adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 May 2019 16:48
52213
ƏDƏBİYYAT
A- A+

Nizami Göydərəli: KİRAYƏ MƏNZİLDƏ QIŞ GECƏSİ

Bu qış gücəsində tənhayam, təkəm,

Kimləri, nələri arzulayıram.

Köhnə sevdalara əllərim çatmır –

Dostların adını bir-bir sayıram:

Allahverdi Emin, Nizami Oruc,

Cəfər Cəfərlinin izi də itib.

Səhər də açılmır, banlamır xoruz,
Zabili Pərvizin özü də itib.

Qoca xazyaykam da məndən varlıdır,

Sarışın, buğlanan nəvələri var.

Qəlbimi bir gizli sevgi ağrıdır,

Çöldə yağış yağır, ürəyimdə qar.

Qoca dostlardan da zalımdı, zalım,

Qoymur gözəllərlə iyləmiş bir az.

Qonağı gələndə dəyişir halım –

Çağırım onlarla əyləşim bir az.

Amma gözəllər də mənə sarıdı,

Qoca imkan versə, qiyamət olar.

Gecəni soyudan qoca qarıdır,

Yoxsa başdan-başa məhəbbət olar.

Bu qış gecəsində dörd divar və mən,

Fikirlər əlindəncəza çəkirik.

Qışı götürmüşük kürəyimizə

Qoşquya qoşmuşuq, yaza çəkirik.

Tanrı duaları çatır dadıma,

Arabir bir parça yazıb-pozuram.

Doğmalardan ayrı məhbəsdəki tək

Tanrı cəzasına hələ dözürəm.

Bu qış gecəsində tənhayam, təkəm,

Kimsə yox bağrıma basım, aölayım.

Qoca sahibəylə dostlar əlindən

Özümü haradan asım, sğlayım?!

***

QIŞ GECƏSİ

Bu qış gecəsində sevdiyim gözəl,
Gəlmişdi könlümü xoş eyləməyə.

Masa arxasında çox yubanmadıq,

Girişdik sevginin nuş eyləməyə.

Baxışından duydu mənim "dərdimi”,

Yaxdı sinəsinə alın tərimi.

Öpüşlə qurutdum, kirpiklərini –

Qıymadım gözünü yaş eləməyə.

Alışıb yanırdı eşqin şamları,

Necə mənalıymış qış axşamları.

Köksümlə gizlətdim o gözəl yarı –

Qoymadım sirrini faş eyləməyə.

Baş alıb gedirdik, səhərə doğru,

Yolumuz, rizimiz çox hamar idi.

Sağında çapırdım atı dördnala –

Solunda yer yoxdu, boz divar idi.

Dedim, bu sevginin sonunda ölək,

Daha bəs deyincə çatmışıq kama.

Dedi, gəl dünyanı təzədən bölək,

Mən indi gəlmişəm, eşqə, ilhama.

Səhər sşılanda batmışdıq yasa,

İstəklər sonsuzdur, gecəsə qısa.

Tanrım sevənlərə qəzəbin tutsa,

İki günahkar var, daş eyləməyə.

***

MƏNİ QOYMADILAR ŞAİR OLMAĞA

Dünyaya ürəyi dolu gəlmişdim,
Özüm yeridiyim yolu gəlmişdim,

Şeirin, sənətin qulu gəlmişdim –

Məni qoymadılar şair olmağa.

Bilirdim ağacın, quşun dilini,
Baharın dilini, qışın dilini,

Torpağın dilini, daşın dilini –

Məni qoymadılar şair olmağa.

Başımın üstündə göylər, mələklər,

Ayağım altında əsən küləklər,

Böyrümdə, başımda ağ kəpənəklər –

Məni qoymadılar şair olmağa.

Quruldu məclislər, deyildi tostlar,

Mey ilə başımı qatdılar dostlar,

Yalançı iclaslar, yalançı postlar –

Məni qoymadılar şair olmağa.

Harda dərd gördülər dərd çəkdilər,

Həsrətdən gözümə pərdə çəkdilər.

Planlar quruldular, xəritə çəkdilər –

Məni qoymadılar şair olmağa.

Ruhumu, könlümü hər an əzdilər,

Göz yaşımı saplağından üzdülər,

Ürəyimi cibləri tək gəzdilər –

Məni qoymadılar şair olmağa.

