adalet.az header logo
  • Bakı 18°C

YUNAN PATRiKi TüRKiYƏYƏ KƏLLƏ ATDI

AQİL ABBAS
37252 | 2009-12-23 00:44
Azərbaycan böyük qanlar bahasına, məhrumiyyətlər bahasına Kremldən qurtuldu. Çox təəssüf ki, millətimizin ikinci dövləti Türkiyə Kremlin əlində bir oyuncağa çevrilib. İntəhası bu Kreml Moskvada deyil, Vaşinqtondadı. Keçmişdə Azərbaycanda kimin xətrinə dəyirdilər Kremlə şikayət edirdilər, ya da Leninin goruna, yəni Mavzoleyinə.
   
   Köhnə kişilər kimi sözümün birini qoyum, o birisinə gedim.
   
   Azərbaycanın məşhur bir jurnalisti var idi, qəbri nurla dolsun, Nəriman Həsənəliyev, Bakıda bir erməni evində kirəkeş qalırdı. Götürüb Leninin goruna bir teleqram vurmuşdu: "Əziz Vladimir İliç, mən, anam və ailəm erməni Aşotun 16 kvadratmetrlik bir otağında kirəkeş yaşayıram. Erməninin iti Tezik təkcə 20 kvadratmetrlik otaqda yaşayır. Sizdən xahiş edirəm, bizimlə Tezikin otaqlarının dəyişdirilməsinə kömək edəsiniz".
   
   Teleqram Kremldən göndərilir bizim Mərkəzi Komitəyə. Mərkəzi Komitənin katiblərindən biri Nəriman Həsənəliyevi yanına çağırır və Nəriman müəllim otağa girən kimi əsəbi halda deyir:
   
   - Ə, avaranın biri avara, Lenin sağdı, Leninə teleqram vurmusan?
   
   Nəriman Həsənəliyev əhvalını pozmadan belə cavab verir:
   
   - Biz uşaqlıqdan oxuyuruq və eşidirik ki, Lenin yaşayıb, yaşayır və yaşayacaq. Necə oldu, ömründə bir dəfə yazıq Nərimana Lenin lazım oldu, onda da öldü?
   
   İndi Türkiyədə də kimin şikayəti varsa ABŞ-a, ABŞ-dakı Kremlə şikayət edir. Düzdür, orda Vaşinqtonun və ya Linkolnun goruna məktub yazmırlar, sağ prezidentlərə yazırlar.
   
   Və ABŞ da sanki Türkiyə bunun 53-cü əyalətidi, çağırır, danlayır, söyür, tapşırıqlarını verir, onu aç, bunu aç, buranı aç, oranı aç... Çox təəssüf ki, Türkiyə də deyir baş üstə.
   
   İndi İstanbuldakı yunan patriki ilan-qurbağa adına oxşar bir adı var, nə bilim, nə daus, nə isə, filan kərtənkələ ABŞ-ın ən məşhur telekanalına bir saatlıq müsahibə verib və Türkiyəni yaş yuyub quru sərib. Ağlına gələni yox, ağzına gələni danışıb. Sayın Ərdoğan haqqında yaraşmayan sözlər deyib. Qısası, ABŞ-a Türkiyə hökumətindən, sayın Ərdoğandan zırıltı bir şikayət edib. Və maraqlı burasıdır ki, aparıcı da onu yönləndirib və daha da qızışdırıb.
   
   Nə isə, ağa döymüş nökəri it də tutur bir yandan. ABŞ-dakı Kreml bütün itləri qısqırdıb Türkiyənin üstünə. Canım-gözüm Türkiyə də bu itləri çomağın altına salmaq əvəzinə, Türkiyəni bu itlərdən xilas etmək əvəzinə, bu itləri çomaq altına sala biləcək və Türkiyəni xilas edə biləcək ziyalıları, alimləri, bilim adamlarını, sərkərdələri, generalları "Ergenekon" adı altında yığıb həbsxanalara. Və özü də qalıb itlərin əlində, itlər onu yeyir.
   
   Bir sözlə, Türkiyədə daşları bağlayıb itləri açıblar.
   
   Allahın qaraçıları da artıq Türkiyə dövlətinə meydan oxumaqdadır.
   
   Adını bilmədiyim kərtənkələ hətta özünü Həzrəti İsaya bənzədib. Müsahibəsində deyir ki, mən özümü Türkiyədə çarmıxa çəkilmiş kimi hiss edirəm.
   
   Türkiyəyə bu qədər həqarət edən bir kəs əslində elə çarmıxa çəkilməlidir.
   
   Sonda. Türk qardaşlarımız vurhavur Akdamarda erməni kilsəsini təmir edirlər. Allah qoymasa, gələn il sentyabr ayının 12-də təntənə ilə açmaq fikrindədirlər.

TƏQVİM / ARXİV