adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
14 Iyun 2019 14:42
36594
ƏDƏBİYYAT
A- A+

Bütün ömrünü universitetə həsr edən alim

Zəngin ədəbi ənənələrə malik olan Naxçıvan həmişə mədəniyyət və elmi mərkəzləri ilə tanınmışdır. Belə ali təhsil ocaqlarından biri də bu il 20 yaşı tamam olan və Naxçıvan Muxtar Respublikasında yeganə özəl ali təhsil müəssiəsi kimi fəaliyyət göstərən "Naxçıvan" Universitetidir. "Naxçıvan" Universiteti bu illər ərzində Azərbaycanda elm və ali təhsil mühitinin formalaşmasına, yüksək ixtisaslı kadrların hazırlanmasına öz layiqli töhfələrini vermiş, muxtar respublikanın ictimai-siyasi, elmi və mədəni həyatında xüsusi rol oynamışdır. Əlbəttə ki, bu universitetin hərtərəfli inkişafında, maddi-texniki bazasının möhkəmləndirilməsində, yeni tədris korpuslarının tikilib istifadəyə verilməsində Azərbaycan dövlətinin, xüsusilə Naxçıvan Muxtar Respublika rəhbərliyinin əməyi danılmazdır.

Lakin universitetin yaranması və fəaliyyəti 20 ildir ki, bu ali təhsil ocağına rəhbərlik edən pedaqoji elmlər doktoru, professor İsmayıl Əliyevin adı ilə bağlıdır. Hər dəfə çıxışlarında da bu sözləri xüsusi vurqulayaraq deyir: "Mənim bütün həyatım "Naxçıvan" Universiteti ilə bağlıdır. Ona görə də bu universitetlə bağlı həyatımın hər gününü ömrümün ən mənalı, unudulmaz günlərindən sayıram". Həqiqətən, İsmayıl Əliyev bütün ömrünü universitetə həsr edib. Universitetin hər daşını , torpağını öz evi qədər, səmimi ailəni xatırladan kollektivi isə ailəsi qədər sevir və qayğı göstərir.

Hər şeydən öncə onu qeyd edim ki, heç bir titulunu sadalamadan (bunu heç özü də xoşlamır)sözün həqiqi mənasında, səmimi insan, xeyirxah rektor, əsl pedaqoq kimi nüfuz qazanmış İsmayıl Əliyev haqqında qələmə aldığım bu yazı bir neçə günlük və ya bir neçə saatlıq düşüncələrimin məhsulu deyil. İsmayıl Əliyevi xalqımızın yetişdirmiş olduğu pedaqoqlar nəslinin görkəmli nümayəndəsi kimi Naxçıvan Dövlət Universitetində tələbə olduğum illərdən tanıyıram. O vaxtdan İsmayıl Əliyevi həmişə yüksək mənəviyyatı, vətənpərvərliyi, xeyirxahlığı, eyni zamanda, ədalətliliyi, əməksevərliyi və səmimiyyəti ilə sayılıb-seçilən bir insan kimi tanımışam. Sonralar tale elə gətirdi ki, İsmayıl müəllimin rektoru olduğu "Naxçıvan" Universitetində işləmək mənə də nəsib oldu və bu insanı daha yaxından tanıyıb, ondakı yüksək insani dəyərlərin canlı şahidi oldum.


Bu gün minlərlə tələbənin fəxrlə, qürurla "mənim rektorum", "mənim sevimli müəllimim" dediyi pedaqoji elmlər doktoru, professor İsmayıl Əliyev xeyirxahlıq, düzlük, mənəvi paklıq, səmimiyyət mücəssəməsi, ailəsini, övladlarını hədsiz məhəbbətlə sevən sadiq bir ailə başçısı, qürur duyduğumuz ziyalılardandır. Professor İsmayıl Əliyevin simasında alim, pedaqoq və rəhbər işçi kimi xüsusiyyətlər bir insan kimi sadəliyi, səmimiyyəti, təvazökarlığı, yüksək mədəniyyəti və əsl ziyalılığı ilə görünməmiş dərəcədə üzvi şəkildə birləşib.

