adalet.az header logo
  • Bakı 21°C
03 Iyun 2019 15:31
32735
ƏDƏBİYYAT
A- A+

Gəmaltı-Şorsu istiqamətində qətliamlar

Mərkəzləşmiş hay-daşnak qüvvələrinin 1918-1920-ci illərdə Bakı qəzasında yerləşən silahlı quldur dəstələrinin S.Şaumyanın tapşırığına əsasən A.Mikoyanın, S.Lalayanın, T.Amiryanın başçılığı ilə Şamaxı qəzası istiqamətinə hərəkət edən əsas qərargahlarından biri Mərəzə və Xilmilli kəndlərində yerləşmişdir. Yerli rus mənşəli malakanların köməkliyi ilə quldur dəstələri Qobustan bölgənin bir çox kəndlərinə, o cümlədən əski yurd yerlərinə (Damlamaca, Xıdırlı, Şorsu, Küyüllü, Göypilpilə, Gəmüstü, Gəmaltı, İlanlı...) basqınlar edərək faciələr törətmişlər.

Azərbaycan Xalq Cumhuriyyətinin Fövqəladə İstintaq Komissiyyasının üzvü A.Novatskinin 12.07.1919-cu il tarixli məruzəsində Şamaxı qəzasında, o cümlədən Qobustan bölgəsində törədilən qətliam-soyqırım faciələrində Şamaxı şəhərində doğulmuş və Bakı şəhərində yaşayan Qavril Qaroğlanov, Arşak Gülbəndyan, Mixail Arzumanov, Armenak Martirosyan (ümumilikdə 31 nəfər)... da iştirak etmişlər.

Gəmaltı (indiki Dərəkənd) kəndi Qobustan nahiyəsinin ən qədim yaşayış yerlərindən biri olub. Toponim kimi "su mənbələrinin, quyu və kəhrizlərin altında yerləşən yer” mənasını verir. Belə ki, Gəmüstü kəndindən (sonralar Nərimankənd adlanıb) Şorsu kəndinədək 64 bulaq və kəhriz var idi ("Hacı Nəzər quyusu”, "Mürşüd quyusu”, "Emin quyusu”... bunların çoxusu artıq dağılıb). Bu kənd Bakı-Şamaxı avtomobil yolunun 87-ci km-dən sağda, cənub-qərbə tərəf 2 km aralıda, çılpaq, yovşanlı dərələrin arasında yerləşir. Əhalisi dədə-baba tərəkəmə olub, 1918-1920-ci illərdə bu kənddə 60-a qədər "tüstü” qeydə alınıb. Gəmaltı kəndindən 3 km cənubda yerləşən Şorsu kəndində isə 70-80 ev olub, bu kənd 1970-ci ilədək qalmışdı, sonra camaatı Ələt, Duvannı qəsəbələrinə köçüb, yurd-ocaq boşalmışdır, nişanə kimi qədim qəbirstanlıq qalmaqdadır.

Hay-daşnak və rus-bolşevik quldurlarının Gəmaltı (Dərəkənd) kəndinə basqını ətrafdakı tərələrdə quraşdırılmış toplardan edilimişdi. Dinc sakinlər qətliamdan qurtulmaq üçün Şorsu və Damlamaca kəndləri istiqamətindəki dərələrə, zağalara üz tutub, amma yenə də faciədən yaxa qurtara bilməyiblər. Kənd saknin Ağababa Sofu Məhəmməd oğlu (1863-1918) arxadan güllə yarası alaraq qətlə yetirilmişdir, Gəmüsyü quyularının axan su dərəsinin üstündə, kəndin ayağında. O vaxta kimi camaat ölüsünü "Diri baba qəbirstanlığı”nda dəfn edirmiş, amma kəndin ilk şəhidi Ağababa Sofu Məhəmməd oğlu qətlə yetirildiyi yerdə dəfn olunmaqla Gəmaltı kəndinin qəbirstanlığı yaranmışdır. Damlamaca kəndi tərəfindən düşmənin top atəşləri nəticəsində kənbd məscidi yandırılmış (bərpa işləri 2000-ci illərdə aparılıb), kənd saknin Səkinə Allahverdi qızının evi dağıdılmış, mal-mülkləri, davarları qarət edilib yağmalanmışdır. Kəndin imkanlı şəxsi olmuş Səid Hacı Əbduləziz oğlunun (1880-1915) 24 otaqlı evi tamam qarət edilmiş, sonda yandırılmışdır. Onun dükanı bölgə məşhur idi, Fransadan, İtaliyadan,Çindən, Yaponiyadan, Rusiyadan, Türkiyədən, İrandan... gətirilmiş mallar satılardı.
Bu faciələr Damlamaca kəndində də (Dərəkənd kəndindən 1,5 km qərbə tərəf) eyni qaydada təkrar edilib. Orda olan 50-60 ev tamam dağıdılıb, yandırılıb, əhalinin varı-dövləti yağmalanaraq qarət edilmişdir. Bu kəndin yaxınlığındakı müqəddəs "Şana nənə” piri də dağıdılmışdır, yaxınlığdakı qayalardan damcı-damcı axan "damcılı bulağı”nı da (kəndin adı buna görə yaranıb) quldurlar dağıtmışdılar, amma sonradan yenə də çağlamışdır. 1975-1976-cı ilədək mövcud olan bu kənd sonradan boşalmış, indi yurd yerləri güclə sezilir...

