adalet.az header logo
  • Bakı 13°C
10 Iyun 2019 10:44
39582
ƏDƏBİYYAT
A- A+

Güzgüdəki əks, ruhun çırpınma sevdası - Hikmət Məlikzadə yazır

Bəlli, ki, hər insan öz kütləsi həcmində bir ruhdur; fəqət ruh bir insan həcmində qərar tutmaz... Ruhun idrakda təcəllası bir vəcd anıdır - belə deyək, insanın öz orbitindən çıxıb ətraf aləmlə təmas qura bilmək tərzidir. Açığı, yaddaşında illərin ağrı-acıları bərq vuran insan öz şüurunun üst qatına çıxıb ruhən Tanrı ilə qabaq-qənşər durur, ruhunu zamanı qabaqlamaq şansı ilə müjdələyir. İstedadlı şair, poetik sərt-dalğın təsirləri, fəlsəfi eyhamı və ədəbi ləngərləri ilə oxucu ehtişamına yaxın düşə bilən Rafiq Yusifoğlu ədəbi hənirində də bu salxarlı çırpıntının yanaq pörtən sevdaları özünü aydın xarakterizə edir. Bu mənada, onun «Güzgüdə gördüyüm adam» şeirindəki məslək vəcd anında ürəyi qanayan bitkin fikirli bir şairin poetik təlatümüdür. Bu şeirdə əslinə qalsa, gerçək şüurüstü təsirlər əks edir; belə deyək, keçmişin küləyində bir cism (əşya) kimi dərinliklərə düşən, dibsiz vadilərin qulaqbatıran uğultularında günahkar adamsayaq boynunu bükən, rahatlığının pozulduğu qənaətində olan ruh sevdalı şair sanki güzgüdəki əksi - özünə belə bəlli olmayan (ya da bəlli olan) əksi ilə dialoq qurur, onu sual atəşində qınaq hədəfi edir, arada güzgünün iç əhatəsindən dönüb özünə baxır və ona elə gəlir ki, özü ilə dərdləşir, özündən özünə şikayət edir, özünü özünə tanıdır, nəhayətdə, özündən Allaha, Allahdan özünə qədər məsafələri bir güzgü aralığında görür...

Güzgüdən bir adam baxıb,

Elə bil bizi izləyir.

O güzgünün arxasında

Görən bizi nə gözləyir?!

Yuxarıda adıçəkilən şeirin təkcə bu dörd misrası kifayət edir ki, insan ölüm rəqsi çalınan, kölgələrin yallı getdiyi, saçları pırtlaşıq düşən sevdaların iç dünyalarına qısıldığı hücrələrdə Allah axtarsın...

Oxucu üçün maraqlıdır: güzgüdəki adam kimdir? Yaxud, onu güzgünün arxa qatında hansı tale gözləyir? Bəlkə də bu güzgünün iç və çöl səmtindəki çırpıntılara söykənib yaşadıqlarına kurs götürən adam elə güzgünün içindəkidir?! Belə deyək, güzgüdən baxıb ətrafdakıları izləyən adam insanın öz əksi də ola bilər, insanın içindəki ruh da ola bilər, insanı bir nütfə kütlədən yaradan Allah surəti də ola bilər. O mənada ki, baxışlar qorxulu, tükürpədən təsirlər verir. Bu vəhşətdən çəkinən (ehtiyat edən) adam ömür hücrələrinə nə qədər «bağışlanma duaları» yığsa da, ömrün bütün küncləri boş qalır... Müəllifin eyhamı bəlkə də elə bu şahanəliyə ünvandır:

Güzgüdə gördüyüm adam,

Dikilib gözün gözümə.

Sənin üzünə baxanda,

Yazığım gəlir özümə...

Müəllifin güzgüdəki əksə baxıb özünə acıma halı güllə yarasından deyil, ömür vadisində buraxılmış boşluqlar acısından inilti çəkən adamın yaşamaq istəyi qədər yaxıcıdır. O, bu əksin fonunda (bəlkə də) etiraf edir ki, yeriyə-yeriyə Allahla təmas qurub, gülə-gülə ağlayıb, sevə-sevə itirib... Bu eyhamda güzgüdəki adamın hələ vəcdin nə olduğunu bilməməsi aşkar olur, belə anlaşılır ki, o, öz duyğu qatındakı ruhsal könül bulantılarına sadəcə, qulaqla güclə eşidilə bilən dualar pıçıldayıb...