Ömür yolu çoxlarına örnək olan İsmayıl İsrafil oğlu Əliyev 1950-ci il iyul ayının 5-də Naxçıvan Muxtar Respublikası, Bab?k rayonunun Təzəkənd kəndində anadan olub. 1968-ci ildə Az?rbaycan D?vl?t Pedaqoji ?nstitutunun Naxçıvan filialının "Azərbaycan dili və ədəbiyyat" ixtisasına daxil olub. İnstitutda oxuduğu müddətdə elmi müzakirələrdə, konfranslarda dəyərli fikirləri ilə müəllim və tələbələrin rəğbətini qazanıb. 1972-1973-cü illərdə 32 №-li Texniki-peşə məktəbində "Azərbaycan dili və ədəbiyyat" müəllimi işləyib. Müəllim kimi məhz burada püxtələşib, sənətinin sirlərinə burada yiyələnib. Lakin öz biliyini artırmağa, tədqiqatçılığa olan həvəsi tezliklə onu ali təhsil aldığı Naxçıvan Dövlət Pedaqoji İnstitutuna gətirib çıxarıb. 1973-cü ilin mart ayından Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Nax??van D?vl?t Universiteti) "Pedaqogika" kafedrasında əvvəlcə pedaqoji təcrübə üzrə inspektor, sonradan assistent, müəllim, baş müəllim, kafedra müdiri, fakültə dekanının müavini vəzifələrində işləyib.

1988-ci ildə "İbtidai siniflərdə dərs prosesində şagirdlərin müstəqil işlərinin səmərəliliyini artırmağın şərtləri" adlı namizədlik, 2003-cü ildə "Orta ümumtəhsil məktəblərində təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsinə etnopedaqoji materiallardan istifadənin təsiri" adlı doktorluq dissertasiyaları müdafiə etmişdir. 2005-ci ildən Naxçıvan Dövlət Universiteti "Pedaqogika və psixologiya" kafedrasının professoru ,1999-cu ildən "Naxçıvan" Universitetinin rektorudur. Yerli və xarici mətbuatda dərc edilmiş 15 kitabın, 100-dən çox elmi məqalənin müəllifidir. Hərtərəfli fəaliyyəti, elmi yaradıcılığı ilə diqqət mərkəzində olan İsmayıl Əliyev 1999-cu ildən Nax??van Muxtar Respublikas? Ali M?clisinin deputatı seçilib. Və elə ictimai-siyasi fəaliyyətinin ilk dövrlərində də qanunvericilik sahəsində dövlətçilik və vətəndaşlıq mövqeyini sübut edib.

2002-ci ildə ABŞ Bioqrafiya İnstitutunun nəşr etdirdiyi "Görkəmli alimlərin beynəlxalq qeydiyyatı kitabı" nda yüz nəfər tanınmış alim haqqında məlumat verilir ki, onlardan beşi azərbaycanlıdır və beş nəfərdən biri də hamımızın fəxri professor İsmayıl Əliyevdir ki, o, "İlin adamı" seçilmişdir.

