adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Iyun 2019 17:51
21965
ƏDƏBİYYAT
A- A+

Fikrət Sadıq: Sarı torpaq

Eşit məni, məşhur məhlə Sarı torpaq!

Cövhərin haqq - yarı şeir, yarı torpaq.

Tarix şahid, nə bəlalar çəkib başın,

Yadına sal, zarı-zarı, zarı, torpaq!

Çox yadların yürüşünə sinə gərdin,

Qala - torpaq, səngər - torpaq, barı - torpaq!

Adamların şirin dilli olub - burda

Əsrlərcə bal yetirib arı - torpaq!

Böyük, dahi şairlərin fəxrin - sənin,

Ulu - torpaq, uca - torpaq, Tanrı - torpaq!

Sakinlərlə ata-ana qılıqlısan,

Çətin gündə qoca - torpaq, qarı - torpaq.

Gecələri cəhd edirəm, səni görüm,

Burdan baxsın üzüm sənə sarı - torpaq.

Hal-əhval tutmaq

Gözün aydın, nə var, nə yox?

Oralarda, buralarda.

Azda çox var, çoxda az var,

Oralarda, buralarda.

Çoxun çoxusu haramdı,

Hörmətdi, ehtiramdı.

Çox lap, çoxdan haqqı dandı,

Oralarda, buralarda.

Az ilə çox iki düşmən,

Biri arıq, biri şişman.

O da peşman, bu da peşman,

Oralarda, buralarda.

Biri xeyir, biri şərdi,

Bu sınıxar, o şişərdi.

İkisi də bir bəşərdi,

Oralarda, buralarda.

Durub soruşma bu nədi?

Bu neynədi, o neynədi?

Biri - birinin eynidi

Oralar da! Buralar da!

Tumurcuq

Tumurcuq - şair Fikrətə

Səhər tezdən elədi zəng.

"Bir gün de, bir vaxt elə,

Gələk sənə baş çəkək".

Oyatdın məni, tumurcuq!

Bəs, nə əcəb

əbrişim, palıd, çinar

Məni yada salmadılar?

Onların daha çox

haqları var.

Sən belə balaca

əl boydaca - körpə

belə zərif, belə kövrək?

Əvvəl ağaclara baxdım,

sonra sənə baxdım.

Sən onlardan uca göründün.

Sən mənim ovcumda indi

quş kimi çırpınan - ürək!

İnsanlar da sənə oxşasaydılar?!

Belələri də var, çox az,

Bir-iki, adda-budda, tək-tək.

Qarışıb

İndi saat neçədi?

Gündüz - gecə qarışıb.

Şeir yaza bilmirəm,

Əruz - heca qarışıb.

Gözə girən qafiyə,

Çəkilibdi qafilə.

Milçək oxşayır filə,

Sözlər necə qarışıb.

Bu necə haydı-küydü,

Bilmirsən yasdı-toydu.

Adamlar bəstəboydu,

Gödək-uca qarışıb.

Göz açandan duyuruq.

Bilsin də qaraguruh.

Mərd olanı əyməz ruh,

Cavan-qoca qarışıb.

Tapılmır ağ varağı

Yazıb qaralamağı...

Şair neyləsin, axı.

Hamar-haca qarışıb.

Bilmədim, axı

Günü - gecə-gündüz, ili - ehtiyac,

Ömür imiş, demə, bilmədim, axı.

İnsan dedikləri yanmış bir ağac,

Kömür imiş demə, bilmədim, axı.

Bu şıltaq həyatda - biz ağır kitab,

Sual çox, amma yox suala cavab.

Bu qədər əzaba kim gətirər tab,

Dəmir imiş demə, bilmədim, axı.

Dünya özü boyda qapalı qəfəs,

Əsir-yesir olur qəfəsdə hər kəs.

Yerdə, suda, göydə bunca güclü səs -

Səmir imiş demə, bilmədim, axı.

