adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Iyun 2019 09:50
31354
ƏDƏBİYYAT
A- A+

"Bu ittiham başqa yazıçılara yapışa bilər, amma Çingiz Abdullayevə..." - MÜNASİBƏT

Gənc şair Elşad Barat sosial şəbəkədə bir maşın şəkli paylaşıb həmin maşının xalq yazıçısı Çingiz Abdullayevə məxsus olduğunu və Azərbaycan Yazıçılar Birliyinə ayrılmış 800.000 manat hesabına alındığını qeyd etdi.

Çox keçməmiş Çingiz Abdullayev bu paylaşımın altına qəzəbli şərh yazaraq onu məhkəməyə verəcəyini bildirib. Həmin şərhi olduğu kimi sizə təqdim edirik:

"Vicdansız Elşad Barat! Sən mənim avtomobillərimin şəklini çəkmisən. Mən sənin kimi əhəmiyyətsiz bir adama cavab vermək məcburiyyətində deyiləm, ancaq başqalarına açıqlama vərirəm! Mənim "Cip" maşınım altı il bundan əvvəl alınıb.Mənim sənədlərim var. Ağ "kamri" maşın isə şəxsən mənə aid deyil. Bu dövlət nömrəsidir! Mən öz gəlirlərim həqqında arayış verə bilərəm.

Sənin kimi istedadsızdan fərqli olaraq mən bütün dünyada çap olunuram! Sənin arenda haqqında alçaqcasına dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, altmış dörd yazar xəstəliyi ilə əlaqədər olaraq hər ay dərman almaq uçun yardım alır! Azərbaycan Yazıçılar Birliyinin vəsaitindən uşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq! Anar müəllimdə öz şəxsi vəsaitindən sənə yardım da edib! Mən səni kimi böhtançını məhkəməyə verirəm!”

Bu şərhdən sonra Elşad Baratdan məsələ ilə bağlı yeni açıqlama verib ölümlə hədələndiyini dedi:

"Əvvəla, Xalq yazıçımız Azərbaycan dilini yaxşı bilmir, üç cümlə söyüş yazıb, otuz səhv buraxıb. İkincisi, mən onun maşınının şəklini çəkməmişəm, hansısa səhifədə paylaşmışdılar, mən də götürüb söyüşsüz-filansız paylaşmışam. İndi baxıram o səhifədən siliblər. Çingiz müəllim əgər əmindirsə ki, maşın onun deyil, niyə hirslənir, məni təhqir edir? Sakitcə deyə bilərdi ki, bala, bu maşın mənim deyil, mən də deyərdim, ay Çingiz müəllim, səhifələr paylaşmışdı, yanlış olub yəqin, üzrlü bilin və bununla da məsələ bağlanardı.

Yazar daha sonra əlavə edib:

"Çingiz müəllim məni sərt şəkildə təhqir edib və buna görə mən də şikayətçi olacam. Gedib məsələni kökündən həll edə bilmir, ilk kim paylaşıbsa, onunla işini həll edə bilmir, gəlib mənim kimi kimsəsiz bir yazarın üstünə hücum çəkir? Bu, nə ədalətdir? Bu, nə yazıçılıqdır? Bayaq da mənə gizli nömrədən zəng gəlmişdi, məni ölümlə hədələdilər, bilmirəm kimlər idi. Mən ölümdən qorxmuram, sadəcə üç körpə balam var. Çingiz müəllimin mənə qarşı işlətdiyi təhqiramiz sözlərə görə isə sadəcə heyfsilənirəm.”

Bu məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza və birliyin gənclər üzrə katibi Rəşad Məcidin münasibətini öyrəndik.

Xəyal Rza bildirib ki, Elşad Baratın bu addımlarına bir məna verə bilmir:

"Elşad Barat Azərbaycan Yazıçılar Birliyindən uşağının xəstəliyinə görə yardım istədi və AYB digər yazıçılara da etdiyi kimi ona da yardım etdi. Bu yardım elə məhz Çingiz Abdullayevin təklifi ilə ayrıldı.

Digər məsələyə gəldikdə isə Çingiz Abdullayev şəxsən mənim gözümün qarşısında tək bir kitabına görə 30000 dollar qanorar almışdı. Yəni Elşad Barat o cür mövqeni səhv adama qarşı ortaya qoyur. , ittiham bəlkə başqa yazıçılara yapışa bilər, amma Çingiz Abdullayevə yapışa bilməz. Çünki, o, dünya şöhrətli yazıçıdır və kitabları da kifayət qədər satılır,”

Xəyal Rza şər atmağın heç kimə yaraşmadığını da deyib:

"Əgər Elşad Barat bu məsələdə jurnalist kimi davranırsa, yaxşı olardı ki, jurnalist peşə etikasını yaxşı mənimsəsin və bilsin ki, fakta əsaslanmayan bir şey yazmaq elə məsuliyyətə cəlb olunmaq deməkdir.”

Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcidsə Elşad Baratla bağlı bu hadisədən əvvəl də fikrini dediyini bildirib:

"Azərbaycan Yazıçılar Birliyində Elşad Baratın birlikdən çıxarılması məsələsi müzakirə olunacaq. Özü də məsələləri dərinləşdirir və görünür ki, elə bu müzakirələrin baş tutmasını sürətləndirir”.