adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Iyun 2019 15:58
22901
ƏDƏBİYYAT
A- A+

Bu gün ömür bitdi, xatirələr bitmədi

"Kitab bitdi, xatirələr bitmədi”

Natəvan Hacıyeva

Ulularımızın bir deyimi var: "Dünya bir pəncərədir, hər gələn baxar gedər”.

Bəli, bu pəncərədən baxıram Natəvan xanımın qoyub getdiyi izlərə, düzdür, bizim də sıramız var. Ancaq Sizi amansız xəstəlik tez bir zamanda üstələdi. Hələ neçə xatirələriniz var idi yazmağa. Mavi ekrandan Sizi sevən tamaşaçılarla da vidalaşa bilmədiniz. Deyiləsi çox sözünüz qaldı. 2016-cı ildə işıq üzü görən "Televiziya dünənim, bu günüm və sabahımdır” kitabınızda Azərbaycan televiziyasının yaranma tarixindən və xatirələrinizdən danışarkən bir ifadə həmin andan hafizəmə həkk olundu: "Kitab bitdi, xatirələr bitmədi”. Təəssüf ki, 1 may 2019-cu ildə kədərli bir xəbər ölkəyə yayıldı. Azərbaycan televiziyasının ilk rəsmi diktoru, Respublikanın Əməkdar artisti Natəvan Hacıyeva öz Haqq dünyasına qovuşdu. Ömür burda bitdi. (Çox təəssüflənirəm ki,göz yaşlarımı tuta bilmirəm bu sətirləri yazarkən). Lakin Sizi sevənlərin ürəyində sizli xatirələr bitmədi, əksinə, yenidən cücərməyə başladı. Baharın bu çiçəkləyən dövründə qəlbimizdə qönçə-qönçə açmağa başladı. Sizinlə vidalaşmağa gələn, çiyin-çiyinə neçə illər Az.TV-də çalışan tanınmış diktorlar - Şərqiyyə xanım, Roza xanım, Ofeliya xanım, Nailə xanım, Həqiqət xanım, Tamella xanım, Solmaz xanım, gənc kadrlardan – Lalə AzərTAC və başqaları kədər yaşını boğa bilmirdilər. Hər qəlbdə sizinlə bağlı xatirələrin və qazandığın el məhəbbətinin izi idi bu yaşlar.

Sizinlə mənim tanışlığım 2010-cu ilin yayından başladı. Üzbəüz Sizi görəndə, söhbət edəndə həmin gün özümü çox xoşbəxt hesab edirdim. 2010-cu il sentyabr ayının 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurası və "Dünya” Ana və Uşaqlar İctimai Birliyi tərəfindən yaradıcılığınızın 50 illiyinə hazırlaşırdıq. Qadınlar Şurasının sədri Dünya xanım Əliyeva, müavinisə mən idim.

İlk öncə fikirləşdik ki, bu yükün altında çiyin saxlamaq çətin olar. Çünki Natəvan xanım qeyri-adi xarakterli, ünlü hörmətə layiq bir xanımdır. Tədbirə hazırlaşan gündən düz iki ay hər gün bir yerdə olduq və bu tanışlıq ailəvi get-gələ çevrildi. Hər bir gün üçün bir dəftərlik xatirəniz var bizdə, Natəvan xanım.

Heyf, çox heyf ki, bu səmimi sözləri göz yaşı içində qələmə alıram.

Təbiblər xəstəliyin önündə naçar qaldı. Sağ olsun Sevil xanım, qızı Fərəh xanım, Avropa xəstəxanalarından birində Sizə yer ayırdılar.

İsveçrənin Cenevra şəhərində Hopital Cantonalda martın 2019-cu il mart ayının 13-22-i arası bütün müayinələrdən keçdikdən sonra qoyulan diaqnoz ümid işığının olmadığını göstərdi.

Beləliklə, heyf ki, Natəvan xanımın ömür yolu çox sürətlə son yolçuluğa yetişdi.

Qızı Cəmilə xanımın və iki qız nəvəsinin, bir qrup həkim və tibb bacılarının zəhməti faydasız oldu. Sizi qoruyub saxlaya bilmədik. Əlimdə titrəyən qələm bilməzdim ki, bir gün qəm yazacaq. Necə dəyərli bir xanımı itirmişəm, ay Allah. Mənə deyirdi ki, mənə bacı oldun. Bizim Gəncə səfərimiz, ali təhsil məktəblərində görüşlərimiz hamısı sanki nağıl imiş.

