adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Iyun 2019 12:14
15611
SİYASƏT
A- A+

“Səslənən irad və təkliflərimizin 90 faizi nəzərə alınıb” – Deputat Vahid Əhmədov

Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında yeni qanun layihəsinin ötən ilin sonlarında qəbul edilməsi gözlənilsə də, faktiki olaraq bu, baş vermədi.

Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında qanun layihəsinin hazır olduğunu deyib.

"Ən ciddi layihə "Aqrar sığorta haqqında” olan qanun layihəsidir. Kənd təsərrüfatına dövlət başçısı tərəfindən böyük diqqət yetirilir, müəyyən subsidiyalar ayrılır. Ancaq kənd təsərrüfatının sığorta məsələsi həll edilməmiş qalır. Buna baxmayaraq, təxminən 2007-ci ildə qanun qəbul edilsə də yerinə yetirilməyib. İndi isə ciddi bir qanun layihəsi işlənib hazırlanıb. Birinci oxunuşdan sonra qanun layihəsinin müzakirəsini aparmışdıq. Bir sıra irad və təkliflərimiz omuşdu. Demək istəyirəm ki, səslənən irad və təkliflərimizin 90 faizi nəzərə alınıb, müəyyən dəyişikliklər edilib. Yeganə məsələ yeni idarəedici qurumun yaradılmaması ilə bağlıdır. Onun ətrafında da ikinci oxunuşa çıxarılmamışdan öncə xahiş etdik ki, o məsələyə bir də baxılsın”.

Deputat ümid edir ki, iyunun 13-də keçiriləcək plenar iclas zamanı qanun layihəsi qəbul olunacaq.

"İyunun 13-də keçiriləcək plenar iclas zamanı buna baxılacaq və qəbul olunacaq. Çünki əhali bu qanun layihəsinin qəbul edilməsini səbirsizliklə gözləyir. Millət vəkilləri də qanun layihəsinin qəbul edilməsinin tərəfdarıdır. Çünki kənd təsərrüfatı məhsullarının sığortası fermerlər və sahibkarlar üçün böyük kəmiyyət kəsb edir.

Hər hansı təbii fəlakət, yaxud hadisələr baş verərkən həmin məhsullar sığortalanmayıbsa, çox böyük ziyana düşürlər. Qanun qəbul ediləndən sonra onun icrası lazımi səviyyədə həyata keçirilərsə, fermerlər faktiki olaraq öz məhsullarını qorumalı olacaqlar. Sığorta şirkətləri müqavilə imzalayacaqlar. Bu Azərbaycanda kənd təsərrüfatının inkişafına töhfə verən önəmli məsələlərdən biridir”.