adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 May 2019 14:44
57626
ƏDƏBİYYAT
A- A+

Xilqət TALIBOV: QƏZƏLLƏR

Titrəyər adın eşitcək cismimiz, həm canımız,

Küfrdən ar eylər onsuz dinimiz, imanımız.

Düşməni haqqında söylər nasəza, tərif çıxar,
Qorxuram biz tərif yazsaq çıxa nöqsanımız.

Zülfüqarı kafərin canın günahdan qurtarıb,
Söyləsək "qanlar tökübdür", bil ki yoxdur qanımız.

Nokəri olmaq dəyər min padişahın taxtına,
Keçməsin ya Rəbb, Əlisiz ömrümüz, bir anımız.

Biz gədaxislət olan şahlara heç baş əymərik,
Biz yox ikən çün Əlidir şahımız,sultanımız.

Karivan ardınca hürmüş itlərə etməz hücum,
Cəng meydanında aslan ovlayan aslanımız.

Harda ol şah olsa billah,bil ki cənnət ordadır,
İndi gəl fikr et Əlisiz hardadır ünvanımız.

Haqq-ədalətlən dolu hökmüyçün hər gün, hər gecə
Sızlayır dünya hələ, qan ağlayır dövranımız.

Canda qüvvət var ikən biz damənindən tutmasaq,
Xəstə ikən qoy mərəz versin bizə dərmanımız.

Təb`imizdən qətrələrdir bu düşüb söz bağına,
Sonraya qalmış hələ Xilqət,bizim tufanımız.

X X X

Gah solur, gah gül açır bağ, çəmən dunyadə,
Nə sən, ey dost,qalarsan, nə də mən dunyadə.

Nəfəsi çoxlarının çatmadı çıxsın bu günə,
Sabahın görmədi o, qaldı dünən dünyadə.

Bu nə böhtandı ki, dunya dəyişib, ey qafil,
Görmüsənmi Günəşi bir gecə sən dunyadə?

Nasəzalər demə ünvanına, aşiqsən əgər,
Çün ki, var yetmiş iki qanlı bədən dunyadə.

Qaldıraq, ömr savaşında biz ağ bayrağı,
Əcəl eylər onu onsuz da kəfən dunyadə.

Verməmişlər ona dunyanı, o, heç istəməyib,
Görməyirsən sən odur, Xilqəti şən dunyadə.

X X X

Bu dilim heç sənə öz dərdini pünhan deməyib,
Gizli, aşkar bilibdir deyil asan, deməyib.

Qurxuram çox, tamam aləm deyə,"mən aşiqinəm”,
O səbəbdən qələmim şə`ninə dastan deməyib.

Arif endirməyəcək huri-mələklərcə səni,
Allahından çəkinənlər sənə insan deməyib.

Zikr etməzdilər ayətlər adından başqa,
Anladım mən nə üçün adını Qur`an deməyib.

Görüm aləmdə onun başı bəlalər çəksin,
Kim eşitdikdə adın, baş əyib, "can" deməyib.

Harda olsan taparam mən səni öz ətrin ilə,
Demərəm gizli gedibdir, mənə ünvan deməyib.

Xilqətin sözlərini küfr bilənlər bilsin,
Nə deyib doğru deyib, heç sözü böhtan deməyib.

X X X

Çəkmiş nə Peyəmbər,ona hər ayə gələndə,
Duydum bunu, namən mənə bir ayə gələndə.

Azdırmışam, ey gül,yuxumu şux baxışında,
Gülçöhrənə gizlincə tamaşayə gələndə.

Görcək bu camal ilə səni dizləri titrər,
Hücrəndə sənin toy gecəsi dayə gələndə.

Sən,"yox"desən, aləm bürünər zülmətə,baxma,
Nur oldu cahan "yox" sözü Musayə gələndə.

Bir qətrədi xalın, boyasından damıb aya,
Nəqqaş uyuyub hüsnünə, mə`nayə gələndə?

Ağlım mənim ardımca səpib su, yola salmış,
Bəxtim də duasıyla bu sövdayə gələndə.

Başdan səni ta salmayım, ey başıma tacım,
Baş əymədim İsayə kəlisayə gələndə .

