Əbülfət MƏDƏTOĞLU: RUHLARIN SƏNGİMƏYƏN PIÇILTISI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
46436 | 2019-06-18 09:47
Bəzən saatlarla oturub düşünürəm. Baş verənləri dərk etmək, onlardan nəticə çıxarmaq və bu olmuşlarda öz günahımın miqdarını, dərəcəsini aydınlaşdırmaq istəyirəm. Tam dəqiqliyi ilə bilirəm ki, bir insan kimi insanlığa aid günahlarda az-çox mənim də günahım var. Ona görə də insanlıq günahlarımdan xilas olmaq, qurtulmaq, müqayisəli şəkildə bir az duruya çıxmaq üçün etdiyim bu çabalar deyəsən elə özümə əlavə bir yükə çevrilib. Yəni mən içindən çıxmaq istədiyim, xilası üçün can atdığım günahların hər gün bir az da artıq dibinə düşürəm. Bu quyu qaranlıq olduğu kimi həm də hüdudsuzdu. Necə deyərlər, kor, qaranlıq quyuda qara pişiklə vuruşmaq, onun axtarışında olmaq çox uğursuz bir haldır...

Bəli, bütün bu giriş xarakterli yazımdan sonra mövzumun səhifələrini çevirməyə başlayıram. Çevrilən səhifələr bir ömür kitabının vərəqlərinə bənzəyir. Orda mənim də xəttim var, mənim də sözüm var, mənim çevrəmin də, mənə və çevrəmə dəxli olanların da. Amma ən böyük xətt Tanrıya məxsusdur. Onu oxumaq, onu gözdən keçirmək artıq bu kitabın mahiyyətini də büruzə vermiş olur, özü də pıçıltıyla. O pıçıltılar haqdan gəlir. Haqdan qopan və Yer üzünə ələnən işıq zərrəçikləri kimi ömrün qaranlıq tərəflərini işıqlandırıb gedəcəyim yolu nişan verib və bir də işığın nə demək olduğunu mənə anladıb...

Düşünməyin ki, içimdə, ağlımda bir filosofluq iddiası var. Xeyr! Ümumiyyətlə, mən həyatım boyu bircə məsələnin, bir faktın, bir diləyin, bir istəyin, bir arzunun iddiasında olmuşam. Onun da adı SEVGİdir! Hətta dərdə də SEVGİ! Yəni sevmək yaşatmaqdı, yaşamaqdı, düşündürməkdi, düşünməkdi. İnanın ki, bu pafos deyil, bu, içdən gələn bir etirafdı. Və mən bu yazını bilgisayara diqtə etdiyim anda da indi sizin oxuyacaqlarınızı ürəyimin bir küncündə söz-söz, sətir-sətir təzədən yazıram. Gecəni səhərə qədər yazdığımı təkrarlayıram...

Bu gecə qəribə yuxular görürdüm. Ona görə yuxular deyirəm ki, bir az seriala bənzəyirdi. Vallah, billah heç nəyi uydurmuram. Gecə yuxumda atamı gördüm. Özü də tək deyildi. Dünyasını dəyişmiş bütün dostlarım, doğmalarım onun ətrafına yığışmışdılar. Yanında boş yer də vardı. Mən yüksək bir dağın üstündə oturmuşdum. Yanımda da bugünkü çevrəm. Amma qəribə idi ki, dağdan üzüaşağı düşmək çox çətin idi. Tutmağa, yapışmağa bir yer yox idi ki, sürüşmədən düşəsən. Sanki daşların üstünə sabun çəkmişdilər. Bir də gördüm ki, O gəldi. Öz maşınında əyləşmişdi, həmişəki kimi də arxada. Bu, Şirxan müəllim idi. Gəlib dayandı dağın dibində Yanında da mənim əzizim, dostum, doğmam Ələsgər... Ikisi də maşından düşdü. Mən onları görəndə oturduğum daşın üstündən qalxdım...

Şirxan müəllim həmişəki ərklə:

- Əbili, sənin dalınca gəlmişik, düş gedək çörək yeyək, nahar vaxtıdı. O şairliyini saxla! Sonra çıxıb oradan baxıb şerilərini yazarsan!

Mən onun sözünü yerə salmadım. Amma dağdan üzüaşı düşməyin də yolunu tapa bilmədim. Yanındakılardan kimsə belindəki kəməri açıb bir ucunu mənə verdi və dedi ki, bundan tut və yavaş-yavaş düş aşağı. Onun dediyi kimi də etdim və düşdüm aşağı. Şirxan müəllimgilin maşını dayandığı yerə gəldim. Maşın yox idi. Maşın dayandığı yerdə tanımadığım orta yaşlı, ağsaqqalı bir kişi dayanmışdı. Ona təəccüblə baxdığımı görüb:

- Şair, kimi axtarırsan? - dedi.

