adalet.az header logo
  • Bakı 16°C
03 Iyun 2019 15:29
18371
ƏDƏBİYYAT
A- A+

Dəli Eminin qəbri

«Danışan ruhlar» silsiləsindən hekayə


Ona «Dəli Emin» də deyirdilər. Uşaq vaxtı bu 2 kəlimənin mənasını anlamırdım, hətta qürurlanırdım. Anam bu sözlərı eşidəndə kövrəlirdi, axı istər ağıllı, istərsə dəli olsun - Emin onun qarnından çıxmışdı. Atam hirslənirdi. Bunu onun tabeçiliyindəki bir işçinin dilindən çıxanda az qalmışdı xudahafizləşsin. Sonralar bu dəmiryolçu adama mənim də acığım tutmuşdu. Axı, Emın nə qəbahət eləmişdi ki, onu «dəli» adlandırmışdı. Dəli Emin kənddə ən çox qəzet oxuyandı, xətti də muncuq kimiydi. Hətta ona yaşlı adamlar məktub yazdırırdılar. Mən Sovet ordusunda xidmətdəydim, hər həftə bir qalaq doğma dilimdə qəzet-jurnal alırdım. Bir gün mayor Barinov dedi ki, komandir, sənə Azərbaycandan qəzet, jurnal yola salan kimdi, cavab verdim ki, qardaşımdı. Qayıtdı ki, o, professordur? Bərkdən dedim ki, yox, dəmir yolunda yol dəyişdirəndi, yəni çornıy raboçiydı.

Mənalı güldü və «molodest çornıy raboçiy», - pıçıldadı.

Bir gün məktub aldım ondan, toyu olduğunu yazmışdı. Mən yeganə qardaşımın evlənməsinin şahidi olammadım.

Qardasımın oğlu dünyaya gəldi. «Dəli Emin» sözünün müəllifi o dəmir yolçu kişinin də güc-bəlayla bir oğlu anadan olmuşdu. Emin son dərəcə humanistdi, çəkdiyi «Prima» siqaretinin qutusunu açan kimi yanındakılara paylayırdı. Axşama yaxın bir dənə də siqareti qalmırdı, amma həmin adamlardan siqaret istəmirdi. Çəkdiyinin kötüyunu tapıb həvəslə yandırırdı və bu, ona daha ləzzətli görünürdü. Anam hirslənirdi ki, niyə paylayırsan, sonra da özün siqaret axtarırsan.

Çay içildi, 5-6 stəkanı birbaşa hordadırdı, alnından axan təri əzik-üzük dəsmalıyla silirdi. Stansiyada qonaq görəndə evə gəlirdi (20-30 addımdı evimizlə stansiya arası), yaşıl qəfədanı anamnan alıb gedirdı. Amma özü qonağın çayına şərik çıxmırdı. Mən Bakıda yaşayanda xeyli «Prima» alırdım. Və buna öyrəşmişdi. Bir də təzə qəzetləri istəyirdi. Bütün səhifələri oxuyurdu, büküb öz yatdığı otaqda saxlayırdı.

Atam kənddə ev aldı və stansiyadan köçdük. O, darıxmağa başladı. İşindən qayıdıb, çörəyini yeyəndən sonra stansiyaya gedirdi. Bir dəfə hirsli gəlir və anam soruşur ki, nə olub? Cavab verir ki, o adam qayıtdı camaatın arasında: «Dəli Emin, necəsən?» - dedi. Mən də yerdən kərpici götürüb tulazladım ona. Əyilməsə o dünyalıqdı. Anam: «Başıma xeyir, bə demirsən ölər, səni tutub salarlar türməyə». - Saçını yolur və Allaha yalvarır ki, Emin xətadan qurtarıb.

Bir gün evə gəldim, Emin gözümə dəymədi, anam dedi ki, Sədr onu çağırtdırıb ki, poçtalyon Emin olmalıdır. Neçə ildir, Emin qəzet oxuyur, mən özüm bu qədər oxumuram. «Prima»ları stolun üstünə qoydum. Və qardaşımın yolunu gözlədim. Handan hana gəldi, elə bil böyük qardaş məndim. Və tələsik öpərdi üzümnən. «Prima»ları götürüb öz otağına apardı. Mən iri daş stəkanda ona çay süzdüm. Qayıdıb nəlbəkiyə tökdü, qənddən ağzına qoydu və çayını içdi.