Dunyasını sən bəxş elədin Xilqətə, yolda,
Dunyasın itirmişdi bu dunyayə gələndə .

X X X

Canın o səbəbdəndi ki,ondan gözü doymur,
Hər an çoxalır hüsnü, özündən özü doymur.

İsmi yazılan vaxtı mürəkkəb dağılıbdır ,
Bu bəxtimə, indi o qaradan üzü doymur.

Göz yaşımı tökdüm ayaqın izləri üstə,
Qalmış hələ yollarda, yaşımdan izi doymur.

Yandım mən, alışdım necə gör eşqin odunda ,
Hicran yeli əsdikcə külümdən közü doymur.

Torpaqına göz yaşımı qatdım ki, möhürçün,
Bəxtım uyuyub səcdədə, yatmış, dizi doymur.

Bitmir gecələr, əqrəbi sınmışmı zamanın?
Fikrim, xəyalımdan gecəmin gündüzü doymur.

Tək kəlmədən artıq deməyir Xilqətə bir söz,
Ruhum tək, inan, dil-dodaqından sözü doymur.

X X X

Ayrı düşdük, bundan artıq bir zülüm var, yoxsa yox?
Biz iki surətdə bir, birdən bölüm var, yoxsa yox.?

Yanmışam, göylərdə tüstüm eyləyir seyr üstümə,
Sinədən bir ah çək, bax gör külüm var, yoxsa yox

Eşqdir hər sözlərim, hüsn əhli bundan halidir,
Gəl məni hərdən danışdır xoş dilim var,yoxsa yox?

Məndən əl çəkməklə san, düşmüş bədəndən qollarım,
Tut qolumdan, əllərimdən bax əlim var, yoxsa yox?

Qaçmısan dəryalıqımdan, bunca gen gəzməklə sən ,
İstəyirsən bəlkə bilmək sahilim var, yoxsa yox ?

Bir gün etsəm köç bu dunyadan, budur mə`nası ki,
Getmişəm ta öyrənim, Xilqət, ölüm var,yoxsa yox?

X X X

Haqq əhlinə dunya evi dar olmasa, olmaz,
Min möhnətə, min dərdə düçar olmasa, olmaz.

İnsanlar olub çün ki qonaqları cahanın,
Yatmağa otaqları məzar olmasa, olmaz.

Zalım sənə və`d etsə də xoş günlər, inanma,
Başı bədənindən ki, kənar olmasa, olmaz.

Bir eybi görüb dostunu tərk eyləmə, ey dost,
Xoş ətri saçan güldə də xar olmasa, olmaz.

Haqqı tanı əvvəlcə, danış sonra Əlidən,
Bir işdə ədalətli qərar olmasa, olmaz.

Get Kərbübəla məktəbini yaxşıca öyrən,
Dillərdə Əbülfəzli şüar olmasa, olmaz.

Sən ağla Hüseynə, yəni, ağlar günə qalma,
Qeyrət ağacında daha bar olmasa, olmaz.

Ağlın, biliyin ötsə də, ulduzları, Xilqət,
Yox faydası,bəxtin sənə yar olmasa, olmaz.

X X X

Ayriliqdan sevən aşiqlər əzəldən qorxur,
Necə bülbül ki, xəzan fəsli xəzəldən qorxur.

Gözləyir ovçu da bə`zən ovunu aylar ilə,
Az desəm söz, deməyin şe`rü qəzəldən qorxur.

Təbimin var gücü hər bəhrdə çapsın atını,
Nə Rəcəzdən, nə Həzəcdən, nə Rəməldən qorxur.

Zülfüqarı bil, Əlinin əli məşhur elədi,
Görürəm indi də Mərhəblər o əldən qorxur.

Ölü gəlmiş çoxu, yüz yaşda fəqət dəfn olunur,
Diri dunyaya gələn kəslər əcəldən qorxur.

Səni aldatmamışam, bax, buna şahiddi gözüm,
Tutar ahın məni, ruhum bu bədəldən qorxur.

Saf olan eşqimizə saldılar axır kölgə,
Mən ki,şeytanı bilirdim xoş əməldən qorxur.

