, hər zaman ayıq və sayıqlığı, mütaliəsi, faktları və hadisələri dəyərləndirmək və qiymətləndirmək bacarığı, fakt və hadisələri ifadə prinsipləri, dil və üslubi, zəruri kontekst genişliyi və dəqiq meyarlar sistemi onu qələmdaşlarından fərqləndirir. Digər tərəfdən onun hər bir məqaləsi elə bil canlı söhbətdir, onun əksər məqalələrində danışıq tərzi, ahəngi, ədaları, mimika və jestləri, eyhamları qabarıq şəkildə duyulur; çünki böyük ustad Şirməmməd müəllim danışdığı kimi yazır, yazdığı kimi danışır, olduğu kimi görünür, göründüyü kimi olur.

Tanınmışlardan kimsə deyib ki, xoşbəxtlik yazmaqda deyil, xoşbəxtlik yaratmaqdadır. Şirməmməd müəllim arı ömrü yaşamaqla, həm də yaradıb və yaratmaqda davam edir.

Şirməmməd Hüseynov bütün həyatı boyu heç vaxt heç kimə əyilməyib. Ümumiyyətlə "yarınmaq” deyilən anlayış onun üçün büsbütün yaddır. Doğrudur, o, çox çətin günlər də yaşayıb, kimlərinsə həsrətində olduğu illərin qoynunda da böyük imkanlar sahibi olub. Ancaq məsləkinə, əqidəsinə, müəllim və alim adına, bir sözlə, şəxsiyyətinə, insan adına ləkə gətirən heç bir addım atmayıb.

"Müstəqilliyin yolu...” məqaləsində Şirməmməd Hüseynov yazır: "Həyatın hər üzünü görmüşəm. Dağdan odun da gətirib satmışam. 10 kilometrlərlə məsafə qət edib taxıl zəmilərindən sünbül də yığmışam. İlk dəfə təzə ayaqqabını isə 25 yaşımda geymişəm. 30-cu il Şəki üsyanının şahidiyəm. Onda uşaq idim. Lakin evimizin qabağındakı dağda adamların necə güllələnməsini gözlərimlə görmüşəm. Digər tərəfdən mən vəzifəlilərin və onların uşaqlarının firavan həyatını uzun illər müşahidə etmişəm. Ədalət hissi, həqiqət hissi insanın qanına ictimai ədalətsizliklərlə daxil olur. Kim ictimai ədalət uğrunda mübarizə aparmırsa, deməli yel dəyirmanları ilə mübarizə aparır.”

Şirməmməd Hüseynov pedaqoji fəaliyyəti ilə yanaşı publisist yazılarında da, çıxışlarında da yel dəyirmanları ilə mübarizə aparanlara qarşı çıxır, onları kökə, mənşəyə, bağlanmağa, milli adət ənənələrə söykənməyə, manqurtluqdan uzaq durmağa çağırır. Yuxarıda adını qeyd etdiyimiz məqaləsində fikrini davam və inkişaf etdirərək yazır ki, "Yer üzündəki bütün təbii fırtınalar günəş enerjisinin qeyri-bərabər bölünməsi nəticəsində baş verir. Planetimizdə ictimai böhranlar, maddi nemətlərin qeyri-bərabər, insafsızcasına bölünməsi, ictimai-siyasi, milli ədalətsizlik zəminində meydana gəlir və buradan da ictimai inqilablar, sarsıntılar, böhranlar yaranır. Bu həqiqəti dərk etmək lazımdır”.

İctimai-siyasi, milli ədalətsizliklə mübarizə, yaddaşa, əsl-nəcabətə bağlılıq, mənəvi və əxlaqi boşluğa, təmənnalı məmur qabarmalarına qarşı barışmazlıq onun publisistikasının yaddaşında çevrələnir.

XX əsrin böyük ədəbiyyatşünas alimi Yaşaq Qarayevin bir fikri yadıma düşür: " Fərariliyin ən bədnamı məhz yaddaşdan üz çevirməkdir, kökdən, mənşədən, "mən”dən fərar etməkdir, milli hafizədə, mənəvi-irsi dövriyyədə (yəni, sinirdə, qanda və gendə!) skleroz olmaqdır. Yaddaşsızlıq-siması olmayanın tarixi taleyidir, zatı və nəsli, əsli və nəcabəti olmayanın alın yazısıdır. Üfüq, səma, göy daş saxlamadığı kimi, mənəvi və əxlaqi boşluq da yaddaş saxlamır.”

Şirməmməd Hüseynov əsl ziyalı, əsl publisist missiyasını yerinə yetirərərk məqama xidmət etmir, məqamlar arasında vəhdətə xidmət edir, nəsillər və əsrlər, yaxınlar və uzaqlar arasında da əlaqə və ahəng yaratmağa çalışır, işığı keçməyə, şamı sönməyə qoymur, ocaqdan-ocağa od daşıyır.

Publisist alim Azərbaycan klassik publisistlərinin qiymətli və bu gün üçün də çox əhəmiyyətli olan yazılarını özünün əvəzsiz şərhləri ilə yenidən oxucuya təqdim edir. Axundovdan başlanan, H.Zərdabi, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli və b.nın qələmindən çıxan bir çox yazılar onun qələmində yenidən dirçəlir, müasirlik və aktuallıq keyfiyyətini üzə çıxarır.

Heç şübhəsiz ki, Şirməmməd Hüseynov sıradan mətbuat tariximizin hər faktını yox, dünəni, bu günü və sabahı üçün əhəmiyyətli olan, çağdaş və gənc nəsilləri tərbiyə etmək gücünə malik əsərləri dirçəldir və yenidən gündəmə gətirir.

O, H.Zərdabinin, Ə.Ağaoğlunun, Ə.Hüseynzadənin,C.Məmmədquluzadənin, M.Ə.Rəsulzadənin, Ü.Hacıbəylinin, C.Hacıbəylinin və digər mənəviyyat daşıyıcılarımızın tarixi, əvəzsiz, həm də bütün dövrlərə və nəsillərə nümunə olacaq, təmənnasızxidmətlərini xatırladaraq, müasirlərini və gənc nəsilləri onlardan nümunə götürməyə, o tarixi şəxsiyyətləri unutmamağa çağırır.

Şirməmməd müəllim "Milli müqəddəsimiz” məqaləsində yazır: "Üzeyir bəy öz kökü, idealları, ruhu, mənəviyyatı, fədakarlığı və bənzərsiz istedadı ilə xalqına təmənnasız xidmət göstərən, Azərbaycanı yer üzünə tanıdan, ilahi sənəti ilə ölməzlik qazanan tarixi şəxsiyyətdir.

Hər dəfə onun məzarını ziyarət edərkən düşünürəm ki, niyə Üzeyir bəyi xalqımızın milli müqəddəsi elan etməyək, onun məzarını ümummilli ziyarətgaha çevirməyək? Axı, hər xalqın vahid allahı və peyğəmbəri olduğu kimi, öz milli müqəddəsləri də var.”

Yeri gəlmişkən onu da qeyd edim ki, Şirməmməd müəllimin "sözünü yarımçıq kəsmək, onun fikirlərini ixtisar etmək” çox çətindir. Bizdə bir deyim var: "Əzraillə çiling-ağac oynamaq” . Bax bu ona bənzər bir şeydir.

"... Müqəddəslərimizin, ulularımızın ömür yolu torpaq və vətən hissi aşılamaqda iman və inam tərbiyəsində çox vacib və lazımdır. Bəs kimləri müqəddəs sayaq, onları necə seçək? Bəlkə bunun üçün vicdanı və əxlaqı, milli ruhu və təmiz mənəviyyatı olanlardan münsiflər heyəti yaradaq, ümumxalq rəy sorgusu keçirək? Əlbəttə, nəzərdə tutduğumuz münsiflər heyəti keçmişdə fəxri adlar və mükafatlar paylayan komitə və komissiyalara bənzəməməlidir”.

Yenə el arasında qanadlanan bir deyim yaddaşımdan boy verir: "Dərdi bilən, dərmanı da bilər”.

Şirməmməd Hüseynov da fikrimə davam edərək, milli müqəddəslərin adını və əməllərini xatırladır.

"... Ürəyimdən keçir ki, nə ola XX əsr Azərbaycan müqəddəsləri siyahısına birinci növbədə Həsən bəy Zərdabinin, Üzeyir bəy Hacıbəylinin və Məhəmməd Əmin Rəsulzadənin adları yazılsın. Niyə? Nə əsasda?...

... Bu bir həqiqətdir ki, nə qədər Azərbaycan xalqı, Azərbaycan torpağı, Azərbaycan ruhu mövcuddursa, onlar sağdırlar. Hər şeydən əvvəl, biz məhz müqəddəslərin və onlarla həmfikir olanların əzm, qətiyyət, rəşadət və imana sədaqətləri sayəsində mövcuduq. Məhz vətəni ilahicəsinə sevən böyük ağıl və istedad sahibləri müqəddəs elan oluna bilər.” ("Mədəniyyət” qəz. 19 sentyabr 1991)

Qədrşünaslıq elə Ş.Hüseynovun publisistikasının boyuna biçilib. Publisist-alimin missiyası ağa ağ, qaraya da qara deməkdir.

İnandırıcılıq, fakta əsaslanmaq, zamanla həmdərd və həmfikir olmaq, yalnız həqiqətə, doğru olana işıq salmaq Ş.Hüseynov publisistikasının əsas, istiqamətverici və yönləndirici atributlarıdır.

Professor Nəsiman Yaqublu yazır ki, Şirməmməd müəllim nədən və necə yazmağı yaxşı bilir. Onun özünəməxsus üslubu və dəst-xətti var. Onun publisistikası klassiklərimizin (H.Zərdabinin, M.A.Şahtaxtlının, Ü.Hacıbəylinin, M.Ə.Rəsulzadənin, C.Məmmədquluzadənin və b.) ənənələrindən güc-qüvvət alıb. Odur ki, bu yazılar, bu məqalələr oxunaqlıdır, maraqlıdır. Bu yazılarda sərt faktlarla yanaşı, tənqid də, yumor da, istehza da müşahidə olunmaqdadır. Bu məqalələri oxuyan oxucu yorulmur, faklardan da bezmir, məlumatlardan isə özündə qeydlər aparır (yaxud həmin yazıların üzünü köçürüb öz arxivində saxlayır).

Şirməmməd Hüseynovun adı və çoxşaxəli fəaliyyəti haqq-ədalət, azadlıq və istiqlalsevərlər üçün bayram süfrəsi kimidir. Geniş ictimaiyyət bu böyük şəxsiyyəti ilk-öncə söz adamı kimi-jurnalist, müəllim, tədqiqatçı alim, publisist, siyasi icmalçı kimi tanıyıb. Sonra o, vətənpərvər, haqq sözün ünvanı, azadlıq carçısı və ədalət mücəssiməsi kimi çox geniş dinləyici və oxucu auditoriyasının böyük rəğbətini qzanıb və onların sevgisinin ünvanına çevrilib: Kəsəsi, Şirməmməd Hüseynov milli mətbuatımızın və jurnalistika tariximizin canlı ensklopediyası, həm də yeriyən azad sözün və azad səsin simvoludur.

Onun publisistikası strukturu, ideya-məzmunu, canlı epik lövhələri, dil və üslub xüsusiyyətləri ilə seçilir. Ümumilikdə onun elmi publisistik yaradıcılığının istiqamətləri müxtəlif olmaqla, əhatəli mövzu dairəsinə, rəngarəng forma xüsusiyyətlərinə malikdir. Şirməmməd müəllimin publisistikasını sistemli şəkildə nəzərdən keçirdikdə aşağıdakı reallıqla üz-üzə qalırıq:

a) məqalələr;

b) şərhlər;

c) müsahibələr və çıxışlar;

d) xatirələr və məktublar;

e) milli mətbuat tariximizə dair araşdırmalar;

f) ərəb əlifbasından latın əlifbasına transliterasiya, lüğətlərin tərtibi;

g) mətnşünaslıq abidələri vəs.

Şirməmməd Hüseynovun bütün həyatının, fəaliyyətinin əsasını isə Vətən sevgisi, milli istiqlal, haqq-ədalət, halallıq və düzgünlük, azad söz təşkil edir ki, mühüm ictimai, bəşəri problemlər onun çoxşaxəli publisistikasında-məqalə, çıxış, məktub, şərh və müsahibələrində əsl vətəndaş mövqeyindən qaldırılır və dəyərləndirilir. Onun mühüm ictimai-siyasi, sosial və mənəvi-əxlaqi problemlərə həsr olunmuş yazıları, çıxışları oxucularının qəlbində və yaddaşında kodlaşıb.

