adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Iyun 2019 17:50
26214
ƏDƏBİYYAT
A- A+

QALSTUK - Tural Cəfərli yazır

(Hekayə)

Ən qorxulu an zəfər anıdır.

Napoleon Bonapart

Ağdam, Cəbrayıl, Füzuli... Bir qazinin söylədikləri: "Şahbulaqda dəhşətli döyüş oldu. Həmin döyüşdə taborumuzdan bir qrupu ayırıb tank taboruna köməyə göndərmişdilər. Artıq ermənilər həmin yüksəkliyi almışdılar deyə, biz Maqsudlu kəndinə qədər geri çəkilib postlarımızı orada qurduq. Geridə vurularaq qalan tanklarımızı da birtəhər sürüyüb post qurduğumuz yerə gətirdik. Ermənilər başladılar Maqsudlu kəndinə hücuma, biz məcburən oradan da çəkildik. Bax bu əməliyyatımız çox uğursuz olmuşdu. İnanın, bu döyüşlərdə ac qalmışıq, ayaqlarımız batinkadan həftələrlə çıxmayıb. Bir dəfə də Təpə döyüşləri oldu. Həmin bu yüksəkliyi aldıq bu döyüşdə. Xeyli şəhid verdik, amma bir əsgərin dediklərini unuda bilmirəm. O əsgəri minaatanla vurmuşdular, qarın hissəsini minaatan aparmışdı, bağırsaqları yerdə idi. Nəysə bağırsaqların yerdən yığıb xərəyə qoyanda ona iynə vurdular, gözünü açıb dedi ki, atamın-anamın bir dənəsiyəm, anama öldüyümü deməyin, itkin düşdüyümü deyin... Sonra gözlərini yumdu.”

***

Dəli Vidadi yay-qış səliqə ilə geyindiyi ağ köynəyi, sarı qalstuku, qırmızı papağı başında köhnə tütün fabrikinin qarşısından keçib yolun qırağı ilə "Arzu” kafesinin yanına qədər eyni yolu iti addımlarla gedib-gəlir: əlini gah cibinə, gah belinə, gah da alnına qoyub, cır səslə öz-özünə nəsə donquldanır, qəfil dayanır, göyə baxır və yenidən yoluna davam edirdi...Elə bil içində civə qaynayırdı, hamıya şübhəli nəzərlə baxıb keçirdi, bəlkə də kimisə axtarırdı, kiməsə vacib sözü var idi... Amma heç kim Vidadinin kimi axtardığını, nə demək istədiyini bilmirdi...

- "Birinci” mən "Kəpəzəm” necə başa düşdün qəbul....

-....................

- Birinci, birinci!!!

-Birinci qəbulda!

-Biz kəndi aldıq, kənd bizdədi.... Necə başa düşdün qəbul!

-........

Bir dəfə necə oldusa kənddə yeni "dəli” peyda oldu. Aqronom Habil dayının kiçik oğlu, əsgərlikdən yenicə qayıdan Seymur qəribə hərəkətlər eləməyə başladı. Gah başına torba keçirib qışqırmağa, gah da ayağına kəndir bağlayıb küçə boyu o başa bu başa qaçırdı . Sonra şüşə butulkalarının qapaqlarını yığıb evə aparırdı. Bir müddətdən belə davam etdi və bir gün kənd camaatı onu dəli Vidadi ilə birlikdə görəndə bu "dəli”lik faktı bütün kənd camaatı tərəfindən öz təsdiqini tapmış oldu... İndi kəndin iki dəlisi var idi: Dəli Vidadi və Dəli Seymur...

Amma bütün bunlarla bərabər nə dəli Vidadinin, nə də yenicə "dəli”lik statusunu almış Seymurun xətrinə heç kim dəymirdi. Əksinə onlara daha çox diqqət və qayğı göstərirdilər. Dəli Vidadi öz "tale” yoldaşına baxanda daha təcrübəli idi deyə, hamı Seymura görə daha çox narahat olurdu. Hətta qırx il aqronom işləmiş Habil dayı bu hadisədən sonra dözməyib infarkt keçirdi. Bir həftə xəstəxanada yatdı, kişinin ürəyi şirədən çat verən nar kimi partlamışdı. Həkimlərin müdaxiləsinə baxmayarq onu xilas edə bilmədilər. Deyilənə görə, Habil dayının öldüyü gün Seymur çoxlu şüşə qabların qapağını yığıb uşaq kimi sevinirmiş... Həmin gün kəndə dolu yağdı. Camaatın təsərrüfatına xeyli ziyan dəymişdi. Hamının başı təsərrüfata qarışmışdı deyə, Habil dayının yası bir az sönük və urvatsız keçmişdi...

Bir gün kəndə xəbər yayıldı ki, bəs dəli Seymur ağıllanıb. Hətta evə gəlib, atasından sonra ailəsinə başçılıq edəcəyini də söyləyib. Heç kim bu xəbərə inanmaq istəmirdi. Necə ola bilər ki, dəli Seymur təzədən "ağıllana...” ?

Xəbərin yayılmasından bir ay ötmüşdü. Kənd cammatı Seymurun ağıllanmasına inanmışdı. Seymur fəhləlik eləməyə başlamışdı. Daha evə qapaq yox, çörək pulu gətirirdi. Anası hələ Seymura bir qız da tapmışdı. Tezliklə, atasının ili çıxan kimi ona toy eləmək istəyirdi. Seymur bu işdən narazı deyildi. Evlənmək, ailə, övlad sahibi olmaq istəyirdi. Həm də özü işləyir, evlənsə lap yaxşı, həm anası sevinər, həm özü həyatını qurar, belə də azdan-çoxdan qazanır, ailəsini də saxlamağa gücü çatar...

