adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 May 2019 17:50
37257
ƏDƏBİYYAT
A- A+

Qəşəm İsabəyli: DUQQU

Bir dəfə yaşlı dostlarımdan biri dedi, atam gedib bir

qoduq alıb gətirib, atdı həyətə. Adını qoyduq "Duqqu”...

Duqqu elə azarlayıb... "can-can!” deyirəm,

Ot qoyuram, su qoyuram, dilini vurmur.

Qara qoçu gündə yüz yol qurban deyirəm,

Əlamanda gözləyirəm, ayağa durmur.

Duqqu məni dərdə salıb, kövrəlmişəm mən,

İraq-iraq, ölsə-itsə, çətin dözərəm!

Keçəmmirəm otladığı çöldən-çəməndən,

Tək sağalsın, pay-piyada düşüb gəzərəm!

Toplan yazıq ayrılammır yanından bir an,

Zingildəyir, yatıb-qalxır, çömbəlir yerə.

Yal tökürəm, çağırıram, çıxmır axurdan,

Qorxuram ki, dəli ola, düşə çöllərə.

Allah səni amanında saxlasın, oğlum,

Göz dolusu görəsən ey… sən bu aləmi!

Nə olubsa, qurban olum, özümə olub,

Qardaş, çalış, ürəyinə salma bu qəmi!

Dünən gecə Duqqu öldü, bəli, mən yetim…

Göz yumdummu, görürəm ki, minib çapıram.

Özüm yana, ovundura bilmirəm iti,

Yoxa çıxır, qəbri üstə gedib tapıram.

Eh! Yadıma gəlib düşür min bir oyunu,

Eh! Görərdin, hərdən gönü verməyir işə!

Ayda bir yol Axtaçıya minərdim onu,

Vaxt olub ki, Türkədiyə sürüb getmişəm!

Sən atanı gəl qınama heç nahaq yerə,

Axşam-sabah çöl-çəmənə yolum düşəndə,

Paxıllığım tutur, bala, yad eşşəklərə;

İllah da ki, anqırışıb-gəmirişəndə!

Körpə uşaq kimiyəm ki, qalmayıb dözüm,

Ana gərək, bacı gərək, məni ağlasın!

Palanını gizləmişəm, görməsin gözüm,

Noxtasını vermişəm ki, nənən saxlasın!

Anan məndən sirr soruşub, qardaş, danmışam,

Canın üçün, qaçıb-gedib ona demişəm.

Arvad məndən tərif umub, qızırğanmışam,

Amma ona gündə yüz yol "Sona” demişəm!

Bir də mənə belə yoldaş kim olacaq, kim?!

İlan kimi dırmaşardı ən sərt dikləri.

Duqqu məni vurdu yerə… göylə gedirdim!

Halal-halal xoşu olsun yedirtdiklərim!

İndi min cür təsəlli də başıma batmır,

Pəhə-pəhlə dəfn elədik, bir çala qazıb.

Həmyət dedi: "Bəxtəvərin mollası çatmır!”

Abdulbağı dedi: "Bir də meyit namazı!”

Bəxtəvərlik oxuyurlar, bəxtəvərə bax,

Gözüm dolur, baxammıram, dizə çıxır göy.

Otdan qalıb, sudan qalıb, demirlər ancaq!..

De-mir-lər ki… Duq-qu yox-du…

Ö-ö-ö-ö-öhö-ö-öööö-ö…