Hava çox isti idi, bizim zonada - Muğanda yayda 40-45 dərəcə də olur, öyrəşmişdik. Eminə əsla bürkü təsir göstərmirdi.

Bir adəti vardı, yay-qış pencəyini soyunmazdı. Daha heç kəs bunu ona irad tutmurdu. Kənd boyu qəzetləri paylayırdı, yerdə qalanları səhəri sahiblərinə çatdırıräı.

Həyətdə oturmuşduq. Atam atdan düşdü, əl-üzünə su çəkdi və yanımızda əyləşdi. Söyüd ağacını özü əkmişdi, kölgəsi pis deyildi. Azca sərin çəkirdi.

- Azər də əsgər getdi. (o xalam oğluydu) - Astadan dilləndi. - Yaxşı oldu, istilər də düşdü. Oraların havası soyuq olur. Üzümə baxdı.

Bakıda görüşdüm. Bizə gəlmişdi.

- Çayımdan içdim və onun üzünə baxdım. Sifətimdə sevinc oxunurdu, qürurlandı ki, əsgərliyə bir doğmasını yola saldı.

Qəfil dilləndi:

- Onun oğlu hələ gizlənir.

- Sakit səslə fikrini bildirdi.

Adını söyləməyə ehtiyac yoxdu. «Dəli Emin» sözünün sahibiydi.

- Niyə getmir, qorxur? - Söz atdım.

Çiyinlərini çəkdi:

- Yəqin atasından keçmədi. Təzə evə köçmüşdüm, dedim ki, Emin, gəl bizə, üç otaqdı.

Başıyla təsdiqlədi ki, gələrəm, Azər əsgərlikdən qayıdandan sonra. (Azəri yamanca istəyirdi). Və iki ili keçirdi, Azər sağ-salamat gəldi. Növbə oğlunundu. Qarabağ müharibəsi başlamışdı. Hələ yaşı çatmırdi, orta məktəbdə oxuyurdu. Və o gün gəldi. Coşğun könüllü müharibəyə getdi. «Könüllü» ona görə deyirəm ki, dəmir yolunda işləyiridi və ona «bron» düşürdü. Gəlmişdim ki, həm anamla görüşüm, həm də Coşğun gedirmi? Getmişdi və artıq bir məktub da almışdılar.

Əsgərliyə getməzdən qabaq Coşğun qonşusunun oğlunun toyunda solduşmuş, lentə alıblar. Bir dəfə xahiş eləyir ki, o lentə baxsın, Coşğun könlünə düşübmüş. Və baxıb, köksünü ötürür.

Bir il keçdi, xəbər gəldi Coşğun itkin düşüb, - Zəngilan-Qubadlı döyüşlərində. 10-15 uşaq olublar, üçünün meyidi tapılmayıbdır. Bir qış günündə Zəngilana getdim ki, bəlkə bir soraq alam. Bir mayorla görüşdüm, siyirməni açdı, Coşğunun gülümsər fotoşəklini çıxartdı:

- Biz də axtarırıq, çox qəhrəman oğlanmış. Gözünün qanı yoxmuş və əlavə elədi ki, siz onun kimisiz? Cavab verdim ki, əmisiyəm, Bakıdan gəlmişəm.

Mayor susdu, üzünü pəncərəyə çevirdi. Narın qar yağırdı, hər yan ağappaq tənzifə bürünmüşdü, heç kim, heç nə üşümürdü.

- Atası nəçidi? - Mayor sualının peşmanlığını çəkdi, amma söz dilindən çıxmışdı.

- Pensiyadadır, kənddə poçtaliyonluq eləyir.

Yersiz sualını «sığortalamaq» istəyirdi:

- Halal olsun onun atasına, igid uşaq böyüdüb. Kaş başına bir iş gəlməyəydi, heyifdi.

- Allah ağzınızdan eşitsin, - dedim və ayağa durdum ki, xudahafizləşim.