Gəlişim dünyaya ağrı vermişdi,

Şair pasportumu Tanrı vermişdi.

Özü dərgahına çağırıbvermişdi –

Məni qoymadılar şair olmağa.

***

GET YAXŞI YOL...

Bu sənin toyundu,
Bu sənin toyun,

Dür, sevincim, qəmim, yandır şamları,

Ey toya gələnlər, çalın, oxuyun,

Qəmli görünməsin toy axşamları –

Get, yaxşı yol, ürəyimin parası.

Qara saçın gül üzünə dağıtma,

Bu dünyada külək əsir, yel əsir.

Nahaq yerə göz yaşını axıtma

Anan sənin ər evinə tələsir –

Get, yaxşı yol, ürəyimin parası.

Gözünün yaşıyla üsyan edirsən,

Hamı daşa dönüb silən nə gəzir.

Qəlbinin xınasın bilən nə gəzir –

Get, yaxşı yol, ürəyimin parası.

Ortalığa ayrılığı kim atdı,

Səni ovutmağa dilim qalmayıb.

Hər ahın saçımda bir tel ağartdı,

Daha ağartmağa telim qalmayıb –

Get, yaxşı yol, ürəyimin parası.

Ömrümüzə hardan əsdi bu külək,
Yol üstəsən öz yolunla çıxıb get.

"Orda sənə göz yaşları nə gərək,

Gözlərini gözlərimlə sıxıb get” –

Get, yaxşı yol, ürəyimin parası.

Ayrılığa dözməyən mən, dözən sən,

Yandırırsan, al könlümü, yaxıb get,

Gəl, son dəfə gözlərimdə güzgülən,

Göz yaşımda öz əksinə baxıb get,

Get, yaxşı yol, ürəyimin parası.

***

GECƏ GÖZLƏRİMDƏ GƏZƏN ADAMLAR

Gündüzlər bezirəm sir-sifətindən,

Tüpürmək istərəm,

murdar ətinə.

Özü boyda bilmir xəyanətindən –

Gecə gözlərimdə gəzən adamlar.

Qapıdan qovursan,

bacadan girir,

Sapand daşı kimi haçadan girir.

Dişini qıcayıb,

İt kimi hürür –

Gecə gözlərimdə gəzən adamlar.

Batini üfunət,

zahiri mələk,

Başdan-ayağacan fitnə və kələk,

Başı kaftar başı,

arxası tülək –

Gecə gözlərimdə gəzən adamlar.

Get, anan-bacının yuxusuna gir,

Əziz arvadının yaxasına gir,

İstəsən,

lap belə sovxasına gir –

Gecə gözlərimdə gəzən adamlar.

***

ŞAİRLƏR UÇURLAR

Şair ruhlarıdır, göydə durnalar,

Yığışıb uçurlar Tanrıya sarı.

Çoxusu yaralı, çoxusu xəstə,

Dözə bilmədilər bu yer qəfəsdə -

Qoşulub uçurlar Tanrıya sarı.

Şair dəstəsidir, durna dəstəsi,

Tanrı elçisidir, adı quş deyil.

Üstümüzə yağan bu sellər, sular

Şair göz yaşıdır, gur yağış deyil –

Şairlər uçurlar Tanrıya sarı.

Baxıram, ləngərlə yorğun uçurlar,

Göydə də yolları bərədi, bənddi.

Hələ öyrənməyib bu uçuşlara

Lp arxada uçan Akif Səməddi –

Şairlər uçurlar Tanrıya sarı.

Neynirdin yaradıb bu zalımları,

Özləri özünə zülümkardılar.

Yerdə yerlərini tapmasalar da

Göydə əsgər kimi bir qatardılar –

Şairlər uçurlar Tanrıya sarı.

İlahi, qəbul et öz dərgahına,

Verdiyin yükləri daşıya bilmir.

Onlar üz tutublar qibləgahına

Yer üstdə, yer altda yaşaya bilmir –

Şairlər uçurlar Tanrıya sarı.

Tanrının nuruyla qızına bilsəm,

Bir gün ürəyimi uçurar ağrı.

Bu cəfakeş adı qazana bilsəm,

Mən də uçacağam Tanrıya sarı –

Şairlər uçurlar Tanrıya sarı.