adalet.az header logo
  • Bakı 11°C
10 Iyun 2019 13:25
8792
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: DEYİRLƏR Kİ, UCUZLUQ OLACAQ...

Hər il yaz, yay, payız mövsümü gələndə mer-meyvənin və tərəvəz məhsullarının bolluğu hiss olunur. Maşallah, bizim ölkəmizdə də nə desən yetişir. Çünki alimlərin dediyinə görə, 12 iqlimdən 9-u Azərbaycanda var. Hətta bu yaxınlarda rayonlardan birində banan da yetişdiriblər. Əgər bir məmləkətdə, özü də balaca bir ölkədə banan yetişirsə, deməli, o yerin altı da, üstü də qızıldır. Altı və üstü qızıl olan məmləkətimizdə isə kasıb-kusublar üçün hələ də bahalıqdır. Və bu bahalıq uzun müddətdir davam eləyir.

Şükürlər olsun ki, indi ölkəmizin hər yerində mer-meyvə, bostan-tərəvəz məhsulları yetişir. Xüsusən də pomidor, xiyar, badımcan, gilas, gilanar, alça, ərik... yetərincədir. Hətta bölgələrdə bu məhsulların qiyməti ucuzlaşıb. Deyilənlərə görə, rayonlarda badımcanın, lobyanın kiloqramı 20-30 qəpikdir. Xiyarın qiyməti 7 qəpik, pomidorun 1 kiloqramı isə 10 qəpikdir. Eləcə də göy-göyərti çox ucuzdur. Bu xəbəri eşidən çoxları təəcüblənir və hətta gözləri kəlləsinə çıxır. Və bəziləri də inanmırlar ki, bu deyilənlər həqiqətdir. Çünki deyilənlər nağıla da bənzəyir. Amma heç də bu nağıl deyil.

Rayonlara yolu düşən hər adam bu qiymətlərin şahidi ola bilər. Sadəcə olaraq, rayona getmək və bunları görmək, o məhsulları alıb gətirmək lazımdır. Axı hər adamın da imkanı yoxdur ki, durub rayona getsin və həmin məhsulları alsın.

Bakıda isə adını çəkdiyimiz kəndə təsərrüfatı məhsullarının qiyməti kəllə-çarxa çıxıb. Məsələn, Bakının ən ucuz bazarı sayılan 8-ci Kilometr bazarında kənddən gətirilən xiyarın bir kiloqramı 50 qəpikdən aşağı düşmür. Pomidorun, badımcanın, lobyanın 1 kiloqramının qiyməti 1 manatdan yuxarıdır. Gilas və gilanar isə 2-3 manata satılır. Əcəba, bəs bu qədər qiymət fərqi hardan yaranır? Bax, belə yerdə deyiblər: "Kim qazana, kim yeyə”. İlboyu əziyyət çəkib məhsul yetişdirən adam qəpik-quruş qazanır, ortada gəzib, qıraqda fırlanan alverçilər isə qaz vurub qazan doldururlar.

Müşahidələrimizi dəqiqləşdirmək üçün 8-ci Kilometr bazarına baş çəkdik. Qiymətlərin niyə belə baha olduğunu pomidor, xiyar satan satıcılardan soruşduq. Rəyini öyrəndiyimiz ona qədər satıcı bildirdi ki, qiymətlər ona görə bahadır ki, filan qədər yol xərci veririk, filan qədər yer haqqı ödəyirik, filan qədər də müxtəlif dövlət qurumlarına "şirinlik” veririk. Bunları onun üstünə gələndə elə qiymətlər bu vəziyyətə çatır.

Onlara xatırlatdıq ki, bəs rayonda pomidorun kiloqramı 10-15 qəpik arasındadır. Siz isə 1 manatdan aşağı pomidor satmırsınız. Bəs buna nə sözünüz? Yenə satıcılar dilləndilər ki, elə gözünüz bizi görüb? Gedin Təzə bazara, Nəsimi bazarına, Keşlə bazarına baxın görün qiymətlər orda necədir? Biz burda 1 manata satdığımız pomidoru həmin bazarlarda 2-3 manata satırlar.

Həqiqətən də Bakının digər bazarlarında 8-ci Kilometr bazarları ilə müqayisədə çox bahalıqdı. Hər şeyin qiymətini deyib alıcıların qanını qaraltmaq istəmirik. Ancaq gəlin onunla razılaşaq ki, bütün bazarlarda eyni vəziyyət hökm sürür: yəni orda alver eləyən adamlar kənddən gələnlər deyil, bazarlarda lövbər salan satıcılardır!