Sevmərəm bir daha, aldın gözümün sən odunu,
Göz yumub mən kimi Xilqət də,gözəldən qorxur.

X X X

Əbəsdi, sənsiz əlacı bu canə axtarıram,
Ayaqlarım dolaşır daş, tikanə, axtarıram.

Səni itirdim, özündə səni çox axtardım,
Qalıb otaqda nə səndən nişanə, axtarıram.

Vəfanı da, neçə yol etdim imtahan, yox imiş,
Özüm də, bilmirəm indi daha nə axtarıram.

Sənin səsin, gözəlim, ruhumun qidası idi,
Eşitmirəm, ona bənzər təranə, axtarıram.

Mən, and ola o oda, yaxmadı Peyğəmbərimi,
Məhəbbət ilə səni yanə-yanə axtarıram.

Keçən zəmanə qayıtsın çətin ki, bir də geri,
Dalıb xəyallara, sənli zəmanə axtarıram.

Bitib, tamam elə bil ki, bəhanələr, Xilqət,
Barişmağa gecə-gündüz bəhanə axtarıram.

X X X

Xətrinə dəydim əgər, gəl məni əfv eylə, gülüm,
Sənə eşqində inan zərrəcə yoxdur xələlim.

Əzəl ayırdı bizı dövr, o qədər qəm mənə ver,
Qoy, "bir ahımla desin ki , yıxacaqsan təməlim”.

Yorğunam, bir hala salmiş məni bu ayrılığın,
Məni asmağa, deyərsən bəs edər bircə telim.

Adımız tale kitabında ki, yan -yana deyil
Kaş çataydı o kitaba, mənim əldə qələmim.

Lal-dinməz baxırıq bir-birinə hey gendən,
Xoş sözüm çöxdu sənə, bir dilə gəlsəydi dilim.

Əlimi doldurasan isti əlinlə nə olar,
Qapına gəlsəm, uzansa sənə sarı boş əlim.

Yuxusuz qaldığımız hər gecənin xatirinə
Xilqətin eşqi qədər sən də onu sev ,gözəlim.

xxx

Sanma hər gün yaz olub güllər səfasın saxlayar,
Gün gələr güllər solar, bülbül də yasın saxlayar.

Çox əməl var ki, cəzasın Tanrı ol saət verər,
Vay o şəxsə sonraya Allah cəzasın saxlayar.

Etsə mö`min nakəsi hər an dua, olmaz qəbul,
Allah adildir, o mö`minçün duasın saxlayar.

Çox müğənni, şairi gördüm anasın vəsf edir,
Ac, susuz amma ki,eyvanda anasın saxlayar.

Xəlqə bəxş eylər Həzilər tək hünərli qəhrəman,
Bir ana ki, ismətin, daim həyasın saxlayar.

Aşiqə olmaz münəccimdən, təbiblərdən əlac,
Olsa yarı mehriban, yarı havasın saxlayar.

Qaşların üstündə saçların durur, xoşdur gülüm,
Bir sipərdir ki, o şəmşirin xətasın saxlayar.

Mən də, Xilqət, aşiqəm, qurbanəm ol cananə ki,
Əhdinə eylər vəfa, eşqin bahasın saxlayar.

XXX

Eşq atəşi, ey dil, qurunu yaş ilə seçməz,
Aşiq ola kim dostunu qardaş ilə seçməz.

Gözlər seçə nəqqaşı gərək nəqşdən, ey dost,
Arif ola kim nəqşi o nəqqaş ilə seçməz.

Mərmər kimi saf ol əməlinlə, səni cənnət
Qəbrindəki mərmərdən olan daş ilə seçməz.

Yaşı nə sayım mən əcəlin, yoxdu savadı,
İnsanları dunyadə əcəl yaş ilə seçməz.

Xaşxaş kimi xalın, yanağın od, dodaqın mey,
Məstəm, gözüm indi meyi xaşxaş ilə seçməz.

Xilqət də qələmqaşlara heyran olur amma,
Gözdən seçəcək yarı, qələmqaş ilə seçməz.

Lənkəran.