adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Iyun 2019 17:44
28413
ƏDƏBİYYAT
A- A+

Valideynlər hər zaman xeyirxah olurlar!

Ales Karlyukeviç

Belarus

Tanınmış Belarus yazıçısı Ales Karlyukeviç uşaqlar, həm də böyüklər üçün yazır. İbrətamizdir. Onun əsərləri dünyanın bir çox ölkələrində, ö cümlədən, Azərbaycanda çap olunub. Ales Karlyukeviç həm də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür, Minskdə tez-tez Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı Layihələr həyata keçirir. Onun "Maksimkanın Vətəndə və digər ölkələrdə sərgüzəştləri" və "Su ömrü” kitablarını "Mütərcim" nəşriyyatı "Dünya uşaq ədəbiyyatı" seriyası ilə mənim tərcüməmdə çapdan buraxıb. Ales Karlyukeviçin nağıl və hekayələrinin əsas ideyası və mövzusu Vətən sevgisidir, valideyn-övlad məhəbbətidir, doğma torpağın fauna və florasına olan diqqət və qayğı, təbiətin mühafizəsi, insan və təbiət münasibətləridir.Qeyd edək ki, Ales Karlyukeviç uzun müddət jurnalistika sahəsində çalışmış, Belarus Yazıçılar İttifaqının Minsk vilayəti üzrə sədri, "Zvezda" parlament və hökumət qəzetinin Baş redaktoru və Nəşriyyat direktoru olmuşdur. Hazırda o, Belarusun İnformasiya nazirdir. 50-yə yaxın kitab müəllifidir, onun hekayələri dərsliklərə salınır. Aşağıda müəllifin uşaqlar üçün yazdığı "Valideynlər hər zaman xeyirxah olurlar” hekayəsini rus dilinə Belarusun tanınmış yazıçısı Oleq Jdan tərcümə edib. Hekayənin rus dilindən tərcüməsini təqdim edirəm.

Kamran Nəzirli


hekayə

Natalya Vikentyevnanın ovqatı həddən artıq yaxşıydı. Onun rektor qayğıları yaxşı nəticələr vermişdi. O həm də Avropanın "ən yaxşı riyaziyyatçılarından biri” adını qazanmışdı. Bu xəbəri ona bir az öncə Frankfurtdakı həmkarı xəbər vermişdi. Almaniyada ənənəvi olaraq dünyanın riyaziyyatçıları üzrə cəbr müsabiqəsi keçirilmişdi; müsabiqəyə görə ya sanballı mükafat, ya da bu və ya digər mötəbər universitetin fəxri professoru yaxud akademiki titulu verirdilər.

Elm sahəsində ixtisası üzrə lider olmaq! Məgər Natalya Vikentyevna bütün ömrü boyu buna çalışmamışdımı?! Və görünür, elə buna görə də əri Anatoli Sergeyeviçlə birlikdə bircə uşaq – sevimli oğlan uşağı böyütmüşdülər. Yeri gəlmişkən, o da riyaziyyatçıydı; doğrudur, aspiranturadan sonra namizədlik dissertasiyasını müdafiə edən İqnat başladı sahibkarlıqla məşğul olmağa. İşləri də uğurla alınırdı. Ana və ata oğulla çox da fərəhlənə bilmirdilər. Onlar üçün əsas məsələ təkcə oğlanlarının uğurlu həyat qurması deyildi. Axı İqnat tez evlənmişdi. Arvadının adı da Natalya idi. Gülərüz kəndli qızıydı, tibb universitetini "qırmızı diplom”la bitirmişdi. İşləri də pis getmirdi. Bundan başqa Natalyayla İqnatın üç uşağı vardı. Belarusun məşhur riyaziyyatçı professoru tez-tez ərinə deyirdi:

- Gör nə yaxşı uşaqlardı! Sağ olsunlar, həm işə, həm uşaqlara, həm də ailəyə vaxt çatdırırlar.

- Bizim əvəzimizə planı artıqlamısyla doldururlar,- deyə Anatoli Sergeyeviç gülürdü.

