adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ABŞ 2010-da SSRi KiMi DAğILACAQ

AQİL ABBAS
27822 | 2009-12-29 01:38
Təbii ki, bunu oxuyanlar güləcək və inanmayacaq. Amma bir vaxtlar heç kimsə SSRİ-nin də dağılacağına inanmırdı, amma şırt-pırt, 4-5 ilin içində dağıldı getdi. Dünyada əbədi imperiya yoxdur, olmayıb və olmayacaq da.
   
   Dünyada bir əbədi imperiya var, o da Tanrının imperiyasıdır. İndi ABŞ yer üzündə Tanrının imperiyasını dağıdıb öz imperiyasını yaratmağa girişib.
   
   "Allahdan başqa Allah yoxdur, Məhəmməd onun Rəsuludur". İndi bu ifadə insanların beyinlərinə belə yeridilir: "ABŞ-dan başqa ABŞ yoxdur, Obama da onun rəsuludur". Peyğəmbərləri həmişə Tanrı özü seçib. Həzrəti Davudu da, Həzrəti Musanı da, Həzrəti İsanı da, Həzrəti Məhəmmədi də. Amma bu Obamanı Tanrı seçməyib. ABŞ-ın dünyaya qan udduran mafioz qüvvələri seçdirib. Tanrının seçdiyi peyğəmbərlər seçildikləri gündən indiyədək yaşayırlar. Mafiozların seçdiyi "peyğəmbərlər" uzağı ya 4 il, ya 8 il çəkər, bəzən də sonları çox vaxt Fironun, Nəmrudun gününə düşər. Tanrılıq iddiasında olan Nəmrud Tanrının balaca bir milçəyi ilə bacarmadı. Tanrının yaratdığı bir milçək özünü Tanrı elan edəni öldürdü.
   
   Amma bütün dini kitablar, bir belə hədislər, bir belə rəvayətlər insanlara görk olmur, ibrət dərsi olmur və yenə insanlar nəinki peyğəmbərlik, hətta Tanrılıq arzusuna düşürlər.
   
   İndi ABŞ Tanrılıq iddiasındadı. Əvvəllər bu qələti eləyə bilmirdi. Çünki bir Sovet hökuməti də vardı, dünyanı paylaşmışdılar və bu paylaşımda başları bir-birinə qarışdığına görə nə ABŞ, nə də SSRİ Tanrılıq iddiasında bulunmurdu. Elə ki Sovet hökuməti dağıldı, ABŞ-ın iştahası artdı və əlinin üstündə əl olmadığını görüb Tanrılıq iddiasına düşdü. İndi bütün dünyada öz imperiyasını qurmaq istəyir. Dünyada nələr elədiyini yazmağa ehtiyac yoxdur, çünki bunu nəinki Məmmədhəsən əmi, hətta Məmmədhəsən əminin dilsiz-ağızsız eşşəyi də bilir.
   
   Çoxbilmiş quş dimdiyindən tələyə düşər və ABŞ da özünü Tanrı kimi aparsa da, əslində quşdu və elə bilir çoxbilmiş quşdu. Rusiyanı məhv eləmək üçün bir tələ qurdu, iqtisadi böhran yaratdı və bu tələyə özü düşdü. Rusiya üçün iqtisadi böhran o qədər də qorxulu deyil. Çünki İvan borşla, supla yaşamağa öyrənib, ikiotaqlı, üçotaqlı evi olanda elə bilir ki, dünyanın ən xoşbəxt adamıdı, "Jiquli"sini də "Range Rover" bilir. Ona görə də iqtisadi böhranı rus xalqı atlada bildi. Amma amerikalılar amerikalı kimi yaşamağa öyrəniblər. Və iqtisadi böhran ABŞ-ı elə vurdu ki, artıq bu ölkənin bir çox əyalətlərində borş, sup üstdə də dava gedir. ABŞ da yeni ölkələr işğal eləyib həmin ölkələrin sərvətlərini daşımaq siyasətində istədiklərini qazana bilmirlər. İraqda da küncə dirəniblər, Əfqanıstanda da küncə dirəniblər və başqa ölkələr də artıq üzünə qayıdır. Heç bir xalq öz var-dövlətini ABŞ-ın bombalarından qorxub bu ölkəyə hədiyyə eləmək istəmir.
   
