adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 May 2019 16:31
18677
ƏDƏBİYYAT
A- A+

Sən kimsən, Almaniya!

(Səfər qeydləri)

... Heç ağlıma da gəlməzdi ki, altmışyaşımın astanasında Almaniyaya üç aylıq səfər edəm, əslində fikirlərim çox idi. Yubileyim qarşısında televiziyada veriliş hazırlamaq, vaxtilə təyinatla işlədiyim (1981-1984-cü illər) İsmayıllı şəhər 3 nömrəli orta məktəbdə, İsmayıllı Rayon Mədəniyyət Şöbəsində görüşlər keçirmək istəyim məni çoxdan düşündürürdü. Bir il əvvəl yaxşı ki, əsərlərimi bir yerə toplayıb altı cildliyin çapını həyata keçirmişdim. İlk təbrikim isə tanınmış yazıçı-publisist Vaqif İsaqoğlunun haqqımda məqalə və "Sunamidən sunamiyə” adlı iri həcmli monoqrafiya yazması oldu və kitab yenicə çapdan çıxmışdı.

Açığı, nə qədər şöhrətpərəst olsam da görüşlərdən, özünütəbliğdən, hay-küylərdən uzağam. Çoxları kimi "harda aş, orda baş” olmağı sevmir, tərifdən xoşlanmadığım kimi, kimisə yalandan tərifləməyi, özünü gözə soxmağı, yaltaqlığı qəbul etmirəm, daha doğrusu, bacarmıram. Uzun illər tanınmış, nüfuzlu KİV-lərdə məsul vəzifələrdə çalışdığımdan çoxlarına qeyri-adi görünən ədəbi hadisə mənim üçün adidən adidir. Bilirəm ki, indi heç kim heç kimin kitabını oxumur. Əvvəla buna vaxtı yoxdur, həvəsi də onun kimi. İndi hamı yazır, hamı! Yüksək səviyyəli dövlət məmurlarından tutmuş orta məktəbi əməlli-başlı sona çatdırmayana kimi. O qədər kitab çap olunur ki, sayı-sanbalı yoxdur. Qadağa yox, bir şey yox, nə yazsan çap olunacaq. Cümlələr baş-ayaq, orfoqrafiya səhvləri yüzlərlə, şeirin qayda-qanunlarına əməl olunmur...

Müğənnilər də şeir yazırlar. Özləri də o "şeirlərə” mahnı bəstələyirlər.

Nə isə, mətləbdən uzaq düşdük. Kim nə deyir, desin, heç kim heç kimin kitabını oxumur. Əgər vəzifən varsa, vəzifəli məmurun qohumusansa, "tanınmış” şairsən, yazıçısan, publisistsən. Mükafatlar sənindi, fəxri adlar sənindi, tədbirlərdə, ədəbi verilişlərdə söz sənindi. Özünü dahi hesab edir, Nizamini, Füzulini, Molla Pənah Vaqifi, Aşıq Ələsgəri, Mirzə Cəlili, Səməd Vurğunu heçə endirib əsərlərini bəyənmirsən! Qəribədir, çox qəribədir!

Üç aylıq Almaniya səfəri! Sənədlərin hazırlanması, vizanın alınması, uçuş bileti... Marşrutumu Tbilisidən İstanbula, İstanbuldan isə Ştutqarta götürdüm. Xeyli ucuz olduğuna görə... Bunun üçün Bakıdan Tbilisiyə avtobusla yola çıxdım. Saat 14:00-da. Uçuş vaxtından əvvəl məsafəni qət edəcək, boş və gözləməli vaxtım çox olacaqdı.

Biz öz dövrümüzə və düşüncəmizə görə iki Almaniya tanıyırdıq: AFR (Almaniya Federativ Respublikası) və ADR (Almaniya Demokratik Respublikası). ADR bizimki idi, SSRİ adlı Vətənimizin dostu idi. AFR isə düşmən idi – kapitalist Almaniyası. Rus dilində bu dövlətləri Feerqe və Qedeer kimi tələffüz edirdik. Paytaxtlarını da bilirdik: AFR-in paytaxtı Bonn, ADR-in paytaxtı Berlin. Ərazisini, əhalisini bildiyimiz bu dövlətlər almanın ikiyə bölünməsinə bənzəyirdi. Bir yarısı dadlı, o biri yarısı zəhərli. Elə bilirdik ki, ADR-dəki almanlar AFR-dəki almanlara bənzəmirlər, tamam fərqli insanlardır. Müharibəni başlayan, yüz minlərcə insanın ölümünə baiskar olan kapitalist Almaniyasıdır. Sovet təbliğat maşını bizləri belə öyrədirdi və biz çox mətləblərdən agah deyildik.

