adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Iyun 2019 12:48
17252
SİYASƏT
A- A+

Beynəlxalq münasibətlərdə parlamentin rolu

SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş bir çox ölkələrin təcrübəsi cəmiyyətin hər hansı bir sahəsini-demokratiya və insan hüquqlarının inkişafını, yaxud iqtisadi inkişafı prioritet kimi müəyyən edən ölkələrin sonda mürəkkəb və qeyri-adekvat nəticə ilə üzləşmələri barədə nəticə çıxarmağa əsas verir. Yalnız cəmiyyətin bütün sahələri, xüsusilə demokratik və iqtisadi vektorlar, diplomatik əlaqələr paralel inkişaf etdikdə bütün sosiumun davamlı tərəqqisini təmin etmək olar. Məhz buna görə də Prezident İlham Əliyevin siyasətində demokrtatik dəyərlərin inkişafı və implementasiyası ilə yanaşı, Azərbaycan dünya iqtisadi sisteminə dərin inteqrasiyası prinsipi, iki və çoxtərəfli diplomatik münasibətlərin inkişafı əsas yer tutur.Azərbaycanın müstəqil dövlət kimi bütün sahələrdə əldə etdiyi uğurlar bu fikri tam təsdiq edir. Dünyanın inkişaf etmiş ölkələri böhrandan əziyyət çəkdiyi bir zamanda ölkəmiz böyük nailiyyətlər qazanır. İqtisadiyyat inkişaf edir, cəmiyyətin bütün sahələri üzrə islahatlar davamlı həyata keçirilir, demokratik təsisatlar daha da möhkəmlənir. Bütün bunlar Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı dövlət quruculuğu konsepsiyası əsasında reallaşdırılır. Konstitusiyaya əsasən Azərbaycanın dövlət quruculuğunun təməlinə qoyulan dəyərlər inkişaf etmiş demokratik dövlətlərin kvintessensiyasını təşkil edir.Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyil. Ulu öndər Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcud olduğu, ölkə daxilində destruktiv qüvvlərin fəallaşdığı bir şəraitdə elmi cəhətdən əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirə bildi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu öndər ölkənin xarici siyasətinin bütün əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin istiqamətlər üzrə siyasi-diplomatik fəaliyyətin məzmunu və məqsədini müəyyənləşdirdi. Onun konkret tövsiyyələri və tapşırıqları əsasında xarici siyasətdə bir-birinin ardınca uğurlar əldə edildi.

Bu gün Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə aparılan uğurlu və hücum xarakterli diplomatiya buna əyani sübutdur. Beynəlxalq münasibətlər sahəsində Prezidentin fəaliyyəti Konstitusiyada müəyyənləşdirilib və prezident respublikaları üçün qəbul olunan standartlara uyğundur. O, Azərbaycanın xarici siyasətinə rəhbərliyi həyata keçirir, danışıqlar aparır, beynəlxalq müqavilələr imzalayır, Ali baş komandan kimi hərbi münaqişə zamanı dövlətin qanunlarını və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə üçün silahlı qüvvələrin tətbiqini, neytrallığın elan olunmasını, saziş və sülh imzalanmasını həyata keçirir.Parlament respublikasında xarici siyasətin həyata keçirilməsində əsas rol hökümətin üzərinə düşür. Parlament isə beynəlxalq müqavilələrin ratifikasiya olunması ilə dövlətin xarici siyasi fəaliyyətini təmin edir. Ancaq beynəlxalq əlaqələrin (beynəlxalq hüquq normaları əsasında) rəsmi orqanı olmayan parlament birbaşa xarici ölkələrin hökumətlərinə müraciət edə bilməz. Eyni zamanda, digər ölkələrin parlamentləri ilə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsində, parlamentlərarası ittifaqların işində birgə iştirak edə bilməz. Parlament Monteskyonün ayırdığı üç hakimiyyətdən birini – qanunvericilik hakimiyyətini həyata keçirir. O, xalqın mandatını almış nümayəndələrdən ibarətdir və xalqın mənafelərini ifadə edir. Dünya parlamentlərinin başlıca xüsusiyyətlərini özündə ehtiva edən Azərbaycan parlamentini – Milli Məclisi digər dövlət hakimiyyəti orqanlarından fərqləndirən başlıca xüsusiyyət məhz onun nümayəndəlik xarakterinin olması və qanunvericilik hakimiyyətinin yalnız bu orqan tərəfindən həyata keçirilməsidir. Bu gün tam məsuliyyətlə qeyd edə bilərik ki, respublikamızda demokratik, dünyəvi və hüquqi dövlət quruculuğunun qanunvericilik bazasının yaradılmasında Azərbaycan parlamenti – Milli Məclisi öz töhfəsini verməkdədir. Azərbaycan Respublikasının parlamenti siyasi sistemdə qanunvericilik institutu kimi cəmiyyətin siyasi proseslərinə güclü təsir edir. Milli Məclisin fəaliyyətində ölkənin müstəqilliyi, milli mənafeyi, milli təhlükəsizliyi əsas yer tutur. Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmlənməsində, dövlətlərarası münasibətlərin genişlənməsində Milli Məclisin rolu getdikcə artır.

