adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Iyun 2019 14:19
39128
İDMAN
A- A+

Şabovtanın qırxında türkcə öyrənməyi və ya bizimkilərin Nataşaya yıxılmağı - İntiqam VALEHOĞLU yazır

Dünən CBC Sport-a baxıram, bir qadın danışır. Siması çox tanışdır, amma xatırlaya bilmirəm. Anadolu türkcəsində gedir söhbət. CƏmi beş saniyə sonra 2001-ci ildəki kadrları göstərirlər. "Azərreyl"in top komandalar kubokunu qazanmasını, azarkeşlərin coşqusunu və sair. Tanıdıdım! Odur! Həmin məşhur qələbənin, həmin əfsanəvi heyətin ulduzlarından olan Yelena Şabovtadır. Şabovta e, a kişi. Xeyli dəyişilib, bir az yaşlanıb, bir az müdrikləşib və etiraf edim ki, bir az da gözəlləşib. Çünki o heyətdə Şabovta görünüşünə görə favoritlərdən deyildi. Hər şey bir qırağa qalsın. Bəs bu türkcə necə danışır? Özü də şivəsiylə, incəlikləri ilə danışır.

Sonradan həmkarım Ceyhun Rzayevdən öyrənirəm ki, həyat yoldaşı türkdür. Lap yaxşı. Bəs əlli illik ömrünün az qala qırx ilini Bakıda yaşayan Şabovta burada niyə bizim dilimizdə danışmırdı? Bəlkə danışmağı özünə sığışdırmır? Bəlkə ona "çuşka" kimi baxılmağından ehtiyatlanırdı. Bəlkə də... Amma bu da tam səbəb deyil. Yadınızdadırsa Faiq Qarayev fasilələrdə voleybolçulara tövsiyyələrini rusca verirdi. Elə bu səbəbdən də Şabovta qırx il yaşadığı, şərəfini qoruduğu, çörəyini yediyi ölkənin, dövlətin dilini öyrənməyə həvəs göstərmirdi.

Ümumiyyətlə, bu bil məsələsi şəxsən mənim üçün çox həssas nöqtədir. Adam tanıyıram ki, beş günlük tur paketlə Trabzona gedib qayıdıb. Bakıda marketə girəndə toyuğun satıcıdan "tavuk" kimi soruşub. Türklər demiş, bu nəyin kafasıdır axı? Siz heç hansısa rusun öz dilini pis bilməsinə görə fəxrlə danışmasını görmüsünüz? Amma mən dəfələrlə görmüşəm ki, bəzilərimiz "Azırbaycan dilində piz bilir" deməklə zadəgan, əsilzadə olmaqlarını isbatlamağa çalışıblar.
Düzdür, deyə bilərsiniz ki, bu kimi məsələlər bir az da şəxsi istəyə bağlıdır. Məsələn, "Qarabağ"In müdafiəçisi, milliyətcə rus olan Maksim Medvedev Azərbaycan dilində bəzi nazirlərdən yaxşı danışır. Ən azı Elmar Məmmədyarovu dilimizi öyrənmək üçün həftədə bir-iki dəfə Medvedevin yanına göndərmək olar. Əgər işdir birdən Medvedevin məşqi olsa, bu vəzfəni gürcü qızı Mananaya da tapşıra bilərik.

Hə, bir məqamı da deyim, yadımdan çıxmasın. Bu da şəxsi müşahidəmdir. Biz hərəylə öz dilində danışmağa, onlara xoş görünməyə çalışırıq. Bu xoş görünməklər ona gətirib çıxarır ki, Bakıda doğulan, yaşı səksəni haqlamış ruslar da bizimlə öz dilimizdə danışmağı özlərinə sığışdırmırlar. Niyə? Nə üçün?


Bəli, şübhəsiz ki, özümüzü Rusiyayla, Türkiyəylə müqayisə etməyimiz yanlış kimi görünə bilər. Böyük imperiyalar olublar, gözlərini açıb belə görüblər, üç qitədə hökmranlıq və sair. Amma bu o demək deyil ki, biz gələnin qabağınca, gedənin dalınca qaçmalıyıq.

Necə olur ki, Allahın gürcüsü onların dilini bilmədiyinə görə Gürcüstandakı yarım milyondan artıq soydaşımızın beş-üçünü çıxmaq şərtilə birinə düz-əməlli vəzifə vermir. Deməli, yaşadığın ölkənin dilinə də hörmətlə yanaşmalısan. Yanaşmayanda, öyrənə bilməyəndə əhalisinin doxsan faizini azərbaycanlılar təşkil edən rayonun meri, icra başçısı, bələdiyyə sədri ya erməni olur, ya da gürcü. Bax belə!

Bu arada Şabovtanın həyat yoldaşına da əhsən! Bizimkilər üç ay Nataşayla yaşayıb Bakıya qayıdandan sonra öz dilimizdə ləhcəylə danışmağa başlayır. Amma əlli yaşlı Şabovtaya türkcəni öyrədən kişi elə əsl kişidir. Öz dilini sevdiyinə və sevdirdiyinə görə! Görünür, türklərdə, nə də ruslarda məşhur "qırxında öyrənən gorunda çalar" məsəli yoxdur.