Gün eynəyi seçərkən ehtiyatlı olun! - Oftalmoloqdan XƏBƏRDARLIQ
Yaz-yay fəslində gün eynəklərinə olan tələbat artır. Bu gün şəhərin istənilən yerində mağazalarda, yeraltı keçidlərdə, köşklərdə, metro çıxışlarında gün eynəklərinin satışına rast gəlirik. 5-10 manat civarında olan eynəklərin sırasında məşhur brendlərin də adına rast gəlmək olur. Lakin məşhur brendlərin belə aşağı qiymətə olması məhsulların saxtalığı barədə şübhələr yaradır. Çox təəssüf ki, əksəriyyət sağlamlıq və keyfiyyətdən çox qiymətə və görünüşə üstünlük verir. Seçimin bu prinsiplər altında həyata keçirilməsi gözlərin zəifləməsi, baş ağrıları və göz təzyiqinin yaranmasına səbəb olur.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovbildirir ki, keyfiyyətsiz eynəyi taxıb-taxmamağın bir fərqi yoxdur:
"Keyfiyyət etibarilə zəif olan eynəklər zərərli şüaları gözə daha çox buraxır. Ultrabənövşəyi şüaları sındıran orqanik eynəkləri bahalı, brend firmalar istehsal edir. Qiyməti 3-5 manat arası olan eynəkdə keyfiyyətdən söz gedə bilməz. Ən yaxşı hal odur ki, həkim eynək seçimində məsləhətçi olsun. İstifadəçi üçün onun uzaq və ya yaxına korreksiya edilməsini həkim müəyyən etməlidir. Onu da deyim ki, istənilən göz üçün əks şüalardan ən yaxşı qoruyucu öz gözlərinin billurudur. Bu büllura sırf görünüş xatirinə keyfiyyətsiz eynəklərlə ziyan vermək düzgün deyil” .