Bu nə müsibətdi, varmı bir bilən,

Ya müqəvva imiş yaşayıb - ölən.

Yaşamaq özü də səmadan gələn,

Əmr imiş demə, bilmədim, axı.

Allah, saxla sonrasını

Soyuq - isti, isti - soyuq,

Allah, saxla sonrasını.

Sözə baxma, mənaya bax!

Allah, saxla sonrasını.

Sözü keçən adama bax

And içib də dedi bayaq

Ağa qara, qaraya ağ,

Allah, saxla sonrasını.

Haqq qovuldu, qaldı nahaq.

Çör vurdu çöpə şapalaq.

Ayaq - baş tutdu, baş - ayaq,

Allah, saxla sonrasını.

Göydən yağış yox, yağdı daş,

Hətta səma qaldı çaşbaş.

Buzlaq qum oldu, səhra yaş,

Allah, saxla sonrasını.

Tikan gülü qoydu lağa,

Qurd-quş daraşdı bulağa.

İt başladı ulamağa

Allah, saxla sonrasını.

Hanı

Fələk, zalım fələk, ay evlər yıxan!

Hanı Məmməd Aslan, hanı Zəlimxan?

İnsanı ikiqat qatlayıb, sonra

Heç "uf" da demədən uzaqdan baxan.

Məgər yorulmadın öz əməlindən,

Bir kimsə qurtarmaz sənin əlindən.

Bir əlin qurursa, biri uçurur.

Dünya buymuş, elə ta əvvəlindən.

İnsan nədir axı, bir ovuc torpaq,

Öləndən sonra da torpaq olacaq.

Hanı o möhtəşəm şəhərlər hanı?

Bəşər tarixinə bir də qayıt, bax!

Nə yaxşı sənət var hələ dünyada,

Nə yarada bilsən qalacaq o da!

Sən heçsən, heç nədən, nə qalar, heç nə

Yenə də sənətdə təsəlli axtar!

Əyri - düz

Əyriynən düz, ekiz qardaş

Çaşdırıbdı bizi əyri.

Düz adama daş atır daş,

Bəyənməyir düzü əyri.

Uşaq yaşından həmişə,

Seyrə çıxmaq istəmişəm.

Mən belə yer görməmişəm,

Dağı hamar, düzü əyri.

Görməyən də məni danlar,

Hardan gəlib bu adamlar.

Ağaclarda bu xislət var.

Bəzi şümal, bəzi əyri.

Əyridən alıb savadı.

Dincəlməyə yox saatı.

Düz oturub yalan satır,

Sandalı düz, mizi əyri.

Ha vuruşur, ha əlləşir,

Hər gün bir nəhs işə düşür.

Od tutur, yanır, alışır,

Ocağı - gur, közü - əyri.

Düzü görəndə kor olur,

Nə utanır, nə yorulur.

İstəsə düppədüz durur,

Yerişi düz, izi əyri.

Haraylı - gəraylı

Otaq soyuq, mütəkkə yox,

Hara söykəyim belimi.

Səsimi eşidən varmı?

Kimə uzadım əlimi.

Nəvə şirin, övlad şirin.

Öddən acı, həyat şirin.

İstəmədən get - yat şirin.

Kim çağırdı bu ölümü.

Qalmayıbdı taqət daha,

Qoca zəif - dərd əjdaha.

Məni aparma uzağa,

Zülümdü çəkmək zülümü.

Çox görmüşəm dönə-dönə,

Bu yol havalandı yenə.

Axı kimin ümidinə

Qoyum obamı, elimi?

GÜN ÇIX-GÜN BAT

Harda olsam

dan söküləndə,

gün çıxanda,

Mən də yenidən

doğuluram,

dünyaya gəlirəm elə bil.

İllah da ki, gün

dağın dalından boylana,

dənizin dibindən çıxa.

***

Harda olsam

şər qarışanda,

gün batanda,

Mən də birdən -birə

yerə çökürəm,

ölürəm elə bil.

