adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 May 2019 14:53
36423
ƏDƏBİYYAT
A- A+

QƏZA VƏ QƏDƏR VƏ YA ALIN YAZISI


«Qədər» sözünün ərəbcə lüğəti mənası ölçmək, biçmək, təqdir etmək, müəy­yən hissələrə ayırıb hər kəsə qismətini ver­mək, planlaşdırmaq deməkdir. Qədər – Allahu-təalənin əzəldən əbədə qədər olan və olacaq yaxşı və pis hər şeyin başvermə zamanını, yerini və xüsusiyyətlərini əzəldən bilib yaz­masıdır. Qəza isə həmin yazı və layihələrin zamanı gəlincə həyata keçi­rilməsidir. Astrofizika və super kompüterlərin inkişafı da təsdiq edir ki, atomlardan qalaktikaya qədər kainat­dakı hər varlıq yaradılışı ilə birlikdə proqram­laşdırılıb. İlahi elmdə isə bu, o deməkdir ki, hər şeyin aqibəti Allah dərgahında olan Lövhi-Məhfuzda qabaqcadan təyin və təsbit olunub. «Həqiqətən ölüləri dirildən, onların nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb, Lövhi-Məhfuzda təsbit etmişik» (Yəsin, 12)».

Kainatdakı sonsuz əşya və hadisələr, onların başgicəlləndirici müxtəlifliyi və zahirən aldadıcı xaoslu hərəkətləri əslində təsadüf­lər­dən tam uzaq olan ilahi elm və qüdrət ilə yaradılıbdır. Bu plan və layihə isə bir nizam içində, o nizam da bir mizan (ölçü) içində, o da bir tənzim içində, o da bir təvzin (bölünmə, paylaşma) içində, o da bir sənət içində, o da bir gözəl yaradılış içindədir. Məs., toxum qədər vasitəsilə ondan əmələ gələcək ağacın bütün həyatını özündə əks etdirən sehirli sandıqçadır. Hər bir toxum məhz qədərin ona biçdiyi mənəvi bir paltarla (yazı ilə) surət və şəkil alıb maddiləşir və ağac olaraq kölgəsi, çiçəyi, meyvəsi ilə gözləri oxşayır. Bəşər həyatında isə həmin sehirli sandıqça rolunu nütfə görür. Belə ki, o bir damla suda insanın ölümünə qədər bütün həyatı şifrələnibdir.

Qədərə inam qeyb aləminə məxsus olduğu üçün onu elm və əməllə yox, vicdan və hal ilə duymaq olar. Qəza və qədərə hər kəs öz səviyyəsinə görə inanır. Zira Allah barədə bəndə mə­ri­fəti və bəndə-Allah münasibətləri müxtəlif insan­larda müxtəlifdir. Qəza və qədərə inanmaq xeyir və şərin Allahdan olduğuna iman etmək deməkdir. Təbiət etibarilə təkəbbürlü olan insan, «Mən etdim, mən düzüb qoşdum» deyərkən, ilahi yazı (qədər) onun səsini kəsib deyər: «Sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!» (Şəffat, 96). Öz ilahi elm və iradəsinin cüzi hissəsini insana bəxş edən Rəbb, təkəbbür sahibinə sanki belə deyir: «Həddini bil! Mən iradəmin kölgəsindən sizin hər birinizə yalnız bir zərrə vermişəm. İfrata varsanız, yaxanızdan tutub sizi cəzalandıraram. Yaradan Mənəm». Lakin inadkar və qafil insan Rəbbin: «(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən pislik isə özündəndir» (Nisə, 79) kəlamına istinad edərək, deyər: «Əgər məni də, mənim etdiklərimi də yaradan Allahdırsa və O istəməsə mən edə bilmərəm, deməli, mən qədərin proqramlaşdırdığı bir robotam. Və etdiklərimin mənə nə dəxli vardır ki, həmin işlərdə məsul və günahkar olam?» Bu zaman inadkar bəndəyə deyilər: «Xeyr, məsulsan. Çünki sənə canlıların heç birinə verilməyən ağıl, iradə, əzm, səy, halalı haramdan, yaxşını pisdən ayırd etmək qabiliyyəti verilib».