Doğrusu, canımdam qəribə bir titrətmə keçdi - bu kimdi, məni hardan tanıyır?

Sanki həmin insan ürəyimi oxudu, düşündüklərimin cavabını verdi:

- Tanıyıram səni, Şirxangil səni gözləyirdi. Gec düşdün, ona da hardansa zəng gəldi, tələsik getdilər. 
Dedi ki, özündən küssün, bu gün yeyib-içəsi olmadı.

Onların maşınının getdiyi istiqamətə bir-iki addım atdım. Çox qəribə bir mənzərəydi. Sanki buraları mən heç görməmişdim. Ona görə də yuxuda olduğum anda bu gördüklərimi də yuxu hesab etdim. Özüm-özümə dedim ki, gör nə qədər hissə qapılmışam ki, azıb gəlib çıxmışam buralara...
Yuxudan oyandım. Amma o xatirələrdən, o yuxudan, o yerlərdən ayrıla bilmədim. İnanın ki, səslər də, hərəkətlər də, hətta o dağın daşları da mənim içimə hopmuşdu... Məni sıxıntılı, əzab çəkən bir insanın durumuna salmışdı. Və mən sübh çağı evdən çıxarkən birbaşa yaxınlıqdakı məzarlığa gəldim. Burda Məmməd Aslan uyuyur. Gəldim şairin ziyarətinə. Üzr istədim ki, dan yeri sökülən vaxt ruhunu narahat edirəm. Dayandım, bir xeyli bu məzarlıqda cəh-cəh vuran quşların səsini dinlədim və özüm də bir ruha çevrilib burdan iş yerinə, nəşriyyata üz tutdum. Yol boyu düşündüm ki, atam da, dostlarım da mənsiz darıxırlar orda, nigarandılar. Ya hardasa, nədəsə günahım var, ya da bu dünyanın dərdlərini çəkməyə dözümüm qurtarıb deyə, məni həmin yükün altından çıxarmaq istəyirlər...

Yenə yadıma düşdü, yenə xatırladım. Həyatımın ən böyük günahlarından, nöqsanlarından biri - atamla şəkil çəkdirməməyim. Heç vaxt atamla şəkil çəkdirmədim... heç vaxt ağlıma gəlmədi ki, yanında dayanım, dizinin dibində oturum, kölgəsinə sığınım, necə olur-olsun bir şəkil çəkdirim. Hətta toyda da, mərasimlərdə də onunla şəkil çəkdirmək ağlıma gəlmədi. Ona görə də atamın ölümünə yazdığım şeirdə onu xitabən demişəm ki:

Tarix öz yaddaşına
Kaş məni ata sənlə...
Orda şəkil çəkdirəm -
İlk dəfə, ata, sənlə...

Dünyanın bu üzündə
Güc tapmadım özümdə...
Mən oturub dizində -
Baxım həyata sənlə...

İçim sözlə alışdı
Başım işə qarışdı...
Mənim ömrüm yanlışdı -
Çətin boy ata sənlə!..

Bax ruhdakı əsimə
Sənli, sənsiz kəsinə...
Kim var orda, səsimə -
Dönüb hay ata sənlə...

Nə bəxt, nə bilikləndi
Ömür, gün dilikləndi...
Günüm də çilikləndi -
Bitdi ay, ata, sənlə...

Yaddaşımdı, yadımdı
Şəkli qoşa adımdı...
Qovuşum - həyatımdı -
Mən də o ada sənlə...

***
Bəli, mən bütün gücümü toparlasam da gördüyüm yuxumun, əslində isə neçə gündən bəri ruhlarla etdiyim söhbətin təsirindən çıxa bilmirəm. Və yavaş-yavaş inanmağa başlayıram ki, ruhlar çox gözəl həmsöhbətdir. Onlarla rahatca danışmaq, rahatca pıçıldaşmaq və hətta onların qarşısında diz çöküb günahını etiraf etmək də mümkündür. Çünki onlar biz günahkarlardan çox-çox yuxarıdadılar. Çünki onlar Tanrı dərgahındadılar. Bu dərgahda olanlara isə kimsənin əli çatmaz. Sadəcə, biz onları xatirələrimizlə, xəyallarımızla, yuxularımızla ziyarət edib görə bilərik və görürük də...