Dodağın niyə səyriyir?

Baxışların nə qəmlidi...

Niyə üzünə qəm çöküb,

Niyə gözlərin nəmlidi?

İnsan öz ömrünün künclərində mümkün və qeyri-mümkün yanlışlıqlar da gizlədir. Bu mənada, onun özünə acıması, yaxud, biganə sifətlər göstərməsi labüd haldır. Nə qədər ki, o, idraki-vəcdi bir həyat qayəsi kimi əxz edə bilmir, öz ruhuna çırpılır, qınaqedici nəzərlərini (başdan-başa) məhz bu təsirdə cilalayır. Biz təkcə (adıçəkilən) şeirdə pərvaz edən «Bu qədər yaxın olsaq da, Duyuram ki, çox uzağıq, Üz-üzə dayansaq belə, İkimiz də yalquzağıq» eyhamını poetik dərkdən bir mərtəbə yüksəyə qalxmaqla (yəni, idraka köklənməklə) təhlilə çəksək, özündən özünə tələsən, öz duyğularını yalnız öz vücudunda sığışdıran bir insan fəhmi görərik və buradakı «bu qədər yaxın ola-ola bu qədər uzaq olmaq» anı təkcə sürreal zəmin deyil, müəllifin Tanrıya öz mistik baxışının çırpıntı anıdır. Sadəcə, (şeirdə) fikirlər çox qabarıqdır, oxucu bu əhatədə uyğun səmt tapır və qavraya bildiyi eyhamları öz idrak müstəvisində cilalayır, sonra da içi təlatümə gələndə güzgüdəki əksi ilə «müharibə» edir.

Bəbəklərinə baxanda

Vəlvələ düşür canıma.

Mən güzgüyə necə girim? -

Sən ordan çıx, gəl yanıma...

Əslində, güzgüdəki əks insanın (müəllifin) öz ruhudur - özüdür. Burada güzgüyə pərçimlənmə və ya güzgüdən püskürüb baxışların yaratdığı əksə mistik eyham vurmaq fərqli israrlardır, müəllif hətta adi baxışın belə miqyas tapdığı əhatəyə vizual-fəlsəfi qat salır. Və maraqlıdır ki, güzgüdə əks edən adam zamanla qabaq-qənşərdir, kölgə kimi nəzər vermir, tam mənada aşkar görünən, fəqət eyham cığırında ikiləşən - yarı insan, yarı Allah kimi səciyyələnən adamdır. Oxucu yüz faiz anlamır, bu adam müəllifmi, onu gileyə-qınağa tuş edən ruhmu, yaxud da, idraki vəcddən bir məna əxz etmək çətinliyi olan fərdmi? Bütün hallarda biz müəllifi (onun timsalında özümüzü) o güzgünün içində görür və bu təlatümdən vəcdə gəlir, «Mənmi sənin surətinəm, sənmi mənim surətimsən?» bədi sualının içində gizlənən ikiliyin (Tanrı-insan) fövqünə qalxırıq.


Bu fövqü aşağıdakı misralar da itiləyir:

Dərk eləmirəm özümü,

Mən nə qədər əzab çəkim?

Keçib güzgü arxasına,

Səninlə haqq-hesab çəkim?!

Bəlli ki, «Güzgüdə gördüyüm adam» şeirinin başlıca səciyyəsi (bir çaları) Tanrı-insan varlığının dərkidir. Rafiq müəllim bu dərkin məna çalarında insanın yaranışı, belə deyək, bir insan bətnindən bir insan doğuşunun müfəssəl anını məharətlə cızıb və sonradan onun Tanrı qarşısındakı haqq-hesab çək-çevirini də bu israra sığışdıra bilib. Açığı, adıçəkilən şeirdə azdan çoxa artma, çoxdan aza doğru enmə kimi həyat elementləri qabarır. Biz insanın cücərmə, yetişmə və hasilolma məğzlərini bu şeirin güzgüsündə aydın görürük.