İsmayıl Əliyev hər şeydən öncə əsl vətəndaşdır. Məhz bu amil onun həm də görkəmli bir ziyalı, ictimai xadim kimi tanınmasına imkan verir. Bütün fəaliyyəti boyu əxlaqi baxımdan yüksəkdə dayanan dəyərlərə tapınıb və bu dəyərləri qorumaq istəyi həmişə ədalətli olmağından irəli gəlib. İsmayıl müəllimin vətəndaşlıq mövqeyindən danışarkən, onu da xatırlatmaq yerinə düşər ki, o, həm də dövlətçilik ənənələrinin qorunmasında fəal rol oynayan ziyalılarımızdandır. Yüksək intellekti, mədəniyyəti, yurduna-yuvasına böyük məhəbbəti olan bu bənzərsiz insan rəhbərlik etdiyi elm ocağına milli ruh, qaynarlıq, bəşəri doğmalıq gətirib. Bu il 20 yaşı tamam olan "Naxçıvan " Universiteti sanki İsmayıl Əliyevin simasıdır. Bu gün "Naxçıvan" Universiteti böyük, səmimi bir ailəni xatırladır. Bu ailənin bir övladı da mənəm və bununla fəxr edirəm. Mən şahidi olduqlarıma əsaslanaraq deyə bilərəm ki, İsmayıl Əliyev "Naxçıvan" Universitetinin tarixində yüksək təşkilatçılıq bacarığına malik təmənnasız və xeyirxah rektor kimi həmişə qalacaq. Onun bir fikrini xatırlatmaq istərdim: "...Mən rektor kimi fəaliyyətə başlayanda universitetdə cəmi bir kompüter vardı, biz bu gün universitetdə kompüterləri saya bilmirik, əlbəttə ki, bu dövlətimizin qayğısı sayəsində olub."

Həqiqətən də, bir vaxtlar universitetə gələn qonaqları şəraitsiz yerdə necə qarşılayacağından narahat olan rektor bu gün dövlətimizin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qayğısı sayəsində universiteti dünyanın müxtəlif ölkələrindən gələn qonaqlara çox fəxrlə, əminliklə təqdim edir. Çünki bu gün universitet zəngin maddi-texniki bazaya malikdir. 2015-ci ildə 8 binadan və yardımçı binalardan ibarət möhtəşəm universitet şəhərciyi salındı. Arxitektura baxımından mükəmməl olan tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər, elektron informasiya zalları, zəngin kitab fondu olan dördmərtəbəli kitabxana, idman kompleksi və konfrans zalları, hər cür şəraitə malik beşmərtəbəli müasir tələbə yataqxanası, həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi tikilib istifadəyə verildi.

Hazırda universitetdə 14 ixtisas üzrə bakalavr, 4 ixtisas üzrə magistr hazırlığı aparılır,4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir. Universitet beynəlxalq proqramlarda və layihələrdə iştirak edir. Dünyanın 54 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir və beş beynəlxalq təhsil təşkilatının üzvüdür. Ümumiyyətlə, bu insanın həyat kredosu daimi elmi yeniliklər axtarışında və səmərəli fəaliyyətdə olmaqdan, vətənə və xalqa məhəbbətlə xidmət etməkdən ibarətdir.

Heç şübhəsiz ki, "Naxçıvan" Universitetinin əldə etdiyi uğurlardan biri də bu ali təhsil ocağında yaradılmış sağlam mühitdir. "Naxçıvan" Universitetinin həyətinə daxil olan hər bir kəs bu doğmalığı, istiliyi, qeyri-adiliyi, rahatlığı, bir sözlə, İsmayıl müəllimin dəst-xəttini hiss edir. İsmayıl Əliyevin şəxsi keyfiyyətləri ona universitetdə belə bir mühit - elmə və davamlı təhsilə, açıq müzakirələrə, fikir mübadiləsinə sövq edən bir məkan yaratmağa imkan vermişdir. Bu gün "Naxçıvan" Universitetində çalışan hər kəs - istər müəllim, istər tələbə, istərsə də digər işçilər üzvi bir vəhdət təşkil edirlər. Onların hamısı bir istək və bir məqsəd ətrafında birləşmişdir - dürüstlük, sədaqət, şəffaflıq, akademik əxlaq, şərəf və məsuliyyətlə Vətənə xidmət. Bu, İsmayıl Əliyevin ali məqsədidir və bu məqsədini universitetdə gerçəkləşdirə bilmişdir. O, inanır ki, bu günün məzunları "Naxçıvan" Universitetinin adını, onun dəyərlərini hər zaman layiqincə yaşadacaq.

