Uzaq yollardan sizi öpürəm... - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
67721 | 2022-06-02 15:55

Küçədən dalana dönüb beş-on addım gedib də darvazanı açırsan, aşağı meyllənmiş yoldan həyətə enirsən. Həyət küçədən aşağıda yerləşirdi. Enib kürsülü evə girirsən. Xudmani bir ev idi. Evin arxa tərəfində də bağça vardı. Çox baxımlı bağ demək olmazdı. Qayınatam həyət təsərrüfatına qulluq etməyi sevən biri deyildi (Oğlu da elədi. Hətta nəvələri də)... Güclü yağış yağanda küçədə göllənmiş su üzüaşağı tökülürdü həyətə. Həyətin lap bu başında daxal (anbar kimi bir şey) vardı. Darvazaynan üzbəüz. Rəhmətlik kişi orda dayanıb yağışa, axıb gələn suya tamaşa edirdi. Az danışan, amma danışanda bütün təfərrüatlara varan insan idi. Ömrü boyu bərəkətli Qarabağ bölgəsində böyük təsərrüfatlara rəhbərlik etməsinə rəğmən, həyətinə qulluq etməyi sevməzdi. Evə qayıdan kimi əli cibində həyətdə-bacada fırlanardı. Ancaq fırlanardı. İş görməyi sevməzdi. Səhər 6-da evdən çıxıb düz axşam 6-da evdə olurdu. Evdən kənar həyatı da, dostlarıyla yeyib-içməyi sevməzdi. Yəni mən belə görmüşdüm. Deyirdilər ki, hər zaman da belə olub. Səkkiz övladı vardı. Oxutmuşdu hamısın. Diplom vermişdi, yəni. Amma əsil savad Aqilə nəsib olmuşdu. Kişi elə bil bütün gücünü ona sərf etmişdi. Canına qulluq etməyi, dadlı yeməyi sevərdi. Süfrəsi bol, açıq olardı. Həmişə qonaq-qaralı olurdu evi. Öz qohumları Ağcabədinin kəndində yaşayırdı, evdə həmişə gördüklərim xanımının əzizləri olurdu. Yəni mən belə görmüşdüm. Savadlı, ziyalı, oxumuş biri idi. Rahatlıqla siyasətdən də, ədəbiyyatdan da, tarixdən də danışmaq olurdu onunla. Gözlərinin dərinliyində də bir nisgil vardı ...

Və evdə ümumiyyətlə, evin qorxub-çəkindiyim qadın kəsimindən fərqli olaraq, söz deyə biləcəyim yeganə adam idi.Yəni istisna idi mənim üçün. İsti, doğma, qayğıkeş insan idi. Bilirdim ki, sözlərim yozulmayacaq, sözlərimin başına ip salınmayacaq. Qadın kəsimi isə məni sevmədi. Heç mən də onları sevmədim deyə bilərəm. Aramızda həmişə bir divar oldu. Mən onlar üçün kasıb şair qızı oldum həmişə. Onlara yad şəhərli qızı. Doğma ola bilmədik. Bəlkə indiki yaşımın müdrikliyindən başqa cür yanaşa bilərdim hər şeyə. Uşaq idim axı... Amma qadınların böyüyü də eyni davranırdı... O inciklik indiyə qədər yaşayır içimdə. Nəsə acı bir söz eşitməmək üçün ya həyətin arxa tərəfində gizlənirdim, ya da otaqların bir küncündə kitablarla qurdalanırdım. Deyirdilər İradə rus kimi bir şeydi – söhbət-zad eləyə bilmir. Axtarın görün hardadı, əlində kitab...

İndi bu "rus” sözü mənə elə məzəli gəlir ki... İndi xatırlayıram tez-tez o günləri.

 

 
***
 

 

Belə incik günlərin birində dolabın çəkməcələrini açıb şəkilləri yerbəyer eləmək istəyirəm. Yuxum ərşə çəkilib. Hamı da yatıb, deyəsən məndən başqa. Ehtiyatla davranmağa çalışıram səs olmasın deyə. Köhnə qəzetlə sancaqlanmış məktublar çıxır qarşıma. Qəzetin adı "Ağcabədi pambıqçısı” – tarix 1950. Üstündə əllə "1936-1941 illərdə yazılmışdır” qeydi var. Sapsarı saralıb kağızlar. Köhnə diplom, köhnə qaimələr... Gizli bir şey deyil hər halda –yoxsa burda niyə açıqda olsun ki? Məktubları oxumağa başlayıram...

 

 

***
 
"Sevimli Məhəmməd

 

Sənin göndərdijin məktublarь bir gündə aldьm,oxudum coq şad oldum. Bax indidə gecə oturub sənə məktub jazьram, bircə gör səni necə coq istəjirəm. Məhəmməd sən mənə hər dəfə məktub jazanda ,öz dərslərin barədə jaz. Afərinində dərsləri barədə jaz . Sən jazmьşdьnki sizin qolxozda maldarlıq ferması təşgil olub. Sizində hejvanlardan oraja vermisiniz. O coq jaxşı işdir, burada bir qolxoz var ollarьn onmin başdan coq hejvanlarь var özləridə coq jaxşı jaşajırlar. Olar barədə coq şej jazmaq olar ancaq gələn məktublarda jazaram.

