adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Iyun 2019 14:18
34382
İDMAN
A- A+

Əvvəli qalmaqalnan başlayan oyunun sonu necə olacaq? - SORĞU

Bu gün Türkiyənin futbol üzrə milli komandası "Avro 2020” çempionatının təsnifat mərhələsində İslandiya millisi ilə qarşılaşacaq.

Türkiyəli futbolçulara qarşı edilən hörmətsizliklərdən sonra yaranan qalmaqallar oyuna olan marağı daha da artır. Kəskin intriqalı keçəcəyi təxmin edilən oyun səbirsizliklə gözlənilir.

Adalet.az Türkiyə futbolunun azarkeşi olan iki jurnalistin fikirlərini öyrənib

CBC sport kanalının əməkdaşı Fərid Axundov son hadisələrdən sonra bu matçın təkcə 3 xal qazanmaq mahiyyəti daşımayacağını deyib:


"Türkiyənin hazırda qrup lideri olması Avro-2020-yə vəsiqə əldə etmək baxımından əsas rəqibi İslandiyanı da təzyiq altında saxlayır. Çünki İslandiya məğlub olacağı halda bir müddət ya da elə qrupda mübarizənin yekununa qədər 2-ci pillə üçün Fransa ilə rəqabət aparmalı olacaq. Bu da onlar üçün arzuolunmazdır.”

Hava limanında baş verənlərin gərginliyi artırdığını deyən Fərid Axundov bu cür vəziyyətləri motivasiya kimi istifadə edə bilən Türkiyə millisinə bütün bu hadisələrin qələbə ruhu baxımından onlara kömək edəcəyini düşünür.

"Artıq futbolçular özləri necə lazımdırsa kökləniblər. Unutmayaq ki, Konyadakı matçda da türkiyəlilər Fransa himnini fitə basmışdılar. İndi də bu cür hadisənin yaşanması UEFA-nın üzərinə məsuliyyət yükləyir. Deməli, bu cür vacib oyunlardan əvvəl ölkə futbol federasiyaları lazımi həssaslığı göstərmir.

Bir qədər də oyunun içi haqda danışmaq lazımdır. Vəziyyətə baxın da, görün, nə dərəcə kənar faktorlar var. Matçın özü 2-ci planda qalıb. Fransa ilə görüşdəki Türkiyə millisi 2002 və 2008-dəki komandaları xatırladırdı. İstəkli, yüksək motivasiyalı və düzgün taktikalı kollektiv gördük. Ancaq Fransa oyunundan fərqli olaraq, bu dəfə Konyada oynamırlar. Türkiyə millisi İslandiya səfərində buna qədər 2 dəfə oynayıb. Statistika belədir: 2 məğlubiyyət, top fərqində 0:5 gerilik.

Fransa ilə səfər matçında 0:4 hesablı məğlubiyyət, Albaniya və Andorra qarşısındakı qələbələr məncə, ciddi ölçü deyil. Ona görə bu görüş DÇ-2018-dən sonra UEFA Millətlər Liqasında fiasko yaşayan İslandiya yığmasının da hazırda hansı formada olduğunu göstərəcək.”

Axar.az saytının əməkdaşı Orxan Tağı İslandiya-Türkiyə oyununun son dünya çempionu üzərində evdə qazanılmış 2-0 hesablı qələbədən sonra qrupda Türkiyə üçün həlledici oyuna çevrildiyini deyib:

"Qardaş ölkə futbolçuları İslandiya üzərində qələbə ilə zənnimcə indidən Avro 2020-yə vəsiqəni təmin edə bilər. Qrup oyunlarında 3 oyunda maksimum nəticə göstərən Türkiyə millisinin son 7 oyunundan 2-sinin autsayder Andorra ilə olduğunu nəzərə alsaq səfərdə hətta İslandiya millisi ilə heç-heçə belə türklərə sərf edə bilər. Belə olan halda qrupun favoriti Fransa olmasına baxmayaraq, noyabrın 17-də Türkiyə millisi Andorranı səfərdə məğlub etməklə qrup lideri də ola bilər. Artıq nisbətən güclü albanları səfərdə, Türkiyə millisinin hazırda nümayiş etdirdiyi futbolu tarixi boyu oynamamış moldavanları isə evində məğlub etmiş türk futbolçular, İslandiyadan qazanılan xal və ya xallarla bu komandalarla cavab qarşılaşmalarına da ruh yüksəkliyi ilə çıxacaq. İslandiya ilə qarşılaşmanı maraqlı və prinsipial edən başqa bir məqam isə qarşılaşma üçün bu ölkəyə yollanmış Türkiyə millisinin hava limanında elə türk mətbuatının dili ilə desək "işgəncə”yə məruz qalmasıdır. İdman və siyasət müstəvisində bir çox türkün sərt reaksiya verdiyi bu "təxribat” qardaş ölkə oyunçularını qarşılaşmaya daha güclü köklənməyə vadar edə bilər. Çünki Türkiyə millisinin xarakter nümayiş etdirdiyi prinsipial qarşılaşmalardakı uğurları hər bir azərbaycanlının yaddaşında iz buraxıb.”

Qarşılaşma ilə bağlı hesab təxmini çətindir. Sadəcə hər iki komandanın fərqləndiyi və böyük ehtimalla heç-heçə bitəcək bir qarşılaşma gözləmək olar. Nəticədən asılı olmayaraq, Türkiyə millisinin oynadığı gözəl oyunla növbəti dəfə rəğbət qazanacağına ümid edirəm.”