5 qardaşın 1 bacısıydın. Qardaşınız rəhmətlik Toğrul müəllimin həyat yoldaşı Sevil xanım Hüseyn qızının Sizə olan qayğısını gördükdən sonra sevimli gəlinlərə necə bir baldız olduğunuz, hər kəsdən sevgi qazandığınız göz önündə oldu. Deyirdin Sevildən yoxdu, xeyəriyyəçi xanımdı. Gördüyümə əsaslanaraq Sevil xanıma mən də öz təşəkkürümü bildirirəm. Atalar sözü var: "Əsl insan dar gündə tanınar”.

Bakıdakı klinikalardan birində profilaktik olaraq müayinədən keçən Natəvan xanımın qara ciyərində patalogiya olduğunu deyirlər. Düzdür, Natəvan xanım ömrünün son gününə kimi dərdini hiss etsə də, özünə dəqiq deyilmədi.

Natəvan xanım Bakı şəhəri 10 iyunda tanınmış, istedadlı hüquqşünas Əsgər Hacıyevin ailəsində dünyaya gəlib. Əsgər müəllim hamımızın sevə-sevə izlədiyimiz "Axırıncı aşırım” filmindən yaxşı tanıdığımız Kərbəlayi İsmayılın nəvəsidir. Bəli, Natəvan xanım Kərbəlayi İsmayılın nəticəsi olaraq onun qanını daşıyırdı. Ümumiyyətlə, Natəvan xanımın çox maraqlı həyatı olub. Natəvan xanım ailənin ilk övladıdır. O, dünyaya gəldiyi zaman Əsgər müəllimə kim göz aydınlığı vermişsə, "Qıza nə göz aydınığı?” – deyə cavab verirmiş. O zamanlar fəlsəfə elmləri namizədi olan Şükufə xanım Mirzəyeva bu cür cavabdan sonra Əsgər müəllimə: "İcazə verin Sizin qızınızın adını mən qoyum, onun adını Xurşudbanu Natəvanın şərəfinə Natəvan qoyun. Qoy o adı daşıyacağı şairə kimi, vətənini, xalqını sevən, savadlı, xeyirxah bir insan kimi böyüsün, həmişə birincilər sırasında olsun”.

Doğrudan da belə oldu. Natəvan xanım 16 yaşında orta məktəbi qızıl medalla bitirib, Mirzə Fətəli Axundov adına Rus dili və Ədəbiyyat İnstitutuna daxil olur. Qəbul olarkən heç ağlına belə gəlməzdi ki, onu irəlidə böyük sürprizlər gözləyir.

İlk debütü "Aygün” bədii filmində Aygünün rəfiqəsi rolunu oynamaq oldu.

İkinci debütü 1960-cı ildə adını daşıdığı şairənin heykəlinin açılışında ona həsr etdiyi şeirini oxumasıdır. Elə həmin ilin avqust ayının 22-də Azərbaycan Dövlət Televiziyasında müsabiqə yolu ilə ilk peşəkar diktor qəbul olundu.

Beləliklə, Kərbəlayi İsmayılın nəticəsi Natəvan xanım ölümün gözünə dik baxdı. Hər kəslə sağollaşıb,- üzümü qibləyə çevirin, - deyərək gözünü əbədi yumdu.

Respublikanın Xalq artisti Şərqiyyə Hüseynova

1962-ci ildən bu günə kimi olan xatirələrdən, Natəvan xanımın necə zəhmətkeş ana, nənə olmasından , peşəkar aparıcı kimi özündən sonra bir məktəb qoymasından, onun əvəzsiz xoş təbəssümündən, yaddaqalan ağıllı baxışlarından danışdı.

Barat Şəkinskayanın qızı Solmaz xanım Natəvan xanımın qeyri-adi zarafatlarını yada saldı. Belədir həyat. 77 illik ömür indi xatirəyə döndü. Qızı Cəmilə xanım çalışır ki, özünü qəmsiz, kədərsiz göstərsin. Çünki anası Natəvan Hacıyeva Respublikanın Əməkdar artisti, ilk rəsmi diktor, iki kitab müəllifi kimi şanlı-şöhrətli ad qoyub gedib.

Natəvan xanımın son günlərində illər öncə rəhmətə getmiş sevimli qardaşı İftixarın həyat yoldaşı Təranə xanıma üzünü tutaraq, - səndən İftixara salam aparacam, - deməsi hər kəsi təəccübləndirmişdi. Ölümünü öncədən hiss etmişdi Natəvan xanım.

Çox istərdim ki, Natəvan xanımın AzTV-də 14 il müəllifi olduğu "Ötənlərdən, keçənlərdən” verilişi yenidən efirə qayıtsın və Natəvan xanım haqqında 77 illik ömür yolundan söhbət açsın.

Ailəmiz adından Natəvan xanımın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!

Sara Göyçəli

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə, "Qızıl qələm” və "Xan qızı Natəvan” Media mükafatları laureatı