Şirməmməd müəllim yer üzündə Allahın çox sevdiyi xoşbəxt insanlardan biridir. Böyük yaradan ona hər şey verib: ilahi sevgi olan istedad, fenomenal yaddaş, kimsənin cibinə və əllərinə göz dikməyən nəfs, nurlu təbəssüm, doğma vətənə və xalqına məhəbbətlə dolu atəşli bir ürək... ən başlıcası bir ümman kimi coşub-çağlayan tükənməz millət, ailə və övlad sevgisi. Onu təkcə Azərbaycanın deyil, bütün Türk ictimai fikrinin və publisistikasının yeriyən klassiki adlandırsam elə bilirəm ki, elə bir yanlışlığa yol vermərəm.

Şirməmməd Hüseynov bir əli torpaqda, bir əli haqda olan qüdrətli söz, qələm ustasıdır. O, tükənmək bilməyən enerjisini torpaqdan, aləmə işıq saçan nurunu haqqdan alır. Şirməmməd müəllim xalqın xəbəri olmadan xalqdan aldığı gücü və enerjini qızıl alma kimi xalqın özünə qaytarır. Onun çox geniş miqyaslı, zəngin mayası ərəbin zehniyyəti, farsın lisanı və türkün ruhundan mayalanmış ümumtürk mədəniyyətinin içində yaşadığımız zamanın zəmanəmizdəki bədii-fəlsəfi ifadəsidir.

Görkəmli söz ustalarından biri deyib ki, insanı şəxsiyyət kimi yetişdirən üç nəcib qüdrət var: ana qucağı, ata ocağı və təhsil ocağı! Bu üç ocaq- bu üç həyat universiteti onun sözün həqiqi mənasında bir şəxsiyyət, həqiqi alim və əsl vətəndaş kimi formalaşmasında ömür yoluna işıq salmış, əqlinə, zəkasına yenilməz güc və qətiyyət bəxş etmişdir.

Məşhur bir deyim var; "Əgər torpağın üstündə birləşməsək, onda torpağın altında birləşməli olacağıq”.

Tarixçi tarixin faktlarını, jurnalist isə tarixin günahlarını tapıb üzə çıxarmalı və qaydasınca yerbəyer etməlidir. Şirməmməd Hüseynov məhz belə bir tarixçi alim və "düzü-düz, əyrini-əyri” yazan qələm sahibidir.

Böyük ədəbiyyatşünas Yaşar Qarayevin sözləri yadıma düşür: "İstər xərabatda olsun istər xitabətdə, istər türmədə olsun istər türbədə, istər şah taxtında olsun istər cəllad kötüyündə, fərqi yoxdur, harda şair varsa, ora şairin ərazisdir! Yaddaşı ilhamla birgə hansı ünvana gətiribsə, şair özü də orada sakindir!

Vay o gündən ki, yaddaş itirilə. Özü də fitri-təbii "qan” yaddaşı, milli-mənəvi "gen” yaddaşı, bədii-fəlsəfi "mən” yaddaşı, millətin xalqın halallıq yaddaşı...”

Şirməmməd Hüseynov şair olmasa da sanki bu sözlər onun boyuna biçilib., yaradıcı publisist-alim fəaliyyəti haqında söylənilib. Yaşar Qarayevin düşüncələrinə istinad edərək deyə bilərəm ki, Şirməmməd Hüseynov publisistikanın "can evi”nə dirhəm yox, canını gətirib gələn qələm sahibidir. Söz "can alanda” və "can olanda” bu canın damarında yaddaşın enerjisi, vicdanın ağrısı və əzabı etnosun əsəbi, geni, qanı bulanır və çalxalanır; cism, bədən yananda-külə və cəsədə, yaddaş yananda isə fəryada, haraya çevrilir əcdadın yaddaş harayına!”

Mənə elə gəlir ki, Şirməmməd Hüseynovun "Ü.Hacıbəyli. Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri”, (B.2009), "Ü.Hacıbəyli.Nəşrlərdə kənarda qoyulmuş ixtisar və "redaktə” edilmiş əsərləri” (B.2010), "M.Ə.Rəsulzadə.Əsərləri. I-V cildlər” (B.1992,1999-2001, 2012, 2013, 2014) "Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918-aprel)” (üç cilddə-B.2015, 2016, 2017) və s. kitabları və digər məqalələri "əsdad yaddaşının harayı”nın əks-sədasıdır.

Akademik Rafael Hüseynovun "Millət yaddaşının keşikçisi” )B.2018) kitabını böyük Şirməmməd Hüseynovun həyat və yaradıcılığına həsr etməsi də tarixi həqiqətlərin özündən qaynaqlanır.

Şirməmməd Hüseynov öz əqidəsi, sözü və qələmi ilə bizim can yaddaşımızı, gen yaddaşımızı, dövlətçilik düşüncəmizi oyadan milli bir publisistdir. O, millətin ağrı yaddaşından doğulub, millətin və xalqın sabahına işıq tutan azadlıq aşıqıdir.

"Haqdan gələn səs”, "haqdan gələn haray” məhz bu əsl milli publisistikanın mənşəyi deyilmi?!

Mövlanə Füzuli yazırdı: "Söz yaradanın mədhi, həm də nəğməsidir”, "Sözə xor baxmaq olmaz, hər bir söz Ərşrəndir gəlib hədiyyə bizə”, "İlahi feyzdən bir xəzinədir söz”.

Xalqın ağrı və acılarını, tarixi və içində yaşadığı zamanın gerçəkliyini, əsl həqiqətləri ancaq ərşidən gəlmiş SÖZlə yazmaq olar. Məncə, Şirməmməd müəllimin SÖZÜ ərşidən gələn sözdür.

Şirməmməd Hüseynovun publisistikasında gələcəyə böyük inam, bu günə ayıq, sayıq və layiq olmaq xəbərdarlığı ilə yanaşı keçmişə, müqəddəslərə, ulu sənətkarlara, deyilmiş SÖZə ehtiram və hörmət də var. O, əlini müqəddəslərdən, haqq sözdən üzmür, tarixin yaddaşının külünü alır, odunun və istisinin xalqa gərəkliyini yaddaşın və ağlın işığında isbatlayır.

Şirməmməd Hüseynov keçmişi, indini və gələcəyi bir müstəvidə, bir arada təhlil edib doğrunu söyləməyi bacaran və bunu özünə peşə edən publisist-filosofdur.

Şirməmməd Hüseynov Azərbaycan milli mətbuatının ənənələrini müasirliyin xidmətinə gətirən SÖZü urvatdan düşməyə qoymayan və taleyi haqq SÖZə bağlı ziyadə istedadlı SÖZ adamı-sənətkardır.

O, M.Ə.Rəsulzadə, Ü. Hacıbəyli, Ö.F.Nemanzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, C.Məmmədquluzadə və başqalarının bənzərsiz bir sələfi və onların səslərinin əks-sədası və ya davamıdır.

Ünlü tədqiqatçı alim Nəsiman Yaqublu 2004-cü il 17 dekabr tarixli ”Yeni Müsavat” qəzetində dərc etdirdiyi "Dünənin, bu günün, sabahın jurnalistləri” adlı məqaləsində yazırdı ki, jurnalistikaya müxtəlif təriflər verilsə də hələ son nöqtənin qoyulduğunu söyləmək çox çətindir. Müəllif 1880-cı ildə Fransada nəşr edilmiş "Peşələr lüğəti”ndəki yanaşmanı yada salır: "Mühəndis işi olmasa da, mühəndisliyində qalır; vəkil və həkimlər də müştəriləri olmasa, öz sənətlərində qalırlar. Lakin jurnalist o zaman jurnalist olur ki, o, qəzet üçün yazır”.

Adı çəkilən məqaləsində N.Yaqublu bir qədər də irəli gedərək əsl mətləb üstə gəlib çıxır və əsl gerçəyi söyləyir: "Bax, Şirməmməd müəllim ona görə jurnalistdir ki, o, həmişə yazır. Onun qələmindən çıxan yüzlərlə məqalə qəzetlərimizi maraqlı və oxunaqlı edir. Hər həftənin şənbə günləri yəqin ki, çoxları "Günay” qəzetini nə orada gedən reklamlara, nə də afişalara, proqramlara görə alır. Əksəriyyəti maraqlandıran həmin gün Şirməmməd müəllimin "Günay”da çap olunan yazılarıdır. Bu, adi jurnalist yazıları deyil. Bu yazılarda tarix var, müasirlik var, bəşəri dəyərlər var, millətin problemlərinə baxış var, bu ağrılardan xilas yolları var, nəhayət, tarixin ibrət dərsləri var. Bu yaxınlarda klassiklərimizin sirli, sehrli, heyrətedici fikir dünyası, əqidə, məslək çağırışı var, vətən sevgisinə, millət yanğısına bürünmüş harayları var”. ("Yeni müsavat”, 17 dekabr 2004).

Şirməmməd müəllimin belə yazılarının sayı 1000-ni ötmüşdür. Onun publisistik yazılarından ibarət olan iki dəyərli kitabı: "Milli haqq və ədalət axtarışında” (Adiloğlu nəşriyyat; Bakı. 2004, 420 səh) və "Mənəvi irsimiz və gerçəklik” (Adiloğlu nəşriyyat; Bakı.2004, 526 səh.) eyni vaxtda nəşr olunmuşdur. Ümumi həcmi 946 səhifə olan iki kitabı eyni vaxtda çap etdirmək, müxtəlif qəzetlərə məqalələr yazmaq, tədqiqatları davam etdirmək sizə çox da asan gəlməsin.

Akademiyanın bir institutunun görə biləcəyi bir işi qısa zaman kəsiyində Şirməmməd müəllim tək başına, özü də Dədə Qorqud müdrikliyi ilə həyata keçirib. Günü-gündən də azərbaycançılıq, Azərbaycan sevgisi, Azərbaycan həqiqtləri onun fəaliyyətinin nüvəsinə və hərəkətverici qüvvəsinə çevrilir. Onun həqiqətləri, qənaət və mülahizələri Azərbaycan xalqının zəngin tarixindən, əxlaqından, mənəviyyatından qaynaqlanır.. Bu zəngin mənəvi dəyərlərdən yazmaq üçün gərək insanın özü zəngin olsun. H.Zərdabidən, M.Ə.Rəsulzadədən, Ü.Hacıbəylidən, Ə.Hüseynzadədən və b. tarixi şəxsiyyətlərdən yazmaq üçün öncə özün şəxsiyyət olasan gərək. Bu gərəklik və gerçəklik də Şirməmməd Hüseynovun timsalında zühur edir.

Yuxarıda da qeyd etdiyim kimi bir institutun görə biləcəyi bir işi təkbaşına görən Şirməmməd Hüseynovun publisist, jurnalist, mətbuat tariximizin araşdırıcısı kimi və pedaqoji ictimai fəaliyyətini araşdırmaq üçün də elə bir institutun yaradıcı qüvvəsi gərəkdir.

İnsanlığın mayası və qayəsi-Vətən sevgisi.

Vətən sevgisi Ş.Hüseynovun publisistikasının mayasını və əsas qayəsini təşkil edir. O, vətən sevgisinin, doğma torpağa məcnuncasına vurğunluğunun səbəblərini publisistikasının civarında açıqlayır. Onun tez-tez dilə gətirdiyi və ya qələmə aldığı atalar sözlərindən, xalq deyimlərindən qaynaqlanan müdrik fikirləri bu gün (və sabah da) gənclərimiz üçün əsl tərbiyə məktəbi, əsl örnəkdir. Əslində Şirməmməd müəllimin publisistik əsərlərində didaktikadan çox, müdrikliyin odu, atəşi var, nur çeşməsi var. Axar su üstündəki körpüyə bənzər saxta dostluq, kökü münbit torpağa yox, daşlığa düşən qardaşlıq, sözdə bərabərlik, əməldən uzaq beynəlmiləlçilik ideyaları ilə yoluxdurulub milli mənliyini və bütövlükdə özünü və sözünü itirən soydaşlarını yuxudan oyatmağa çağırış ruhu onun publisistik əsərlərində çağdaşlarının (eləcə də gələcək nəsillərin) ruhunun dərin qatlarında dondurulmuş ən ülvi hisslərini, şirindən-şirin duyğularını-vətən, torpaq, yurd sevgisini canlandırmağa, damarlarda axan qanı coşdurub köklə başlanan qırılmış tellərin bərpasına yönəlib.

Şirməmməd müəllim müdriklik mərtəbəsində dayanaraq yazır:

"Tarixin və taleyin əsrarəngiz qanunları, təzadları var. Hər nəsil bu intəhasız, əvvəl-axırı bilinməyən, əbədi və müvəqqəti həyat adlanan məkanda öz rolunu oynayır, keçib gedir. Lakin hələlik daimi görünən vətən torpağıdır, xalqdır, maddi və mənəvi mirasdır. Hər kəsdən qalan isə məncə inam və inancdan doğan vətəndaş ad-sanı, doğruluq və dürüstlük, həqiqi milli qeyrət və namusdur”.