Göründüyü kimi, qəza və qədər çoxlarının onun mahiyyətini yanlış anlaması səbəbindən bu gün də aktual və vacib olan mövzulardan biridir. Zira buna səbəb «Sizi də, sizin düzəltdiklərinizi də yaradan Allahdır» ayəsi ilə «Hər bir yaxşılıq Allahdan, pislik isə insandandır» ayəsinin ilk baxışda, zahiri görünüşcə bir-birinə zidd olmasıdır. Rəbb kəlamlarındakı bu ilahi hikməti açıqlamağa cəhd edənlərin səyi nəticəsində VII əsrdə İslamda iki cərəyan əmələ gəldi. Bunlardan biri qədərilər, yəni insanın azad iradə sahibi kimi faili muxtar olmasını iddia edənlərdir. Həmin cərəyanın əksi olan cəbrilər isə, şəksiz alın yazısının tərəfdarları, yəni iradə azadlığının əleyhdarları idilər. İnsan iradəsini nəzərə almayanlar öz əməl və günahlarını qədərə yükləyərək, «Fələk, zalım fələk, qədərimin oyunu, yazım belə imiş» deməklə, onlara üz verən müsibətlərdən sonra aktiv həyat tərzini – iradəsini səfərbər etməyi unudanlardır. Öz iradə və «mənəmliyinə» ümid edib, qəza və qədərin Allahdan olduğunu nəzərə almayanlar da, «mən hər şey etdim, fəqət alınmadı, daha yaşamağın nə mənası» deyib, ümidsizliyə düşənlərdir. Halbuki qəza və qədər mövzusunun açılışında tərəzinin bir gözündə insana verilən iradə (sözsüz ki, ağılla birlikdə), digər gözündə isə qədər olmalıdır. Başqa sözlə, bəla və müsibətlərə uğrayan insan, «qədərim belə imiş. Yəqin, mənim bilmədiyim bir hikmət və ya günahım var ki, Allah məni əhli dünya vasitəsilə imtahan edir və ya cəzalandırır» - deməli və sonra da gələcək işləri üçün iradə və ağlını səfərbər etməlidir. Bu zaman o, həmin bəlanın Allahdan gəldiyini qəbul edib, yenə də Ona ümid edib, Ona sığınıb və Ona yalvarmalıdır. İradə və qədər tərəzisində tarazlıqda olan insan, baş verən bəlaların onun üçün bir kəffarə və əfv səbəbi olduğunu düşünüb, səbr və mətanət nümunəsi göstərməlidir. Zira deyilib: «Qədərə iman edən, kədərdən əmin olar».

Mahiyyətinə görə qədər iki növdür. 1.İnsan iradəsinin iştirakı olmadan kainatdakı ümumi qədər və yaratma. İradə sahibi olmayan varlıqlar üçün bu bir «mütləq cəbrilikdir». Və o, tamamilə Allaha aid olan qədərdir. Allah mülkün sahibidir və mülkündə istədiyi kimi hökmranlıq edir. O, mütləq faili-muxtardır, nəyi isətəsə onu edər. Lakin Allah mütləq mənada, həm də Adil Hakimdir. «Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz. Lakin insanlar özləri-özlərinə zülm edərlər» (Yunus, 44). Kainat və onun içindəkilərinin insan iradəsindən asılı olmayaraq yaradılmasında məqsəd, onların yalnız bəşərə xidməti üçündür. Hava, Günəş, külək, Yer, Ay, ulduzlar, nəbatət, heyvanat və s. və i. varlıqlar insan iradəsindən asılı olmayaraq, onun xeyrinə işləyir və ona qulluq edirlər. 2. Allahın insanın iradəsini nəzərə alıb yazdığı əmrlər. Bu qədərdə «mütləq cəbrilik» yox, «şərti cəbrilik» vardır. İnsanın çalışması, necə yaşaması, ibadəti, yaxşı işlər görüb, pislikdən çəkinməsi və s. kimi.

Göründüyü kimi, Allah insan müdaxiləsi olmadan kainatda cərəyan edən hadisələri də, insanın iradəsini nəzərə alaraq əmr etdiyi hadisələri də, insanın yaxşı yaşaması üçün yaradıb. Fəqət ikinci qədərdə insanın bəzi əməllərindən Onun xoşu gələr, bəzilərindən isə xoşu gəlməz. «Allah fəsad və zülmü sevməz» (Bəqərə, 205). Lakin əgər insan ona lütv edilən cüzi iradəsi ilə pis işlər görərsə, bu iş Allahın xoşuna gəlməsə də, O, bu işi yaradar. Əks halda, ağlın və iradənin insana verilməsinin heç bir hikməti olmazdı. Deməli, Allah bizim əl-qolumuzu bağlamayıb, bizə sərbəstlik, iman, elm verməklə yanaşı, onları reallaş­dır­maq üçün xüsusi bir icra mexanizmi də verib ki, onun da adı cüzi iradədir.

İnsan öz felinin failidr. O felin xaliqi isə Allahdır. Yəni xeyri də, şəri də görən bəndə, onları yaradan isə Allahdır. Şəri yaratmaq şər deyil, şər iş görmək şərdir. Çünki aləmdə Allahdan başqa yaradıcı yoxdur. Fəqət Onun şəri yaratmağa rizası da yoxdur. Şər, bəndə istədiyi üçün (məs., məişətdə işimizi asanlaşdıran bıçaq qatil əlində şər alətinə çevrilir) və ya bir imtahan və müqayisə üçün yaradılır. Hətta bəzən, «Mükafatın böyüklüyü bəlanın böyüklüyünə görə olur» (həz. Məhəmməd). Allah bəzən sevdiyi şəxsi sınamaq üçün ona bəlalar göndərər. Qul bu imtahana riza göstərərsə, Allah da ondan razı qalar. Ümumiyyətlə, insan iradəsi ilə şər iş görməzsə, Allah da şəri yaratmaz. Əlbəttə, sonda nəyin xeyir, nəyin şər olduğunu yalnız Allah bilir. «Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz» (Bəqərə, 216).

Bildiyimiz kimi, Qurani-Kərim də daxil olmaqla, bütün səmavi kitabların əsli, orijinalı Allah dərgahında olan Ana Kitabda – Lövhi-Məhfuzdadır. Lakin Allahın yerdəki xəlifəsi olan hər bir insanın keçmiş və gələcəyinə aid bütün əməlləri, onların taleyi də həmin kitabda qabaqcadan yazılıb. Və bu yazıya pozu da yoxdur. «De ki: «Allahın bizim üçün (Lövhi-Məhfuzda) yazdığından başqa, bizə heç bir şey üz verməz» (Tövbə, 51).

İnsan dünyaya gələn kimi, onun taleyinə aid yazıların bir nüsxəsi Ana Kitabdan çıxarılaraq onun boynundan asılar. Və insan həmin yazılı mənəvi lövhəni ömrünün axırına qədər boynunda gəzdirər. «Biz hər bir insanın əməlini onun boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik): «Oxu kitabını (əməl dəftərini). Bu gün sən özün-özünə haqq-hesab çəkməyə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!» (İsra, 13-14).

Allah Ədl sifətilə mütləq ədalətin sahibidir. O, inadkar, tərs, təkəbbürlü, qafil insanın: «Mən bu işləri görməmişəm. Bu mənə qarşı böhtan, təxribat və yalandır» deməməsi üçün, iki mələyə tapşırır ki, hər bir insanın gördüyü yaxşı və pis əməlləri ayrıca dəftərə yazsınlar. Və bu iş insan dünyaya gələndən ölənə qədər davam etdirilər. «(Ya Peyğəmbər!) O gün hər ümməti diz çökmüş görəcəksən). (Onlara belə deyiləcək): «Bu gün sizə (dünyada) etdiyiniz əməllərin əvəzi (mükafatı və ya cəzası) veriləcək! Bu Bizim kitabımızdır (sizin əməl dəftərinizdir). O, sizin əleyhinizə haqqı deyər. Biz siz etdiyiniz əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq!» (Cəsiyə, 28-29). Qiyamətdəki sorğu-sualda isə Allahın hər bir insanın taleyi barədə yazdığı yazı ilə, mələklərin həmin insanların praktik əməlləri əsasında yazdıqları yazı arasında heç bir fərq olmaz. Başqa sözlə, hadisələri Alim sifətilə qabaqcadan yazan Allahın yazısı (nəzəriyyə) ilə, insanın ömrü boyu felən nə etdiyini göstərən yazı (praktika) arasında zərrə qədər fərq olmaz. Artıq bu zaman inadkar və tərs insanın Haqq məhkəməsinə qarşı heç bir etirazı da olmaz. Bax, bu durumda bəndənin Hakimi də, Vəkili də Allah olar.

İnsan Lövhi-Məhfuzda qabaqcadan yazıldığı üçünmü məcbur qalıb ona uyğun hərəkət edir? Əsla yox! Allah insanın iradəsilə dünyada nə edəcəyini öncədən bilir. Və bildiklərini yazır. Həmin yazı, yəni qədər insanı zorlamır. Bu çox incə və həssas məqamda aşağıdakıları qeyd etmək çox vacibdir: a) Allah sonsuz elmi ilə insanın nə edəcəyini öncədən bilib, onları Lövhi-Məhfuzda (Allah dərgahında saxlanılan, mühafizə edilən mənəvi kitab) – bəbir caislə, "Ana kompüter”də yazır. O, bu yazının bir nüsxəsini bəndəsinin boynundan asır; b) İnsan da bu nüsxədə yazılanlardan xəbəri olmadan öz iradəsi ilə yazalınları icra edir; v) Allah insanın etdiklərini yaradır, hətta bəzən həmin əməllərdən xoşu gəlməsə belə; q) Mələklər də bəndənin öz iradəsilə etdiyi əməlləri yazaraq, onu axirətdə insana verib deyərlər: «Oxu əməl dəftərini».

Göründüyü kimi, Alləhu-təala iradəmizi hansı istiqamətə (pis və ya yaxşı) yönəldəcəyimizi qabaqcadan bildiyi üçün qədərimizi (alın yazımız) də ona müvafiq yazır. Məs., Günəş və Ay tutulmaları qabaqcadan bilinib təqvim və elmi məqalələrdə saat və dəqiqəsilə yazıldığı kimi. Sual olunur: Günəş və Ayın tutulması qabaqcadan yazıldığı üçünmü baş verir? Xeyr! Bu hadisə ona görə baş vermir. Onların tutulacağı elm vasitəsilə bilindiyi üçün qabaqcadan yazılır, qeyd olunur. Yəni Ay və Günəşin tutulması barədə yazı olmasaydı da, onlar tutulacaqdı. Sadəcə, insan elm vasitəsilə bunu bilib, qeyd edir. Mütləq elm sahibi olan Allah da insanın nə edəcəyini qabaqcadan bildiyi üçün, onu qədər kitabında yazır. Fəqət insan qədərdə yazıldığına görə bu işi etmir. Haşə, Allah onu yazmasaydı da, insan həmin əməli edəcəkdi.

İnsan pis və yaxşı işləri qədərlə yox, iradəsilə görür. Məlumdur ki, vicdan yalan demir. Çünki o, Allahın dəlili və şahididir. İnsan qədərlə (alın yazısı) əli-qolu bağlı olsaydı, pis əməllərdən peşimançılıq çəkərdimi? Əgər Allah insana iradə sərbəstliyi verdikdən sonra, həmin iradəni qədərlə boğsaydı, o nə dərəcədə ədalətli və demokratik Məbud olardı (Haşə)? Məgər oturmaq, durmaq, işləmək və s. işlərə bizi kimsə məcbur edirmi? Əsla yox. Çünki heç birimiz robot, oynadılan kuklalar deyilik. Nə ediriksə, öz iradə və ağlımızla edirik. İnsanı cinayətə sövq edən işləri məgər alın yazısımı edir? Əgər bunu qədər etsəydi, onda Quran şəhidlik, din və bayraq uğrunda mücadilə, həşr, cihad, mübarizə, ədalət məh­kə­mə­sini təbliğ edib, cənnət və cəhənnəm barədə məlumat verər­dimi? Əgər günah və cinayətləri qədər etsəydi, onda insan əməlinə görə məsuliyyət daşımazdı. Şübhəsiz ki, o zaman nə hökumət, nə məhkəmə, nə də polisə ehtiyac duyulardı. Belə olsaydı, Allahu-təala insana iradə və ağlı verərdimi və bəşəri yaratmağa lüzum görərdimi? Əlbəttə yox! İnsanı heyvandan fərqləndirən cəhətlərdən biri də ona ağıl və iradənin verilməsidir. Elə isə ağıl, idrak, düşüncə, iradə, səy və cəhdin qiymətini verməmək və onları təyinatına görə işlətməmək dəlillik və iradəsizliyin özü olmaz­dımı? İnsan külək aparan saman çöpü də deyil. O, Allahın xəlifəsidir. Deməli, gördüyümüz işləri Allah yox, öz iradəmizlə özümüz edirik. Allah isə, iradəmizə uyğun həmin işlərin yaradıcısıdır. Unutmamalı ki, pisliyi, haramı istəmək və icra etmək şər işdirsə, o şəri yaratmaq şər deyil. Çünki yaratma bəndənin istəyinə görə edilir.

