adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Iyun 2019 10:50
26761
ƏDƏBİYYAT
A- A+

1 İYUN –UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏ GÜNÜDÜR

AYAN GEDIR MƏKTƏBƏ

Ayan gedir məktəbə--

Bəh-bəh-bəh.

Çantası var bir şələ--

Bəh-bəh-bəh .

Baxın, süzür dörd yanı,

Tumarlayır Məstanı :

--Pişiyim, alaboyunsan,

İşi tamam oyunsan.

Çaşqın baxma gəl belə,

Ayan gedir məktəbə .

--Ay pipiyi qan xoruz,

Gözləri mərcan xoruz,

Səsini yayma elə,

Ayan gedir məktəbə.

--Cip-cip-- cip cücələrim,

Ananızdan gen gəzməyin.

Güdür sizi Tülkü lələ,

Ayan gedir məktəbə.

--Ala-bula boz keçi,

Ay qoşa buynuz keçi,

Gəl, arxamca az mələ,

Ayan gedir məktəbə.

--Ay Toplan, həddi aşma,

Məstan ilə dalaşma .

Asta hürü, gəı təbə,

Ayan gedir məktəbə.

--Ay babacan, ay nənə,

Güvənin sizlər mənə.

Gətirəcəm ləl- zəri,

Çanta dolu " beş”ləri.

Ayan gedir məktəbə--

Bəh - bəh - bəh,

Çantası var bir şələ--

Bəh – bəh – bəh !

15.09.2018.

Ayandı

Rəqs eyləyən bir qıza,

Dovşan, dedim, dayandı.

Maskasını soyundu,

Dedi, adım Ayandı.

Çaydan

Qazın üstündə çaydan

Özünü şux saxladı.

Alovlar qəzəblənib

Onu yaman dağladı.

Yazıq çaydan dözməyib,

Hönkür-hönkür ağladı.

Ulduzlar yerə yağır

_Babacan, ay babacan ,

Nənəmı də tez cağır .

Göydə olan ulduzlar

Qar olub yerə yağır !

Bulaq

Bulağın buz suyundan,

İçəmmədim , dayandım.

Ancaq ayna suyunda,

Sığallandım , darandım .

ƏRİMİR

Qar yağanda bağçadan

Qaçırıq evə sarı.

Saçımıza yağan qar,

İsti duycaq əriyir.

Deyirəm ki, görəsən,

Bu nə sirdir, bu nə sirr,

Babamın saçlarına

Yağan qarlar ərimir.

YOVŞAN ƏTRİDİ

Kəndimizdə var

"Dovşan dərəsi”,

Burda qurulub

Ovçu bərəsi.

Dərənin hər vaxt

Dovşanı çoxdu.

Həm də ətirli

Yovşanı çoxdu.

Aymir bərədən

Süzdü dovşanı.

Tanıyammadı,

Kollu yovşanı.

Bir qəşəng qoxu,

Doldu burnuna.

Baxıb babaya

Söylədi ona:

-Bu qoxu, baba,

Dovşan ətridi?

Baba dedi: - Yox,

Yovşan ətridi.

Ç A Q Q A L A

Budaqlardan sallanan,

Çaqqaladı , çaqqala.

Bir cib yığdım yeməyə,

Babam dedi:--dur, bala !

Əgər yesən çaqqala,

Dodaqların büzülər.

Dişlərin bərk qamaşar,

Göz yaşların süzülər.

Günəşdən nur əməcək,

Morlananda çaqqala,

Yamanca xoş gələcək,

Uşağa, ağsaqqala.

10.10.2018.


"ŞEYTAN BALA”

Babamın dəcəl

Quzusu vardı.

Rəngi elə bil

Ağappaq qardı.

Yaman dəcəld,

Yaman bəladı.

Hələ adı da

"Şeytan bala” dı.

Səslədim mən də,

Gəlmədi quzu.

Göstərdim ona

Bir ovuc duzu.

Yanıma qaçdı,

Xoş görkəm aldı.

Əlimdən öpdü,

Duzu yaladı.

PÖHRƏLƏR

Yamancana sozalmışdı,

Xan çinarın pöhrələri.

Su içəntək açıldılar,

Pöhrələrin çöhrələri.

15.07-2018.


YAĞIR YAĞIŞ

Narın-narın

Yağır yağır.

Gölməçəyə

Salır naxış.

12.07-2018.


MƏNİM BABAM ŞAİRDİR

Bilirsiniz , uşaqlar,

Mənim babam şairdir.

Yazdığı şeirləri

Uşaqlara dairdir.

05.11.2018.


HİYLƏGƏR TÜLKÜ

Hinin həndəvərində ,

Tülkü bic—bic ötürdü.

Alabaş hiyləgərin

Tozanağın götürdü.

07.11.2018.

DEŞİLİBDİ LƏYƏNİ

Baxıb yağan yağışa,

Bilin , nənəm deyəni .

--Deşilibdi göylərin,

Su saxlayan l ə y ə n i !

09.11.2018.


ALMA NEYNİR ALMANI

Babanın gətirdiyi ,

Boğça dolu almadı.

Almaya alma verdi,

Alma alma almadı.

Alma dedi :_ almaram.

Almanı , baba canı.

Mənim özüm almayam,

Alma neynir almanı!

ALMA

Alma bağları bu il

Ağ dona bələnibdi.

Budaqlara elə bij,

Ulduzlar ələnibdi.

NAR

Nar kolunda çiçəklər

Gəıb eləyir hər kəsi.

Günəşin istisindən,

Pardaxlanıb düyməsi!

İYDƏ

Yaz günləri obadan

Ətirli bir iy gələr.

Nənəm sevincək deyər

_Çiçəkləyib iydələr!

TUT AĞAGI

Tut ağacı, tutlara de,

Yenə dava başlamasın .

Mən kölgəndə uzanmışam

Məni üstən daşlamasın.

Təzə köynək geyinmişəm,

Üst- başımı yaşlamasın!

ÜZƏRRİK

Ay üzərrik, üzərrik,

Sizi koldan üzərik.

Boyunbağı eyləyib,

Sinəmızə düzərik!

ƏRİŞTƏ

-O hansı yeməkdir ki,

Un ələkdən ələnir.

Sonrasa xəmir olur,

Balaca kündələnir.

Bu balaca kündələr,

Oxlovla ovxalanır.

Doğram-doğram doğranıb,

Sonra ipdən sallanır.

...Hələ onu bişirmək

Tələb edir səriştə.

Aymir deyir: Ay nənə,

Əriştədir, əriştə.

KÜFTƏ

-Uşaqlar, bişirdiyim,

Yumru, yumru kündədi.

Kim adını tez desə

Biri ona müftədi.

Səttar dedi: Ay nənə,

Mən deyim adı nədi?

İyindən bilirəm ki,

Bişirdiyin küftədi.


İbrahim Yusifoğlu

Şərur şəhəri