Milli Məclisin qəbul etdiyi "Beynəlxalq xüsusi hüquq haqqında” Qanunu dövlətin beynəlxalq əlaqələrdə münasibətlərini nizamlayır. Parlamentlərarası münasibətlər beynəlxalq hüquq normaları əsasında qurulur. Həmin normalar BMT-nin nizamnaməsində, ATƏT-in Helsinki Aktında, Paris Xartiyasında, Avropa Şurasının sənədlərində öz əksini tapmışdır.Milli Məclis milli tələbata cavab verən beybəlxalq konvensiyaları qəbul edir. Konvensiyaların qəbul edilməsi parlamentin beynəlxalq aləmdə nüfuzunu artırır. Beynəlxalq konvensiyaları qəbul etmədən parlamentlərarası əalqələrin yaradılması çətin problemlərlə qarşılaşır. Parlamentlərarası əlaqələr müxtəlif formalarda təzahür edir. Ayrı-ayrı ölkələrin parlamentləri ilə ikitərəfli əlaqə, dünyanın tanınmış parlament rəhbərlərinin Milli Məclisə dəvət olunması, parlamentlərarası təşkilatlara üzv olmaq, həmin təşkilatların iclaslarında iştirak etmək təcrübəsi geniş yayılmışdır.Azərbayca respublikasının Milli Məclisi aşağıdakı parlamentlərarsı təşkilatların işində iştirak edir: Avropa Parlament Birliyi, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası(AŞPA), MDB Parlament Assambleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, NATO Parlament Assambleyası. Azərbaycan parlamenti parlamentlərarası təşkilatların yaradılmasında da fəal iştirak edir. Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında Azərbaycan Respublikası Milli Məclisinin fəal iştirakı qeyd olunmalıdır. Eyni zamanda, beynəlxalq parlament təşkilatlarında Azərbaycan parlamentarilərinin apardıqları uğurlu əməkdaşlıq nəticəsində bu təşkilatlarda ölkəmizin milli maraqları, xüsusilə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsbət qərarlar qəbul olunmuşdur. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2001 – 2003-cü illərdə ölkə parlamentinin AŞPA-da nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti və büro üzvü olarkən Azərbaycanın mövcud problemləri, ölkəmizdə aparılan demokratik islahatlarla bağlı Avropa parlamentarilərinə faktlarla məlumat verir, ölkəmizin xeyrinə müsbət qərarların qəbul olunmasına nail olurdu. AŞPA-nın vitse-prezidenti kimi cənab İlham Əliyev Azərbaycan torpaqlarının işğal olunmuş ərazilərində Ermənistan dövlətinin, erməni silahlı qüvvələrinin narkotik maddələr əkib-becərdiklərini, nəzarətsiz ərazilərdən narkotranzit kimi istifadə etdiklərini və onların insan alveri ilə bağlı cinayət əməllərini rəsmi faktlarla ifşa edərək, Avropa parlamentarilərində obyektiv rəy formalaşdırmışdır. Cənab İlham Əliyevin parlament fəaliyyətində əsasını qoyduğu belə cəsarətli və hücum xarakterli diplomatiya ənənəsi bu gün də uğurla davam etdirilir. Bu, istər beynəlxalq təşkilatlarında, istərsə də ölkələrarası parlament əməkdaşlığında deputatlarımızın fəaliyyətində özünü göstərir. Parlamentərarası əlaqələr vasitəsi ilə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsidə bariz nümunə kimi Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban Əliyevanın Milli Məclisi deputatı və Azərbaycan-Fransa parlamentlərarası işçi qrupun rəhbəriolarkən iki ölkə arasında olan əlaqələrin inkişafını misal göstərmək olar.İki ölkə münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməyi böyük olmuşdur. Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransad təşkil edilən mərasimlər, Azərbaycanın bu ölkəyə daha da yaxşı tanıdılmasına, mədəniyyətimizin təbliğinə xidmət etmişdir. Bu prosesi mənalandıran keçirilən mədəniyyət tədbirlərinin təkcə paytaxt Parisdə deyil, Fransanın məşhur şəhərlərində də təşkil olunmasıdır. Xüsusilə, Fransanın məşhur Luvr muzeyində islam mədəniyyətinə həsr olunan bölmələrin yaradılmasına ölkəmizin verdiyi dəstəklə bir daha öz əksini tapdı. Bu addım təkcə iki ölkənin mədəni-hümanitar əlaqələri ilə məhdudlaşdırmaq olmaz. Bu, həm də hər iki ölkənin dünya mədəniyyətinin mühüm parçası olan islam mədəniyyətinin qorunmasına verdikləri töhfədir. Ümumiyyətlə, 1999-cu ildən etibarən Avropa ölkələri ilə parlamentlərarası əməkdaşlıq intensiv inkişaf etməyə başladı. Bu sahədə münasibətlərin əsas istiqamətlərində biri 2000-ci ilin aprelində ilk toplantısı keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində əməkdaşlıq təşkil edir. Parlament əməkdaşlığı Komitəsinin ilk iclasında "Qafqaz ölkələrinin Avropa İttifaqına üzvlüyünə doğru: Avropa Parlamentindən yeni çağırış” adlı sənədin müzakirəsi münasibətlərdəki irəliləyişin təzahürü idi.