Dəli Vidadini sanki kənd cammatı az da olsa unutmuşdu. İndi onu küçədə çox nadir hallarda görmək olurdu. Özünə yeni qalstuk almışdı, yaşıl rəngli qalstuku ona çox yaraşırdı. Həm də bir az görkəminə ciddilik verirdi. O aldığı bütün qalstukları xüsusi bir qutuda saxlayır, qutunun açarını da həmişə iplə boynundan asardı. Onun bu qutudan savayı heç nəyi yox idi. Babası Məşədi Nəbidən qalan daxmada ömrünü beləcə yaşamaqda davam edirdi...

Yayın ən cırhacır vaxtları idi. Ətrafda canlı olan heç nə gözə dəymirdi. Elə bil kəndə əbədi sükut çökmüşdü. Sıra ilə düzülmüş tut ağaclarının bir yarpağı belə tərpənmirdi. Aləmdə qəribə bir mənzərə yaranmışdı... Deyəsən nəsə pis xəbər ya da hadisə olacaqdı. Amma axşama qədər heç nə olmadı. Gecə yarısı bir yağış yağdı ki... Necə deyərlər tut ucundan göyə çıx...

Dəli Vidadi əlinin üstünə "damğa” vurmuşdu. Bu damğa bir az ulduza da oxşayırdı. Ancaq bu damğanın mənasını nə Vidadinin özünə, nə də bunu görən kənd cammatına aydın deyildi. Heç kim də bu damğanın nəyə işarə etdiyini Vidadidən soruşmurdu. Yox, elə bilməyin bu damğa cammat üçün maraqsız idi, yox, sadəcə olaraq bunun soruşmağın heç bir mənası yox idi. Vidadi verilən sualların heç birinə indiyənədək cavab verməmişdi...

Seymurun toyu bu ayın 15-nə danışılmışdı. Artıq dəvətnamələr də paylanılmışdı. Qohum-qonşu hamı toya hazırlaşırdı. Seymur bu müddət ərzində özü haqqında xeyli xoş sözlər və fikirlər eşitmişdi, indi hamı onu tərifləyir, yaxşı mənada nümunə də çəkirdi...

"Görəsən mən necə öləcəm?” bu sual Vidadinin üzündə naməlum bir ifadə yaratmışdı. Ömründə bəlkə də ilk dəfə idi, o özünə bu sualı verirdi... Tək, ümidsiz və heç kimə lazım olmadığını dərk etdiyi gün bu sual onun beynini güllə kimi dəlib keçdi. Gözlərindən yaş gəldi. Hiss elədi ki, bu vaxta kimi yaşadığı ömür onun deyilmiş. Sanki başqasının, yad birinin ömrünü yaşayıbmış... Özgə ömrü... O axır vaxtlar hardansa qələm, dəftər tapıb nələrsə yazmağa başlamışdı. Hətta dəftərin qırağına Seymurun toy gününün tarixini də yazmışdı. Deyilənə görə Seymurun toyu çox əntiqə keçib, bütün kənd orda imiş. Hamı şad, xürrəm, xoşbəxt görünürmüş... Bircə Vidadi o toyda yox idi. Heç onu dəvət edən də olmamışdı... Bütün bunlara baxmayaraq o öz dəftərində bu əlamətdar günü qeyd etməyi unutmamışdı...

"Bir azdan öləcəm. Lap az vaxtım qalıb... Kimə nə deyim, kimi çağırım bu son anımda?” Dəftərin axırıncı vərəqindəki yazı bu sualla başlayır. Sualdan sonra bir ağac, iki yarpaq şəkli çəkilib. Ağac tut ağacına bənzəyir. Yarpaqların biri yaşıl, biri sarı rəngdədi. Başqa heç nə. Heç nə yazılmayıb... Bu Vidadinin son işi idi. Göndərmək istədiyi, ya demək istədiyi nəsə... Açarı qalstukları saxladığı qutunun üstünə qoymuşdu. Ən sevdiyi qalstuku taxıb güzgüdə özünə baxdı... Bu qalstuku o hələ dəli olmamışdan qabaq, könüllü olaraq Qarabağa, Ağdama döyüşə getməzdən öncə almışdı. Ağ-qara zolaqlı qalstuk. Müharibədə yaralandı, kantuziya aldı, iki ay qospitalda yatdı. Sonra onu yaşadığı kəndə yolladılar. Ağır kantuziya aldığından daha cəbhə üçün yarasız idi. Elə o vaxtdan da kənddə dəli kimi tanınmağa başlamışdı...

Qutunu götürüb kəndin ayağına tərəf getdi. Vidadi qutudan beş əlli yapışmışdı. Məktəbə çatan kimi dayandı. Dərslər bir həftəydi başlamışdı. Məktəbin həyətində uşaqlar tənəffüz vaxtı olduğu üçün gizlənqaç oynayırdı. Uşaqlara yaxınlaşıb əlində bərk-bərk tutduğu qutunu açdı... Rəngbərəng qalstukları uşaqlara uzatdı. Uşaqlar sevincək halda qalstukları götürüb məktəbin həyətində qaçmağa başladılar... Vidadi bir kənarda əyləşib, uşaqların qalstukları çərpələng kimi necə uçurduqlarına baxırdı...Üzündə yaranan təbəssümü heç kim görmürdü...Uşaqların gülüş səsləri Vidadinin göz yaşlarına qarışmışdı.O, uzun illərdən sonra ilk dəfə idi ki, özünü xoşbəxt hiss edirdi...