adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Iyun 2019 14:40
9856
MƏMLƏKƏT
A- A+

“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən "Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Agentlikdən verilən məlumata görə, mükafatlandırılma mərasimi çərçivəsində müsabiqəyə təqdim edilən 100 ən yaxşı rəsm sərgidə nümayiş etdirilib.

Mərasimdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikası Təhsil naziriliyi, Dənizkənarı Bulvar İdarəsi və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Mərasimdə bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində məktəblilər arasında təşkil edilən maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Məqsəd uşaqların diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək, onlara bu sahənin vacibliyi ilə bağlı biliklər aşılamaq və məktəbliləri sağlam qidalanmağa təşviq etməkdir.

"Sağlam məktəbli” maarifləndirmə tədbirləri çərçivəsində reallaşdırılan "Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə paytaxt Bakı və respublikanın müxtəlif bölgələrindən 2000-ə yaxın rəsm daxil olub.
Sərgi çərçivəsində müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıb və onlara sertifikatlar təqdim olunub. 3 nəfər birinci yer, 5 nəfər 2-ci yer, 10 nəfər isə 3-cü yerə layiq görülərək mükafatlandırılıb.
Daha sonra uşaqlar üçün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və teatrın nəzdində fəaliyyət göstərən "Oyuq” teatr-studiyasının təqdimatında "Meyvələrin söhbəti” tamaşası nümayiş etdirilib. Həmçinin məktəblilər üçün müxtəlif nağıl qəhrəmanlarının iştirakı ilə əyləncəli proqram təşkil olunub.