adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Iyun 2019 09:41
38662
İDMAN
A- A+

Azərbaycan futbolu, qurudlu xəngəl və zoğal arağı - SORĞU

Sabah Azərbaycanın futbol üzrə milli komandası "Avro 2020” çempionatının təsnifat mərhələsində Slovakiya millisi ilə qarşılaşacaq.

Adalet.az bir sıra idman mütəxəssisinin və sosial şəbəkə istifadəçilərinin oyun haqqında olan fikirlərini sizə təqdim edir.

Sportfm.az saytının baş redaktoru Araz Əhmədov bildirib ki, qrupun aşkar autsayderi olduğumuz üçün Slovakiya millisi Bakıya 3 xal dalınca gəlir. "Macarıstanla son matçda göründü ki, bizim futbolçularımız böyük qələbələrə hazır deyil. Uzun illərdir olduğu kimi hərdənbir kiməsə badalaq vurmağı bacarırıq bu isə yetərli deyil. Məsələnin kökündə isə uşaq futbolunun bərbad durumu durur.” Araz Əhmədov həmçinin qeyd edib ki, bu məsələlərdə ən böyük günahkar Azərbaycan Futbol Federasiyasıdır.

"Biz bu haqda ancaq hər məğlubiyyətdən sonra danışmağa başlayırıq. Bu işdə bilavasitə günahkar isə AFFA-dır.Federasiya bu istiqamətdə vacib işlər görməlidir. Yoxsa ölkə futbolu məhv olmaq təhlükəsi ilə üz-üzədir.”

Matc.az saytının əməkdaşı Zaur Xudiyev də millimizin çempionata çox uğursuz başlamasından danışıb:

"Millimiz AVRO-2020-nin seçmə mərhələsinə uğursuz başlayıb. Xorvatiya ilə səfər və Macarıstanla ev oyunlarından məğlub olan komandamızı yenə evdə, bu dəfə Slovakiya ilə oyun gözləyir. Yığmamız Xorvatiya matçında nə qədər "diri" görünürdüsə, Macarıstanla oyunda bir o qədər "sönük" idi. Bunun da səbəbi düşünürəm ki, rəqibin bizə yanaşması ilə bağlıdı. Xorvatiya ilə oyunda üzərində daha az təzyiq olan komanda biz idiksə, son görüşdə bu, əksinə idi. Üstəlik, baş məşqçi Yurçeviçin hələ də komandanı tanımaq və heyət seçimi ilə bağlı problemlərinin olduğu açıq-aşkar görünür. Xorvat mütəxəssis hələ oyunçularına tam hakim deyil, oyuna müdaxilədə gecikir və komandasını matça kökləməkdə problem yaşayır. Bu amil Slovakiya ilə oyunda da özünü göstərəcək. Üstəlik, nəzərə alsaq ki, slovaklar macarlardan daha yaxşı komandadı, deməli işimiz heç də asan olmayacaq. Amma bir amili də nəzərə almalıyıq ki, Macarıstana məğlubiyyət cəmiyyətdə geniş ajiotaj yaratdı, nəinki futbol fanatları, ümumiyyətlə, hər təbəqədən insanlar bu yenilgiyə sərt reaksiya verdi. Qeyd etdiyim nüans oyunçularda müsbət mənada qıcıq yaratmış ola bilər. Milli üzvləri bacardıqlarının daha artığını edərək heç olmasa bərabərlik əldə etməyə çalışacaqlar. Yurçeviçin də Macarıstanla oyundakı səhvlərdən nəticə çıxarıb, heyətdə düzgün dəyişikliklər edəcəyinə ümidvaram. Ancaq bu halda nəyəsə nail olmaq olar. Əks halda, növbəti məğlubiyyətə üzülməkdən başqa çarəmiz qalmayacaq”.

Sosial şəbəkələrdə bu oyun haqqında bildirilən fikirlər isə belədir.

Gənc şair Tural Turan qələbə qazanacağımıza inandığını deyib:"İstərdim ki, 2001-ci ildəki 2-0-lıq qələbəni təkrarlayaq. Açığı, ürəyimdən keçən budur. Biz hazırkı Slovakiya millisini burada yenə bilərik. Türkiyənin təcrübi cəhətdən "bığ yeri yenicə tərləyən" millisi "saqqallı" fransızları Anadoluda təkayaq qoydu. Bizim millidə də təcrübəli oyunçular çoxdur. Üstəlik yetənəkli gənclər də var. Ümid edirəm ki, qalib gələcəyik. Mən bu dəfə 1:0 udacağımızı deyirəm. Amma "saqqallı uşaqları"mız özünə güvənsələr, bayraq üçün, vətən üçün, Azərbaycan üçün döyüşdüklərinin fərqində olsalar daha böyük hesablı qələbə də qazana bilərik. "Ev"də slovaklara uduzacağıqsa, bizim millinin futbolçuları şortik əvəzinə gedib yubka geyinsinlər. Topla yox, şarla oynasınlar. Bulvarda körpələr üçün satılan 1 manatlıq balonları nəzərdə tuturam. Slovakiyaya da uduzsaq, əsl fanatlar bundan sonra millidən üz döndərəcək. Buna əminəm. Çünki bu cür hal bir neçə dəfə yaşanıb.”


Səyyad Cavadov:  2:0 olacaq...Oyun bitən kimi AZTV,İTV və İDMAN Azərbaycan kanallarını siləcəm. Çünki qalib gəlsək, düz 1 il ölkədə futbolun inkişafından, dövlət qayğısından danışacaqlar...

Aytac Sahəd: "Gözləntilər insanı yorur...”

Elşad Məmmədov: "Azərbaycan 1:2 Slovakiya

Emin Haşımov: "Azərbaycan 0:7 Slovakiya”. Ümid edirik ki, Emin bəy yanılıb. İlahi, noolar?!

Sərvər Məsum: "Adam yazmağa utanır. Necə yazaq axı...”

Aləmzər Sadiqqızı: "Azərbaycan 2:1 hesabı ilə qalib gələcək”.

İlahə Əliyeva: "Komandamıza inanıram!”

Gənc şair Məhəmməd Turan isə gözləntilərinin qurudlu xəngəl və zoğal arağı olduğunu bildirib. Nə deyirik, Məhəmməd? Azərbaycan qalib gəlsə, AFFA-nın prezidenti Rövnəq Abdullayevdən bir xəngəl xonaqlığı sənə! Təki artıq qələbələr gəlməyə başlasın! 

 
Hazırladı: Ulucay Akif