İsmayıl müəllim istedadlı gəncliyin dostu, himayəçisidir. Gözəl ideya, axtarışlar arzusu ilə onun qapısını döyən hər bir kəsə qayğısını, diqqətini əsirgəmir. Gənclərin universitetin elmi həyatında və idarəçiliyində oynadığı rol İsmayıl müəllimin adı ilə bağlıdır. İstedadlı gəncliyə meydan vermək, əsl yaradıcılıq mühiti yaratmaq elə əsl ziyalıya xas olan xüsusiyyətdir. İsmayıl müəllim ilk növbədə ədalətli, həmişə haqqın tərəfində dayanandır. Ona görə də hər bir nümunəvi, işgüzar, istedadlı tələbə uca bir dağa söykəndiyinin fərqindədir. Çünki mənim tanıdığım, şəxsiyyətinə, insanlığına, ən əsası, rektor olaraq tələbələrlə, müəllimlərlə münasibətinə sonsuz hörmət bəslədiyim İsmayıl Əliyev sözün əsl mənasında nümunə olacaq rektordur. Çünki, o, tələbələri öz doğma balaları qədər sevir. Hər dəfə çıxışlarında da bunu xüsusilə vurğulayır: "Əziz tələbələr, mən həmişə sizinləyəm. Bunu bilin ki, sizi incidən müəllim məni incidir. Sizə etinasızlıq edən dekan mənə etinasızlıq edir. Sizə yaxşı dərs keçməyən müəllim mənə zərbə vurur. Oxuyun, öyrənin, elmə, peşəyə yiyələnin. Arxanızda Azərbaycan adında bir dövlət dayanıb, arxanızda sizə qayğısını əsirgəməyən bir rektor dayanıb..." Bu, gəlişigözəl sözlər deyil, o, həqiqətən, tələbələrin dostudur. Hər bir tələbə öz dərdini, qayğısını onunla bölüşür. Nəinki tələbələrə İsmayıl müəllimin qəlbi, ürəyi, gözü, könlü, ən sadə insanlara belə sevgi, mərhəmətlə doludur. Bəlkə elə buna görə qapıları hamının üzünə taybatay açıqdır. İstər böyük alim, xeyirxah insan kimi, istərsə də elm ocağının rektoru kimi insanlar ona dərdləri, qayğıları ilə üz tuturlar. Aydın məntiqi, həssaslığı, dəqiqliyi və ən başlıcası, xeyirxahlığı onu hamının gözündə ucaltmışdır.

Hər bir tələbəyə, doktoranta, müəllimə əsl dost, ata qayğısı göstərən professor İsmayıl Əliyev dünyaya baxışı, duyğu və düşüncəsi, yenilik hissi ilə təkcə dünənin, bu günün yox, həm də sabahın insanı olduğunu sübut edir. Əminəm ki, xeyirxah və təmənnasız əməlləri ilə yüzlərlə ,minlərlə insanların rəğbətini qazanan, həqiqətən də, bütün ömrünü universitetə həsr edən bu insan haqqında hələ çox yazılacaq , daha müfəssəl fikirlər söyləniləcək.

Çünki bu İnsan əməlləri ilə, elmi fəaliyyəti ilə bu günümüz, gələcəyimiz üçün silinməz izlər qoyan ziyalılarımızdandır. Çünki bu İnsan böyük bir nəslin parlaq nümayəndəsi, əsl pedaqoq, özünün bütün davranışı, həyat və fəaliyyəti ilə cəmiyyətimizin sarsılmaz mənəvi dəyərlər qalasını ucaltmış müdrik insandır.

