NiYƏ iVANOVKADAKILAR YAŞAYA BiLiR, BiZiM KƏNDDƏKiLƏR YOX?!

AQİL ABBAS
30393 | 2009-12-15 16:00
İsmayıllıda İvanovka adında bir kənd var və hər şeyləri də var: işığı, qazı, suyu və pulu. Halal xoşları olsun. Bütün bunları öz halal zəhmətlər ilə qazanıblar.
   
   Əslində ona kənd demək olmaz abad qəsəbədi. Vaxtilə bizim kəndlər də belə abad idi. Ağdamın Qaradağlı kəndində bir mədəniyyət sarayı vardı, heç ölkənin şəhərlərində elə mədəniyyət sarayı yoxuydu. İndi it günündədi.
   
   İvanovkadakılar niyə yaşaya bilir? Ona görə ki, ağıllı başları yığışdı bir yerə, oturub götür-qoy elədilər və gördülər ki, kolxoz kəndli üçün ən mükəmməl bir təşkilatdır və dağıtmadılar. Və bu gün də həmin kolxoz İvanovka camaatını bəy balası kimi saxlayır. Nə Bakıya yanacaqdoldurma stansiyalarında şlanq tutmağa qaçırlar, nə də Qaradağdakı bazarlarda pal-paltar satmağa.
   
   Kim nə deyir-desin, kolxoz, bir daha deyirik, kəndlilər üçün ən mükəmməl bir təşkilatdır. Və kim istəyirsə onunla bu barədə mübahisəyə girməyə də hazıram. Kolxoz nə deməkdir: kollektiv təsərrüfat. Yəni insanlar birləşib birgə əkib-becərirlər və məhsullarını da öz aralarında bərabər paylaşırlar. Bu dövlət müəssisəsi deyil, əslində elə Sovetlər dönəmində də özəl bir şirkət idi. Sadəcə olaraq kəndlilər hökumətin dediyi ilə oturub-dururdular. Hökumətin dediyini əkirdilər, hökumətin dediyini yetişdirirdilər, hökumət də qəpiyinə-qəpik pulunu ödəyirdi, təbii ki, özünə lazım olanları götürəndən sonra. Amma hökumətin xəsisliklə verdiyi o qəpik-quruş da bəs edirdi ki, kəndli bəy balası kimi yaşasın, bir tikə çörək üçün Rusiyanın və Türkiyənin bazarlarına qaçmasın. Kəndli torpağa bağlanmışdı, o bağı qopartdılar. Yalnız İvanovkalılar o bağı saxlaya bildi.
   
   Bizim Bayat kəndində rəhmətlik Leninin adını daşıyan bir kolxoz vardı. İldə 3 min ton pambıq, bir o qədər də taxıl istehsal edirdi, hələ heyvandarlıq və digər kənd təsərrüfatı məhsullarını demirəm. Və hər ildə kolxozun ən azı 1,5 milyon manat (2 milyon dollardan çox) xalis gəliri olurdu. Yolunu tikirdi, bağçasını tikirdi, xəstəxanasını tikirdi, nə bilim, mədəniyyət evini tikirdi, hər həyətə su çəkirdi, qaz çəkirdi, telefon çəkirdi. Ən tənbəl ailə ildə ən azı 10-15 min manat pul qazanırdı. Hələ 20-25 min qazanan ailələr də vardı. Kəndlinin uşağının da 70-80 faizi ali məktəblərdə oxuyurdu. Yarısı başının hesabına, yarısı da həmin o pulun hesabına.
   
   İndi kənddəki bütün qohum-əqrəbalarımı ev-eşikləri ilə bir yerdə bazara çıxarsaq, heç 500 min verən tapılmaz.
   
   Bərdə rayonu (Allah Rüstəm Səfərəliyevə rəhmət eləsin) həmin kolxozların hesabına ildə 120 min ton pambıq istehsal edirdi. İndi Azərbaycan bütünlüklə ildə bu qədər pambıq istehsal edə bilmir.
   