Şirməmməd müəllimə görə tarixi öyrənilən, təbliğ edilən xalqlar güclü, qüvvətli olur, problemlərini vaxtında həll edə bilirlər. Belə xalqların sosial tərəqqisi, milli şüuru, azad və müstəqil dövlət qurmaq bacarığı da yüksək olur. Lakin bu tarixilik müasirliklə də müşahidə edilməlidir. Müasirləşməyən millətlər tarixin qaranlıqlarına yuvarlanır və bəşəri tərəqqidən məhrum olurlar. Şirməmməd müəllimin inkişafla bağlı gəldiyi qənaət-tarixilik və müasirlik onun yaradıcılığından, çağırışlarından, hayqırtılarından və nəsihətlərindən bir qızıl xətt kimi keçir. Hakimiyyətdə kimlərin təmsil olunmasından asılı olmayaraq onun publisistikasının istiqamətini və başlıca motivini də bu iki başlıca dəyər təşkil edir.

O istər siyasi hakimiyyətin sükanı arxasında olanlara, istərsə də həmin məqama qovuşmağa can atanlara eyni səs, eyni ahənglə ucadan, özü də lap ucadan var səsi ilə səslənib deyir:

"Diqqətli olun! Ehtiyatlı olun! Azərbaycan dövlətçiliyi ilə zarafat etməyin! Tarixi oxuyun, öyrənin, ondan ibrət götürün! Müasirləşin! İslahatçı, yenilikçi olun! Köhnə qaydalarla yaşamayın!”

Şirməmməd müəllimin uzaqgörənliklə müdrikcəsinə, vətəndaş yanğısı və sevgisi ilə söylədikləri müəyyən zaman kəsiyində-tarixin güzgüsündə düzgünlənib güzgülənir.

"Vətəni sevmək, millətə sevgi hissləri bəsləmək hələ dövlət quruculuğuna "Azərbaycan probleminin həllinə bələdçilik edə bilməz və bu problem çox ciddi və təhlükəlidir. Bu problem çox siyasətçilər nəslini sıradan çıxarıb və tarixin yaddaşına atıb. Azərbaycan problemi bir oddur ki, onunla oynamaq çox ehtiyatlı davranış tələb edir”.

Şirməmməd müəllimin bu çağırışları ictimai-siyasi müstəvidə özünü təsdiqlədiyi kimi real həyatda da öz təsdiqini tapdı. Demokratik Cümhuriyyət 23 ay yaşadı.

İkinci dəfə müstəqilliyimizi əldə etdikdən sonra Şirməmməd Hüseynov müəllim, tədqiqatçı alim və jurnalistlik fəaliyyətini bir müstəvidə birləşdirərək tarixin ibrət dərslərini ciddi-cəhdlə Azərbaycan oxucusuna çatdırmaq üçün bütün fəaliyyəti ilə nəsillərarası mənəvi "körpüyə” çevrildi.

Bir əsrdə bir xalqın əlifbasının dörd dəfə dəyişilməsinin hansı nəticələrə gəlib çıxacağını düşünmək belə adamı dəhşətə gətirir. Nəsillərarası mədəni və mənəvi əlaqələrin, maarifçilik bağlarının kəsilməsi, öz kökünə və tarixinə acgözlüklə kənardan baxmağın vüsətinə və dəhşətinə bundan böyük və bundan əclaf təsir vasitəsi tapmaq mümkünsüzdür.

Əsrlər boyu Vətən hər bir Azəri türkünün iman yeri-güman yeri olub. Başqa millətlərin nümayəndələri yaşamaq, məskunlaşmaq üçün ayrı-ayrı ölkələrə güclü axın etsələr də azərbaycanlılar bu "xəstəliyə” (bu əsl erməni xəstəliyidir!) yoluxmamışlar. O, qərib ölkəyə düşəndə də doğma yurdundan ötrü göz yaşlarını, niskilini bayatıya büküb saxlayıb.

Əzizim vətən yaxşı,

Geyməyə kətan yaxşı,

Qürbət cənnət olsa,

Ölməyə vətən yaxşı.

Bu millət gözsüz yaşayıb, ancaq Vətənsiz yaşaya bilməyib. Qürbətdə keçən ömrünü ömür-gün saymayıb. Ona görə ki, vətənin bir günü, qürbətin yüz baharından yaxşıdır. Təsadüfi deyil ki, vətən sevgisi atalar sözlərinin də yaddaşında kodlaşıb qalıb və bu gün də öz hikmətini sevinc kimi yaymaqdadır. Atalarımız deyərdilər ki, "Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”, "Vətənə gəldim, imana gəldim”, "Qürbətdə keçən ömür, ömür sayılmaz”, "Qürbət eldən vətən olmaz”, "Gözsüz yaşamaq olar, vətənsiz yox”, "Oba yiyəsiz qalanda donuz təpəyə çıxar” və s.

Şirməmməd Hüseynovun publisistikası atalar sözləri, zərb məsəllərlə zəngindir. Onun qəlbinin harayı, zaman keçir və onlar da atalar sözünün yükünü və ağırlığını misra-misra, abzas-abzas öz çiyinlərinə götürürlər.

"Siyasət oyun deyil,sənətdir”, "Əyri otur, amma düz danış”, "Müstəqil dövlətə azad jurnalistika gərəkdir”, "Məddahlıq köhnə sənətdir, davamçıları hər zaman var”, "Aldanmayan, aldatmayan təkcə tarixdir”, "Düşməni tanı, milli intibahını yüksəlt”, "Məzlum millətin mətbuatı da məzlum olur”, "Tərəqqi üçün azadlıq və istiqlal gərəkdir”, "Ağacı qurd, milləti manqurt içindən məhv edər”, "Külək yaradanlar mütləq tufana düşürlər”, "Kitabdan ad silmək olar, tarixdən yox”, "Hər vızıldayan bal arısı, hər gədadan bəy olmaz”, "Qələm dəllalları, qəzet həşaratları”, "Türkün dostu türk özüdür”, "Sağlam birlikdən qüvvət doğar”, "İstiqlal bütün xalqın əsəridir”, "İmperiya dağılar, ruhu qalar”, "Fəda ol, qədr gör”, "Çürük zəmində birlik olmaz”, "Eşidən qulaq, nəcabət dərin düşüncə gərək”, "Söz azadlığı insanın təbii azadlığıdır”, "Söz azadlığı həm təbii, həm də ictimai hüquqdur” və s. Və i. Nümunə üçün göstərdiyim bu kəlamlar həm də Şirməmməd müəllimin ayrı-ayrı məqalələrinin sərlövhəsi olmaqla o məqalələrin ideya istiqamətini də təyin edir. Bu nümunələr isə onun publisistikasını bədirləyən məqalələrin cüzi bir hissəsinin başlığıdır.

Ş.Hüseynov lap gəncliyindən atalarımızın müdrik kəlamlarını yaddaşına həkk edərək özü də müdrikləşmiş, deyimləri və məhəbbəti ilə heyrətləndirməyi bacarmışdır. Məncə, onun deyim və müdrik kəlamları ayrıca bir tədqiqatın mövzusu ola bilər.

Ş. Hüseynovun vətən sevgisi sonsuz və intəhasızdır. O, vətəni-daşına, torpağına, iqliminə, suyuna, dağına və aranına görə sevmir. O, vətəni vətən olduğuna görə sevir. Şirməmməd müəllimin vətən sevgisi o qədər səmimidir ki, hər kəsi düşündürüb ruhunu riqqətə gətirir.

"Azərbaycanda qadınlar üçün ilk mətbuat orqanı-"İşıq”-95” məqaləsində yazır: "İşıq” qəzetinin 1911-ci il 23 iyul tarixli 24-cü nömrəsində dərc olunmuş idarədən bu bildirişə mən bu vaxta qədər ana dilimizdə nəşr olunan heç bir mətbuat orqanında rast gəlməmişəm. Müəllifin rast gəlmədiyi bildiriş isə belə idi: "Qəzetimizə xəbər və məqalə yazanlardan razılıq edib təvəqqe eləyirik ki, yazıları mümükün olduğu qədər öz ana dilimizdə yazıb, ərəb və fars, osmalı lüğətləri işlətməsinlər. Çünki oxucularımızın çoxu qəzetimizin dilindən şikayət edirlər. Ana dilində yazılmayan məqalələr hərgiz dərc olunmayacaqdır”.

Bəli, ustadı qayğılandıran və onu düşündürən də budur. Ş.Hüseynov fikrini davam etdirərək deyir: "Bu təsadüfidirmi? Qətiyyən yox! Ana dilimizin ali mücahidləri, qoruyucuları elə analarımız olub. "Ana dili”, "Ana vətən” vardır. Həm də əbədi vardır”.

"İşıq” qəzetini milli mətbuatımızın və doğma Azərbaycanımızın bir parçası hesab edən Ş.Hüseynov həmin qəzetin redaktoru Xədicə xanım Əlibəyovanın-Azərbaycanın bu ilk qadın redaktor-jurnalistinin fəaliyyətini çox yüksək qiymətləndirir: "Əgər Həsən bəy Zərdabi ümummilli mətbuatımızın banisi, ilk redaktor və jurnalistimiz sayılırdısa, Xədicə xanım Əlibəyova onun davamçısı, ilk qadın mətbuatımızın banisi, ilk qadın redaktor-jurnalistdir. Məncə onun nəşr etdiyi qəzetə də məhz bu baxımdan yanaşmaq, dəyərləndirmək lazımdır”.

Şirməmməd Hüseynovun publisistikası hərəkətdə olan, fəal narahatlıq içində çırpınan bir nəhrdir desəm, elə bilirəm bir o qədər də səhv etmiş olmaram. Bu fəal narahatlıq, zaman qarşısındasa cavabdehlik bütün dövrlərdə milli publisistikanın əsas əlamətlərindən biri olmuşdur. Məhz bu keyfiyyət Şirməmməd Hüseynov publisistikasında da güclüdür.

Özü də bu narahatlıq-onun publisistikasının yalnız əlaməti deyil, həm də bilavasitə predmetidir: O, bir çox məqalə və çıxışlarında "narahatlığı” millilik, azadlıq, kökə bağlılıq, təmizlik, düzlük, işıq, hərəkət, həyat və dirilik təcəssümü kimi idrakının süzgəcindən keçirir.

Əsrlə üzbəüz,zamanla həmdərd və həmdəm bir millətsevərin daxili duyğu və düşüncələri bu narahatlığın ifadəsinin üsul və formasıdır.

"XX əsr” zaman kimi onun publisistikasında obrazlaşır, bəşəri və milli təlatümlərin məkanına və ünvanına çevrilir. Bir şey də var ki, Şirməmməd müəllimin publisistikasında "zaman” anlayışı dəqiq sərhədlərə sığdırılan konkret tarixi bir dövrün-müasirliyin hüdudlarından çox-çox kənara çıxır. Şirməmməd Hüseynovun publisistikasında zamanla ünsiyyət həm də tarix və əbədiyyətlə, gələcəklə müsahibə anlamına söykənir: Dərin, təbii özünüdərkə sığınan, milli taleyin gələcəyi üçün narahatlıq keçirən böyük mütəfəkkirin daxili nitqi öz mənvi vicdanı ilə müsahibəsi deməkdir. Geniş fəlsəfi mənada zaman və düşünən sənətkar "mən”-Şirməmməd müəllimin publisistikasında istiqlalımızın təməlçisi Məhəmməd Əmin Rəsulzadənin "türkləşmək, islamlaşmaq və müasirləşmək” kimi irəli sürdüyü üç əsas xəttin dəyişməz üç daimi qütbüdür.

Eyni zamanda qeyd etməliyəm ki, fəlsəfi "zaman” obrazı onun publisistikasında həmişə hər cür konkretlik fövqündə dayanmır, hüdudsuz, sərhədsiz, eyni zamanda, mücərrəd simvol təsiri də bağışlamır, əksinə, onun milli ictimai və estetik idealı ilə bilavasitə əlaqələnir.

Şirməmməd Hüseynovun publisistikasında zamana maraq-xalqın mənəvi əbədiyyətinə, mənəvi "indi”sinə və keçmişinə olan marağa bərabərdir.

Zaman onu yalnız xalqın tarixi taleyi ilə, xalqın mənəvi və əxlaqi həyat təcrübəsi ilə bağlılığı prizmasından düşündürür və narahat edir. Keçmişi də, gələcəyi də Şirməmməd Hüseynov "Vətən tarixinin” səhifələri kimi varaqlayır.