Xoşbəxt baba və nənə nəvələrinə xüsusilə çox böyük sevgiylə yanaşırdılar; doqquz yaşlı İqoru, altı yaşlı Vyaçeslavı və üç yaşlı Mariykanı həddən artıq çox istəyirdilər. Nəvələrini mümkün qədər ərköyüncəsinə əzizləyirdilər. Elə fürsət düşən kimi şəhərə gedir, uşaqlara nəsə bir hədiyyə alırdılar. Vaxt tapan kimi gedirdilər oğlanlarına, gəlinlərinə, nəvələrinə baş çəkməyə.

Bu gün də şənbə günüydü, Natalya Vikentyevna nahardan sonra universitetdən tələsik çıxdı, hələ səhərdən evdə büküb hazırladığı bəxşişləri götürüb düz sevimli nəvələrinin yanına getdi. Qadın balaça uşaq meydançası olan kottecə yaxınlaşarkən öz şəxsi peşə sevincini belə unutmuşdu. Lakin ötən şənbə Mariykanın tələffüz elədiyi yeni sözləri yadında saxlamışdı. Bu dəfə də düşündü ki, Mariykadan yaxşı aktrisa çıxacaq. Axı qızcığaz özünü göstərməyi sevir, dil-dil ötür, istiqanlı və səmimidir. "Əlbəttə, görünür, onun yaşındakı bütün uşaqlar elə belə olur”, Natalya Vikentyevna öz-özünə pıçıldadı.

Kottecin giriş qapısını açmaq üçün nənənin öz açarı vardı, buna görə də zəngi basmadı, qapını açıb içəri girdi...Elə dəhlizdəcə hər şeyi anladı: nəsə bir iş var, nəsə olub! Qonaq otağına boylandı, Slaviki gördü. Küncə çəkilib oturmuşdu, qaşqabağını tökmüşdü. Əriştə salxımları, bişmiş yer kökünün qırmızı dilimləri onun qıvrım saçları üstünə tökülmüşdü. Adamın lap iştahası da gəlirdi. Görünür, bunlar şorba qazanından çıxmışdı. Əlbəttə, belə bir mənzərə gülməli də deyildi. Mətbəxdən gəlini boylandı, hirsliydi, sanki ciddi nəsə baş vermişdi. Nənə sevimli gəliniylə tələsik salamlaşdı, nəvəsinə yaxınlaşıb soruşdu:

- Slavik, noolub, əzizim?

Görünür münaqişə artıq bitmişdi, gəlin sakit-sakit danışırdı:

- Yemək istəmir! Nə qədər yalvar-yaxar edirəm, xeyri yoxdu, rədd edir, boşqabını da itələyir. Halbuki özü istəmişdi şorba bişirim!- Natalya gülümsündü,- bax elə buna görə də bütün qazanı onun başına tokdüm! Qoy bilsin! Görk olsun!..

- Yaxşı ki, boşqabı çırpmamısan uşağın başına! Yoxsa kəlləsində boşqabın qırıntıları da qalardı!- Natalya Vikentyevna bir qədər üzünü turşutdu.

Nənə gətirdiyi hədiyyə bağlamalarını stulun üstünə qoydu, qətiyyətlə əlavə elədi:

- Slavik, hazırlaş, mənim balam! Gedirik bizə! Əgər səni bu evdə sevmirlərsə, bizə gedirik! Bir azdan baban balıq tutmaqdan qayıdacaq. Səninçün qəşəng balıqlar qızardacam...

Bu evdə Natalya Vikentyevnanı heç vaxt belə əsəbi görməmişdilər. Gəlin heç bilmədi nə desin. Sükutu birinci Slavikin özü pozdu.

- Nənə, mən heç yerə getməyəcəm. Bir azdan atam işdən qayıdacaq. Biz də İqorla birlikdə hovuza gedəcəyik, məşqə. Valideynləri isə hər zaman sevmək lazımdı. Onlar üçün çətindi. Onlar əsəbiləşəndə belə, xeyirxah olurlar.. Xüsusilə mənim anam kimi...

Natalya Vikentyevna və gəlin təəccüblə bir-birinə baxdılar, onların üzünə xəfif təbəssüm qonmuşdu.

Tərcümə etdi: Kamran Nəzirli