adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Iyun 2019 16:14
18612
ƏDƏBİYYAT
A- A+

ŞEİR PAYI DA VAR RİYAZİYYATIN!

Üç

Bir – iki – üç

Tək – cəm – güc.

Neçə gözəl məsəl var...

«Üçdən deyib atalar».

Sağda – sağdış, solda – soldış,

Ortada – bəy, ay sağolmuş!

Sovet zamanında ağactək bitib

Birinci, ikinci, üçüncü katib.

İki müavinli başçı ilə mən

Doğma yurd havası uduram hərdən.

Nağıllardan boy göstərir qorxulu söz:

Yarımvəhşi adamların

Alnındaymış üçüncü göz.

Üçqovaq+ kəndinin akademiki++

Ata ocağında uşaqdı sanki.

Çoxdan göstərilmir

«Üç gombul» filmi.

Bu sənət aləmində

Unutqanlıq deyilmi?

Bakının «Üç meyvə» dükanından al:

Alma, armud, portağal!

Müəllim, insafın varsa,

Bir «üç – kafi» yaz ki, keçim

Mən də axırıncı kursa!

Yaman təsirlidtr «İctimai»nin

«Üç dost – üç tale» verilişi,

Alqışlansın onun xeyirxahlıq işi.

__________

+ Ağdaşda

++ Bəkir Nəbi

Koordinat mərkəzindən çıxır üç şüa:

Biri – iks, biri – iqrek, biri – zet-dir ha!

Taplımasa oxlar üzrə üç nöqtə,

Ya əyri, ya da ki, düz

Deyə bilmərik xəttə.

«Üçüncü ayaq» adlandırıb çəliyi kim?

Unudulmaz şairimiz Vaqif İbrahim!

Üç yoldaşıq – trio,

Biri – Sənsən, biri – Mənəm, bir – O.

Tar, kamança, qaval –

Üçlük, bir «Qoçəli» çal!

Ay dost, soruşursan «Bəs ardı hanı?»

Gərək tamamlayam «Trilogiya»nı.

Qonşunun gəlini üçəm doğubdur.

Məclisdə ağsaqqal nə dedi o gün?

«Bütün subayların toyu mübarək!

Millətin sayını artırmaq üçün

Həzərat, hər evdə, hər ailədə

Ən azı üç uşaq doğulsun gərək».

Yerdə gürzəyə bax, göydə qırğıya!

Mənim şikayətim var təbiətə:

Verib üç əsrlik ömrü qarğaya,

Əlvan kəpənəyə qıymayıb həftə.

Dünya savaşının gün idi anı,

Volqadan Elbaya gedən yol hanı?

Ya «üçkünc»lü məktub, ya «qara kağız»

Döyərdi Vətənin qapılarını…

Hamı möhkəm öyrəşib

İclasdakı adətə:

«Gizli səs» tapşırılsın

Üç nəfərlik heyətə.

«Dəcəl meymun, çolaq ayı, çəp keçi…»

Bu təmsili əzbərləyib «beş» almışam.

Müəllimim «sağ ol» deyib,

Dağlar kimi ucalmışam.

Yada sal keçmişdə gördüklərini,

Çobanın Vurğuna dediklərini:

«Muğan – Muğan olsa, biri üç eylər,

Muğan qəzəblənib üçü – heç eylər».

Yadıma Xurşudu+ görməyim düşür,

Üçatlı araba sürməyim düşür.

Bütün dünya tanıyır

Aleksandr Dümanı;

Əbədi abidədir

«Üç müşketyor» romanı.

Xoşum gəlir Xoşqədəmin

«Üç nöqtə» qəzetindən,

«Səni axtarıram»dakı

Şirin vüsal anlarının

Dadından, ləzzətindən.

«Üç quyu» qanad açıb

Xəzərin o tayında:

Səslənib kinomuzun

Nizami sarayında…

Bu oğlanı tanıyın –

Olsa da adı Qoçaq,

Həndəsədən yenə də

«Üç» qiymət aldı ancaq

Delim: «Payız gələndə

Sən göyə diqqətlə bax –

Durnalar da havada

Qura bilir üçbucaq».

Payızda köç edən «Üçtelli… durna»,

Yazda qəriblərə təsəlli durna!

Qulağıma səda gəlir:

«Üç gündən bir, beş gündən bir…»

«Bu gün ayın üçüdür,

Dilin badam içidir».

Rəşid Behbud oxuyardı,

Cazibəli səsi vardı.

_________

+Salyanda qəsəbə

Üçlük – göydə Günəş, Ay, Yer!

Üç hissəli təbəqədir litosfer:

Üst – çöküntü

Qranit – orta qat,

Alt – bazalt.

Nağıllarla dopdolu

Uşaqlıq tez ötüşdü;

Nənəm, dayım deyərdi:

«Göydən üç alma düşdü».

Əhsən ailənin ilk övladına:

Bəyi – ata edir, gəlini – ana!

Əgər bilmək istəsən,

Gedib boş vaxtında sor:

«Cənab polis, nə üçün

Üçrənglidir işıqfor?»

Şəmkirli Hüseyn məclis qurardı,

Bülbülə qoşulub cəh-cəh vurardı:

«Ağ gül, qırmızı gül, bir də sarı gül»,

Saza güvənərdi nəğməli könül.

Bir vaxt ümidlərin qayçısı olub –

Tifaqı dağılmış İttifaq boyda.

Kütləvi cəzanın carçısı olub –

Casusluq eyləyən «üçlük– troyka».

Biri – işsiz,

Biri – rəis.

O – məchul bir ad-sanlıdır,

Yas düşəndə – üçüncü gün

Hamı üçün ehsanlıdır…

Ay müğənni dost,

Ya de, ya da yoz:

Kimin payıdır,

«Üç badam, bir qoz»?

Qayğı yükü qalaq-qalaq,

Birləşəcək bölünmüş xalq.

Göy, qırmızı, yaşıl zolaq –

Bayraqlaşan amalımız!