Şirməmməd müəllimin publisistikasında Azərbaycan zamandan kənarda deyil. Daha dürüst olanı budur ki, vətən də onun üçün, hər şeydən əvvəl zamanı təmsil edən surət və rəmz-ədəbi-əxlaqi yaddaş və mənvi-tarixi vicdandır. Şirməmməd müəllim üçün doğma və əziz, əlçatmaz və müqəddəs olan hər şey məhz "Ana Azərbaycanın”-Vətənin yaddaşında əbədiləşir və kodlaşır. Çünki bu istək, bu "yaddaş” keçici və ötəri yox, həqiqi və milli olan əbədi ruhu və müstəqilliyi yaşadır. Odur ki, Ş.Hüseynov gələcəyi də, keçmişi də məhz xalqın "hafizəsindən” oxuyur, öyrənir və onu qiymətləndirərək gündəmə daşıyır.

Elə bu səbəbdən və bu əsasdan da Şirməmməd Hüseynovun publisistikasında ayrıca bir "tarixilik” anlayışı yoxdur, ayrıca bir milli dərd, milli istək yoxdur. Onun üçün yalnız eyni, vahid varlıq-müqəddəs əbədi Azərbaycan vardır ki, o da bu publisistikada tarix və proses kimi , həm keçmiş, həm də gələcək kimi, həm ağrı, həm də sevinc kimi öz şərhini və təsvirini tapır. Belə bir düşüncə xalqın mənəvi tamlığını və böyüklüyünü, olduğu kimi duymaqda və dünyaya tanıtmaqda ona kömək edir.

Şirməmməd müəllimə görə tarix də torpaq və ana dili kimi təkrarsız və bənzərsiz milli-mənəvi sərvətimizdir. O, keçmişə yox, bizə məxsusdur. Xalqı tarixlə də tərbiyə etmək gərəkdir. Belə olmayanda, əcdadı, kökü unudanda təkcə insan manqurtlaşmır, həm də tarix "ölür”. Bir əsrdə bir millətin dilinin yazıdakı ifadəsini tənzimləyən əlifbanın dörd dəfə dəyişdirilməsi (bu işə qol qoyan və rəhbərlik edənlərin kimliyindən asılı olmayaraq) kökdən, ənənədən qopmağa, yaddaşsızlığa rəvac verən anti-milli ideologiyaya hesablanmayıbmı?!

Hər işdə ayıq-sayıq dayanan mərkəzin (Moskvanın!) ayağını bir addım kənar atanlara "barmaq silkələyib” "qırmızı kart” göstərənlərin mənfur və məkrli siyasətlərinin loyal təzahürü və bədxah nəticəsi deyilmi?

Tarixindən istifadə etməyən xalq yeraltı və yerüstü sərvətlərindən məhrum edilən, öz təbii enerji ehtiyatlarından istifadə etməyən xalq kimi köməksiz və yoxsul olur. Yalnız yaddaşını itirən millət torpağını, dilini və "mən”ini də itirə bilər. Bəlkə də elə bu səbəbdəndir ki, Şirməmməd Hüseynovun publisistikasında kökdən, ənənədən bu qədər çox ürəyiyananlıqla danışılır.

Şirməmməd müəllimin publisistikası bu günün, bu saatın ehtiyacına reaksiya kimi yaranan ədəbi-estetik sənədlər deyil. Publisist-ideoloqu həmin yazıları yazmağa sövq edən və gətirib çıxaran milli və mənəvi ekologiya (xalq və tarix!) xalqda milli mentalitet məsələsi; Qarabağ hadisələrinin ssenarisi və onun icrasını şərtləndirən xarici, qlobal geosiyasi maraqlar, həmçinin daxili xəyanət və təxribatlara çulğanmış əxlaqın və tərbiyənin mənəvi-milli səbəbləri və kökləri düşündürür. Onların hamısının zirvəsində isə vətən, torpaq, zaman, tarix, müstəqillik, azadlıq, türklük və bəşərilik dayanır.

Şirməmməd müəllim XX əsr Azərbaycan publisistikası tarixinə müharibədən sonrakı nəslin nümayəndəsi kimi daxil olub. Demokratik cümhuriyyət dövrünün, ondan əvvəlki dövrün (XIX əsrin sonu və XX əsrin əvvəlləri), aprel çevrilişinin, "37-ci illər” dövrünün, dünya müharibəsinin imtahanından çıxan milli publisistikanı daha sonrakı "dinc illər”in əxlaqi axtarışlar, texniki inqilab, "yenidənqurma”, azadlıq hərəkatı və müstəqillik deyilən dövrlərin sınağında qoruyub saxlamaq bu nəslin öhdəsinə düşüb. Məslin uğurlarını daha qabarıq ifadə etmək və onu irəli aparmaq bir publisist araşdırıcı alim kimi Şirməmməd müəllimə nəsib olub. Jurnalist və mətbuat tarixini tədqiq edənlər nəslinə, xalqına, kökünə bağlılıq, təkrarsız, fərdi, milli çalar Ş.Hüseynov publisistikasını Azərbaycan publisistikasının tarixi-publisist faktına və hadisəsinə çevrilib ondan müasir şərq və dünya publisistikası prosesinin məcrasında danışmağa əsas və haqq verir.

Şirməmməd müəllimin publisist fəaliyyətini dərindən açan dörd-beş ən səciyyəvi xüsusiyyət haqqında düşünüb-daşınarkən, mənim yadıma, ilk əvvəl, "millilik” sözü düşür. Niyə "milli publisistika”? Kimdir "milli publisist yazar”? Məncə, yalnız millətin adından danışmaq haqqını qazanan yazar "milli yazar” olur. Xalqın dərd sərini xalqla bölməyən, vətən parçalananda ürəyi parçalanmayan, torpaq əldən gedəndə "ürəkkeçməsi” olmayan yazara-publisistə necə "milli yazar” demək olar?! Şirməmməd Hüseynov bu haqqı hələ əllinci illərdən Bəxtiyar Vahabzadəyə "Gülüstan” poemasının mövzusunu verəndə, onu bu tarixi əsəri yazmağa təşviq edəndə qazanıb.

"Müstəqilliyin Çətin yolu... Biz hara gedirik?” (B.1996), "Milli haqq və ədalət axtarışında” (B.2004), "Mənəvi irsimiz və gerçəklik” (B.2004) və s. kitablarına daxil edilmiş yazı və çıxışları ilə təsdiqləyib.

Dövrümüzün böyük zəkalı alimi, professor Cahangir Məmmədli yazır: Ermənistan Azərbaycan təcavüzünün ilk çağlarında ermənistanlı soydaşlarımızın vəziyyətilə tanış olmaq üçün bir başa hadisə yerinə- Ermənistana yollandı. Bu hadisələri siyasi bucaqdan araşdıran Ş.Hüseynov Azərbaycan televiziyasında, radioda, mətbuatda çox böyük publisist işi gördü. Onun müsahibələri, ictimaiyyətlə çoxsaylı görüşləri, erməni xislətini klassik üslubda ifşa edən publisist yazıları o zamanın çox karına gəldi. Bu böyük və işgüzar yaradıcı fəaliyyət publisist alimin 1996-cı ildə nəşr olunan "Müstəqilliyin çətin yolu... Biz hara gedirik?” fundamental elmi-publisistik kitabında öz əksini tapmışdır”.

Şirməmməd Hüseynov yaradıcılığını böyük məhəbbət və rəğbətlə izləyən C.Məmmədli fikrini davam etdirərək yazır ki, bu kitab (yuxarıda adı qeyd olunan) Ş Hüseynovun bir alim-vətəndaş, bir publisist-vətəndaş kimi Azərbaycan problemləri ilə bağlı 1980-cı illərin sonu, 1990-cı illərin əvvəllərindəki onlarca, yüzlərcə əsərinin yalnız bir hissəsidir. Adından da göründüyü kimi, bu əsər Azərbaycanın müstəqilliyi uğrunda mübarizə illərinin publisist, alim, vətəndaş fədakarlığının faktlarını özündə daşıyır”.

Publisist alimin yaradıcılığından "erməni məsələsi” bir ağrı kimi keçib getdiyi müşayət olunur. Bu ağrıya tarixi-qlobal zəmində güzgü tutan Ş.Hüseynov yazır: "Erməni-müsəlman davası” təkcə xalq leksikonunda deyil, sovetləşmədən əvvəlki mətbuatda da işlədilmişdir. Bu davanı kim başlamışsa, onun gühahkarı kim olmuşsa onun adı əvvəlcə çəkilmişdir. "Müsəlman-erməni davası ifadəsi yoxdur, çünki müsəlmanlar, o cümlədən azərbaycanlılar heç vaxt milli münaqişənin təşkilatçıları, başlayanları olmamışlar. Bu indi də belədir.”

Professor Cahangir Məmmədli "Müəllimliyin, tədqiqatçılığın və publisistikanın Şirməmməd Hüseynov məktəbi” adlı məqaləsində publisist alimin həyat və fəaliyyətini xarakterizə edərək çox vacib bir gerçəyi də dilə gətirir: "Ş.Hüseynov son 30 ildə mətbuat tədqiqatçılığının çox mühüm və maraqlı bir üsulunu yaratmış və inkişaf etdirmişdir. O, Azərbaycan klassik publisistlərinin üzərinə qadağalar qoyulmuş, sovet dövründə yenidən çapına imkan verilməmiş əsərlərini arxivlərin, saralmış qəzet komplektlərinin dərin qatlarından çıxararaq özünün xüsusi və həm də heyrətamiz dərəcədə müasirləşdirilmiş şərhləri ilə yenidən oxucuya təqdim edir”.

Böyük ustadın yaratdığı məktəbin tələbəsi olaraq çox mühüm və maraqlı üsuldan istifadə etmək, yeri gəldikcə ondan bəhrələnmək qərarına gəldim və bunun daha doğru yol olduğu qənaətinə inandım.

Şirməmməd Hüseynov milli məsələdən danışarkən heç bir məhdudluğa, insaniyyətə zidd fikirlərə rəvac vermir, əksinə əsl humanist mövqedən bu məsələyə yanaşır, onu doğuran səbəbləri, təşkilatçıları və "ilhamverici” qüvvələri zərgər dəqiqliyi ilə göstərir, bu bəlanın mahiyyətini, onun fəsadlarını çılpaqlığı ilə gündəmə gətirir, qurtuluş yolarını göstərməyə səy edir. Budur Şirməmməd müəllimin imisti publisistikasını təravətdən düşməyə qoymayan al-əlvan notlar. O, "erməni məsələsi”nə aid onlarla publisist məqalələr, şərhlər yazmış, çoxsaylı müsahibə və çıxışlarında bu məsələyə geniş yer vermiş, hətta bu gün də öz aktuallığını itirməyən, "erməni-müsəlman məsələsinə” (XX əsr boyu və XXI əsrin ötən illərində) həsr edilmiş, heç zaman köhnəlməyən sələflərin onlarla məqalələrini yenidən dərc etdirmişdir.

Bu da məlum həqiqətdir ki, publisistika XX əsrdə, elə indi də ən aktual, ən canlı janrdır. Zamanın, əsrin, xalq həyatının bu günkü, çağdaş vəziyyətini əks etmək və irəli sürdüyü vacib, vacib olduğu qədər də taleyüklü suallara cavab vermək publisistikanın əsas vəzifəsidir.

Bir də o publisistik əsərlər əhəmiyyətli, qiymətli sayılır ki, onlar milli varlığın, gündəlik mübarizələrin irəli sürdüyü məsələləri gündəmə daşıyır, həyatın canlı qaynaqlarında doğan böyük problemləri əks edir, çox vacib suallara cavab verir. Özü də doğru-dürüst cavab verir. Onun qələmi bu mürəkkəb ziddiyyətlərin içərisindən doğrunu tapır, həqiqəti dərk etməyə yardımçı olur, alçaq və yalançı hissləri, həris duyğuları, mürtəce fikirləri ağıl və zəkanın işığında üzə çıxarır və həqiqəti söyləyir.

Erməni-müsəlman məsələsi yeni deyil. Bu məsələnin tarixi kökləri XX əsrin 80-ci illərindən yox, Azərbaycanın bölünərək çar Rusiyasının tərkibinə qatıldığı dövrdən qaynaqlanır.

O dövrdə milli məsələ Rusiyanın və Rusiyada yaşayan xalqların həyatında ən ağır, ən çətin və müşkül məsələlərdən biri idi. Tarix dönə-dönə sübut etmişdir ki, istismarçı siniflərin ağalığına əsaslanan dövlət quruluşu bu məsələni doğru həll edə bilməmiş, öz ictimai və milli zülm siyasəti ilə onu daha da kəskinləşdirmişdir. Çarizm milli məsələdə həyasız, alçaq təzyiqlər, fitnə-fəsad, qırğınlar yolu tutmuşdu.