Hay-daşnak quldurlarının Mərəzə kəndindəki qərargahından malakanların vasitəsi ilə Qobustan bölgəsinin bir çox kəndlərinin ağsaqqallarını bir yerə toplamaq (əslində hamısını məhv etmək məqsədi ilə) təklifi ilə Gəmaltı kəndinin də iki yaşlı sakini orada (Mərəzə kəndi yaxınlığındakı "Qarabulaq dərəsi”ndə) iştirak edib- kəndin mollası Şahsuvar Niftalı oğlu (1858-1918) və Hətəm Hacı Əbduləziz oğlu (1855-1918)...nəticədə amansızlıqla 60-a qədər ağsaqqal quldurlar tərəfindən qətlə yetirilmişdir. Onları sonradan paltarlarından tanımışlar və "Diri baba” qəbirstanlığında dəfn edilmişlər.
Gəmaltı (Dərəkənd) kəndinin şərqində, 7-8 km aralıda yerləşən İlanlı kəndinin sakinləri də düşmən hücumlarına məruz qalmışdır. Bu kəndin bünövrəsi 1780-ci illərdə tərəkəmə elatının rəhbəri Zal bəy tərəfindən qoyulub, qışlaq yerləri "Kiçik daş”, "Şıxlələ”... otlaqları olub. Əvvəllər bu yurd Zallı adlanıb, Sovet hakimiyyəti illərində dəyişdirilərək İlanlı adlanıb. 1918-ci ildə bu kənddə 150 ev vardı, kənddən 500 m aralı, günbatandakı "Şiştəpə” deyilən yüksəklikdə quraşdırdıqları topla atəş açan hay quldurları bütünlüklə evləri-yurdları dağıtmış, mal-heyvan, ilxı-dəvə sürülərini sürüb aparmışlar, camaat qışlaqlara sığınıb. Bu hadisədən sonra kənd tənəzzülə uğramış, getdikcə boşalmış və hazırda burada 6-7 ailə yaşamaqdadır. Kəndin imkanlı şəxsi və bölgənin hörmətli adamı olan Bəyalı bəy Ağalar bəy oğlunun (1904-1993) 2 mərtəbəli evi isə qarət edildikdən sonra tamam yandırılmışdır. Bundan əlavə kənddən 300 m aralıda olan qədim qəbirstanlıq da dağıdılmış, qoç şəkilli, sənduqə formalı baş və sinə daşları zədələnmiş, bəziləri isə aparılmışdır. Kəndin əkin yerlərinə od vurulmuşdur (kəndin xırman yeri Gəmütsü-Mərəzə kəndində imiş).

1918-1920-ci illərdə büş verən qanlı olaylar barədə Bəyalı bəy Ağalar bəy, Ağca Hacı Niftalı oğlu (1913-1993), Mövsüm Hətəm oğlu (1907-1995) söyləmişlər.

(Yazının hazırlanmasında Qobustan rayonu, Dərəkənd kənd sakini Cavad Bəyalı oğlu Rüstəmovun (1941) məlumatlarından istifadə olunmuşdur.)


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi