adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Iyun 2019 15:27
28164
MƏMLƏKƏT
A- A+

Fəlsəfi düşüncələr, yaxud düşüncənin fəlsəfəsi

Şer, poeziya vurğunu olan dostumMais İlkinin ilk kitabı işıq üzü gördü. Əslində bu kitab lap çoxdan çap olunmalıydı.

Mais Azərbaycan klassik ədəbiyyatını çox gözəl bilir. O, Xəqaninin, Nizaminin, Füzulinin, Nəsiminin, eləcə də digər klassiklərimizin qəzəllərini misra-misra, beyt-beyt söyləyərək, onları sənətkarlıqla şərh edir. Dərin düşüncəyə, ağıllı məntiqə malik olan Mayis İlkinin "Fəlsəfi düşüncələr” adlı kitabını oxuyanda bir daha əmin oldum ki, müəllif sözə, sözün qüdrətinə hörmətlə yanaşır, sözə sığal çəkərək, onu boğazında bişirib çıxarır. Söhbət əsnasında onun söz sərraflarının əsərlərindən gətirdiyi misallar, ibrətamiz fikirlər oxucularına xoş ovqat paylayır.

İnsanın həmişə ağıllı sözə, ağıllı düşüncəyə ehtiyacı olub. Qarşımızdakı bu kitab Azərbaycan şifahi xalq ədəbiyyatına, eləcə də klassik ədəbiyyata məhəbbətlə yanaşan müəllifin uzun illər mütaliə etdiyi dahilərin, söz ustalarının qiymətli misralarını gözünə-könlünə yığaraq günümüzə ərməğan etiyi maraqlı bir hikmət toplusudur. Burada ayrı-ayrı sənət sahiblərinin ibrətamiz fikirləri, hədis, əfsanə, rəvayət və hekayələrindən seçmələr, fraqmetlər sənətkarlıqla, özü də müəllifin fikirlərə münasibəti fonunda oxuculara təqdim olunur. Burada izaha cəlb edilən misralar, əfsanə və rəvayətlər müəllifin özünəməxsus təhkiyəsi ilə diqqətə çatdırılır.

Kitabın içindəkilər müxtəlif kəsimlərdə AYB Xəzər bölməsinin nəzdində fəaliyyət göstərən poeziya klubunda keçirilən şer məclislərində səsləndirilmiş, toplum halında bəyənilərək geniş oxucu auditoriyasına çıxarılması məsləhət bilinmişdir.

Müəllif dünyəvi və dini ədəbiyyatlardan faqif olduğu nümunələri özünəməxsus tərzdə qələmə almışdır. Onun fikrincə Allah bir çox mətləbləri insanlara quşlar vasitəsi ilə çatdırmışdır. Quşların Allah dərgahında xüsusi məqamı olduğunu müəllif nümunələrlə təsdiq etməyə çalışır.

Oxucularımız üçün də maraqlı olacağını düşünüb həmin nümunələrdən bir neçəsinin qatını açmaq niyyətindəyik.

Bizə məlumdur ki, insan dünyadan köçərkən onu torpaqda dəfn edirlər. O da məlumdur ki, dəfnetmənin də özünün xalqlararası qaydaları var. Müəllif bu mərasimin tarixini belə mənalandırır ki, yer üzünün ilk sakinləri olan Adəm Atanın və Həvva Nənənin Qabil, Habil adlı övladları olur. Mübahisə zəminində Qabil Habili öldürür. "Hələ ki, yer üzündə insan ölməmişdi,ona görə də Qabil qardaşının cənazəsini çiyninə atıb səhrada gəzdirdi və nə edəcəyini bilmirdi. Belə bir neçə gün səhrada dolaşdıqdan sonra cənazəni yerə qoyub oturdu və fikrə getdi. Bu zaman hardansa iki quş peyda oldu. Quşlar bir-biri ilə vuruşmağa başladı. Biri vurub digərini öldürdü və sonra yeri qazıb ölən quşun cəsədini basdıraraq uçub getdi. Bu yolla Allah Mütəal quşlar vasitəsi- ilə Qabilə başa saldı ki, cənazəni torpağa basdırmaq lazımdır”.

Digər bir nümunədə qeyd olunur ki, 590-cı ildə Həbəşistan padşahı Əbrəhənin fillər ilə gücləndirilmiş qoşunu Məkkəyə hücum edir. Allahın hökmü ilə hardansa peyda olan Əbabil quşlarına əmr olunur ki, (bu quşlar kiçik quşlardır. Sərçədən bir az böyükdürlər, onlara dağ qaranquşları da deyirlər M.İ.) hərəsi dimdiyinə bir daş alıb göyə qalxsınlar və o daşları göydən qoşunun üstünə yağdırsınlar. Hürküyə düşmüş fillər geri dönüb qaçarkən qoşunu məhv edir. Bununla Allah Mütəal yenə də quşlardan istifadə etməklə insanlara bir mətləbi çatdırır.