C.Cabbarlının hələ o vaxt qələmə aldığı "1905-ci ildə” (1931) əsərində erməni Allahverdi Əsriyanla Qarabağlı azərbaycanlı İmamaverdinin görüş səhnəsində "Atan kazaklardır!” nida cümləsini işlətməsi təsadüfi deyildi. Bu, real təhlükənin mənbəyinin dəqiq ünvanı idi. Kazakların və onların törəmələrinin atdığı güllələrin səsi 1990-cı ilin yanvarında Bakıda, daha sonra Qarabağda, Xocalıda və Şuşada da eşidildi. Hətta ermənilər indi də kazakların atdığı güllə səslərinə vurğunluqla hərb və ya sülh dilemması qarşısında başlarından yekə, utanıb qızarmadan həyasız-həyasız, lovğa-lovğa danışırlar. Bir məsəl var deyərlər: "Ağılsız köpəklər həmişə ulduza hürər”.

Hələ o vaxt Lenin özü çar Rusiyasını "xalqlar həbsxanası” adlandırmışdı. Ancaq onun qurduğu hökumət də Leninin bu "kəlamını” yarlıq edərək öz yaxasından asdı. Əlbəttə, bütün mütərəqqi ziyalılar kimi, vətənpərvər-xalq, millətsevərlər kimi Ş.Hüseynov da milli məsələyə biganə və soyuq baxa bilməzdi. O, çarizmin milli ayrı-seçkilik və üstünlük siyasətini nifrətlə damğalayır, həmişə milli zəmində tonqallar qaladığını və zaman-zaman onu körüklədiyini bir çox publisist yazılarının yaddaşına köçürür.

Ş.Hüseynov milli məsələdən "erməni məsələsi”ndən danışarkən heç bir məhdudluğa yol vermir, əksinə, əsil humanist mövqedən bu məsələlərə yanaşır, xalqlar arasında bərabərlik, əmin-amanlıq və qarşılıqlı hörmət ideyasını təbliğ edir. Elə bu nöqteyi-nəzərdən də tarixi həqiqətlərə üz tutur.

Publisist-tədqiqatçı alim "Unudub-uduzuruq!” rubrikası altında çap etdirdiyi "100 il bundan əvvəl olmuşlar və bəzi düşüncələr” məqaləsində yazır:” Bizim üçün I rus inqilabı dövrü tariximizin həm də milli oyanış dövrü kimi səciyyələnir. Tarixdən məlumdur ki, bu oyanış ağrılı-acılı keçmişdir. Bu oyanışdan təkcə daxili mühafizəkarlar deyil, ən çox qorxuya düşən qatı erməni millətçiləri-daşnaklar idi. Onlar əsrin əvvəllərindən başlayaraq, (XX əsrin-R.O) əsas diqqətlərini Osmanlı Türkiyəsindən zəif düşməkdə olan Rusiyanın Qafqaz bölgəsinə, xüsusilə Azərbaycana, azərbaycanlılara qarşı yönəltmişdilər. "Böyük Ermənistan” xülyasına məhz buradan başlamaq və bu mənfur planın həyata keçirilməsi işinə Rusiyanı və rusları da cəlb etməyi qarşılarına məqsəd qoymuşlar. Ermənilərin istifadə etmək istədikləri rus şovnistlərinin türk-müsəlman düşmənçiliyi min illər davam etmiş xristian-islam qarşıdurması idi. Şüurlarda həkk olunmuş hər iki hissdən ermənilər istifadə etməyə də başlamış, xristian dünyasına "erməni məsələsi” adlı qondarma bir problem xofu qəbul etdirməyə girişmişdilər.”

Bütün ağrı və acımızla etiraf etməliyik ki, bir ovuc olmalarına baxmayaraq, yalan və riyakarlıqlarının, hiyləgər və məkrli ardıcıl planlarının, "məzlum xalq” imicinə girərək həyasız böhtanlarının işığında buna nail olmuş, rus, fransız və ingilis himayədarlarının ürəklərinə yol tapa bilmişlər. Onların geniş miqyaslı və davamlı təbliğat kampaniyasına rəvac vermələri zaman-zaman öz bəhrəsini vermiş, onlar Qafqazda Azərbaycan torpaqları hesabına olmayan dövlətlərini yarada bilmişlər. Dişləri qana bulaşan erməni-daşnaklar XX əsrin əvvəllərində olduğu kimi, XX əsrin sonunda da Azərbaycana qarşı ərazi iddialarında bulunmuş, ikiüzlü himayədarlarının xeyir-duası və hər cür dəstəyi ilə yüz minlərlə günahsız azərbaycanlıları qətlə yetirmiş, əsir götürmüş (hələ də minlərlə əsirin acı taleyinə dünya evi dağılmış göz yumur, qulaqlarını tutur, ikibaşlı siyasətləri ilə meydangirlik edir, ara sulayırlar.), Xocalı soyqrımını törətmiş. Azərbaycanın əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağı və ona bitişik olan yeddi rayonu- Laçın (17 may1992), Kəlbəcər (2 aprel 1993), Ağdam (23 iyul 1993), Cəbrayıl (23 avqust 1993), Füzuli ( 23 avqust 1993), Qubadlı (31 avqust 1993) və Zəngilan ( 29 oktyabr) rayonlarını dünyanın gözü qarşısında işğal altında saxlayır. Düz otuz ildir ki, ona "gözün üstdə qaşın var!” deyən də yoxdur. Ancaq ATƏTin Minsk üçlüsünün Qafqaza-Azərbaycana, İrəvana və Xankəndinə 25 illik "turist səfərləri” və yemək-içmək məclisləri davam edir.

Əfsuslar ki, həyasız və riyakar erməni təbliğat maşını XX əsrin əvvəllərində olduğu kimi, indi də böyük xristian dövlətlərinin və əzəli havadarlarının mətbuat və digər təbliğat kampaniyalarının kodlarını yaxşı bilir, sistemli və müntəzəm onlardan yararlanırlar.

Təbiidir ki, Şirməmməd Hüseynov kimi erudisiyalı, dünyagörüşlü, geniş fikirli, həqiqi qeyrət sahibi olan vətəndaş ürəkli bir publisist tədqiqatçı alim bütövlükdə türk xalqlarının, eyni zamanda mənsub olduğu və zaman-zaman təkləndiyi xalqının ağır dərdlərini və ehtiyaclarını mümkün qədər bütünlüklə, geniş ölçüdə tədqiqata və təhlilə cəlb etməyə, qələmə almaya bilməzdi. Onun " erməni məsələsi” mövzusundakı publisistik yazıları öz tematik genişliyi ilə, ədəbi mənbələrdən, xüsusilə mətbuat səhifələrindən gətirdiyi misallarla oxucunun ürək tellərini (əlbəttə ürəyi olanların) titrədə bilir, ağlın və yaddaşın "sokunu sıxıb çıxarır”.

Ş.Hüseynovun publisistik yazılarında gəldiyi başlıca qənaət belədir ki, torpaq xalqın namusu, qeyrətidir. Gərək hər bir kəs öz namusuna və qeyrətinə yiyə dursun. Tarixi təcrübə də göstərir ki, kim başqasının torpağna göz dikirsə, müxtəlif hiylə və bəhanələrlə ona yiyələnmək sevdasına düşürsə çox böyük cinayət və xətaya yol verir. Tarix özü onu cəzalandırır. Ancaq əsrlərdir ki, erməni-daşnaklar əvvəl "Ermənistan”, sonra "dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyalarından əl çəkmirlər. Bu istəkləri bir mərəz olub onların milli xəstəliyinə çevrilib. Bu xəstəliyin beşiyi başında da erməni kilsəsi dayanır, bu mərəzi "sağaltmaq” üçün maddi və mənəvi hazırlıq işlərinə rəvac verir.Yüz illərdi ki, 25 yaşına çatmış hər bir erməni (yaşayış yerindən-yaşadığı ölkədən asılı olmayaraq) hər il "millət vergisi” deyilən bir vergini verməyə məcbur edilir. Tam bir əsrdən çoxdur ki,erməni millətçilərinin ən şovonist təbəqəsi olan daşnaksütyun partiyası dünyanın hər bucağında yaşayan ermənilərini "böyük ermənistan” uğrunda səlib yürüşünə səsləyir. Özü də dünyanın gözü qarşısında. Ötən əsrdə tarixə az-çox bələd olanlar bilirdilər: keçən müddət ərzində ermənilər Qafqazda, Türkiyədə və İran torpaqlarında nə oyunlardan çıxdılar. Ancaq lal və kor dünya erməni həyasızlığına qırmızı ("stop!”) işıq yandırmaq əvəzinə, dığalara-haylara havadar da çıxdılar. Erməni yalanı, erməni həyasızlığı vəziyankarlığı, hətta vəhşi qəddarlığı ayaq tutub yeriyir də.

Bəli, erməni tarixçiləri son əsr boyunca ermənilərin olmayan tarixlərini quraşdırıb saxta tarix yazıb ortaya qoydular. Dırnaq içində onlara "əhsən!” Daşnaksütyunçular isə olmayan erməni dövlətini yaratdılar və onu qədim dövlətçilik ənənələri olan dövlət, xalqını isə oborgen xalq, dünya svilizasiyasının "təməldaşları” kimi dünyaya sırımaqdadırlar. Olmuşlara ötəri, gözucu nəzər saldıqda havadarlarının və onlara "əmzik” uzadanların döşlərini də erməni xəyanətinin ağzında görürsən. İstər daşnaksütyunçulara, istərsə də "əmzlik döş” verənlərə təəccüb qarışıq dırnaq içərisində "səd əhsən!” deməkdən özünü saxlaya bilmirsən. Buna ağlın da gücü çatmır, bu məqamda zorun gücü gərəkdir.

Ş.Hüseynov "Dərd həmin dərddir...” (həyasız böhtanlar və tarixi həqiqət) adlı məqaləsində erməni həyasızlığını, 1890-cı ildə yaradılmış "Daşnaksütyun” ("İttifaq”) partiyasının həyasızlığının və qəddarlığının gürcü mənbələrində də əks olunduğunu göstərərək yazır: "Gürcü sosialistlərindən Qaribi bu barədə "Qızıl kitab” əsərində belə yazıb: "Erməni istilaçılarının, bilaxassə "Daşnaksütyun” firqəsinin doğuşuna qədər Qafqaz adlı ölkədə sülh və dostluq hökm sürürdü. Bu ölkədə, sonradan türklərlə ermənilər arasında baş verən qanlı qırğınların kölgəsini belə xatırlayan yoxdu. Ermənilər, türklər və gürcülər yüz illərcə bir arada yaşadılar və bu müddət içərisində qanlı bir olay şəklində milliyət ədavəti görülməməişdir... Daşnaklar gəldilər və müstəqil Ermənistan üçün sırf ermənilərlə məskun bir ərazi yaratmaq istədilər Pədərşahi Qafqaz kəndlərinə milli ədavət və nifrət hissləri doldu. Ermənilərin silah oynatmalarına türklər də eyni surətlə qaşılıq verdilər”. (Qaribi, Krasnaya kniqa, səh.49, Tiflis,1921)

Yenə də 1918-ci ildə erməni kilsəsinin və "Daşnaksütyun” partiyasının fitvası və xeyir-duası ilə erməni cəlladları amansız qırğınlar törətdilər. Yenə orada oxuyuruq: "1918-ci il martın 30-31-i və aprelin 1-də gecəli-gündüzlü qırğında 10.000-dən artıq azərbaycanlı öldürüldü. Azərbaycanlılara məxsus olan dükanlar, mağazalar qarət edildi, evlərə ataəş açıldı. Türk qadınları saç-saça bağlanaraq, çılpaq gəzdirildikdən sonra caniyana şəkildə təcavüzlər, öldürülmələr və daha başqa cinayətlərə... məruz qaldılar.

Təcavüzlər bununla da bitmədi. Erməni və ağqvardiyaçı birlikləri və könüllülər birləşərək Şamaxı, Salyan, Kürdəmir, Quba və Lənkərana eyni şəkildə hücum etdilər”.

Bəli, əlbəttə, erməni təcavüzü bununla da bitmədi. 1918-ci ildən 1947-1948-ci illərə yol gəldi, azərbaycanlıların İrəvan torpaqlarından deportasiyasına köhnə ittifaq səviyyəsində nail oldular.

Belə ki, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin imzası ilə "Azərbaycanlı kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul olunmuş və amansızlıqla icra olunmuşdur.

Yenə təcavüz sonuclanmadı, həyasız niyyətlər Qazax rayonunun torpaqlarına uzandı, yeni ərazi iddiaları Qarabağda günahsız insanların qanını axıtdı və 30 ildir ki, Qarabağ düyünü çözülmür ki, çözülmür.

Yuxarıda da dediyimiz kimi Ş.Hüseynov publisistikasının ən ağrılı yeri Qarabağ dərdidir, "erməni məsələsi”dir. Tarixin isə "erməni məsələsi” ilə bağlı açıqlanmayan diaqnozu: "erməni xəstəliyi-erməni azarı”dır.