Səhər saat 4-5 arasında rayondan kənd adamları meyvə, tərəvəz məhsulları gətirir. Bax, həmin adamlara heç bazara girməyə imkan vermirlər. Alverçilər ley kimi onların üstünü kəsdirir, su qiymətinə meyvə-tərəvəzi alıb onu beş-altı qat baha qiymətə satırlar. Bazarları başa düşürük. Onlar öz "qanunları” ilə işləyirlər. Əvvəllər də belə olub, bu gün də belədir, sabah da belə olacaq.

Bəs onda həftənin şənbə-bazar günləri Bakının neçə-neçə rayonunda fəaliyyət göstərən yarmarkalara nə ad vermək olar? Həmin yarmarkalar ucuzluq yaradılması üçün ölkə prezidentinin tapşırığı ilə yaradılıb. Kənd Təsərrüfatı Nazirliyi və yerli icra orqanları rayonlarda məhsul yetişdirib yarmarkaya gətirən adamalara şərait yaratmalıdır. Amma burda da vəziyyət heç də bazarlardan yaxşı deyil. Məsələn, 8-ci Kilometr bazarı yarmarkalardan daha ucuzdur və şənbə-bazar günləri yarmarkalarda alış-veriş işləri ilə məşğul olan adamların əksəriyyəti alverçiləridir. Onların əlində hətta daşdan keçən sənədlər də var. Bir adam ilboyu yarmarkada ət satır, meyvə-tərəvəz məhsulu ilə məşğul olur, bir sözlə, nə desən bazara çıxarır. Bəs həmin adam nə vaxt torpağı əkir, becərir və məhsulu toplayır? Bax, bu suala Kənd Təsərrüfatı Nazirliyi ilə yarmarkanı birgə təşkil edən yerli icra orqanları cavab versinlər. Kəndlinin məhsulu tarlada çürüyüb məhv olur, su qiymətinə olan bu məhsulu Bakıya gətirmək müşkül işə çevrilir.

Əgər Bakı bazarlarında və yarmarkalarda dövlət qurumu ucuzluq yaratmaq istəyirsə, sovet dönəmində olduğu kimi, kooperativ-ticarət birliyi yaradılmalı, həmin kooperativlər rayonlara getməli, elə yerindəcə kəndlinin istehsal etdiyi mer-meyvəni və tərəvəz məhsullarını almalıdır. Bax, bu addımı atmaqla Bakı bazarlarında ucuzluq yaratmaq olar.

O vaxtlar kooperativlərin köməyi ilə Bakıda mövsüm vaxtı pomidorun, xiyarın kiloqramı 10-15 qəpikdən artıq olmurdu. Bu təşəbbüslər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yuxarı qurumlar qarşısında qaldırılmalı və məsələ də həllini tapmalıdır. Çox təəssüf ki, kənd təsərrüfatı naziri İnam Kərimov müəyyən yeniliyə imza atsa da, amma bu sahədə müsbət addım ata bilməyib. kənd təsərrüfatı naziri bu yaxınlarda bildirmişdi ki, taxıl biçini zamanı heç bir rayonda kombayn çatışmazlığı olmayacaq. Ancaq bu gün bunun əksini görürük. Məsələn, Biləsuvar rayonundan bir çox fermer kombayn deyib lalıyır. Onlar bildirirlər ki, taxıl biçininin vaxtı geçikir. Qısa müddətdə kombayn verilməsə, sahələrdə yetişən taxılın böyük hissəsi məhv olacaq. Hələ biz qorxuruq ki, leysan yağsın, dolu düşsün. Bu olsa evimiz yıxıldı.

Göründüyü kimi, dövlət qurumları özləri də ucuzluq yaradılmasında bir o qədər maraqlı deyillər. Çünki onların altıda alımı yoxdur, beşdə də verimi. Amma bu yazıq camaat ucuzluqdan faydalanmaq istəyir. Əgər pomidorun, xiyarın, lobyanını, badımcanın, mer-meyvənin qiyməti ucuzdursa, niyə şəhərli beş-altı qat baha qiymətə bu çətin zəmanədə məhsul almalıdır? Qoy bu barədə adiyyəti qurumlar düşünsünlər.