adalet.az header logo
  • Bakı 20°C
14 Iyun 2019 15:34
34469
ƏDƏBİYYAT
A- A+

Qəşəm İsabəyli: Əriştə həkimdir ey...

























–Əriştə həkimdir, ey,

Mən bilirəm, bala, mən –

Ölünü dirildərəm

Əriştəylə,Vallah, mən!


Ay Anarım, hər həkim

Çatmaz ona hünərdə –

Dizlər çökdürüb, bala,

Əriştə neçə dərdə!


Yorğunsan... əriştə vur?!

Soyuqlamısan... buyur?!

Bir kasa da bəsindi,

Sap-sağlam ayağa dur!


–Ay nənə, təriflədin,

Ağzımın suyu axdı,

Mən bilən beləsini

Yeməmişəm ha vaxtdı!


Tezol, görüm, ver bura,

Kasayla göndər bura.

–Hazırdı hər yarağım –

Bu–, soğanım, bu –yağım,


Turşum, yarpızım, duzum,

Bu da qazan dolusu.

Dayan, kündəni yayım,

Fətir kəsim, doğrayım.


Əlimi görməyəcəksən

İndi, balası, işdə –

Gözünü yum… aç…buyur,

Bu da sənə əriştə.


Qaşıq-qaşıq vururam,

Damcı-damcı tər çıxır.

Canımdan-ciyərimdən

Elə bil zəhər çıxır.


Haçan yuxu aparıb,

Haçan yatmışam, görən.

Ayılan da baxıram,

Sappa-sağolmuşam mən!


Düzü çaşıb qalmışam

Bu işə, bu iştəyə,

Kimə təşəkkür edim –

Nənəyə…

Əriştəyə?!