"Dərd həmin dərddir...”, "Tarixin ibrət səhifələri”, "Niyə mübarizəsiz və düşmənsiz keçinmək olmur”, "Ayılmaq, iş görmək vaxtı deyilmi?”, "Tora salırlar, ya düşürük”, "Millət sizə minnətdardır”, "Hədə qorxu, yoxsa real təhlükə?”, "Vertalyot qəzaya uğrayıb, yoxsa vurulub?”, "Hökmü zaman verir Moskva və Tehran yox!”, "Ümidimiz, şərəfimiz, namusumuz-ordumuz!”, "İlan vuran ala çatıdan qorxar”, "Şeytan karxanası işləyir”, "Əməkdaşlıq, soymaq və soyulmaq”, "Zaman keçsə də, bəla elə həmin bəladır”, "Yelena qan-qan deyir”, "Ermənilər indi də Türkiyəni çalxalamaq istəyirlər”, "1992: Bəli yenə də müsibət!”, "Milli qətliam”, "100 il bundan əvvəl olmuşlar və bəzi düşüncələr”, "85 il bundan əvvəl Qarabağda erməni qiyamı və onun ləğvi”, "İngilis hərbi jurnalisti məkrli erməni təbliğatı haqqında”, "Üzeyir irsinin əsrarəngiz səhifələri”, "Mirzə Cəlilin "Usta Zeynal”ı, Moskva politbüroda”, "Mücahid və fədailəri terrorçularla qarışdırmaq olmaz”, "Qəddar təcavüzkar, iftira və böhtan qurmaq ustaları”, "Qarabağ faciəsi , Mizəağa Əliyevin səfər təəssüratı”, "Bəylər burda vurnuxur, Balayanlar Xankəndində iş görür”, "1918-ci ilin mart-aprel faciələri”, "İnam azalır, narazılıq artır. Niyə?”, "Şahnazaryan riyakarlıq pərdəsini açır”, "A.Borovik erməni təcavüzünü niyə görməzliyə vurur?”, "Vətənin matəm günü niyə yaddan çıxıb?”, "Niyə biz əzab çəkirik, düşmən sevinir?” və s. və i. Onlarla adını qeyd etmədiyim məqalələri, şərhləri, mətbu irsimizdən toplayıb yenidən çap etdirdiyi saysız-hesabsız müəllifli məqalələri, müsahibələri, "erməni məsələsini”- "erməni xəstəliyini” tarixin yaddaşında olduğu kimi, bütün parametrləri və gerçəkliyin aqibəti kimi görmək üçün Ş.Hüseynovun publisistikasının güzgüsünə baxmaq, onun publisistikasının yaddaşını kodlaşdırıb öyrənmək lazımdır. Mənə elə gəlir ki, bu da xüsusi bir institutun görə biləcəyi bir işdir. Sadəcə məqalələrin adları çox mübhəmlərdən xəbər verir, onlara işıq tutur. Bir də fikrimcə Ş.Hüseynovun publisistikasında "erməni məsələsi” və ya "erməni xəstəliyi” ayrıca bir tədqiqatın mövzusudur. Bizi qane edən bir də odur ki, Ş.Hüseynovun publisistikasında fakt axını, onların nizamlı düzümü və ardıcıllığı məntiqin işığında güclü ümumiləşdirmələrlə sonuclanır və bu ümumiləşdirmələr qələmə alınmış mövzunun tam mahiyyətini açmağa yönəldiyi üçün oxucunu da doğru, düzgün nəticə çıxarmağa yönləndirir. "Mirzə Cəlilin Usta Zeynalı Moskvada Politbüroda” məqaləsində (18 fevral, 2006-cı il, "Günay”, № 7) erməni xislətinin-xəmirinin və mayasının yalançılıq, hiyləgərlik, məkr və böhtandan qaynaqlandığını faktların diliylə söyləyir və zərgər dəqiqliyi ilə də fikirlərini ümumiləşdirir: "Görünür, at ölüncə atlayır”.

Zoruna dönüm, zor ümumiləşdirmədir, deyilmi?!

Şirməmməd Hüseynovun publisistik əsərlərinin əksəriyyəti ideya-fikri istiqaməti etibarı ilə maarifləndirici səciyyədədir. O, qəzet və jurnallarda çap elətdirdiyi saysız-hesabsız publisistik yazılarda Azərbaycan xalqının həyatının, mübarizəsinin, təfəkkürünün ən müxtəlif sahələrini və problemlərini işıqlandırır, zəmanənin, xüsusən də Azərbaycanın uzaq və yaxın ictimai-siyasi, iqtisadi, eyni zamanda mədəni həyatının irəli sürdüyü müxtəlif canlı məsələlərə öz münasibətini bildirir.

SSRİ dağıldıqdan sonra Rusiya mətbuatı ittifaqa daxil olan respublikaların "onları hərtərəfli soyurlar” ideyasını gündəmə gətirirlər. Ş.Hüseynov "Kim kimi soyur?” məqaləsində yazır: "Mərkəz tərəfdarları gileylənirlər ki, suverenlik xəstəliyi baş alıb gedir, mərkəzi sayan yoxdur, guya mərkəzsiz ölkə uçuruma yuvarlana bilər. Respublikalardakı demokratların fikri isə başqadır. Onlara görə ölkəni indiki çıxılmaz böhran vəziyyətinə salan, xalqın əl-qolunu bağlayan elə mərkəzdir ki, var”. Publisist-alim sovetlərin dağılması mərhələsində yeni iqtisadi-birlik konsepsiyasının müəllifi G.Yavlinskinin mövqeyini dəstəkləyir: "Respublikalar bir-birini saymırlar. Onların hamısını 70 ildir ki, mövcud siyasi sistem soymuş və dilənçi vəziyyətinə salmışdır. "O, Sovetlər birliyinin iç üzünü, iqtisadi həyasızlığını açıb göstərməkdən çəkinmir. İttifaq büdcənin ən ədalətsiz şəkildə bölündüyünü, pay-pürüş edildiyini də ibrətamiz faktlarla açıb söyləyir.

"Sovetlər birliyi,sosialist ölkəsi adlanan məmləkətdə xalq gecə-gündüz işləyir, qan-tər tökür, varidat yaradır, lakin yuxarılarda bunu sözün əsl mənasında, hərraca qoyurdular. Bu vəziyyət müəyyən mənada indi də davam edir. Mərkəzdə çömçə tutanların ilk sırasında erməni mafiyası durur. Konkret bir misal. 1990-cı ildə Ermənnistanda adam başına düşən istehlak orta ittifaq səviyyəsinin 93 faizi miqdarında olmuşdur. Azərbaycanda bu rəqəm 57, Özbəkistanda 59, Tacikistanda 48 faizdir. Nəyə görə hamıdan çox məhsul istehsal edən müsəlman respublikalarında istehlak bu qədər azdır?” Bu mərkəzin apardığı iqtisadi və milli siyasətin çox sadə bir nümunəsidir. Ona görə də "xalqlar həbsxanası” adlandlrılan SSRİ-nin çöküşünü şərtləndirən səbəblərdən biri kimi xalqların tapdalanmış hüquqlarını nəhayət ki anlaması milli asılılığın şüardan başqa bir şey olmaması, xalqların öz milli müqəddaratlarını dərk etməsi, onu özlərinin təyin etmək istəyi və xalqların azadlıq hayqırtısı oldu.

Ş.Hüseynov öz düşüncəsi, idealları, arzu və istəkləri, zövqü etibarı ilə də xalqına bağlı, xalqına vurğun və munis adamdır. O, xalqının həyatı, ruhu aləmi, mənəviyyatı, tarixi və mədəniyyəti ilə çox dərindən tanışdır, onun dərdlərini və ehtiyaclarını da bütün qəlbi ilə duyur. Söz yox ki, övladlıq, vətəndaşlıq borcunu da dərindən dərk etdiyindəndir ki, hər zaman azad sözün beşiyi başındadır: haqqı söyləyir, haqqa tapınır və haqqın-ədalətin elçisinə çevrilir.

"Tarix də göstərir ki, hansı xalq, hansı ölkə, imperiya ambisiyası ilə şovinizm ideologiyası ilə yaşayırsa, düşmənsiz keçinə bilmir. Ona xalqı sakitləşdirmək, zorla işlətmək, qazandığını əlindən almaq üçün düşmən obrazı lazımdır. Çünki düşməni olan xalq hər cür əzab və əziyyətə dözür, təki düşmənə qalib gəlsin”.

Nə qədər gözəl, nə qədər dəqiq və mənalı deyilmişdir. Bürokratik istismarçı dövlət aparatının xalqa qarşı durduğunu, xalqının qəddar düşməni olduğunu bu qədər atəşli ürəklə, odlu sözlərlə və güclü məntiqlə ifadə etmək üçün xalqa, xalq işinə, azadlığa, müstəqilliyə təşnə olmalısan ki, öz işinə məhəbbət və inamında o qədər sarsılmaz olsun.

Şirməmməd Hüseynovun ictimai-siyasi publisistik yazıları ən azından üç böyük həqiqəti təsdiq etmiş və ya gündəmə gətirmiş olur. Birinci böyük həqiqət ondan ibarət olsun ki, Şirməmməd Hüseynov bütün varlığı, ürəyi və düşüncəsi ilə öz xalqına, xalqın həyatına bağlı adamdır və xalqın mənafeyini hər şeydən ucada, həm də üstün tutur. Bu, onun tapındığı bir həqiqətdir ki, öz xalqını sevməyən kəs heç vaxt beynəlmiləlçi ola bilməz. Alim-publisistin yaradıcılığındakı xəlqiliyin kökləri ictimai həyatın dərinliklərinə işləmiş, həmişə xalqdan, xalq mənəviyyatından qidalanmış və bu gün də xalqdan, xalq mənəviyyatından qidalanmaqdadır. İkinci böyük həqiqət budur ki, XX əsrin əvvəllərində ana Azərbaycanı canlarından da çox sevmiş cümhuriyyətçilərin-M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, Ə.Ağaoğlu, C.Məmmədquluzadə, H.Zərdabi, Ə.Hüseynzadə başqa xalq, vətən fədailərinin və mütərəqqi ziyalıların onun təfəkküründə, həyati idrakında, dünyagörüşündə və publisist fəaliyyətində güclü təsiri var. Üçüncü ən böyük həqiqət budur ki, Ş.Hüseynov pedaqoji fəaliyyətində, ictimai həyatda və məişətdə olduğu kimi publisist yaradıcılığında da təmənnasızdır, ardıcıldır, sələflərinin ən layiqli xələflərindən biri və ən nümunəvilərindəndir.

Ş.Hüseynovun "Müstəqilliyin çətin yolu... Biz hara gedirik?” (B.1996), "Mənəvi irsimiz və gerçəklik”(B.2004), "Milli haqq və ədalət axtarışında” (B.2004), "Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr” (B.2009) və s. kitablarına daxil edilmiş yazıları bunu aydın sübut edir. O, publisistik yazılarında mütərəqqi ictimai fikirləri müdafiə etməklə bərabər, öz siyasi düşüncələrini, cəmiyyətlərin inkişafı ilə bağlı analitik təhlil süzgəcindən keçmiş baxışlarını da ortaya qoyur.Ş.Hüseynov yazır:

"Bir şey də var ki, müasirləşmək üçün ilk əvvəl gərək özünə qayıdasan. Öz milli varlığını isbat edəsən ki, o kökdə müasirləşəsən. Yoxsa, Avropanı, Amerikanı təqlid etmək müasirləşmək deyil.”

Dövlət aparatından, xalq kütlələrini əzmək və tabe etmək vasitəsi olan ağır, nəhəng bürokratiyadan, onun sinfi mahiyyətindən danışarkən dünya təcrübəsini yada salır, xalqı soğan kimi soyan mülkədarları heç də unutmur, onların da xalqa ağalıq etmək, zəhmət adamlarını saymaq etibarı ilə özündən əvvəlkilərdən heç nə ilə fərqlənmədiyini, onların soyğunçu sinfi mahiyyətini əxlaq və anlayışlarının çürüklüyünü açıb göstərir. Onun gəldiyi qənaət isə belədir: böyük siyasi ictimai problem olan torpaq məsələsi, yəni zəhmətkeş kəndlilərin torpaqdan məhrum olması səfalət və yoxsulluq törədən səbəblərdəndir. Ş.Hüseynov hələ o zaman bunları qeyd edib, "Torpaq kəndlinin, bəs məhsulu?” adlı məqaləsində yazırdı: "Azərbaycanı Rusiya istila etməmişdən əvvəl, yəni xanlıqlar dövründə burada (yəni Azərbaycanda -R.O) torpaq rejimini Quranla və onun hökmlərinə uyğun olan şəriətlə müəyyən edirdilər. Bu rejim Məhəmməd peyğəmbərin məşhur "Torpaq ancaq onu dirildəcək kimsələrə məxsusdur” hədisinə əsaslanırdı. Başqa sözlə "torpaq onu əkənindir” deyilirdi.