   Həmin kolxozların hesabına Azərbaycan 2 milyon tondan artıq üzüm istehsal edirdi. İndi Dubaydan, Türkiyədən üzüm gətirib yeyirik.
   
   Kolxozlara çər dəydi, dağıldı. Əslində çər kəndliyə dəydi və çərləyənlər də kəndlilər oldu.
   
   İndi dövlət hər il yüz milyonlarla manat kənd təsərrüfatının inkişafına pul ayırır. Nəticəsi, Allahın çörəyini özümüz istehsal edə bilmirik. Təkcə Qazaxıstandan 800 min ton taxıl almaq məcburiyyətindəyik.
   
   Bəs hanı, İsmət Abbasov deyirdi 3 milyon ton taxıl istehsal etmişik? Uçdu, əridi, getdi? Xeyr, ortada böyük bir saxtakarlıq göz qabağında.
   
   Dövlət day nə etməlidir?! Hər hektar taxıl sahəsinə görə kəndliyə 40 manat verir, gübrə xərclərinin 50 faizini dövlət ödəyir, toxumu da bağışlayır. Bəs onda hanı 3 milyon ton taxıl? Çünki ortada böyük bir pripiska var. Və bunun qarşısını almaq da mümkün deyil. Çünki biz müsəlmanıq, biz buna öyrəşmişik.
   
   Əslində bu subsidiyaların hamısı ləğv olunmalıdır. Qoy dövlət subsidiyalara ayırdığı pulu taxılın satınalma qiymətinə əlavə etsin.
   
   Diqqət eləyin, kənd təsərrüfatı naziri hörmətli İsmət Abbasov deyir ki, bu il taxıl əkin sahələri 150 min hektar azalacaq. Səbəb də onu göstərir ki, Maliyyə Nazirliyi yoxlamalar aparıb və buna görə də əvvəllər şişirdilmiş rəqəmlər təqdim edən icra orqanları indi məcbur olub həqiqi rəqəmləri açıqlamaq məcburiyyətində qalıblar.
   
   150 mini vuraq 40 manata, mən hesablaya bilmədim, bilgisayardakı Mehriban xanım hesabladı dedi 6 milyon eləyir. Bunun üstünə gəl gübrə xərcləri və toxumu, bunu heç Mehriban xanım da hesablaya bilmədi. Əslində isə şişirdilmiş rəqəmlər daha çoxdur.
   
   Yaxşı, buna görə kimsə məsuliyyət daşımır? O cümlədən kənd təsərrüfatı naziri də? Mədəni ölkələrdə "3 milyon ton taxıl istehsal etmişik" deyib, sonradan dövləti 800 min ton (bu hələ Qazaxıstandan alınacaqdı) taxıl almaq məcburiyyətində qoyan kənd təsərrüfatı naziri dərhal istefa verərdi. Məndə olan dəqiq məlumata görə, biz də mədəni ölkələr sırasındayıq.
   
   Sadəcə olaraq, bizim bütün mədəniyyətimiz var, bircə istefa mədəniyyətindən başqa.
   
   Day oxucunu yormuyum.
   
   Amma həm öz kənddəki qohum-əqrəbalarıma, həm də elə bütün kəndlilərə bir məsləhətim var. Aralarından iki-üç ağıllı adam seçsinlər və göndərsinlər İvanovkaya. Görsünlər İvanovka camaatının bəy kimi yaşamasının sirri nədədi? İvanovka Amerikada deyil ha, viza alasız, nə bilim, yol pulu tapmayasız, burda, İsmayıllıda, qulağınızın dibindədi.
   
   Mən Kənd Təsərrüfatı Nazirliyini yaxşı tanıyıram, orda bir köhnə qvardiya var, hamısı da çox güclü mütəxəssislərdi, səhrada da taxıl əkə bilərlər, üzüm yetişdirə bilərlər, pambıq əkə bilərlər. Özü də peşələrinin vurğunudular. Məni təəccübləndirən odur ki, onlar niyə səslərini çıxarmırlar?
   
   Mövzuya qayıdacağıq.

TƏQVİM / ARXİV