adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Iyun 2019 11:47
9682
GÜNDƏM
A- A+

Yol polisindən sürücülərə TÖVSİYƏ: Sükan arxasında...

Baş Dövlət Yol Polisi İdarəsi hər bir yol hərəkəti iştirakçısını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir və səfərə çıxan sürücülərə aşağıdakı qaydalara riayət etmələrini tövsiyə edir.

İdarədən verilən məlumatda bildirilib ki, ilk növbədə sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirsinlər və təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlaması mütləqdir.

Unutmayaq ki, hərəkət zamanı sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək təhlükəsizliyimiz üçün vacib şərtdir.

Yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin. İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət bilinir.

Yaddan çıxarmayaq ki, yol hərəkəti qaydalarına ciddi əməl etməklə Siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərinin xoş keçməsinə şərait yaratmış olursunuz.