Azərbaycan kəndlisi Rusiyada olduğu kimi kölə deyildi və alınıb-satılmazdı. İstədiyi vaxt işlədiyi torpağı buraxıb gedə bilərdi. Lakin Rusiya işğalından sonra bu qayda müəyyən müddət qaldısa da keçən əsrin qırxıncı illərində Azərbaycan kəndlisi də təhkimçilik boyunduruğuna salındı”.

Köhnə ittifaqa daxil olan, zorla bu ittifaqa qoşulan respublikalarda yaranan kolxoz-sovxoz quruluşu da bu təhkimçiliyin yeni forması idi. Əslində, yenə də kəndli torpağın sahibi deyildi, sadəcə pul ilə işlədilən muzdlu fəhlə idi ki, dünyanın inkişaf etmiş ölkələrinin heç birində belə bir ədalətsizlik, irticaçı və istismarçı axmaq sistem yox idi.

Ş.Hseynov fərdi, xüsusi, fermer təsərrüfatlarının yaradılması ideyasını önə çəkməklə, həm də ucadan xəbərdarlıq edərək yazırdı: " Bir şeyi də yadda saxlamaq lazımdır ki, özünü kənd təsərrüfatı məhsulları ilə, ərzaqla təmin etməyi bacarmayan ölkədə demokratiya quruluşunun qələbəsi mümkün olan şey deyil. Aclıqla demokratiya tutmur. Həqiqi demokratiya xalqın ehtiyaclarını, sosial qayğılarının ödəndiyi məmləkətdə mümkündür.

Kəndli həm torpağın, həm də onun məhsulunun sahibi olmalıdır!”

Milli –ictimai şüurun inkişafına təkan verməkdə və onun mənəvi-əxlaqi saflığının qorunması üçün Şirməmməd Hüseynovun təmənnasız və fasiləsiz axtarışları, sovet dövrü nəşrlərdə imperiyanın "qayçılama siyasətinə” yönəlik məqsədli şəkildə aparılan ixtisarları "yararsız” və ya çıxdaş edilərək atılmış yazıları bərpa edib müşayətçi yazılarla yenidən təqdim etməsi ilə də geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır. Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu "Klassik publisist irsin toplanması və yenidən nəşri məsələlərinə dair” məqaləsində yazır: "Klassik publisist irsimizin toplanması, yenidən nəşri, tədqiqi və təbliği sahəsində professor Şirməmməd Hüseynovun 1980-cı illərin sonlarından başlanan fəaliyyəti öz məzmunu, xarakteri və miqyasına görə başqalarından xeyli dərəcədə seçilir. Belə ki, Ş.Hüseynov klassik publisistik irsimizə sadəcə olaraq onları nəşr etmək və ya haqlarında elmi tədqiqat işi yazmaq xatirinə müraciət etmir. O, keçmişlə bu gün arasındakı irsi və milli əxlaqisələf-xələflik əlaqələrinin kodlarını və bağlarını görərək bu əlaqələri yenidən canlandırmaq məqsədi güdür. Eyni zamanda milli-tarixi yaddaşımızın köklərini bərpa edən alim yüz minlərlə məqalə, felyeton, xəbər və sairənin içərisindən seçib irdələdiyi nümunələrlə günümüzün bir sıra aktual və taleyüklü problemləri barədə özünün vətəndaş, ziyalı səsini ucaldır. Bu səsə dərc etdirdiyi əsərlər vasitəsilə klassiklərimizin, ümumən keçmiş tariximizin də səsini qataraq, onun daha qüvvətli və təsirli çıxmasına nail olur”. Bu yol Ş.Hüseynovun milli publisistikamızda açdığı yoldur. Bu yol yeni yoldur, oxucunu milli tarixi keçmişi ilə bu gününü vəhdətdə üz-üzə qoyan, milli düşüncə ilə tanış və səfərbər edən yoldur. Bu, Ş.Hüseynovun "şinel”idir.

"Zənnimcə, Şirməmməd müəllimin "şinel”i bütün yadelli nümunələrlə müqayisədə mənə daha möhkəm, yaraşıqlı və geniş görünür. Çünki bu "şinel” demokratiya havalıdır. Şirməmməd müəllim mühazirələrində də , beynəlxalq şərhçi kimi çıxışlarında da, publisist yazılarında da, adı həyatda da haqqı nahaqqa vermədiyi, boğazdan yuxarı fikirlər söyləmədiyi, həqiqəti həmişə, hər yerdə gözün içinə dik dediyi, bəzilərinin sərtlik kimi qiymətləndirdiyi xasiyyətində daxilən humanizmə, xeyirxahlığa, səxavətə yer ayırdığı üçün belə qənaətdəyəm. Gəlin görək bu "şinel”dən kimlər çıxmayıb?! Adları sadalamağa kifayət qədər vaxt və hövsələ gərəkdir. Bir də qorxuram inciyənlərin sayı çox ola.” (Əflatun Amasov ,Azərbaycan Mətbuat Şurasının sədri. 525-ci qəzet, 17 dek.2004).

Ş.Hüseynovun publisistikası da, üslubu da, yazı manerası da bir nümunədir, bir məktəbdir.

Ş.Hüseynovun publisistikası sadəcə informasiya daşıyıcısı və yayıcısı olmayıb, maarifləndirmək, nümunə göstərmək, öyrətmək, öyrətmək, hər an öyrətmək missiyasını da yerinə yetirir. Əslində Ş.Hüseynov publisistikası həqiqət, ədalət, cəsarət, azadlıq, millilik, təmizlik, vətənsevərlik missioneridir. Onun publisistikası təpədən-dırnağa kimi milli olduğu qədər də ümumbəşər publisistikadır.

Ş.Hüseynov bir çox publisist yazılarında oxucuları yüksək amallarla silahlandırmağa, yaşamağa və bu amallar uğrunda mübarizə etməyə, ona qovuşmağa bütün varlığıyla səy etməyə çağırır. Bu yolda insanın idealları ilə əxlaqını üzvi vəhdətdə götürür. O göstərir ki, yalnız özünü düşünənə, hər işdə, hər başlanğıcda öz mənfəətini güdən adam yüksək ideallardan uzaq olub həmişə xalqa zərər verəcək. Belələri unudurlar ki, başqalarının bədbəxtliyi üzərində qurduqları "xoşbəxtlik” onları heç vaxt xoşbəxt etməyəcək. Belələrinin aqibəti totalitar rejimlərin aqibəti ilə həmrəng və həmahəng olduqları kimi, onların süqutları da eyni olacaqdır.

Ş.Hüseynov publisistik yazılarında humanizmin, azadlığın, düzlüyün və doğruçuluğun böyük müdafiəçisi kimi çıxış edir. O, ayrı-ayrı yazılarında, şərh, müsahibə və çıxışlarında göstərir ki, insan şəxsiyyəti yalnız azad və sərbəst olduqda təbiətdəki istedadı, qabiliyyəti və keyfiyyəti meydana çıxara bilər.

Totalitar və avtoritar rejimlər, onlarda tüğyan edən təzyiq və sıxıntılar küt, maymaq, qorxaq, aciz və namərd adamlar-daha dəqiqi isə adamcıqlar yetişir. Azadlıq isə vətəndaşı ucaldır, gözüaçıq, cəsur və nəcib edir.

Xalq azadlığı, şəxsiyyət azadlığı, fikir azadlığı kimi böyük məsələlərə publisistikasında geniş yer verən Ş.Hüseynov hər dəfə göstərir ki, köhnə cəmiyyət-çürüyüb yırtılan dağılan sovetlər birliyi-"xalqlar həbsxanası” (V.İ.Lenin) bir məhbəs, bir zindan kimi insanları sıxmış adi hüquqlardan məhrum etmişdir.

Ş.Hüseynov bir sıra publisist yazılarında "Molla Nəsrəddin”çilər yolunu tutaraq cəmiyyətin əl-ayağna dolaşan çox dərdlərindən yazmış cəmiyyət həyatının bir sıra çürük cəhətlərini, mənəvi-əxlaqi səfalətlərini tənqid və ifşa etmişdir. Şirməmməd Hüseynovun tənqidi sərrast tənqiddir, işıqlı tənqiddir. Onun tənqidi heç vaxt şəxsi qərəz silahına və ya "çörək ağacı”na çevrilmədi, həmişə işıqlı, mütərəqqi qayələri müdafiə edib, bu gün də bu mübarək missiyanı davam etdirir.

Ş.Hüseynov cəhalətə, nadanlığa, paxıllığa şəxsi qərəz, yerlibazlıq, qohumbazlıq, tayfabazlıq kimi xırda duyğulara qarşı çıxır, bir sıra qısa, lakin çox mənalı yazılarında müxtəlif üsul və priyomlardan istifadə edərəkşirin, duzlu və canlı şəkili ifadələri ilə canlı həyat lövhələri şəklində zamanın qaranlıqlarını, zülmünü, məşəqqət və iztirablarını açıb göstərir. Publisistik yazılarında köhnəliyə, cəhalətə və zülmə qarşı nifrət, bu yazıların ifşa qüvvəsi, onlarda zülmə, zülmkara qarşı soyumaz qəzəb, insanlığa, xeyirxahlığa, azadlığa sonsuz və tükənməz məhəbbət və bu barədə hərarətlə, yorulmadan yazması ondan xəbər verir ki, o insanlığın gələcəyinə, haqq-ədalətin bərqərar olacağına və zəfər çalacağına inanır.

Elə bu inamla da ömrünün onuncu on illiyində də yazır, yaradır axtarışlarını, araşdırmalarını, tədqiqlərini, eyni zamanda xalq üçün yazmağını davam etdirir.

Bu gün onun qələmindən çıxan hər bir yazı gündəm yaradır. Necə ki, yaradıcılığı boyu həqiqətə sığınmış, həqiqətə tapınmışdır.

Ş.Hüseynovun publisistikasında XX əsr Azərbaycan tarixinin nəbzi vurur, ürəyi döyünür. Bu tarixi dövrdə baş verən tarixi ictimai-siyasi proseslər, gündəmi zəbt edən hadisələr, onların mahiyyəti Şirməmməd müəllimin publisistikasında ürək dolusu nəfəs alır. Milli tariximizin dünəni, bu günü, sabahı bir müstəvidə təzahür edir, onun bütün qatları eyni yanğı, eyni məhəbbətlə gündəmə gətirilir və tədqiqata cəlb olunur. Demokratik Cümhuriyyət dövrü də onun qurucuları da, "olum-ölüm” arasındakı çarpışmaları, gecəli-gündüzlü mübarizələri, arzu və istəkləri ilə Ş.Hüseynovun ürəktonqalının başında-publisist məqalə və tədqiqatlarında təmənnasız xidmətləri, bitib-tükənməyən vətən, millət sevgiləri ilə görünürlər.

Ş.Hüseynov Azərbaycanda sovet rejimi qurulana qədərki dövrü mətbuatı və ondan sonrakı dövrü də böyük sevgi, təmənnasız istək, titanik səbr, həssalıq və duyğusallıqla izləmiş vətəndaş-alim borcunu şərəf və ləyaqətlə yerinə yetirərək, "iynə ilə gor qaza-qaza” (B.Vahabzadə) böyük tarixi həqiqətləri üzə çıxarmış, milli mətbuat tariximizi-onu yaradanların-böyük fikir adamlarının H.Zərdabinin, Ə.Hüseynzadənin, Ə.Ağaoğlunun, Ö.Nemanzadənin, M.Ə.Rəsulzadənin, Ü.Hacıbəylinin və digər millət fədailərinin, böyük qələm sahiblərinin bu gün bizə , sabah isə övladlarımıza lazım olan fikir və mülahizələrini üzə çıxararaq ilk əvvəl mətbuat səhifələrində, daha sonra isə kitablarında oxucularına təqdim etmişdir.

Ölkəmizdə mədəni, əxlaqi və intellektual inqilabın gəlib çatdığı indiki mərhələdə Şirməmməd Hüseynov artıq mücərrəd "durğunluq” sözünü konkret ünvanlar şəklində əyaniləşdirir və müasir qələmdaşlarına da bu yolu təlqin edir. Neqativdən anonim şəkildə danışmağın nəticəyönümlü olmadığını bəyan edərək, günahın məğzini, günahkarın kimliyinin də bildirmədən ondan tam təmizlənməyin mümkünsüzlüyünü söyləyir, onlara qarşı kəskin etirazını bildirir:"Həyat davam edir...Yaxud iki sifət” məqaləsində oxuyuruq: "Son vaxtlar "Həyat davam edir”-kəlamı müxtəlif səviyyələrdə tez-tez təkrar olunur. Bu deyimin mənasını dərk edənlər də onu deyir, fərqinə varmayanlar da. Sonuncu qəbildən olanlara hətta elə gəlir ki, guya bununla onlar faciə və zillətə düçar olanların dərdini azaldır, gələcəyə inam hissi yaradırlar. Əslinə baxsan, bu, növbəti xəyalpərəstlik və illüziyadan başqa bir şey deyil. Amma bu təfəkkür tərzindən faydalananlar da vardır. Fəlakət və zillətdən xeyir görənlərə "Həyat davam edir” fəlsəfəsini "şər olmasa xeyir gəlməz”-kimi meşşan və manqurt düşüncəsinə haqq qazandırmaqda kara gəlir. Belələri üçün həyatın davamı çapıb-talamaq, eyş-işrətlə ömür sürmək, bu cür həyat tərzinə ictimai məna vermək və ona haqq qazandırmaq üçün lazımdır”.