Məndən bütün dost qohumlara səlam söjlə.

Xudahafizin

Qardaşın Hacь

2-4-39”

 

Ən asanlıqla oxuduğum məktub bu idi ilk olaraq. Əlifba fərqi vardı. Gördüyünüz kimi o vaxtın yazı tərzini saxladım. Hərfləri, ədatları, nöqtə-vergülü. Sonra isə apardı məni məktublar. Üslub, tərz, mövzu...

Mövzu dedim... Maraqlı idi – uzaq Sibirdən, Ulan-Udedən məktəbli bacı-qardaşa oxumağın vacib olduğunu yazan, rus dilini öyrətməyə çalışan bir gəncin düşüncələri. Orda gördüklərini anladan, anlatdıqlarını öz yurdunda da görmək istəyən bir təfəkkür. Məktubların bəziləri çox qısadı. Görünür iş əsnasında yazılıb, tələsik. Bəziləri isə 7-8 səhifədi. Elə bil dərslik əvəzi – nələr yoxdu burda? Məktubu necə yazmaq, nələr yazmaq, nələri öyrənmək... Hərtərəfli inkişaf üçün nələri bilmək (elə belə də yazır – hərtərəfli inkişaf). " Öz ixtisasını beş barmağın kimi bilmək, siyasəti, coğrafiyanı yaxşı öyrənmək ,voleybol, futbol, şahmat, bilyard oyunlarını bilmək, elmli adamlar və ümumiyyətlə, adamlar arasında ədəbli olmaq, ədəblə danışmağı bilmək. Yerli havaları da, Avropa havalarını da yaxşı oynamağı bilməkki, bir mədəni cəmiyyətdə, bir gözəl qız deyəndəki, yoldaş Məhəmməd, mən sizinlə bir vals oynamaq istəyirəm, sən desən ki bunları bilmirsən pis olar. Deyər ki ,bu harda böyüyüb heç zad bilmir”. Bu sözlər yazılan qardaşın 12 yaşı var, kənddə yaşayır, tarix 1939-du. Böyükdü arzuları böyük qardaşın. XXI əsrin 19 ilini bitirmişik – yoxdu bu arzuların inikası... Yazır ki, ”Mən sənə qiyabi müəllimlik eləmək istəyirəm”. Və aşağıdan qeyd edir –"qiyabi” yəni uzaqdan-uzağa bir şey haqqında məlumat vermək.

 

Narahat olur ki, birdən anlaşılmaz. Böyük məktublar elə bil birər nəsr nümunələridi. Obrazlar var – deyir "biz vəhşi yemşan kolu kimi böyüdük , gətirdiyimiz meyvə də cır oldu. ... Bizə oxu deyən olmadı. Əksinə deyirdilər ki, nə vaxta qədər oxuyacaqsan? Bircə Əkbər (qayınatamın lap böyük qardaşı-müəllif) deyirdiki – Oxu!!! Oxudum –11 illiyi 9 ilə, 4 illik texnikumu 3 ilə qurtardım”.

" Mən hərbi injener hissəsində qulluq edirəm, sənətimin adı "topoqraf”dır. Bir yerin planı olmasa orada heç vədə dava etmək, ya böyük bir iş görmək olmaz”.

Yazılanlardan anlaşılır ki, məktəb şagirdi olan bacı üçün narahatdı qardaş və ona da çox nəsihətlər yazır... Ulan-Udedən nəsihət yazan, məsləhət verən bu ağsaqqalın 26 yaşı var...

Həmin gecə yatmadım... Məktublar oyaq idi... Və fikirləşdim – müharibə taleyini qırmasaydı böyük adam olacaqdı bu cavan... Lap böyük...

1981-ci il idi. Müharibədən xəbər yox idi. Sakit bir gecə..

 

***
Əslində Aqil hardasa uzaqlarda, müharibədə itkin düşmüş əmisi haqqında danışmışdı mənə ötəri. Amma oxuduqlarım bu ötəri söhbətin üstünə bir salnamə ağırlığı verdi.

 

Sonra ətraflı soruşdum evdəkilərdən. Qayınatam gözlərində bir minnətdarlıq hissi ilə baxdı mənə. Yəni neçə ildi bu məktublar yatır bu çəkməcədə – sən açdın oxudun... Danışdı – atası bu oğlanı uşkola verib . Kəndin ağası qəzəblənib, xoşuna gəlməyib rəiyyət oğlunun təhsil almağı. Deyib, Allah heç xeyir verməsin... Anası da həmişə deyirmiş ki, ağa xeyir-dua vermədi – yarımadı oğlum... Ağalarımız belə olub...

Hidrotexnikumu bitirib. Mancuriyaya göndəriblər. Dəmir yolunun tikintisinə. Məktublarda Budda məbədindən, onların kahinlərindən də yazır. Deyir – onların mollası... Sonra qayıdıb vətənə. Tərtər HES-in tikintisində iştirak edib. Orda bir rus qızı ilə evlənib. Oğlu olub. Müharibə başlayanda gedib və rus qızına deyiblər ki, ərin müharibədə, bu uşağı səndə qoymayacaq ailəsi. Kərbəlayı rusa uşaq verməyəcək. Qaç get burdan. O da qaçıb...