Həqiqətən, İsmayıl müəllim müdirik insandır. Ancaq mən deyərdim ki, müdriklik İsmayıl müəllimin yaşında deyil, xarakterindədir, mənəviyyatındadır . Çünki xaraktercə, mənəviyyatca müdrik olan insanların haqqında ömrünün istənilən yaş mərhələsində qürurla, alnıaçıq, üzüağ danışmaq olar. Bütün ömrünü şərəflə yaşayan İsmayıl Əliyev 20 ildir ki, "Naxçıvan " Universitetinin rektorudur. Təkcə bu müddətdə deyil, bütün ömrü boyu o, şəxsiyyəti təsdiq edən sınaqlardan uğurla və bacarıqla çıxıb. Mən bu günə qədər kiminsə ondan narazı qaldığını eşitməmişəm. İstər kollektivinin, istərsə də cəmiyyətimizin müxtəlif təbəqələrindən olan insanların onun haqqında həmişə yüksək fikirdə olduğunun dəfələrlə şahidi olmuşam. İsmayıl müəllimin həyat kredosunda qeyd etdiyimiz kimi, ilk növbədə, onun təmənnasız keyfiyyətləri dayanır. O, harada olur-olsun, vətənimizi təmsil və təbliğ edir. Belə olmasaydı, Naxçıvan Muxtar Respublikasının deputatı, bu gün adı ən şəffaf universitetlər sırasında çəkilən "Naxçıvan" Universitetinin rektoru ola bilməzdi və ən əsası cəmiyyət arasında bu qədər hörmət və nüfuz sahibi olmazdı.

Ismayıl Əliyev haqqında danışarkən onun ailəyə münasibətindən xüsusi söz açmalı olursan. Bu münasibətlər atası İsrafil müəllimin ənənələri üzərində yaşayır. Bu münasibətlərin kökü nəsillərin qarşılıqlı təsiri formasında, İsmayıl Əliyevin valideyinlərindən gəlir. Və bu münasibətlər İsmayıl Əliyevin doğmalarına, ailə üzvlərinə, ətrafındakılara heç bir deformasiyaya uğramadan, sevgi, səmimilik və sədaqət dərəcəsini zərrə qədər də itirmədən tam həcmdə transformasiya olunur. Bunu canı qədər sevdiyi qardaşları, bacıları, ürəkdən bağlı olduğu qohumları da, hamısını bir məxrəcdə "balalarım" adlandırdığı oğul-qız övladları, nəvələri də eyni dərəcədə özlərində hiss edirlər. Deyərdim ki, valideynə, bacı-qardaşa, ailəyə və övlada münasibət İsmayıl müəllimin bütövlüyünün ayrılmaz tərkib hissəsidir. Ağıllı və vətənpərvər övladları olan İsmayıl müəllim hər bir insanın xəyalında arzu etdiyi mükəmməl, dürüst bir ailə başçısıdır. Bəlkə də, bu cür ailəyə sahib olmaq tanrının ona ən böyük mükafatıdır.

Düz deyiblər ki, elm sənin məsləhətçin, mülayimlik dostun, ağıl bələdçin, səbir isə başçın olmalıdır. Bütün bu xüsusiyyətlərin hamısı İsmayıl müəllimdə cəmlənib. Bu həqiqətdir ki, İsmayıl müəllimlə söhbət edən hər bir kəsin qəlbində bir inam, bir ümid çırağı yanır. Onunla ünsiyyət insanı mənən zənginləşdirir. Hər zaman öz ağıllı fikirləri ilə dəyərli məsləhətlər verərək, çoxları kimi mənə də həyatda düzgün yol göstərib. Ona görə də İsmayıl müəllim haqqında qələmə aldığım bu yazı ürəyimin dərinliyində çoxdan yer almış ülvi hisslərin təzahürü, müəllimimə olan hörmət və ehtiramın sözlə ifadəsidir.

Etiraf edək ki, insana bəzən maddi köməklikdən vacib olan mənəvi dəstək olur. Mənəvi dəstək həyatda insanı bir şəxsiyyət kimi yetişdirməyə çox kömək edir. Bu gün mənim azacıq da olsa uğurlarımın olmasına və bu pilləyə gəlib çıxmağımın əsas səbəbkarları akademik İsa Həbibbəyli , professor İsmayıl Əliyev və ətrafımda olan insanların sevgisi, diqqəti və stimuludur. Mən həmişə bu insanlardan mənəvi dəstək aldım. Və bu İNSANLARla bu gün olduğu kimi, illər keçdikcə də fəxr edəcəm.