İllah da ki, gün

dağın dalında gizlənə,

dənizin dibində bata.

KƏRƏM OL

Kərəm!

Eşitdim

gəlirsən.

Amma, bu kərə,

Kərəm ol bir daha.

Sevmə Əslini.

Gəncədə Əsli yoxdur ta!

Gəl, əvvəlcə Xocalını gör.

Tanı əclinin əslini.

Sonra özün bilərsən,

İstəsən, gələrsən.

TÖVBƏ QAPISI

Dünyada, təki bir fərd

tövbə edən tapılsın.

Göyə baxsın, açıqdır

göyün tövbə qapısı.

***

Bu məbəd gecə-gündüz

heç vaxt qapanmır əsla.

Tövbə edən, yaxın gəl,

Səni gözləyir Allah.

ŞAİR QABİL

Hanı gülər üzün sənin,

Hanı dəmir sözün sənin.

Şit şairlər çoxalıbdı,

Hanı dadın, duzun sənin.

***

Dağlarda var izin -sənin.

Dərdi yenən dözüm -sənin.

Şeirin -günəş zərrələri,

Sönməz odun-közün sənin.

***

Görükməyən hüsn sənin.

Söz ver mənə, izn sənin.

O, "qızılgül satan" - sağdır,

Bu- çox sürən hüzn -sənin.

Şairə xas əzm - sənin.

Səndən uca özün-sənin.

Qəddar Vaxtın qarşısında

Qatdanmadı dizin sənin.

YENƏ DƏ SABİR

Əlimi kəsirsən,

deyirsən - "tərpənmə!"

Dilimi kəsirsən

deyirsən - "sus, dinmə!"

Yanıram, üstümə

su da çiləmirsən,

deyirsən - "yan, sönmə!"

Donuram, üstümə

qartopu atırsan,

deyirsən - "isinmə!"

***

Zalım dünya, bunca

əzab olmaz, axı!

Hamı olsa haqqın

bədbəxt qalmaz, axı!

Sevincdən qışqırsam

məni də bir görən,

eşidən tapılar.

Bir günlük də olsa

açılar taybatay

o paslı qapılar.

SUAL-CAVAB

- Gəldim.

Dünyanı gördüm.

Qəlbimi sardı,

Odlu bir sual.

- Cavabına

O gördüyün dünyadan

Heç nə, tək bir

İçim su al!

BİR YERDƏDİR

Əsl dünya imiş bu!

Cənnət də, cəhənnəm də.

İnsan belə aldanır,

Cənnətdə, cəhənnəmdə.

İkisi bir yerdədir,

Cənnət də, cəhənnəm də.

Yaşayırıq yerdə biz-

Cənnətdə, cəhənnəmdə.

QİSMƏT

Hər kəsin qisməti gələndə bölünür.

Kiminə qoşa ovuc, kiminə tək ovuc.

Kim nə miqdar olsa əzəldən bilinir

Kiminə qoşa ovuc, kiminə tək ovuc.

***

Çox olan çox yedi, az olan az yedi.

Çox olan gizlədi, az olan gözlədi.

Göydən də bir mələk bunları izlədi.

Kiminə qoşa ovuc, kiminə tək ovuc.

***

Naşükür doymadı, artmağa cəhd etdi.

Durdu, zor işlətdi, zor əydi düz xətti.

Tanrıya ağ oldu, aləmi titrətdi.

Kiminə qoşa ovuc, kiminə tək ovuc.

XEYİR VƏ ŞƏR

Xeyirdə xalis xeyir,

Şərdə də tam xalis şər.

Bir bilən varmı görən,

Nə qədərdir, nə qədər?!

Xeyrin zərif saçağı

Qarışıb şərə seyrək.

Şərin zəif saçağı.

İlişib xeyrə tək -tək.

***

Nə qədər ki, dünyada

Xeyir də var, şər də var.

Deməli, dünya da var.

Dünyada bəşər də var.