- Nahara az qalır, əsgər borşuna qonaq eləyəcəyəm sizi. - Telefonu qaldırıb nömrə yığdı, qonağı olduğunu dedi: - Bakıdandır, alimdir. Hərbiçiyə xas tapşırıq verdi...

Məni qatar ayağınacan gətirdi.

Evə üç-dörd gündən sonra gəldim. Anam da, qardaşım da səbirsizliklə gözləyirdilər cavabını. Anamın beli bükülmüşdü, nəvə əziz olur, axı. Qardaşımın halı lap pisdi. Qəzet dalınca getmirdi, camaat da tələb etmirdi. Hətta şayiə çıxmışdı ki, Coşğuna erməni gülləsi dəyib, sadəcə meyidini əldə eləmək mümkün olmayıb. Bu həqiqətə oxşar şayiəni əlbəttə Emın də eşitmişdi. O, bir yerdə qərar tutmurdu. «Prima»nı dalbadal sümürürdü. Hətta elə olurdu, axıracan çəkməyi unudurdu.

«Prima» stolun üstündə idi, əlini uzadıb götürməyə sanki gücü çatmırdı. Bircə onu soruşurdu ki, nə xəbər var. Bir az nikbinlik qatdım səsimə: - Hələ real şey olmasa da ölməyibdir. İki meyid də tapılıb ( bunu özümdən deyirdim), deməli, Coşğun sağ-salamatdır ki...

Emin çayını içmədi, aşağı, həyətə düşdü. Üç ay ötdü, qardaşıının ölüm xəbərıni telefonla çatdırdılar. Həyətimizə girəndə onun meyidini həmən söyüd ağacının altına qoymuşdular. Bir təhər özümdə qüvvə tapıb, qardaşımın daşlaşmış soyuq üzündən öpdüm. Gözləri qapanmışdı məni görmürdü, açıq olsaydı görərdi məni. Bir söz deməsə baxışlarıyla nəyisə başa salırdı. Ölümü də qəfil olub, kənddə qəzetləri evbəev paylayıb. Söyüdün kəsilmiş budağınnan asıb çantanı. Bir qəzet düşüb, əyilib onu yerinə qoyub və çay istəyib. Köhnə taxta kətildən durub, qalxıb evə, arvadına pıçıldayıb kı, nəsə ürəyim sancır. Qonşudan xahiş elə ki, Coşğunun lentinə baxmaq istəyirəm.

Ömründə xəstələnməyin nə olduğunu bilməyən Eminin hər sözünə inanmayıblar. Anamı da çağırmayıblar ki, keçib-gedəcək. Və bir-iki dəqiqənin içində Emin dünyasını dəyişir. Meyidini o gün dəfn eləməyiblər ki, qardaşı gəlsin.

Qəribədir, ağlamaq istəyirdim, bacarmırdım, yaşım içərimdə qurumuşdu, soyuq qırma kimi ürəyimin başına dəyirdi, sızıldadırdı. Onun bütün ömrü gözümün qabağında lentə dönüb səslənırdi. İlk dəfə - birinci sinfə məni apardığı gündən bu yana - hər şey canlanırdı. Bir əl toxundu mənə və məni geriyə çəkdi. Baxdım, o dəmir yolçuydu kəfənə bürünmüş qardaşıma «Dəli Emin» deyəndi. O, mənnən fərqli olaraq ağlamışdı, göz yaşı üzünü islatmışdı:

- Otur stulda, - sulu səslu dedi. – Otur, yol gəlmisən.

Emini atamın yanında torpağa basdırdıq.

Təklənmədi torpağın altında.

Maşınnan düşüb qəbirstanlığa getdim. Yolunuı bu son mənzilimızə saldım. Qəbrə çatmamış o adamın qəbir daşı gözümə dəydi. Sən demə, beş-altı aymış ölübmüş. Yaxınlaşdım qəbrə, yaşlaşmış bir cavan oğlan otunu, tikanları əliylə qoparıb kənara atırdı. Yanında balaca uşaq durmuşdu. Ölənin nəvəsi, dirinin oğluydu.

Eminin qəbrini ot basmışdı.