Olya idi qadının adı . Görmüşdüm onu – toyumuza gəlmişdilər oğluyla . Deyir 1956- cı ildə uşaq özü ailəni axtarıb tapıbmış. O vaxta qədər anası gizlədirmiş kim olduqlarını. Gələndə toy çaldırdılar uşağa – deyirdi qayınatam. Adı Yuri idi. Yuri Qadjiyeviç Abbasov. Amma hamı niyəsə Kamal deyirdi. Mənə də Kamal kimi təqdim elədilər görəndə. Sakit, dinməz ana-bala idi. Qroznıda yaşayırdılar. Qadın orda nəsə böyük vəzifədə işləyirdi. Oğlu da neftçi idi. İraqdan (orda işləmişdi uzun illər) yenicə qayıdanda Qroznıneftdə baş mühəndis qoymuşdular. Oxumağına qayınatam kömək eləmişdi. Münasibət saxlayırdı hər zaman. Hətta bir ara Aqilin bacısı və bibisi oğlu da orda məktəbdə oxumuşdular. Yəni bir il yaşamışdılar Kamalın evində.

Amma o vaxt mənə çox yaxın gəlmədilər – yəqin demişdilər bu da sizin kimi rusdu. Narazılıq yaratmaq istəməmişdilər, ya nə...

 

***
Yuri - Kamal oğluna toy eləyəndə bura dəvət göndərdi. Eyni ölkədə yaşayırdıq – sərhəd-filan yox idi. Rahatlıqla getdilər bizimkilər. Mən "rus” olsam da aparmadılar. Evin qadın kəsimi belə hökm vermişdi. Dinmədim...

 

Kamalın ordakı hörmətindən, cah-cəlalından uzun müddət söhbət getdi... Sonra...

Sonra çeçen müharibəsi başladı. 90-cı illərin qarışıqlığı... Həmin vaxt gəldi Bakıya Yuri-Kamal... Bizə gəldi. Və onda çox söhbətləşdik. Kəndə gəlməyindən, qohumlardan, anasından , İraqda işləməyindən, Çeçenistandakı vəziyyətdən danışdı. Vəziyyət pis idi orda. O da ailəsi üçün qorxurdu. Deyirdi ki,bircə familiya ilə yaşamaq mümkün deyil artıq orda. O da alnımızda yazılmayıb ki... Bizi rus kimi tanıyırlar. Övladlarım üçün narahatam. Oğlu İqoru da gətirmişdi Bakıya. Tipik sarışın rus gənci. Həmən dil tapdıq bu dəfə. Ümumi dilimiz vardı... Bizim dili də bilirdi azacıq – amma ümumi dil başqadı. Hə, bunu da dedi – dedi mənə "ay rus” deyirdi sizinkilər. Güldüm –dedim mənə də elə deyirlər...

Burda məskunlaşmaq fikri vardı – hətta dedi ki , anası deyib Qroznıdan köçün. Deyirdi – anama dedim ki, mən dilənçi vəziyyətindəyəm. Hansı vəsaitnən?

 

Dövlət dağılmışdı, insanların uzun illər zəhmət bahasına yığdıqları da bir anda puç olmuşdu. Doğulandan bu günə müharibənin acıları təqib edirdi adamı...

Getdi Bakıdan... Və bir daha görmədim... Sonra xəbərlər gəldi – dostlarının köməyi ilə Qroznıdan qaça bilmişdilər. Stavropolda balaca bir şəhərciyə köçmüşdü. Neft işiylə məşğul idi yenə. Yaxşı mütəxəssis idi, lazımlı – istifadə etdilər. Sonra bir gün dedilər ...Yoxdu artıq...

Niyəsə demədim ona atasının məktublarını oxuduğumu... Peşmanam indiyə kimi...

 

***
 

 

Və niyəsə biz harda bir işıq gələn adam varsa "Allah xeyir verməsin” dedik, "rus” dedik... Yapon olası deyildi hər halda...

Hər məktub belə başlayırdı – Uzun yollardan sizi öpürəm...Və mən də çooox uzun yollardan bizləri öpən qiymətli insanları xatırlamaq istədim.

P. S. Yazını hazırlayanda FB-da bir paylaşım eləmişdim. Şahmar Əkbərzadənin böyük oğlu –babasının adın daşıyan oğlu Əkbər həmən reaksiya verdi: Aqillə bizim əmioğluluğumuz həmin kişidən başlayıb –Hacı Abbasovdan. Babam Əkbərlə möhkəm dost olublar, Bakıda bərabər təhsil alıblar. Tərtər HES-də bir yerdə işləyiblər. Sonra onun anası mənim babamı köynəyindən keçirib və beləcə doğmalaşıblar. Babam da eyni sonla tamamlayıb ömrünü...

P.P.S Şairin xatirəsi də hopdu yazıya...

 

Yazarın arxivindən

 

TƏQVİM / ARXİV