Beləliklə parlamentin fəaliyyəti Ulu öndər Heydər Əliyevin Milli İnkişaf Modelinə uyğundur. Müstəqil Azərbaycan Respublikasının parlamenti 20 ildən artıq müddət ərzində ölkəmizin daxili, ictimai-siyasi həyatında, o cümlədən ölkəmizin beynəlxalq əlaqələrinin formalaşmasında müstəsna fəaliyyət göstərmişdir. Parlament öz fəaliyyətində müasir demokratik ənənələri və prinsipləri başlıca inkişaf prioriteti kimi qarşısına məqsəd qoymuşdur. Azərbaycan parlamenti bütün regional və beynəlxalq strukturların aktiv iştirakçısı olmaqla, dünya dövlətlərinin qanunverici orqanları işərisində xüsusi nüfuza malikdir. Bunu Milli Məclisin 2018-ci ildə Bakıda Azərbaycan parlamentinin 100 illiyi ilə əlaqədar keçrdiyi beynəlxalq tədbirdə səslənən fikirlərdə bir daha görmək olar. Bir sözlə, parlamentin fəaliyyəti onu deməyə əsas verir ki, dövlətimizin "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulmuş hədəflərə çatması üçün qanunvericiliyin təkmilləşdirilməsi işində, beynəlxalq hüquq normalarının ratifikasiyasında, ikitərəfli çoxtərəfli beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.