Almanlar faşistdirlər! Qaniçəndirlər! Qaniçəndirlər!Yer üzərində almanlar kimi qaniçən, vəhşi millət yoxdur!

Birinci və ikinci Dünya müharibəsinin "səbəbkarı” olan Almaniya neçə yüz minlərlə insanın məhvinə səbəb olmuş, nəticədə heç bir məqsədə nail olmadan məğlub durumda qalmışlar. Özünü ari irq adlandıran bir millət bu qədər qantökən olmaqla necə ari olur? Məgər ari irq olmağın ən yüksək dərəcəsi günahsız qan axıtmaqla olur?

Bu Feere, Qedeer, Germaniya kimi sözlərdən çox bizim kənddə "nemes” sözü daha çox işlənirdi. Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, müxtəlif bədən xəsarətləri ilə kəndə salamat qayıtmış müharibə veteranlarının danışıqlarındakı bənzətmələr, oxşarlıqlar, insan xarakterlərinin müqayisəsi ağızdan-ağıza keçərək kəndin böyük-kiçiklərinin, hətta qadınlarının da ağzına düşmüşdü.

- Ə, a Zaman, nemes ha döysən, adam balası kimi danış.

- Adam briqadir olanda nolar, özünü nemesdən betər aparırsan.

- Adam balası kimi söz danış, nemes ha döysən!

- Nemes sən elədiyin qələti eləməz!

- Məsim nemes kimi adamdı, onda yalan-palan olmaz...

Çox idi belə bənzətmələr və bu sözlər işləndikcə nemesin faşistliyi gözdən düşür və onun dəqiqliyi, qanun-qaydaya riayəti, səliqə-sahmanı qabarıq şəkildə kəndin evlərinin qapılarını döyürdü.

Elə Ələsgər müəllimə "nemes Ələsgər” ayamasını da müharibədən salamat qayıdan veteranlar qoymuşdular. Berlinə qədər qalibiyyətli döyüş aparan Nərimanlı döyüşçülərdörd il ərzində nemesləribeş barmaqları kimi tanımış, onlara xarakterik olan xüsusiyyətləri – dəqiqliyi, qayda-qanuna şəksiz riayət etməyi, ancaq və ancaq öz işi ilə məşğul olmağı, kimsənin işinə qarışmamağı... təkcə Ələsgər müəllimdə görmüş və nemes ayamasını müəllimin alnına yapışdırmışdılar ki, uşaqlı-böyüklü hamı onu bu adla tanıyırdılar. Kənddə Ələsgər adında üç-dörd adam vardı. Ələsgəri soruşan olanda ilk olaraq soruşurdular:

- Hansı Ələsgəri deyirsən? Nemes Ələsgəri?

Bakı-Qırmızı Körpü avtovağzalında arxa sırada – avtobusun amfiteatrında oturmuşdum. Noyabr ayının 6-sı idi. Hava soyuq olmasa da, burada oturmaq, arxadan hamını seyr etmək, motorun istiliyində xumarlanmaqürəyimcə idi. İrəlidə oturanlardan gürcücə danışanlar da vardı və mən yavaş-yavaş xarici dildə danışıqlara alışmağa başlayırdım. Rusca, ingiliscə özümü yola verəcəyimə əminliyim vardı, ancaq alman dili mənlik deyildi.

Amfiteatrda kəndimizdən müharibəyə gedənlərin, Berlinəcən döyüş yolu keçənlərin simaları bir-bir gözüm önündə canlandı. "Qara kağız”ı gələnlərin isə şəkli, ad və soyadları mənə tanış idi. Onları görməmişdim, haqlarında eşitmişdim. Hə, müharibə bitmişdi, sakit həyat başlamışdı, quruculuq işləri geniş vüsət almışdı. Hamı təsərrüfatla məşğul olurdu. Daha arxa cəbhənin qadın, uşaq, qoca "əsgərlərinə” davadan qayıdanlar da qoşulmuşdu və bu, kolxozçular arasında böyük ruh yüksəkliyi yaradırdı.Əvvəla, davadan qayıdanlar hələ orta yaş dövrlərində idilər. Güclüydülər və çoxları hələ evlənməmişdilər. Məhəbbət dolu romantik həyat kəndimizin dağını-daşını bürümüşdü. Evli olanlar isə ailələrinə qayıtmış, ocaqlarının gözünü daha da qaynar etmişdilər. Əllərindəki avtomatları toxa, bel, yaba, külüng, balta ilə əvəz edən veteranlar ikiqat əzmlə çalışır, dörd illik həsrətlərinin üstünə yağ çəkirdilər. Həm də kənddəki vəzifələr onlara həvalə olunmuşdu. Məmmədəli baş mühasib, Qədim briqadir, İslam dəyirmançı, Musa ferma müdiri, Müzəllim baş çoban, Mikayıl məktəbin direktor müavini... işləyirdilər.

Bəlkə də müharibədə qazanılan qələbə insanlarda böyük ruh yüksəkliyi yaratmışdı. Sükutu səs-küy, iş ahəngi əvəz etmişdi. Üzlərdə gülüş, təbəssüm, sevinc cövlan edirdi. Toyların sayı artmışdı. İşdən sonra, ya boş vaxtlarda kəndin mərkəzindəki Məhərin çayxanası ağzınacan dolu olurdu. Hamı sığışa bilmirdi. Odur ki, Mədəniyyət Evinin həyətindəki bağda taxta oturacaqlarda, çəpər daşlarının üstündə oturub söhbətləşir, növbə gözləyirdilər. Ən maraqlısı isə müharibə iştirakçılarının söhbətləri, zarafatları olurdu.

- Ələmdar, deyirsən neçə nemes öldürmüsən?

Ələmdar susur, Salmanın sualından yan keçmək istəyirdi. Kimsə onun susduğunu görüb, ocağa neft tökürdü.

- A Salman, keçən dəfə danışanda on dörd deyirdi. Ondan qabaq isə on altı.

- On dörd? – Salman heyrətlənir,alçaqboy, arıq Ələmdarı başdan-ayağa süzürdü. – Ələmdar, sən on dörd nemes öldürmüsən? Əyə, bəlkə ölənlərin üstünə çıxıb öz adına yazırsan? Olammaz, vallah, adamın inanmağı gəlmir. Kül təpəsinə nemesin ki, onun on dördünü Ələmdar öldürüb!

- A Salman, mən hər nədi eləmişəm, Reyxstaqa kimi gedib,

qayıtmışam. Sən nağayrıfsan? Özünə fiktivni sənəd düzəldib burda qalmısan. Hansı adla? Heç utanırsan? Yerinə siymək adı ilə. Sənsada danışma, ayıbına kor ol!

Müharibə iştirakçılarının özlərinəməxsus zarafatları və ciddi söhbətləri olurdu. Ən çox o zarafatlar sonradan kənd camaatının qulağına çatır, dillərinədüşürdü. Bu isə onların heç veclərinə gəlmir, əksinə sevincək olurdular. Çünki davada qalib gəlmişdilər, sağ-salamat ocaqlarına qayıtmışdılar. Qaliblər isə mühakimə olunmur, sorğu-suala tutulmurdular:

"Nemes şotu”! Bunu da davadan qayıdanlar gətirmişdilər. Bir də görürdün ki, kənddə bir hadisə oldu, məsələn, üç nəfər birləşib Kamalın pitixanasında yeyib-içməyə gedirlər, onda Kamalın dediyi hesab üç nəfərin arasında bərabər bölünürdü. Yaxud, tutaq ki, on nəfərqonşu kəndə toya gedir, Ələkbərin "QAZ-51”-nə minib gedirdilər və qayıdanda hərə bir manat yığıb sürücüyədəst-dəyirmi on manat verirdilər.

"Nemes şotu” misalı uşaqların, böyüklərin arasında dəbdə olan misala çevrilmişdi: Yadımdadı, aşağı siniflərdə oxuyanda rayon mərkəzinə getmişdik. Beş yoldaş pulumuzu bərabər cəmləşdirib "Arzu” kafesində nahar etdik.

Hər ilin may ayının 9-u ölkəmizdə faşist Almaniyası üzərində qələbənin ildönümü qeyd edilirdi. Bir gün əvvəlkəndimizin müharibə iştirakçıları məktəbimizə dəvət edilir, onlarla şagirdlərin görüşü keçirilirdi. Qanlı-qadalı illərin iştirakçıları keçdikləri döyüş yollarından danışır, müharibəni lənətləyir, dünyaya sülh arzulayırdılar. Hər gün olmasa da, tez-tez rastlaşdığımız müharibə iştirakçıları o görüşdə bizlər üçün qeyri-adi insanlara çevrilirdilər və biz onlara həmişə hörmət və qayğı göstərir, özümüzü borclu bilirdik. Çünki çıxış edənlər göstərirdilər ki, əgər Sovet Ordusu Hitler Almaniyasına qalib gəlməsəydi, biz məhv olar, bu gün yaşamazdıq...

... Sürücü avtobusun qabaq şüşəsindən asılmış televizorun səsini yüksəltdi. Gənc aktyorların çəkildiyi filmin kasseti məndə mənfi emosiya yaradırdı. Aktyorlar o qədər şit hərəkətlər edib, gülməli səhnələr yaratmaq istəsələr də alınmırdı. Mən belə düşünürdüm, ancaq onlara baxmaq istəyənlər də vardı. Təzə çəkilmiş yola, içarələrə, boş çöllərə, kəndlərə baxmaqdan başqa çarəm yox idi. Yatmaq istəsəm də, gözümü yuma bilmirdim. İştaham yox idi. Bir çanta yemək gözümün qabağında dayanmışdı.

Baba kişi! Biz hamımız ona Baba dayı deyirdik. Koroğlu cüssəli bir adam idi. O qədər kök idi ki, yaşından xeyli qoca görünürdü. Eşmə bığları vardı. Usta idi. Demək olar ki, kənddə (hətta qonşu kəndlərdə də) təzə tikilən evlərin döşəməsini, pəncərə və qapılarını o düzəldirdi. Çox astagəl adam idi. Lap Mirzə CəlilinUsta Zeynalı kimi. Ancaq adam Allahnan danışar, çox səliqəli iş görürdü. Bizim evin ikinci mərtəbəsindəki döşəməni vururdu. Taxtanı yüz ölçüb, bir biçir, qulağının dibinə qoyduğu qara qələm və xətkeşlə cızlayır, rəndə ilə kəsir, sonra sıyırırdı. Saatlarla dayanıb onun əl işinə uşaq həvəsi ilə baxırdıq.

- Çay! – yorulanda çay istəyirdi. İndi ağlıma

gəlir ki, ustaBaba çay bəhanəsiylə istirahət edirmiş, çünki o, soyuq bulaq suyu içirdi.O da başqaları kimi dörd il müharibədə olmuşdu, ancaq döşündə orden və medal deyilən heç nə yox idi. Qələbə günü bir dəfə də olsun görüşə gəlmirdi. Bizim evin ikinci mərtəbəsində beşlik taxtaları kəsib cızlayanda, rəndələyəndə Baba dayı bizə müharibədən danışmağa başladı:

- Müharibə pis şeydi. Qorxuludu. Hər an

düşmən gülləsinətuş gələ bilərsən. Topuğumdan yaralanmışdım. Medçastda bir az yatdım. Sağalandan sonra fikrimi dəyişdim. Dedim ki, mənə nə borcdu, rusun çöllərində özümünemes gülləsinə verirəm. Rotadan ayrıldım. Bir kənd uğrunda döyüş gedib qurtarırdı. Bizimkilər irəli getdikcə mən arxada azad olan kənddə gizlənirdim. Boşalmış kənd evlərini axtarır, özümə azuqə tapırdım. Beləcə, birtəhər başımı salamat saxlaya bildim...

Kəndin Mədəniyyət Evində müharibə kinolarına dörd gözlə baxanda Baba dayı gözlərim önünə gəlir, gəldikcə nifrət hissim oyanırdı ki, o niyə döyüşlərdən arxada qalıb.

- O, nemesdən də betər pis adamdır!

Atam İsmayıl müəllim bizim tarix müəllimimiz idi. Onun danışdığı tarixi hadisələr, müqavilələr, müharibə səhnələri nağıldan da şirin idi. O danışdıqca ağzımız açıla qalırdı. Keçən əsrin 30-cu illərində faşist partiyasının yaranması, Hitler, onun "Mayn kampf”ı, SSRİ-nin xarici siyasəti, SSRİ ilə Almaniya arasında müharibə etməmək haqda müqavilə, kəşfiyyatçı Rixard Zorgenin Almaniyanın bu ....... pozaraq müharibəyə başlayacağı dəqiq vaxt, sənaye zavodlarının Sibirə köçürülməsi və nəhayət 1941-ci ilin 22 iyununda Böyük Vətən müharibəsinin başlaması.

- Diqqət! Diqqət! – Levitanın səsiilə Almaniya SSRİ-yə qarşı müharibəyə başladı...