«Aləmlərin Rəbbi olan Allah istəməzsə, siz də istəyə bilməyə­cək­siniz» (Təkvir, 29) ayəsinin zahirinə uyanlar təəssüf ki, insanı qədərin zorlayıcı qurbanı hesab edirlər. Əslində isə, bu ayə ilə Allah buyurub ki, bütün insanlar həmişə Onun qüdrəti, hökmü və iradəsi altındadır. O, bəndəyə bir şeyi istəməyincə, bəndə o şeyi özü istəyə bilməz. Fəqət öz külli iradəsindən cüzi iradəni quluna bağışlayan Allah, bəzən insanlara bir imtahan, müqayisə, kəffarə və ibrət olsun deyə, bəndənin istəyini qəbul edib, ümumi inkişaf naminə şəri də yaradır.

«Hər şey ziddi ilə tanınır». Məs. xəstəlik olmasa sağlam­lığın həqiqi qiyməti, qaranlıq olmasa işığın dəyəri, pislik olmasa yaxşılığın savabı bilinməz və s. və i. «İnsana çalışdığından başqa yoxdur» – ayəsinin zahirinə uyanlar isə, alın yazısını qəbul etməyib, qəza və qədəri insana şamil edirlər. Həqiqi qədər isə bu iki səhv anlayışın ortasındadır. Yəni bütün kainat və insan həyatı bir qədər qələmi ilə yazıldığı kimi, Allahın yaratdığı müstəsna varlıq olan insan da meyl, niyyət, düşüncə, mühakimə, qərarvermə, əməletmə kimi dəyərləri ehtiva edən cüzi iradə və istəyə sahibdir. Elə Quranın «oxuyun, yazın, düşünün, Allahdan istəyin, Allah yolunda mücadilə edin» və s. kəlamları da məhz bu cüzi iradənin düzgün istiqamətləndirilməsilə həyata keçirilir. Qulun iradə kəsbi ilə Allahın yaratması arasındakı bu əlaqə Quranda belə təsbit olunub: «Əgər siz Allaha yardım etsəniz, Allah da sizə yardım edər (Məhəmməd, 7), «Hər hansı tayfa öz tövrünü dəyişmədikcə, Allah onun tövrünü dəyişməz» (Rad, 11)

Nəticə

1. Kainatda ilahi bir qədər və proqram hakimdir. İnsana da bir iradə və meyl verilibdir.

2. Allah sonsuz elm sahibi olduğu üçün keçmiş, indiki və gələcək zamanı (əzəldən əbədə) bir nöqtə kimi görür və bilir.

3. Allah gələcəkdə baş verəcək hadisələri Ana Kitabda (Lövhi-Məhfuzda) yazıb.

4. Bəndə əməlini Allahın yazdığına görə etmir. Allah bəndənin iradəsini haraya yönəldəcəyini qabaqcadan bildiyi üçün onun qədərini yazır.

5. Allah insana onun şah damarından da yaxındır. Zira məmulatı, onu yaradandan artıq heç kim tanıya bilməz. Qəza və qədərə inam Allahın Alim, Qadir, Xaliq sifətlərinə inamdır.

6. İnsan, iradəsinin xaricində olan qədərə görə yox, iradəsi daxilindəki qədərə görə sorumludur, məsuldur.

Kainatda "Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi işləmir. İnsan da daxil olmaqla kainatın Sahibi var. Həmin sahibdən «Allahın qəzasına razı olmayan və Allahın qədərinə inanmayan kimsə, özünə Allahdan başqa iləh axtarsın» (Peyğəmbər (ə)). Bu kəlam işığında biz də deyirik: Allahın tərbiyəsindən, hökmündən, icraatından, inayət və rəhmətindən, qüdrət və hikmətindən, din olaraq İslamdan və Peyğəmbər (ə)-dən razıyıq və məmnunuq. Rəbbin qəzasına razı, qədərinə də inanırıq. «Nərin (atəşin) də xoş, nurun da xoş, qəhrin də xoş, lütfün də xoş».

P.S.Qəza və qədərə razı olmaq iradə və istəyə əks olsaydı, dua etmək əmr olunmazdı.