Müəllif görkəmli Azərbaycan şairi S.Ə.Şirvaninin "Guş qıl, ey ki bilirsən özünü Vaqifi-kar” müxəmməsində

Kəsb elə elmi ədəb feyzin əgər adəmsən,

Fəhm qıl, gör ki, nədir musiqiyi-musiqar-

beytindəki "musiqar”ın quş növü olduğunu qeyd edir və bildirir ki, bu quşun uzun dimdiyi və bu dimdiyin üstündə çoxlu dəliklər var. Musiqar quşu külək səmtinə oturanda hava o dəliklərə daxil olaraq musiqiyə bənzər səslər çıxarır. Beləliklə,insanlar bunu əxz edərək qamışdan kəsib, üstündə dəliklər açaraq tütək yaratmışlar. Burada da müəllifin qənaəti belədir ki, ən gözəl nemətlərdən biri olan musiqinin insanlara çatdırılmasında Allah yaratdığı quşdan bir vasitə kimi istifadə etmişdir.

Yeri gəlmişkən deyək ki, İran, Orta Asiya, ərəb və Azərbaycan mifologiyasında xeyirxahlıq hamisi kimi tanınan zoomorfik surətlər-quşlar var.Simurq quşu, Səməndər quşu, Qarağat quşu, Hümü (Humay) quşu, Ənqa quşu və s. adlarını çəkmək mümkündür. Bu quşların hər birisi müəyyən xüsusiyyətinə görə xatırlanır. Məsələn, Simurq quşu uzaq məsafəni bir anda qət edən nəhəng, sehr gücünə malik quş kimi təsvir olunur. Simurq "Avesta”ya görə dənizin ortasında bitmiş bir ağacın başında, "Şahnamə”yə görə isə Elbrus dağının zirvəsində yaşayırmış. Azərbaycan və ərəb folklorunda Simurq quşunun məskəni Qaf dağı hesab olunur. Azərbaycan nağıllarında Zümrüd quşu da adlanan Simurq quşu ("Simnarın nağılı”, "Məlikməmmədin nağılı” və s.) tilsimi qırır, zülmət dünyasına düşmüş qəhrəmanı çətinlikdən qurtarır.

Azərbaycan mifologiyasında xatırlanan zoomorfik surətlərdən biri də Hüma (Humay) quşudur. Deyirlər dünya nazil olandan sonra canlılar yaranır. Allah tərəfindən hər bir canlıya özünəməxsus tərzdə hərəkət rüsxəti verilir. Bununla bərabər onlara yaşamaq üçün istiqamət də verilir. Rüsxət alan quşlar sevinə-sevinə hərəsi bir istiqamətə uçur.Bircə Hüma (Humay) quşu qalır.

Allah-taala geriyə baxanda görür ki, bu quş yaddan çıxıb qalıb. O, da bikef vəziyyətdə boynunu burub dayanıb.

Allah-təala deyir:

-Sən ki, bu qədər sakit təbiətli bir quşsan, sənin ayağın həmişə ruzili, bin-bərəkətli olacaq.

Deyirlər həmin vaxtdan da Hüma (Humay) hansı şəxsin başına (çiyninə) qonarsa, o, kəs xoşbəxt olar, padşahlıq taxtına layiq görülər.

Ənqa quşu haqqında da maraqlı əfsanə dolaşmaqdadır. Bir dəfə Süleyman peyğəmbər tapşırıq verir ki, sabah bütün quşlar filan yerə toplaşsınlar, onlara vacib tapşırığım var. Bütün quşlar deyilən vaxtda təyin edilən yerdə olurlar. Bircə Ənqa quşundan başqa.

Süleyman peyğəmbər onun gəlmədiyini bilsə də, bir söz demir və gələnlərə lazımi tapşırıqlarını verir. Söhbət qurtarar-qurtarmaz baxırlar ki, budu Ənqa quşu al-qan içində qaranəfəs özünü yetirdi. Görürlər ki, onun qanadlarının hər ikisi qırılıb. Belə ağır vəziyyətdə onun hündür dağı aşaraq uçub gəlməsi hamını heyrətləndirir.

Süleyman peyğəmbər özü də heyrətlənir ki, necə olub bu vəziyyətdə o, dağların iti qayalarına çırpılmayıb?! Deyir:

- Sən ki, bu yaralı vəziyyətdə mənim çağırışımdan qalmadın, bu Qaf dağını sənə məskən verirəm. Bu dağın çox faydalı, xeyirli dərman bitkiləri var. Bu bitkilər sənin yarana məlhəm olacaq.Deyirlər həmin vaxtdan da Ənqa quşu yalnız Qaf dağında yaşayır. İndi də sınıq qanadları ilə uçub dağlar aşan quşları Ənqa quşu ilə müqayisə edirlər.

Hər kimsə öz məqamını aləmdə seyr edər,

Ənqaya Qaf, cüğdə xərabə mətah olur. (Ə.Raci)

Yaxud,

Kərkəs kimi təbiəti murdar olma çox,

Ənqatək aşiyanəni sal çərxi-əxzərə. (Z.Ərdəbili)

Klassiklər, görkəmli şair və nasirlər öz əsərlərində ayrı-ayrı quşların adlarını çəkir, onların xarakterik xüsusiyyətlərini açmağa çalışırlar. Bunların bir qismini toplayaraq oxucuların hüzuruna gətirən müəllif bir daha vurğulayır ki, Allah quşlara xüsusi məqam bəxş edibdir. Fikrini topladığı nümunələrlə əsaslandıran müəllif qeyd edir ki, canlılar arasında ən gözəl quş tovuzquşudur. İnsanlara verilmiş nitq bacarığı isə tutuquşulardan öyrənilmişdir. Şeyx Nizami "Sirlər xəzinəsi” əsərində şahlara-hökmdarlara bayquşların söhbəti ilə öyüd-nəsihət verməyə çalışmışdır.

Bir çox şairlər çatdırmaq istədiyi fikrin dərin, dolğun və təsirli olması üçün quşlara müraciətpriyomundan istifadə etməklə istəklərinə nail olmuşlar:

Ey bülbüli-qüdsi, nə giriftari-qəfəssən,

Sındır qəfəsi, tazə gülüstan tələb eylə.

(İ.Nəsimi)

Sən bir tərlanı nə bəslərsən, Nəbati, ruzi şəb

Mən bu dağı çox dolandım, bir şikarı yoxdu-yox.

(Ə.Nəbati)

Azərbaycan klassik ədəbiyyatında, eləcə dəfolklor örnəklərində ən çox müraciət olunan surətlərdən biri bülbül obrazıdır. Səsi-avazı, gözəlliyi başına bəla olan bu quşcuğazın taleyi, ömür-günü, yaşamı haqqında xeyli nümunələrə rast gəlinir.

Xaqani, gedib bağdakı bülbüllərə uyma,

Bayquşların avazına viranədə rəqs et.

(Ə.Xaqani)

Bülbüli-zarəm, deyil bihudə əfqan etdiyim,

Qalmışam nalan qəfəs küncündə, gülzar istərəm.

(M.Füzuli)

Qönçənin könlü bütün, leyk yox əhdində vəfa,

Bülbülün qəlbi sınıq, etdiyi əlhanı dürüst.

(S.Ə.Şirvani)

Klassik Azərbaycan poeziyasında İ.Nəsimidən başqa heç bir şairin yaradıcılığında pəltək adamın dilindən deyilmiş şer parçası yoxdur:

A, a, a, al ki, yeridir kö, kö, kö könlümü mənim,

Sa, sa, sa sal ki, yeridir zü, zü, zü zülfünə çini.

Qa, qa, qa qalmışam axır a, a, a ah ilə sayur,

No, no, no nola ki, sorsan za, za, za zari-həzini.

Müəllif pəltəkliyin nümunəsini özündə ehtiva edən bu şer parçasından sonra Musa peyğəmbərin pəltək olması səbəbini dolaşan bir rəvayətlə şərh edir.

Musa (s) peyğəmbər Allaha: Rəbbi-ərni yəni, ey mənim Rəbbim, göstər mənə özünü, görüm səni-demişdi.

Rəbbi buyurdu ki, ləntərani, yəni sən məni görə bilməzsən, fəqət, Tur dağına bax. Əgər dağ yerində dura bilsə, görə bilərsən məni. Musa (s) dağa baxdı. Dağın başında bir nur işıqlandı. Dağ parça-parça olub ətrafa səpələndi. Musa (s) peyğəmbər bihuş olub yerə yıxılaraq özündən getdi. Belə rəvayət də var ki, bu hadisədən qorxan Musa (s) peyğəmbərin dili tutulmuş və qırıq-qırıq danışmağa başlamışdı.

Allahın varlığına böyük inam, peyğəmbərlərimiz haqqında rəvayətlərdən sitatlar, Qurani-Kərimin ayələrindən seçmələr kitabın sambalını daha da artırır. Həcmcə kiçik olan bu kitabın məna yükü ağır, məzmun siqləti böyükdür. Belə hesab edirik ki, söhbətinin dadını-duzunu artırmaq istəyən hər kəs bu kitabdakı nümunələrdən istifadə edə bilər. Kitab oxunaqlıdır, yaddaqalandır.Bu kitabdaVətən də var, vətənpərvərlik də. Torpağa məhəbbət, doğma yurda sevgi kitabın leytmotivini təşkil edir.

Faiq ŞÜKÜRBƏYLİ,

AYB və AJB-nin üzvü, "Qızıl qələm” media mükafatçısı