   Bəli, 2010-cu il ABŞ-ın dağılmağa başlaması ilidi. Bunu biz demirik. Biz bu qələti eləyə bilmərik. Rusiyanın böyük alimləri, iqtisadçıları və siyasətçiləri Putin üçün bir rapor hazırlayıb qoyublar stolunun üstünə. Həmin sənəddə sübut ediblər ki, 2010-cu ildə ABŞ-da dağılma başlayacaq, əyalətlərə bölünəcək və hətta böyük bir vətəndaş müharibəsi başlayacaq. Və hadisələrin də Kaliforniyadan başlayacağını bildiriblər.
   
   Heç 2010-cu ilə keçməmiş Kaliforniyada hadisələr başlayıb. Bu ştatın növbəti ildə büdcə kəsiri yüz milyard dollardan artıqdır. Bu ştat Amerikada ən çox aclıq və səfalət olan ştatdır. Yüz milyard dollar büdcə kəsiri o deməkdir ki, əhalinin sosial güvəni sıfıra enib, nəinki yoxsulluq artıb, əhalinin yaşayış səviyyəsi aclıq səviyyəsinə düşüb. Kaliforniyalılar ayaqlanmağa başlayıb. Və üç gün öncə Obama hətta Kanadadan da qoşunun bir hissəsini çəkərək Kaliforniyaya göndərməyə sərəncam verib. Bir sözlə, ümumiyyətlə Kaliforniyaya bir milyon qoşun yerləşdirilib. Bundan başqa, əlavə min ədəd ən müasir tank göndərilib.
   
   Bildiyiniz kimi, Texas özünü ştat deyil, dövlət adlandırır. Və yeganə ştatdır ki, dövlətçiliyini bildirmək üçün bayrağına bir ulduz da vurub. ABŞ-ın bir çox qanunları Texasda işləmir. Və Texas ABŞ-dan ayrılmaq üçün uzun illərdi mübarizə aparır, sadəcə olaraq ağıllı şəkildə. Yəni mübarizənin bir Çeçen variantı var, bir Tatar variantı. Texas Tatar variantından istifadə edir - ağıllı variantdan. Görünür, Kaliforniya o qədər boğaza yığılıb ki, Çeçen variantına üstünlük verir.
   
   Sovet hökumətini ABŞ dağıtdı, bəs ABŞ-ı kim dağıdır?
   
   "Axırıncı aşırım"da gözəl bir yer var.
   
   Kərbəlayi deyir:
   
   - Bax, bu gözlərimlə görmüşəm. Kərbəlada minarənin bir kərpicini Nikolayın topu vurub salıb. Hər axşam kərpici qoyurlar yerinə, səhər baxıb görürlər ki, kərpic yenə düşüb. Çünki o kərpici Nikolayın topu murdarlayıb.
   
   Fazil Salayev də (təəssüf ki, obrazın adı yadımızdan çıxıb) sevinə-sevinə deyir:
   
   - Qurban olum Şura hökumətinə ki, müsəlmanların intiqamını Nikolaydan aldı.
   
   Kərbəlayi onu çox sərt süzüb deyir:
   
   - A gədə hey, Çəmənlidə Məşədi Cəmili diri-diri doğrayıb quyuya tökdülər. Bilirsən niyə? İndi... Nikolayı Şura hökuməti deyil, müsəlmanların Allahı yıxdı.
   
   Eeeh, Allah sənə rəhmət eləsin, Kərbəlayi!

TƏQVİM / ARXİV