Yaşımın elə bir vaxtıdır ki, xatirə danışmaq imkanım artıq birmənalıdır. Ona görə də yazının bir yerində mütləq Vahidi xatırlamalıyam. Ötən həftənin son iş günü rayona gedirdim. Horadizlə 5 dəqiqəlik məsafədə yerləşən Mirzənağlı kəndinə. Daşburundan keçəndən sonra gəlib durdu gözümün qabağında Vahid. Səsini də eşitdim. Və bir Allaha and olsun ki, onun həmişə oturub məni gözlədiyi yerə çatana qədər ürəyimin döyüntüsünü aşkarca eşidirdim. Maşını həmin yerin önündə saxladım. O yer bina olaraq qalmışdı. Amma əvvəlki gül-çiçəklik yox idi. Həmin yerdə, o çayxana sayılan ərazidə bir boş stol qalmışdı. Vahidin oturduğu stol. Heç kim ürək eləyib onu ordan götürməmişdi. Bu neçə ilin yağışı, qarı, istisi o stolun da "belini" qırmışdı, "əhdini" kəsmişdi. Orda dayandığım anlarda kənardan mənə təəccüblə baxanları da gördüm. Mən oyaq idim, ağlım da başımda idi. Hamını gördüm, bircə Vahiddən başqa. Vahid ürəyimdə idi, xəyalımda idi. Maşını yavaşca yerindən tərpətdim. Getdim Mirzənağılara. Burda da bir ananın mərasimi idi - Fəridə Rəhimlinin anasının. Həyətə girəndə onu görmədim. Hamıyla görüşdüm. Amma gözüm onu axtardı, qulaqlarımda onun səsi təkrarlandı. Özünməxsus şəkildə deyirdi həmişə:

- Ay Əbilfət, (o belə deyirdi həmişə - Ə.M.) ay bala, bu qızdan, bu Fəridədən muğayat ol!..

Bəli, mən indi ruhlarla söhbət etməkdən başqa heç kimə əl uzada, heç kimə dayaq dura bilmirəm. Heç kimdən muğayat olmaq gücüm də qalmayıb. Ona görə də Hürü xalanın və dünyasını dəyişən bütün anaların ruhuna üz tutub yazdım ki:

Nəsə demək istəyirəm
söz tapmıram...
nəsə etmək istəyirəm
köz tapmıram...
söz, hay salsın
köz yandırsın,
inandırsın
köçdüyünə,
haqq yolunu
seçdiyinə
özü üçün
ölümsüzlük
köynəyini biçdiyinə
bir "əlvida!"
şərbətini içdiyinə
bir ANAnın!
həmin o an
dondu zaman
gördüm inan,
bax, beləcə
bir QADINın,
bir ANAnın
varlığından,
ürəyindən,
çöhrəsindən
təbəssümü
bircə-bircə
gül tək dərib
övladlara əmanəti -
məhəbbəti!
hədiyyəsi -
vida payı Təsəllidi!..
Ağrı adlı
acı dadlı
övlad üzən nə vardısa
özü ilə götürdü O
sevgisini,
dözümünü
vida hopmuş
təbəssümlə sözsüz
bizə ötürdü O!..

***
Bəli, mən günahlarımı da, yaşadıqlarımı da, yaşamaq istədiklərimi də həmişə xəyalımda canlandırmağa və öncə onlarla özüm təmas qurmağa çalışmışam. İstəmişəm ki, günahımın da çəkisini ölçüsünü bilim və buna uyğun cəzaya da hazır olum... İstəmişəm ki, arzuladığımı, xəyal etdiyimi heç olmasa ilğım kimi gözümün önündə canlandırım ki, bu xəyal gerçəkləşsə çaş-baş qalmayım...

Bax, bu mənada mən kimliyimi də, günahımı da, adamlara, dostlara, ailəyə hansı dərəcədə gərəkli olduğumu da həmişə saf-çürük edirəm. Görürəm ki, deyəsən limit bitir... deyəsən dağın arxası görünür... deyəsən xarici maşənların sürət həddini aşanda çaldığı melodiya həzin də olsa duyulur... Nə isə...

Mən bu yazımı yazmadım ki, oxuyub məni qınayasınız və yaxud da siz də nələrəsə köklənəsiniz. Mən bu yazını ona görə yazdım ki, ruhların pıçıltıları səngimək bilmir. Mən o pıçıltılara səs verməli idim. Səs də verdim!..

TƏQVİM / ARXİV