BU MiLLƏT ALLAHIN MÖCüZƏSiDi

AQİL ABBAS
41130 | 2009-12-04 03:16
Şamaxıda çox maraqlı bir şair yaşayır: Qürbət Əziz. Ulu Sabirin davamçılarından biridi. Yuxarıdakı misra da onun misrasıdı. Doğrudan da bizim millət Allahın möcüzəsidi. Allahın möcüzəsi olan millətimiz 20 qəpik verib qəzet almır, 3-5 manat verib kitab almır, ildə 2000-4000 manat arası təhsil haqqı verir, amma əvəzində elm almır. Əlinə hardansa mincə manat pul keçən kimi o pulu ailəsinin problemlərinə xərcləmək əvəzinə, qaçıb gedir kreditə köhnə bir maşın alır ki, qoy desinlər "Xaçaturun da xançalı var". Sonra ay boyu özünü öldürür ki, krediti ödəsin. Və günlərin birində də içib oturur sükan arxasına, it də gedir, ip də gedir.
   
   Uşaq bağçalarını söküb yerində göydələn tikir, sonra da qərar çıxarır ki, uşaq bağçasına getməyənlər orta məktəbə qəbul olunmayacaq.
   
   Sinifdə uşağa dərs demir ki, gələrsən sənə evdə dərs deyərəm. Dövlət uşağına orta məktəb dərsliklərini pulsuz verir, o da aparıb həmin kitabları qara bazarda satır. Uşağına elm almaq əvəzinə cib telefonu alır.
   
   Bir sözlə, bu millət Allahın möcüzəsidi.
   
   Srağagün televizyonda Türkiyədən gələn bir müğənnini göstərirdilər. Adı da deyəsən Rafət Əl Romandı. Azərbaycanın orta səviyyəli bir müğənnisi onu cibinə qoyub gəzdirər. Aeroportdan qorumalarla çıxdı. Heç xaricdən gələn nazirlər, dövlət adamları nə Aeroportdan qorumalarla çıxırlar, nə də şəhərdə qorumalarla gəzirlər. Və onu elə qarşıladılar ki, elə bil Həccdən gəlirdi.
   
   Sözüm onda deyil. İstəyir on dənə qoruma ilə gəzsin.
   
   Bir dəfə Alim Qasımovdan soruşdum ki, dünənin uşaq-muşaq müğənniləri, dəriləri sənin bir zəngulənə dəyməyənlər qorumalarla gəzirlər, bəs sən, Arif Babayev niyə qorumasız gəzirsiz?
   
   Alim Qasımov gülüb dedi:
   
   - Müəllim! Onlar pis oxuduqlarına görə qorxurlar ki, küçədə camaat onları döyə, ona görə qorumalarla gəzirlər. Mənim, Arif Babayevin belə bir qorxusu yoxdu.
   
   Hə, məsələ nədi? Niyə bu millət Allahın möcüzəsidi yazdım?! 20 qəpik verib qəzet almağa, 3-5 manat verib kitab almağa can çəkirlər, amma Rafət Əl Romanın konsertinə bileti bilirsiniz neçəyə alırlar - 250 manata. Bu bir müəllimin bir aylıq, bir həkimin iki aylıq maaşı deməkdi.
   
   Türkiyədə şəltəsi işləməyənlər əlləri aşağı düşən kimi üz tuturlar Bakıya. Rafət Əl Roman kimi. Və Allahın möcüzəsi olan millətimiz də 250 manata bilet alıb gedir onun konsertinə.
   
   İndi bu millət Allahın möcüzəsidi, yoxsa yox?!

TƏQVİM / ARXİV