adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Iyun 2019 17:15
45243
LAYİHƏ
A- A+

AZIX - TARİXİMİZİN İLK ÜNVANI

Azərbaycan tarixi özünün sivilizasiyaların başlanğıcından bu gün qədər keçdiyi yolun önəmli bir hissəsini təşkil edir. Yəni bizim özümüzə məxsus olan tariximiz böyük dünyanın, böyük sivilizasiyanın bir hissəsi olmaqla yanaşı, o həm də özümüzəməxsus çalarlarla zəngindir. Üstəlik, bu sivilizasiyanın, bu tarixin dünya tarixinə diktəsi də, olan təsir gücü də danılmazdı. Ən azından böyük dünyanın tarixini vərəqləyəndə təkcə insanların yerdəyişmələri, kökləri yox, həm də onların izləri, bu izləri özündə ifadə edən maddi mədəniyyət nümunələri araşdırma mövzusu olur. Nəticədə böyük köçün hər bir anında müxtəlif millətlərin, xalqların izi görünür. Bu da ondan xəbər verir ki, bütövlükdə insan cəmiyyəti özünün ilk anından, yəni başlanğıc nöqtəsindən bu günə qədər bir-birindən bu və ya digər formada nüfuz edə bilir.

Tariximizin ən qədim dövrləri təkcə tarix kitablarında yox, həm də abidələrimizdə, maddi-mənəvi dəyərlərimizdə öz əksini tapır. Bax, bu mənada Azərbaycan tarixini dünya alimlərinin diqqət mərkəzinə gətirib çıxaran bir səbəb də bu torpağın, bu coğrafi ərazinin qəldimliyidi. Həmin qədimliyi də sübut edən arxeoloji qazıntıların araya-ərsəyə gətirdiyi maddi mədəniyyət nümunələri, mağaralar, qədim qalalar, kurqanlar, eləcə də qədim şəhərlərin qalıqlarıdı.

Zaman-zaman aparılan təhqiqat işləri, xüsusilə arxeoloqların israrlı axtarışları Azərbaycan tarixinə öz töhfəsini verə bilib. Bax, bu mənada, bu prizmadan məsələyə baxanda onda aydın olur ki, dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanda Azıx mağarası öz qədimliyi ilə yanaşı, həm də oradan tapılan müxtəlif əşyalar, eləcə də insan çənəsi birmənalı şəkildə ölkəmizin dünya tarixinə, eləcə də öz tariximizə həm qədimlik baxımdan, həm də inkişaf baxımdan tutarlı mənbə olmuşdur.

Fikrimi bir az da dəqiqləşdirsəm, onda məlum olar ki, "Azıx adamı" əslində bu torpaqda ən qədim insanın yaşının 400 min il bundan əvvələ aparıb çıxarır.

Azıx mağarası Qarabağın dağlıq bölgəsində, Xocəvənd rayonu ərazisində Quruçay sahilində yerləşir. Oxucuların diqqətinə çatdıraq ki, Sovet dönəmində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun ərazisi sayılan Azıx və Tağ kəndlərinin arasında yerləşən yüksək dağlıq ərazinin olduğu bir yerdə tapılan Azıx mağarası Füzuli rayonundan 15 km bir məsafədədir. Bu mağara kənardan o qədər də diqqəti çəkməsə də, amma onun içərisinə daxil olanda burdakı qeyri-adilik və mağaranın həm genişliyi, həm dərinliyi insanı heyrətə salır.

Yeri gəlmişkən, xatırladım ki, mağara coğrafi baxımdan ölkəmizin cənub qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında, bir az da konkretləşdirsəm, Quruçay çayının sol sahilində yerləşir. Bu mağara ilk dəfə 1960-cı ildə Azərbaycanın çox böyük arxeoloqlarından biri professor Məhəmmədəli Hüseynov tərəfindən kəşf edilibdi. Doğrudur, mən həmin ərazidə, yəni Tuğ kəndində doğulduğumdan mağaranın yerli sakinlər tərəfindən hələ öncədən bəlli olduğunu bilirəm. Lakin məhz Məhəmmədəli Hüseynovun həmin mağarada qazıntılara başladığı dövrdən sonra buraya öncə ölkə tarixçilərinin, sonra dünya alimlərinin marağı artdı. Bir kənd sakini olaraq həmin mağarada qazıntıların aparılması prosesini izləmiş və qazılan torpağın artıq hissəsinin mağaradan bayıra daşınmasında iştirak etmiş birisi kimi bu gün də həmin məqamları olduğu kimi xatırlayıram. Və rəhmətlik professorumuz Məhəmmədəli Hüseynovun qazıntılar zamanı tapılan hər bir əşya üçün, hər bir nümunə üçün az qala uşaq kimi sevinir və qürur hissi keçirirdi. Biz bütün bunların nəyi ifadə etdiyini, hansı anlamı verdiyini təbii ki, o vaxtlar bir o qədər də başa düşmürdük.

Sonra zaman Azıx mağarasının kəşfinin nə demək olduğunu bizə anlatdı.

Onda öyrəndik ki, dünya coğrafiyasında 4-cü pillədə dayanan bu tapıntı həm də həmin mağarada 700 min il bundan əvvəl ocaq qalandığını və bu ocaq ətrafında müxtəlif izlərin olması ölkəmizin qədimliyinə, tariximizin zənginliyinə əyani bir sübutdu.

Çox böyük təəssüflə vurğulamaq istəyirəm ki, Sovetlər dönəmində digər abidələrimizə olan laqeyd münasibət Azıx mağarasından da yan keçməmişdi. Bu laqeydlikdən istifadə edən düşmənlərimiz, yəni ermənilər öncə mağaranın adını dəyişib onu erməniləşdirməyə, yəni "Azof" kimi yazmağa, tarixə əlavə etməyə cəhd göstərdilər, daha sonra mağaradakı tapıntıların ermənilərə aid olduğunu aid etdilər. Hətta bu məsələ ətrafında müəyyən fikirlər yaratmağa çalışmışdılar. Professor Məhəmmədəli Hüseynov bu barədə bizimlə söhbətlərində dəfələrlə vurğulamışdı ki, onun "erməni tarixini saxtalaşdırmaqda günahlandırıb, hətta partiya üzvliyi məsələsini gündəmə gətirmişdilər".

Bəli, yaxşı ki, tariximizin, alimimizin, elimizin qədrini bilən, ona dəyər verən millət fədailəri, millət sevənlərimiz var. Məhz onların köməkliyi, onların dəstəyi professor Məhəmmədəli Hüseynovu erməni böhtanından, erməni şərindən xilas edə bilmişdi.

Bu gün həmin o söhbətləri xatırlayanda yadıma ermənilərin hələ 1960-cı ildən Azıxa olan iddialarını 1989-cu ildə daha böyük, daha açıq şəkildə gerçəkləşdirmək uğrunda apardıqları işğalla yekunlaşması düşür. Bəlli olur ki, məkrli düşmən tariximizə uzatdığı qara əlinə hələki Azıxın "yaxası" keçib. Amma bu tarix həmişə təkrar olunduğundan biz mütləq o qara əlləri kəsəcək, Azıxın qədimliyinin Azərbaycana məxsus olduğunu özünə qaytaracağıq.

(Ardı növbəti sayımızda)

ƏBÜLFƏT MƏDƏTOĞLU