Sovetizmə məxsus sosial neqativin-mənəviyyatda və məişətdə durğunluğun bütün mexanizmi, məncə, bürokratın "mənafeyinə xidmət sahəsindən” başqa bir şey deyildi. Özündən yuxarının göstərişlərinə sözsüz qulaq asan və heç bir qeyd-şərtsiz əməl edən passiv icraçı stereotipi-onun ən səciyyəvi emblemi və obrazı belə idi. Bunlar da Şirməmməd müəllimin publisistikasında özlərini olduqları kimi görürdülərsə də iç üzlərini maskalarının altında gizlədir, ya da özlərini elə aparırdılar ki, guya bu deyilənlərin onlara dəxli yoxdur.

Bizə yaxın iki on ildə də manqurtun zahiri dəyişib. Təfəkkürü və göstərişə münasibəti, iştəhası və varlanmaq ehtirası olduğu kimi zühur etməkdədir. Mahiyyətdə "keçəl Həsən, dönüb olub Həsən keçəl”.

Ş.Hüseynov "Dərd həmin dərddir” məqaləsində yazır: " Deyirlər tarix təkrar olunmur. Doğrudur. Lakin hadisələr eynən təkrar olunmur. Amma düşüncə tərzi, əxlaq, insani dəyərlər, ləyaqət kimi keyfiyyətlər bütün ziddiyyətləri ilə uzun müddət ya dəyişməz qalır, yaxud da çox yavaş və tədricən dəyişir. Zamanın və xalqın kollektiv yaddaşı olan mətbuatın əsrin əvvəllərindəki səhifələri ilə bu gün bəzi qəzetlərin nömrələrini müqayisə edəndə həmin anlayışı daha aydın hiss edirsən. Cahillik, nadanlıq, söyüş, təfəkkür yoxsulluğu, yalançılıq, böhtan əsrin əvvəllərində necə idisə yenə bəzi qəzetlərdə formasını dəyişsə də eyni qalıb meydan oxumaqdadır.

Şirməmməd Hüseynovun ümumiləşdirici məqalələri və şərhləri ilə müşayiət olunan sələflərindən təqdim etdiyi yazıları oxuduqca, onlarda toxunulan məsələlərlə və bu məsələlərə müəllif münasibəti ilə tanış olduqca Ş.Hüseynovun vətəndaş obrazı tamamlanır: onun vahid prinsipi, fikri və əqidəsi oxucuya bəlli olur.

Hər bir millət üçün siyasi mədəniyyətin vacibliyini sübut etməyə çalışan müəllif oxucunu inandırmaq üçün dəridən-qabıqdan çıxmır, fikrini həyati misallarla əsaslandırır və inandırır. Əyanilik onun publisistikasının əsas atributlarından biri kimi çıxış edir. Onun ayrı-ayrı, həm də çoxsaylı qəzet müxbirlərinə verdiyi müsahibələr, bu müsahibələrdəki doğru və düzgün təhlilləri onun publisist, eyni zamanda günümüzün mühüm hadisələrinin əsl siyasi icmalçısı olduğunu təsdiqləyir. Onun yazılarını oxuduqca başımıza gətirilən müsibətlərin eyni qaynaqdan qaynaqlandığının və üstümüzə tuşlandığının şahidi oluruq. Onun publisistikasının gücü də elə həqiqətə köklənməyindədir.

Ş.Hüseynovun publisist əsərlərinin dili ana südü qədər təmiz və şəffafdır. Eyni zamanda yüksək intellekti, zənginliyi və axar-baxarlığı ilə seçilir. Onun dilinin təmizliyi və saflığı mənə "Molla Nəsrəddin”çiləri, yüksək intellekti, zənginliyi və axar-baxarlığı "Füyuzat”çıları xatırlatdı. Ancaq elə buradaca "Təzadlar”ın kollektivi adından 2000-ci ildə çap etdiyi "Hamının müəllimi-Şirməmməd Hüseynov!” adlı məqaləsindən aşağıdakı sətrlər yaddaşımdan boylandı: "...Həyatda zahiri görkəminə və əməlinə görə hərəni kiməsə oxşadırlar. Kimini dayısına, kimini atasına, kimini əmisinə yaxud müəlliminə. Şirməmməd Hüseynov bəlkə də yeganə şəxsiyyətdir ki, məhz özünə oxşayır. Yəni, elə özüdür ki, var. Nə qədər çalışırıq Şirməmməd müəllimin kiməsə oxşarlığını tapaq, mümkünsüz olur”.

Doğru sözə nə deyəsən! Bax, onun publisist yazılarının dili, ahəngi, ədəbi dil normalarına sadiqliyi də elədir-bənzərsizdir, təkrarsızdır, özünəməxsusdur.

Ş.Hüseynovun publisistikasının dili kimi, sənətkarlıq xüsusiyyətləri də ayrıca bir tədqiqatın mövzusudur. Burda təkcə bir şeyi vurğulamaq istəyirəm. Məqalələrin sərlövhələri-başlıqları elə bir aləmdir. Bu adlar oxucuya diktə edir ki, onların müəllifi təkcə tarixçi-publisist deyil, həm maarifçi publisistdir, həm də müdrik filosof publisistdir. Fikrimizin əyani təzahürü və təsdiqi üçün bəzi başlıqlara diqqət yetirək: "Tərəqqi üçün azadlıq və istiqlal gərəkdir”, "Ağacı qurd, milləti manqurd içindən məhv edir”, "Müəllim məsələsi hər millətin ölüm-dirim məsələsidir”, "Böhtan xorunu ziyalılar oxumur”, "Məddahlıq köhnə sənətdir, davamçıları hər zaman var”, "Kitablardan ad silmək olar, tarixdən yox”, "Məzlum millətin mətbuatı da məzlum olur”, "Düşməninni tanı, milli intibahını yüksəlt”, "Qələm dəllalları, qəzet həşəratları”, "Siyasət oyun deyil, sənətdir”, "Əyri otur, amma düz danış”, "Müstəqil dövlətə azad jurnalistika gərəkdir”, "Diktaturadan demokratiya yarana bilməz”, "Çürük zəmində birlik olmaz”, "Sağlam birlikdən qüvvət doğar” və s. və i.

Ş. Hüseynov sözün həqiqi mənasında böyük ictimai xadimdir. O, bütün fəaliyyətini xalqının taleyi ilə bağlayıb. Hər işdə ancaq ümumin mənafeyini üstün tutub. Nə edirsə etsin, nədən yazırsa-yazsın, bir vətənpərvər kimi o, xalqı, onun həyatını, milli azadlığını, gələcək taleyini düşünüb, bunu üçün əlindən gələni əsirgəməyib. Elmi əsərlərini də, ictimai-siyasi mövzuda yazılmış, müsahibələrini də bu məqsədlə vermişdir. Onun milli mətbuat tariximizlə bağlı elmi araşdırmaları da, tarixi-ictimai-siyasi publisist yazıları da ümum-ictimai-siyasi publisist yazıları da ümum-ictimai fəaliyyətin ayrılmaz tərkib hissəsidir. Hüquq, əxlaq, müstəqillik, vətən, yurdsevərlik, azadlıq, demokratik dövlət quruluşu, ənənə və varislik, milli özünü dərk və təsdiq kimi onlarla məsələlərə o, müsahibə və çıxışlarında da geniş yer verir.

Şirməmməd Hüseynovun xalq qarşısında ən böyük xidmətlərindən biri də yorulmadan tədqiq və təlqin etdiyi işıqlı simaların, böyük şəxsiyyətlərin, millət mücahidlərinin həyat və yaradıcılığının tədqiq olunmasında ənənəvi yollardan yan keçərək, anların fəaliyyətinin indiyədək işıqlandırılmamış hissəsinin aşkar edilərək olduğu kimi xalqa çatdırılmasıdır.

Ş.Hüseynov "Milli haqq və ədalət axtarışında” kitabının "Ön söz”ündə yazır: Əlimə qələm alıb müstəqil yaradıcılığa başladığım andan ən böyük arzum gördüklərimi, düşündüklərimi, həqiqəti yazmaq arzusu olub. Mətbuat tariximizi tədqiq edib qüdrətli qələm sahiblərinin XX əsrin ilk onilliklərində dövrü mətbuatda dərc olunmuş müxtəlif janrlı yazılarını heyranlıqla oxuduqca bu istək yaşama qayəmə çevrildi.Onu da dərk edirdim ki, nə qədər ki, sovet totalitar rejimi, partia və təhlükəsizlik orqanlarının nəzarəti üstümüzdədi, həqiqəti yazmaq, demək mümkün olmayacaq. Qələmə ala bilmədiklərimi müxtəlif yollarla auditoriyalarda demək yolunu seçmişdim. Bu da asan iş deyildi. Nəhayət, vaxtilə bizi müstəqil dövlətçiliyə qovuşduran, 1918-ci ilin 28 may futuhatını və Xalq Cümhuriyyətini yaradanların milli müstəqilliyimizi əlimizdən alan bolşevik sovet rejimi ömrünün uzun sürməyəcəyi barədə peygəmbərcəsinə dedikləri sözlər çin olmağa başladı. Ömrümün ahıl çağında bu tarixi hadisələrin şahidi oldum. Qol çırmayıb, gənclik həvəsi və eşqi ilə bütün varlığımla milli haqq və ədalət uğrunda gedən vuruşa qoşuldum. Heç bir təmənna, mənfəət, şəxsi ambisiya gözləmədən tale və tarix tərəfindən millətimizə verilən yeni bir müstəqillik şansının qələbəsi üçün genişlənən xalq hərəkatına əlimdən gələn köməyi əsirgəmədim. Həftədə bir neçə dəfə Azərbaycan televiziyası ilə günün ən mühüm hadisələrinə dair çıxışlar edir, senzuradan nisbətən azad olmuş qəzetlərə şərhlər, aktual və tarixi mövzularda məqalələr yazır, mitinqlərdə, yığıncaqlarda iştirak və çıxışlar edir, televiziyada xüsusi ciddi mövzularda verlişlər aparırdım”.

Görünən dağa nə bələdçi?!

Ancaq yox! Tarixin yaddaşını, mətbuatın yaddaşını və kitabların yaddaşını çözmək üçün bütün zamanlarda yaxşı bələdçiyə- tədqiqatçıya həmişə ehtiyac olmuş və olacaq. Şirməmməd Hüseynov kimi böyük tədqiqatçı-alim belə qənaətə gəlir ki, Demokratik Cümhuriyyət dövrünü hərtərəfli-olduğu kimi öyrənmək üçün cümhuriyyətşünaslığın yaradılması zəruridir və buna çox böyük ehtiyac var.

Bunlar isə mənim düşüncələrim və qənaətimdir. "Milli mətbuatımızın və jurnalistikamızın Şirməmməd Hüseynov məktəbi”nin müdavimləri olduğu kimi, bu məktəbin məzunları sırasından Şirməmmədşünaslar da yetişəcək; "Şirməmməd Hüseynovun həyatı və ümumi pedaqoji fəaliyyəti”, "Şirməmməd Hüseynovun publisistikası və onun sənətkarlıq xüsusiyyətləri”, "Şirməmməd Hüseynovun ictimai-siyasi və tənqidi publisist-kreativ görüşləri”, "Şirməmməd Hüseynovun yaradıcılıq yolu”, "Demokratik Cümhuriyyət və onun qurucularının ictimai-siyasi fəaliyyəti Şirməmməd Hüseynovun tədqiqatlarında”, "Şirməmməd Hüseynov şəxsiyyəti və ictimai-siyasi xadim kimi” və s.və i.istiqamətlərdə tədqiqata cəlb olunacaq, bir örnək və nümunə olan həyat və fəaliyyəti həm gənc, həm də gələcək nəsillərə " cəmiyyət və həyat sularında” mayak rolunu yerinə yetirəcək.

Təkrar edirəm, bunlar mənim qənaətimdir. Yaşayaq, görək tarix nə göstərir.

May, 2019-cu il




İmza:
SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK