adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 Iyun 2019 15:25
26398
MƏMLƏKƏT
A- A+

5 iyun - Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür


Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, müvafiq qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası ildən-ilə artmağa başlayıb. Elə bunun nəticəsidir ki, Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixli sərəncamı ilə hər il iyunun 5-i su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.Melioratorlar bu əlamətdar hadisəni ölkə rəhbəri tərəfindən respublikada məhsul bolluğu yaratmaq kimi müqəddəs və şərəfli işlərində onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirlər. Peşə bayramları ərəfəsində ölkənin qabaqcıl su təsərrüfatı kollektivlərindən olan Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Allahyar SALAYEVLƏ görüşüb, onların uğurları, qayğıları ilə maraqlandıq.

- Bəri başdan bildirim ki, Yuxarı Xanbulançay Hidroqovşağının tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə həyata keçirilib, - deyə Allahyar müəllim sözə başladı. - 1976-cı il dekabrın 28-də Xanbulançay dəryaçasının açılışında şəxsən iştirak edən ulu öndər "Mən sizə Göy-Göldən də gözəl bir göl bəxş edirəm” deməklə, bu nəhəng obyektin fəaliyyətinə öz xeyir-duasını vermişdi. Yeni dəryaçanın işə düşməsi ilə cənub zonasının imkanları xeyli artdı, təkcə Lənkəran rayonunda tərəvəz istehsalı 200 min tona, yaşıl çay tədarükü isə 15 min tona çatdırıldı.

Həmin dövrdə kənd təsərrüfatında yetişdirilən bol məhsul zəhmət adamlarının maddi rifah halının yaxşılaşdırılmasına imkan yaratmışdı. Qəsəbə və kəndlərin sakinləri özləri üçün yaraşıqlı yaşayış evləri tikir, minik avtomobilləri alırdılar. Bir sözlə, insanların gün-güzəranı ildən-ilə yaxşılığa doğru gedirdi.

- Allahyar müəllim, xalqımızın müdrik oğlu Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da ölkə iqtisadiyyatını böhrandan çıxarmaq üçün bir sıra islahatlara imza atdı.

- Elədir ki, var. Azərbaycanın ən ağır məqamında xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni, xaosdan, rəzalətdən və səfalətdən xilas etdi. Məhz ümummilli liderin səyləri ilə Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Ölkə Prezidenti aqrar sahədə vəziyyəti araşdıraraq, kənd təsərrüfatının inkişafına diqqətin artırılması üçün bütün qüvvələri səfərbər etdi. O, göstərdi ki, "müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməlidir, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır, təsərrüfat sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur”.

1994-cü il dekabrın 23-də kənd təsərrüfatında iqtisadi islahatlara həsr olunmuş Ümumrespublika müşavirəsində Heydər Əliyev aqrar islahatların vacibliyini bir daha vurğulayaraq bildirdi:"...Aqrar bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın həyatında çox mühüm, eyni zamanda, son dərəcə əhəmiyyətli, məsuliyyətli və taleyüklü məsələdir”.

Həqiqətən də həyata keçirilən islahatlar çox keçmədi ki, özünün səmərəsini verdi. 1996-cı ildə "Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Ölkənin meliorasiya və su təsərrüfatı kompleksinin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıldı.

Bir sözlə, müdrik və uzaqgörən rəhbər, qüdrətli tarixi şəxsiyyət, dünyamiqyaslı siyasətçi, xalqımızın, bütün ölkə melioratorlarının sevimlisi ulu öndər Heydər Əliyev Azərbaycanda su təsərrüfatı kompleksinin yaradıcısı, onun inkişaf konsepsiyasının, meliorasiya və su təsərrüfatı sahəsində görülmüş əzəmətli işlərin və əldə edilmiş inqilabi dəyişikliklərin müəllifi, həm də təşkilatçısı olub.

- Bəs bu gün meliorasiya və irriqasiya sahəsində işlər nə yerdədir? Kollektiviniz suvarma mövsümünə necə hazırlaşıb?