Güzgüdə gördüyüm adam,

Bir gün cana doyacağam,

Güzgüyə baxmayıb, səni

Yana-yana qoyacağam...

«Güzgüdə gördüyüm adam» şeirində qapalı-aşkar bir sevgi var və müəllif öz hayqırtısını ikili zəmin kimi mənalayır. Şeirdəki «Güzgüyə baxmayıb, səni

Yana-yana qoyacağam...» hədəsi günəş istisi qədər yandırıcıdır, qış sevdası qədər üşüdücüdür. Müəllifin ötkəm ruhu, işığına göz dikdiyi əksə (güzgüdəki adama) pərişan-ovqatverici təsirləri bir az məyusluq, bir az taledən gileylənmə, bir az da qarşısındakına acıma məğzi yaradır. Müəllif həmçinin, şüurun üst qatında durub eşqanə vəcdi ehtiras kimi dərk edənlərə bir vüsal tərpənişi verir, içində çırpınan sevdaları oxucusuna bir sevgi duyğusu qədər parıltılı göstərir.

Şeir, nəhayət, mütləqdən sabit cərəyan kimi axan tərpənişlərə müti deyil, sayıq nəzərlər toxundurur, güzgüdəki əksin mütləqdə zahir ola bilmə ehtimalı ilə bitir:

Sinəmə ayna çıxanda

Biz kamala dolduq bəlkə?!

O güzgünün arxasında

Eyni adam olduq bəlkə?!

Bu parçada mütləq bir neçə səbəb var: müəllif güzgüdəki əksə səthi baxışlar verir, güzgü ilə təmas qurduqdan sonra əksini gördüyünü, onun zahiri baxışında mifik deyil, gerçək ovqatlar sezdiyini əmin-arxayın deyir, sonra da güzgüdəki əkslə özünün bir surət, bir (ortaq) adam ola bilmə fəlsəfəsini ortaya qoyur. Bununla o, (həm də) hadisələri üst qatdan seyr etmək bacarığını nümayiş etdirir.

«Güzgüdə gördüyüm adam» şeiri mərdanə duyğuların, bir mərtəbə yuxarıda təcəlla edən hislərin təqdimidir. Rafiq müəllim öz obrazının isti-soyuq baxışlarını gözüaçıq, fəal və çevik tərzdə verib, onun şüurda cilalanan təsirlərini böyük bir ömür anı kimi xarakterizə edib.

Və belə anlamaq olar ki, istedadlı şair Rafiq Yusifoğlu bir-birinə yaxın ovqatda iki əksin (iki adamın, iki obrazın) ünvanına bir sevgi nəğməsi yazıb, onun ifaçıları da məhz elə müəllifin özü və qarşısındakı özüdür. Yəni, güzgüdəki əks ilk adamdır (Adəmdir), sonucda müəllifdir (bədəncə, şüurca həmin Adəmdir)... Sadəcə, bu fərdlər ikilik müstəvisində bir, vahid hücrədə iki sevdalıdır. Buna görə Allahdan aşağıda (Allahdan gizlin) bu fərdlər bir-birini qınaq-imtahan edir; birinin acısını digəri dadır, digərinin baxışı bu birinin iç göynərtisidir və s...

Rafiq müəllim «Güzgüdə gördüyüm adam» şeirində (gerçək mənada) bir süjet yaradıb, surətləri (obrazları) tipik tərzdə qabaq-qənşər qoyub, aradakı niskili, yaxınlıq-uzaqlıq acısını iki fərdə ürcah edib, nəhayətdə, ikilik kodeksini həm də Adam (Adəm) - Allah məqsədi kimi səciyyələndirib. Məhz buna görə təkrar olaraq deyək ki, hər insan öz kütləsi həcmində bir ruhdur; fəqət ruh bir insan həcmində qərar tutmaz... Elə istedadlı şair Rafiq Yusifoğlunun adıçəkilən şeirindəki poetik çək-çevir də təcəllası bəlli bir vəcdanəlikdir, belə deyək, insanın öz orbitindən çıxıb ətraf aləmlə təmas qura bilmək tərzidir...