adalet.az header logo
  • Bakı 13°C
30 May 2019 17:23
10038
GÜNDƏM
A- A+

Dünən dünya bir daha gördü: Bakı buna qadirdir – Millət vəkili

Azərbaycan birinci dəfə deyil ki, belə mötəbər idman yarışına ev sahibliyi edir.

Adalet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Tahir Rzayev ötən gün UEFA Avropa Liqasının Bakıda keçirilən final oyunu ilə bağlı danışarkən deyib. Millət vəkili paytaxtımıza gələn idmançıların da ölkəmiz və yarışın təşkilatçılığı barədə müsbət fikirlər səsləndirdiyini bildirib:

"Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1, gimnastika, boks, güləş üzrə beynəlxalq yarışlar buna nümunədir. Bütün bu yarışların hamısı dünənki final oyununda olduğu kimi çox yüksək səviyyədə keçirilib və layiqli qiymətini alıb.

Təbii ki, ölkəmiz beynəlxalq yarışlara hazırlıqlı olmasına baxmayaraq, hər yerdə olduğu kimi, təxribatçı qüvvələr yenə də öz əməllərindən geri qalmadılar, Azərbaycanın imicini ləkələmək üçün əllərindən gələni etdilər. Bu qüvvələr istər daxildə, istərsə də xaricdə ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirməyə çalışsalar da, istəklərinə nail ola bilmədilər. Azərbaycanda Avroliqa final oyununun keçirilməsindən xeyli əvvəl ölkəmizdə təhlükəsizliyin aşağı səviyyədə olması barədə mənfi fikirlər yaydılar.

Biz Azərbaycanı sevən və ölkəmizdə gedən bu proseslərlə, inkişafla tanış olan insanlar kimi narahatlığa heç bir əsas olmadığını bəyan elədik. Bildirdik ki, ölkəmizdə insanlar üçün hər hansı təhlükənin mövcud olmasından, insanların hüquqlarının pozulmasından, Bakı Olimpiya Stadionunun bərbad vəziyyətdə olmasından və ya oyunun keçirilməsi ərəfəsində hansısa münaqişənin baş verməsindən söhbət gedə bilməz. Şükürlər olsun ki, ötən gecə ölkənin, eləcə də Avropanın gördüyü kimi final oyunu nizam-intizam, qayda-qanun çərçivəsində keçirildi. Hətta oyundan sonra idmançıların bir-birini necə qucaqladıqlarının, adamlara necə minnətdarlıq bildirdiklərinin, azarkeşlərin həmin o dəqiqələrdə prosesi necə rəğbətlə qarşıladıqlarının şahidi olduq.

Əlbəttə, bu, Azərbaycanda yaranmış ictimai-siyasi mühitdən, idmana göstərilən qayğıdan, xalqımızın mehribanlığından irəli gəlir”.

T.Rzayevin sözlərinə görə, İngiltərə kimi Avropa nəhənginin özündə çempionatlarda dəfələrlə baş verən mənfi halların heç biri ölkəmizdə qeydə alınmayıb:

"Hamıya məlum olduğu kimi, adətən futbol yarışlarının keçirildiyi ölkələrdə çempionatlar zamanı müxtəlif təxribatçı hərəkətlərə yol verilir, azarkeşlərin bir-biri ilə davaları baş verir. Hətta İngiltərənin özündə belə yarışlar zamanı çox böyük qarşıdrumalar olsa da, Azərbaycanda bu halların heç biri baş vermədi. Bütün dünya gördü ki, Azərbaycan siyasi cəhətdən sabit ölkədir, xalqımız qonaqpərvərdir və dövlətimiz belə yarışları gələcəkdə də yüksək səviyyədə keçirməyə qadirdir”.