-Bu gün Azərbaycan xalqı və ölkə melioratorları fəxr edə bilərlər ki, ulu öndər Heydər Əliyevin yolunu, siyasi kursunu müvəffəqiyyətlə davam etdirən, bir çox uğurlara nail olan Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz onun bilavasitə təşəbbüsü sayəsində respublikamızda meliorasiya sahəsinə qoyulan investisiyaların həcmi ildən-ilə artmaqdadır. Nəticədə mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, sistem üzrə işçilərin əməkhaqqı dəfələrlə artıb, sahənin maddi-texniki bazası gücləndirilib.

Təqdirəlayiq faktdır ki, son illər rayonumuzda da investisiya və əsaslı vəsait qoyuluşu hesabına bir sıra lajihələr həyata keçiriib. Buna misal olaraq Xəzər dənizində suyun səviyyəsinin qalxması ilə əlaqədar sahilbərkitmə işlərinin görülməsini, sel suların və daşqınların qarşısının alınması üçün yeni kollektorlar və onların üzərində hidrotexniki qurğuların tikintisini, çayların məcralarının genişləndirilməsini göstərmək olar.

Bəri başdan bildirim ki, kollektivimiz cari suvarma mövsümünə yüksək əhval-ruhiyyə ilə başlayıb. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi və istehlakçılara vaxtında çatdırılması istiqamətində işlərimiz bir gün belə səngimir. Qeyd edim ki, əsas su mənbəyimiz sayılan Xanbulançay su anbarında hazırda tam həcmdə - 52 mln.kubmetr su ehtiyatı toplanıb. Bu isə ötən illə müqayisədə təqribən iki dəfəyə yaxın çoxdur.

Son illər rayonumuzda çəltikçiliyin inkişafı ilə əlaqədar suvarma suyuna tələbat artıb. Bu tələbatı təmin etmək məqsədilə balansımızda olan su tutarları, o cümlədən Hüşnəhi sututarının əsas su buraxıcı qazanı təmir edilib, digər sututarlarında da cari təmir işləri aparılmaqla onların hamısı suvarma üçün hazır vəziyyətə gətirilib.

Lənkərançay və Bəşəruçay üzərində olan suqəbuledici qurğular təmir olunub, onların mexaniki hissələri yağlanmış, elektrik qurğuları sazlanıb. İstisu qəsəbəsi ərazisində yerləşən 5 nömrəli nasos stansiyasında mövcud nasazlıqlar aradan qaldırılıb, 72 metr yüksəklikdə yerləşən hovuzun doldurulmasına xidmət edən ikinci nasos quraşdırılıb, nəticədə suvarmanın dayanıqlı və mütəşəkkil aparılması təmin edilib.

Torpaq kanallarda da suyun ötürülməsi məqsədilə Boladi, Cil, Ləj, Viravul, Gərmətük, Yuxarı Nüvədi, Şağlaser və digər yaşayış məntəqələrində görülən qazma işlərinin həcmi 2019-cu ilin birinci rübündə 122 min kubmetr, hamarlama işlərinin həcmi isə 115 min kubmetr təşkil edib.

Yeri gəlmişkən bir daha xatırladım ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə ölkədə taxılçılığın, baramaçılığın, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, sitrus meyvələrinin, pambıqçılığın, üzümçülüyün və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin həyata keçirilməsi ilə bizim də məsuliyyətimiz xeyli artıb.

Bu il su ehtiyatlarımızın keçən ilə nisbətən çox olmasına baxmayaraq qənaət rejiminə əməl etməyi və suyun istifadəsində israfçılığa yol verməməyi qarşımıza məqsəd qoymuşuq. Həmişə olduğu kimi cari mövsümdə də sonadək əkinçilərin yanında olacaq, işgüzar, sistemli əməyimizlə ölkədə ərzaq və xammal bolluğu yaradılması işinə töhfəmizi verəcəyik.

Söhbəti apardı:

Ağaddin BABAYEV,

Lənkəran.